Recents in Beach

1 May: zəhmətkeşlərin birlik və mübarizə günü


1 May bəşər tarixinin ən dəyərli, qiymətli, ləyaqətli, əhəmiyyətli, çox yararlı, çox lazımlı. günlərindən biridir. Burjua ideoloji daşıyıcıları həmin tarixin miqyasını kiçiltmək üçün onu Bahar günü, Əmək günü və s. adlandırsalar da əslində o Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günüdür!

Bu bayramın kökləri XIX əsrin sonlarında sənayeləşmənin sürətlə artdığı dövrdə əmək hüquqlarının ciddi şəkildə pozulduğu şəraitə gedib çıxır. Onun yaranması və inkişafı təkcə tarixi hadisə deyil, həm də sosialist ideyaların geniş yayılmasında mühüm mərhələdir.

1 May bayramının başlanğıcı Haymarket hadisəsi ilə bağlıdır. 1886-cı il mayın 1-də ABŞ-ın Çikaqo şəhərində yüz minlərlə işçi 8 saatlıq iş günü tələbi ilə tətilə başladı. Mayın 4-də Haymarket meydanında keçirilən mitinq zamanı baş verən partlayış  nəticəsində etirazçılar arasında itkilər oldu. Bu hadisə beynəlxalq fəhlə hərəkatının simvoluna çevrildi.

1889-cu ildə İkinci İnternasionalın Paris konqresində 1 Mayın beynəlxalq fəhlə həmrəyliyi günü kimi qeyd olunması qərara alındı. Bundan sonra Avropa və digər regionlarda işçilər hər il bu günü nümayişlər və yürüşlərlə qeyd etməyə başladılar.

1 Mayın ictimai əhəmiyyəti əmək hüquqlarının müdafiəsində özünü göstərir. İşçilərin hüquqlarının qorunması, ədalətli əmək şəraiti, minimum əmək haqqı və sosial təminat kimi məsələlərin gündəmdə saxlanmasına xidmət edir. Bir çox ölkələrdə məhz bu hərəkatlar nəticəsində 8 saatlıq iş günü qanuniləşdirilmişdir.

Sosial bərabərlik ideyalarının yayılması baxımından 1 May tədbirləri sosial təbəqələr arasındakı fərqlərin azaldılması, əmək və kapital arasında balansın qorunması ideyasını gücləndirir. Bu, xüsusilə sənaye cəmiyyətlərində sosial siyasətin formalaşmasına təsir göstərmişdir.

 Kollektiv həmrəylik və vətəndaş fəallığı baxımından bu bayram təkcə işçilərin deyil, həm də geniş ictimaiyyətin sosial məsələlərdə fəallığını artırır. Müasir dövrdə 1 May yürüşləri yalnız əmək məsələləri ilə deyil, həm də gender bərabərliyi, ekoloji problemlər və insan hüquqları ilə bağlı çağırışlarla müşayiət olunur.

Ən başlıcası 1 May bayramı sosialist ideologiyanın praktik müstəvidə formalaşmasına ciddi təsir göstərmişdir. Fəhlələrin kollektiv şəkildə çıxış etməsi onların öz hüquqlarını dərk etməsinə və sinfi şüurun formalaşmasına səbəb olmuşdur. Sinfi şüurun inkişafına xidmət edən  bu proses sosialist nəzəriyyələrin kütləviləşməsinə zəmin yaratdı.

1 May tədbirləri nəticəsində bir çox ölkələrdə fəhlə partiyaları və həmkarlar ittifaqları gücləndi, siyasi təşkilatlanmaya təsir etdi.  Bu təşkilatlar sonradan parlamentlərdə təmsil olunaraq, sosial qanunvericiliyin qəbuluna təsir etdilər.

1May  dövlət siyasətinə təsir etmişdir. XX əsrdə sosialist və sosial-demokrat qüvvələrin güclənməsi nəticəsində bir çox ölkələrdə sosial dövlət modeli formalaşdı. Pulsuz təhsil, səhiyyə və sosial təminat sistemləri bu mübarizələrin nəticəsi kimi meydana çıxdı.

