Aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 106-cı ildönümüdür.
Sovet hökuməti bizə nə verdi?
Səkkiz saatlıq iş günü hüququ. Bəşər tarixində ilk dəfə.
İllik ödənişli məzuniyyət hüququ. Bəşər tarixində ilk dəfə.
Həmkarlar ittifaqı və partiya təşkilatının razılığı olmadan rəhbərlik və ya işəgötürən tərəfindən işçinin işdən çıxarılmasının mümkünsüzlüyü.
İş hüququnun təmin edilməsi, öz əməyilə dolanmaq imkanı. Bundan əlavə, peşə təhsili müəssisələrinin məzunları əmək təyinatı üzrə məcburi işlə təmin olunmaq hüququna malik idilər və onlara yataqxana və ya mənzil şəklində yaşayış yeri verilirdi.
Pulsuz ümumi və peşə təhsili hüququ. Buraya həm orta ixtisas, həm də ali təhsil daxildir. Dünyada ilk dəfə.
Məktəbəqədər təhsil müəssisələrindən: körpələr evi, uşaq bağçaları və pioner düşərgələrindən pulsuz istifadə hüququ. Dünyada ilk dəfə.
Pulsuz tibbi yardım hüququ. Dünyada ilk dəfə. Dövlət hesabına xəstəxanalar və poliklinikalar yaradıldı. Pulsuz və keyfiyyətli tibbi xidmət daha geniş əhali üçün əlçatan oldu, epidemiya və yoluxucu xəstəliklərlə mübarizə gücləndirildi.
Pulsuz sanatoriya - kurort müalicəsi hüququ. Dünyada ilk dəfə.
Pulsuz mənzil hüququ. Dünyada ilk dəfə.
Ölkənin müasir həyatına təsir edən bütün məsələlərlə bağlı fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ. Dünyada ilk dəfə.
Yerli hakimiyyət orqanlarının və vəzifəli şəxslərin özbaşınalığından dövlət müdafiəsi hüququ. Dünyada ilk dəfə.
İş və ya təhsil yerinə dövlət tərəfindən ödənilən fərdi gediş sənədi ilə pulsuz gediş hüququ. Dünyada ilk dəfə.
Qadınların cəmiyyətdə rolu artdı. Onların təhsil alması və əmək bazarına qoşulması təşviq edildi. Onların ictimai və siyasi həyatda iştirakı əvvəlki dövrlərlə müqayisədə xeyli artdı. Bundan əlavə, qadınlar bir sıra əlavə güzəştlərə sahib idilər:
İş təminatı ilə üç illik ödənişli analıq məzuniyyəti hüququ.
Bir yaşına qədər uşaqlar üçün pulsuz tibb bacısı baxımı hüququ.
Üç yaşına qədər yeni doğulmuş körpələr üçün pulsuz süd mətbəxləri hüququ.
Uşaq xəstəliklərinin istənilən növü zamanı pulsuz tibbi və sanatoriya-kurort müalicəsi hüququ.
Sovet dövründə Azərbaycan əsasən aqrar ölkədən sənaye ölkəsinə çevrildi. Sənayeləşmə və iqtisadi inkişaf nailiyyətimiz oldu. Neft sənayesi daha da genişləndirildi, kimya, maşınqayırma, energetika sahələri inkişaf etdi. Bakı SSRİ-nin ən böyük sənaye mərkəzlərindən birinə çevrildi.
Yeni kəndlər, şəhərlər, elm ocaqları, ali məktəblər, institutlar, mədəniyyət sarayları, yeni fabriklər, zavodlar, yeni su kəmərləri, hidrostansiyalar, saysız yaşayış binaları respublikamızın necə sürətlə inkişaf etdiyinə canlı misaldır.
Kənd təsərrüfatında kollektivləşmə misilsiz nailiyyətlərə səbəb oldu. Firavan həyat başladı. İnsanların güzəranı, dolanışığı çox yaxşılaşdı. Banka borclu insan tapmaq mümkün deyildi.
Sovet hakimiyyəti beynəlxalq imperializm tərəfindən ona atılan böhtandan fərqli olaraq avtoritar yox, ən demokratik siyasi qurluş idi.
Fəhlələrin, kəndlilərin, zəhmətkeşlərin hökuməti olan sovet qurluşunun əleyhinə olan millətçilərin, cürbəcür antisovet ünsürlərin zərərsizləşdirilməsi obyektiv tarixi proses idi və bu, burjuaziyanın iddia edtdiyi siyasi repressiyalar və qorxu mühiti anlayışından uzaqdır. Cəmiyyətin intellektual potensialının qaragurhuçulardan təmizlənməsi onun xalqa faydalılığına xidmət edirdi.
Burjua ideoloji daşıyıcıları sovet dövründə tənqid, alternativ fikir və müstəqil siyasi fəaliyyət qadağan edilmişdir iddiasını saqqız kimi çeynəməkdədirlər. Halbuki əsrin zəkası, şərəfi və vicdanı olan Kommunist Partiyası siyasi fəaliyyətin bütün tələblərinə çox doğru, düzgün cavab verirdi. Liberalların mustəqil siyasi fəaliyyət iddiasına gəldikdə isə hərənin ağzından bir avaz gəlir və bu da hərc-mərclikdən başqa bir şey deyil. Siz bu gün bunun şahidisiniz!
Burjuaziyanın sovet Azərbaycanın iqtisadi asılılıq və planlı sistemin çatışmazlıqları iddiasına da əsaslı cavabımız var. İqtisadiyyatın mərkəzləşdirilmiş planla idarə edilməsi məqsədəuyğun və faydalı idi. Respublikanın ehtiyacları nəzərə alınırdı və resursların bölüşdürülməsində balanssızlığa yol verilmirdi.
Sovet Azərbaycanında milli kimlik və dəyərlərə təzyiq yox idi. Milli ənənələr, din və dil üzərində məhdudiyyətlər tətbiq olunmamışdı. Düzdür, sovet insanı modeli ön plana çəkilirdi, ancaq bunun milli identikliyə heç bir mənfi təsiri yox idi.
28 Aprel xalqımızın dəhşətlər, vəhşətlər səhnəsinə pərdə çəkdiyi gündür. Məhz bundan sonra cəmiyyətimiz iqtisadi, siyasi və mədəni cəhətdən yetkinləşmiş və tərəqqi etmişdir.
Ədalət Abdinov


0 Комментарии