Recents in Beach

“Kommunist ideologiyası və din” mövzusunda tədbir keçirilmişdir

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan Kommunistlər Birliyinin təşəbbüsü ilə  “Kommunist ideologiyası və din” mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçılar əvvəlcə müxtəlif dini ədəbiyyatdan ibarət kitab sərgisi ilə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov bildirdi ki, marksizm ilk dəfə bəşər cəmiyyətinin inkişaf qanunauyğunluğunu açmış, bununla da dinin elmi izahını mümkün etmişdir. Ona görə də kommunist ideologiyası dinə gerçəkliyin saxta, fantastik inikası, adamların özləri tərəfindən uydurulmuş bir illüziya kimi baxır.
Ədalət Abdinov F.Engelsin “Anti-Dürinq”əsərindəki – Hər bir din, insanların gündəlik həyatında onlara hökmranlıq edən xarici qüvvələrin insanların beynindəki fantastik inikasından, yer üzərindəki qüvvələrin səma qüvvələri şəkli aldığı inikasdan başqa bir şey deyildir – fikrini tədbir iştirakçıların nəzərinə çatdırmışdır.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gülnisə Mənsimova çıxışında qeyd etdi ki, din ictimai varlığın hakimlik, məhkumluq münasibətlərinin mövcud olduğu, insanların oz həyat şəraitindən asılı qaldığı tərəfi əks etdirir. Din insana acizliyinin nəticəsi kimi və eyni zamanda bu acizliyi fantastik vasitələrlə dəf etmək cəhdindən meydana gəlir. Öz praktiki acizliyini tamamlamağa çalışan insanlar aləmə təsir göstərmək üçün illüziyalı vasitələrə əl atırlar. Dini təsəvvürlərin yalan və fantastik xarakteri məhz bununla izah olunur.
Bakı Dövlət Universitetinin İslamşünaslıq elmi-tədqiqat mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru, professor Əsəddulla Qurbanov dedi: - Fəlsəfi elm olan elmi ateizm mahiyyət etabarilə təkcə dinin inkarından, adi dinsizlikdən ibarət deyildir. Marksist materialist dünyagörüşünün mühüm tərəfini təşkil edən elmi ateizm zəngin pozitiv məzmuna, çox böyük dünyagörüşü potensialına, humanist potensiala malik olub, şəxsiyyətin və cəmiyyətin mənəvi həyatında bir sıra müsbət funksiyalar yerinə yetirir, şəxsiyyətin hərtərəfli, ahəngdar  inkişafına kömək edir.
Professor Əsədulla Qurbanov tədbir iştirakçıların müxtəlif suallarını cavablandırdı.
Kommunistlərdən Natalya Voronina, Dilbər Ağayeva, Ələz Həsənov və İbrahim Şiri elmi ateizmin təbiət və cəmiyyətin elmi tədqiqi ilə üzvi surətdə bağlılığından, kommunist əxlaqından ayrılmazlığından, dərin, nikbin , humanist və həyati təlim olmasından danışdılar.
Tədbiri yekunlaşdıran Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov vurğulamışdır hər bir kommunist müasir burjua dinşünaslığın təsirinə salınmış gənclərə izah etməlidir  ki, marksist ateizm dinin mənşəyi və mahiyyətinin elmi izahını verir, onun sosial köklərini, tarixən keçici xarakterini aşkara çıxarır.

Azərbaycan Kommunistlər Birliyinin mətbuat xidməti












Отправить комментарий

0 Комментарии