Recents in Beach

BİZİM RƏHİM MÜƏLLİM


           Ədalət Abdinov                             

Veteran kommunistlərimizdən biri Rəhim Həsənovun ad günüdür – 25 iyun 1951-ci ildə anadan olmuşdur.  Bu əlamətdar gündə Rəhim müəllim haqqında fəxr və qürurla çox şeylərdən yazmaq və danışmaq olar. Hər şeydən öncə, onun buna haqqı çatır. Uzun illər partiya işində çalışmış, partiya-təşkilat işini çox yaxşı bilir.
Tanıdığım gündən Rəhim Həsənova sağlam düşüncəli kommunist yoldaşları tərəfindən  yüksək etimad görmüşəm və bunun da əsas səbəbi odur ki, o, yüksək kommunist borcunu şərəflə yerinə yetirməyə səy göstərir. Məqsədə çatmaq naminə mübarizədən bir an da belə geri çəkilmir.
Burjuaziyanın ictimai tərəqqini əngəllədiyi indiki şəraitdə kommunist sözü və əməlinə böyük ehtiyac var. Bu ehtiyacın içində Rəhim Həsənov kimi leninçilərin dönməz qətiyyəti böyük inam və ümid yaradır.
Rəhim Həsənovla irəliləyəcəyimiz yol eynidir – xalqın güzəranını yaxşılaşdıran ictimai qurluşu - sosializmi bərpa etmək.  Buna şübhə yoxdur. Çünki xalqın mənafeyini güdmək, onun rifahı, mənəvi və mədəni yüksəlişi qayğısına qalmaq uğrunda mübarizə apardığımız ideologiyanın əsas vəzifəsidir. Kommunist təşkilatı bunun naminə yaradılmışdır. Onlar gənclərin yolunda parlaq işığa dönürlər.
Lakin bu gün çox böyük çətinliklərimiz var. Ümid verən odur ki, Rəhim Həsənov kimi kommunistlərin mübarizəsi, səyləri sayəsində çətinliklər arxada qalacaq, fəaliyyətimiz bəhrəsini verəcəkdir. Biz marksizm-leninizm təliminin göstərdiyi geniş və işıqlı yoldayıq və real sosializmin yoluna çıxacağıq. Məşhur inqilabi mahnıda deyildiyi kimi, kommunist öz səadətini öz əlləri ilə qurur. Rəhim Həsənov kimi kommunistlərin bu güngü yorulmaz əməyi sosializm işimiz uğrunda fədakar mübarizlərin bir çox nəsillərinə ən yaxşı örnəkdır.
Bizi tanıyanlar bilirlər ki, Rəhim müəllimlə  aramızda umu-küsü də olmuşdur. Bəzən əhəmiyyət vermədiyimiz halda yoldaşlıqda kimliyi olmayan xəbis, murdar, iyrəncin biri sıralarımıza soxulmuş, iblis donu geymişdir. Bu cür çirkin niyyətli aravuranlar həmişə olmuşdur və olacaqdır. Əsas odur ki, nə Rəhim müəllim, nə də mən heç vaxt  yüksək mənəvi dəyərlərin müstəvisindən çıxmamışıq və aramızda vaqqıldaşan həmin səviyyəsiz idbarı haqlı olaraq rədd etmişik, qovmuşuq.
Nə edəsən, bu da taleyin bir hökmüdür - arzular çox, ömür isə qısadır. Lakin bu zaman kəsiyində daha ali, daha gözəl, ideal ictimai qurluş uğrunda mübarizə yollarında sərf edilən əmək insana böyük qürur verir. Rəhim Həsənovun mənalı kommunist ömrünə də mühitlə barışmayan bu mübarizənin şərəfli tarixi yazılmışdır. Bu tarixdə həm də onun arzularının, niyyətlərinin, duyğularının, düşüncələrinin fərəhli sətirləri həkk olunmuşdur. 
Rəhim Həsənovu şərəfli ömrünün 68-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, hayatının bu əlamətdar tarixində ona xoşbəxtlik, rifah, möhkəm cansağlığı, uzun ömür, tükənməz kommunist enerjisi, ailəsinə, doğmalarana, yaxınlarına firavanlıq, səadət, xoş günlər kimi ən xoş arzularımı bildirirəm.






Отправить комментарий

0 Комментарии