18–21 avqust 1991-ci ildə baş verən və tarixə “Avqust qiyamı” kimi düşən hadisə SSRİ-nin son günlərinin ən dramatik epizodlarından biri oldu. SSRİ Dövlət Fövqəladə Vəziyyət Komitəsi (GKÇP) adlanan bir qrup yüksək vəzifəli məmurun hakimiyyəti ələ keçirməyə cəhdi həm sovet dövlətinin taleyini, həm də dünya siyasi nizamını kökündən dəyişdirdi. Mürəkkəb və çoxşaxəli mənzərə ortaya qoyan bu hadisələr ətrafında illərdir müxtəlif fikirlər, o cümlədən ABŞ və Qərbin müdaxiləsi, gizli planları haqqında söz-söhbət bitmir.
1991-ci ilin 19 avqustunda SSRİ rəhbərliyində M.Qorbaçovun ən yaxın adamları – vitse-prezident Gennadi Yanayev, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vladimir Kryuçkov və digərləri – ölkədə fövqəladə vəziyyət elan edərək hakimiyyəti ələ keçirdiklərini bildirdilər. Onlar bunu SSRİ-nin dağılmasının qarşısını almaq məqsədi ilə etdiklərini iddia edirdilər. Həmin vaxt prezident Qorbaçov Krımda, Foros iqamətgahında guya ki, təcrid olunmuş vəziyyətdə saxlanılırdı. Əslində o, hiyləgərcəsinə vəziyyətə nəzarət edirdi.
M.Qorbaçovun senarisi əsasında SSRİ Dövlət Fövqəladə Vəziyyət Komitəsi qarşısında əsas müqavimət silahdaşı Boris Yeltsin və onun tərəfdarları tərəfindən göstərildi. Qorbaçov və Yeltsinin drijorluğu ilə Moskvanın küçələrində toplaşan minlərlə insan və ordunun bir hissəsinin qiyamçılara qoşulmaması nəticəsində GKÇP cəmi üç gün ərzində iflasa uğradı. Əslində nəticə M.Qorbaçova əvvəlcədən məlum idi, məqsəd SSRİ-nin tabutuna sonuncu mismarı vurmaq idi.
Etibarlı, sənədləşdirilmiş sübutlara ehtiyac olmadan hadisələrin sonrakı gedişi təsdiq etdi ki, SSRİ Dövlət Fövqəladə Vəziyyət Komitəsi Qərbin, xüsusilə ABŞ-ın təlimatları əsasında hazırlanmış və Mixail Qorbaçov tərəfindən həyata keçirilən “gizli plan”ın tərkib hissəsi idi.
M.Qorbaçov komandası ilə birlikdə bunun üçün hər cür şərait yaratmışdı. SSRİ daxilində dərin iqtisadi böhran və idarəetmə sisteminin iflası, respublikalarda güclənən müstəqillik hərəkatları, mərkəzi hakimiyyət daxilində parçalanma və etimadsızlıq, islahatların (yenidənqurma və aşkarlıq) gözlənilməz nəticələrini buna misal göstərmək olar.
Bu baxımdan SSRİ Dövlət Fövqəladə Vəziyyət Komitəsini M.Qorbaçovun ABŞ və Qərbin sifarişiləri əsasında ölkədə yaratdığı daxili siyasi böhranın kulminasiya nöqtəsi kimi qiymətləndirmək olar.
Qəsdən dövlətin məhvinə çalışan gizli planın müəllifi kimi tanınan Mixail Qorbaçov SSRİ-nin dağılmasına görə məsuliyyət daşıyır. Əlbəttə, bu siyasi-emosional yanaşma yox, həqiqətdir. Xidmət göstərdiyi ABŞ və Qərb dairələri isə onu totalitar sistemi dağıdan və soyuq müharibəni bitirən islahatçı kimi beynəlxalq ictimaiyyətə sırıyır.
Həmin hadisələr zamanı Qorbaçov faktiki olaraq nəzarətdən kənarda qalması və vəziyyətin inkişafına birbaşa təsir imkanlarının məhdud olması iddiaları ilə tam artistlik etmişdir.
M.Qorbaçovun gizli planı olan Dövlət Fövqəladə Vəziyyət Komitəsi SSRİ tarixinin sonu oldu. Bu hadisə onun süqutunu sürətləndirdi və kapitalizmə xidmət edən yeni geosiyasi reallıqların yaranmasına gətirib çıxardı. Burada ABŞ və Qərb müdaxiləsi siyasi interpretasiya yox, reallıqdır.
SSRİ Dövlət Fövqəladə Vəziyyət Komitəsini yaradanlar peşəkar kadrlar idi. Onlar yaxşı bilirdilər ki, SSRİ Konstitusiyasına görə ali dövlət hakimiyyəti prezidentə – Mixail Qorbaçova məxsus idi. Prezident fövqəladə vəziyyət elan etmək,, silahlı qüvvələrə rəhbərlik etmək və dövlət təhlükəsizliyi məsələlərində son qərar vermək səlahiyyətinə malik idi.
Lakin SSRİ Dövlət Fövqəladə Vəziyyət Komitəsinin üzvləri isə prezidentin razılığı olmadan onun səhhətinə görə vəzifəni icra edə bilmədiyini elan etdilər, fövqəladə vəziyyət tətbiq edərək, hakimiyyəti faktiki olaraq ələ keçirdilər.
Bu addımlar SSRİ Konstitusiyasının açıq şəkildə pozulması idi və hüquqi baxımdan hakimiyyətin zorla mənimsənilməsi cəhdi kimi qiymətləndirilir.
SSRİ Dövlət Fövqəladə Vəziyyət Komitəsi fəaliyyətini guya qanuni göstərmək üçün “fövqəladə vəziyyət” elan etdiyini bildirildi. Ancaq belə qərar yalnız prezident tərəfindən verilə bilərdi, SSRİ Ali Soveti tərəfindən təsdiqlənməli idi.
Bu prosedurların heç biri yerinə yetirilmədi. Deməli, SSRİ Dövlət Fövqəladə Vəziyyət Komitəsinin bütün qərarları hüquqi baxımdan etibarsız hesab olunurdu. Bu şou sadəcə SSRİ-nin məhvinə hesablanmışdı.
Təsadüfi deyildir ki, özünü xalqa müxalifət kimi sırıyan, əslində Qorbaçovun yaxın silahdaşı olan Boris Yeltsin SSRİ Dövlət Fövqəladə Vəziyyət Komitəsinin qərarlarını dərhal qeyri-qanuni elan etdi və RSFSR ərazisində onların icrasını qadağan etdi. Və sonralar SSRİ Dövlət Fövqəladə Vəziyyət Komitəsinin təşkilatçıları həbsdən azad edildilər.
SSRİ Dövlət Fövqəladə Vəziyyət Komitəsi M.Qorbaçovun bilərəkdən dövlət institutlarını zəiflətməsi, yaratdığı daxili böhranların, siyasi ziddiyyətlərin və idarəetmə hərc-mərcliyin nəticəsi kimi beynəlxalq imperializmə xidmət edirdi.
Ədalət Abdinov


0 Комментарии