XX əsr boyunca bu bayram  xüsusilə sosialist və sosial-demokrat ölkələrdə geniş şəkildə qeyd olunmuş, dövlət səviyyəsində paradlar, nümayişlər və kütləvi tədbirlərlə müşayiət edilmişdir. Hazırda  1 May  müxtəlif ölkələrdə fərqli formalarda qeyd olunur. Avropa ölkələrində və Latın Amerikasında kütləvi yürüşlər və mitinqlər təşkil edilir. Bəzi ölkələrdə isə bu gün rəsmi istirahət günü kimi qeyd olunur. Qlobal iqtisadi dəyişikliklər fonunda 1 May artıq yalnız ənənəvi sənaye işçilərinin deyil, həm də xidmət sektoru, texnologiya və qeyri-formal əmək bazarında çalışanların problemlərini əhatə edir.

Azərbaycan Sovet Sosialist Respublikasında  1 May ən mühüm rəsmi bayramlardan biri idi. Bu gün qeyri-iş günü idi və dövlət səviyyəsində qeyd olunurdu. Bakı başda olmaqla, bütün şəhərlərdə böyük paradlar keçirilirdi. Bayram ideoloji baxımdan sosialist quruluşunun nailiyyətlərini nümayiş etdirmək üçün istifadə edilirdi.

1991-ci ildə III Azərbaycanın Respublikasında  sovet ideologiyasına aid bir çox simvollar və rəsmi bayramlar yenidən nəzərdən keçirildi. Bu proses milli dövlətçilik ideologiyasının formalaşdırılması ilə bağlı idi.

1992–1993-cü illərdə hakimiyyətdə olmuş Əbülfəz Elçibəy rəhbərliyi dövründə 1 May rəsmi bayram statusunu itirdi. Bu qərarın əsas səbəbləri  sovet irsindən uzaqlaşma siyasəti idi.

Elçibəy hakimiyyəti Azərbaycanın siyasi və ideoloji baxımdan keçmiş sovet sistemindən ayrılmasını prioritet hesab edirdi. 1 May isə birbaşa sosialist və kommunist ideologiyası ilə əlaqələndirilirdi. Bu kontekstdə 1 May prioritet sayılmadı.

Elçibəy hökuməti liberal-demokratik və milli dövlətçilik xəttini əsas götürürdü. Bu baxış çərçivəsində sosialist simvolizmi daşıyan bayramların rəsmi statusda saxlanması uyğun hesab olunmurdu.

1 May Azərbaycanda  rəsmi qeyri-iş günü statusunu itirdi. Dövlət səviyyəsində qeyd olunması dayandırıldı.  Bayram yalnız bəzi həmkarlar ittifaqları və sol yönümlü qruplar tərəfindən qeyri-rəsmi şəkildə qeyd olunmağa davam etdi.

Heydər Əliyevin ikinci dəfə hakimiyyəti dövründə 1 Mayın Azərbaycanda ləğvi yalnız bir bayramın təqvimdən çıxarılması deyil, daha geniş  ideoloji və siyasi transformasiyanın tərkib hissəsi idi. Buna baxmayaraq,  Bakı Şəhər İcra Hakimiyyəti hər il  Azərbaycan Kommunist Partiyasının 1Mayın Nizami rayonu ərazisində, Mikayıl Əliyev və Rüstəmov küçələrinin kəsişməsindəHeydər Əliyev adına Neft Emalı Zavodunun yaxınlığında yerləşən Fəhlə abidəsi önündə qeyd edilməsi müraciətinə şifahi razılıq vermiş və bu bayram sol qüvvələr tərəfindən simvolik şəkildə xatırlanmışdır.

1 May bayramı tarixən əmək hüquqları uğrunda mübarizənin simvolu olmaqla yanaşı, sosialist ideyaların yayılmasında və sosial ədalət anlayışının formalaşmasında mühüm rol oynamışdır. Bu gün də o, cəmiyyətin sosial inkişafı, bərabərlik və insan ləyaqətinin qorunması baxımından aktuallığını qoruyur. 1 May yalnız keçmişin mirası deyil, həm də gələcəyin daha ədalətli cəmiyyətinin qurulması üçün bir çağırışdır!

Ədalət Abdinov

 

Отправить комментарий

0 Комментарии