Recents in Beach

Sevil, səni unutmuruq!


1 İyun Azərbaycan Sovet Sosialist Respublikasının  ilk qadın mexanizatoru, Sosialist Əməyi Qəhramanı  Sevil Qazıyevanın anım günüdür. Yaşasaydı, bu gün 80 yaşını qeyd edərdik.

Sevil Həmzət qızı Qazıyeva 1940-cı il iyun ayının 1-də Zaqatala rayonunun Tala kəndində anadan olmuşdur. 
1958-ci ildə orta məktəbi bitirən Sevil sənədlərini indiki Azərbaycan Dövlət Tibb Universitetinə versə də, müsabiqədən keçə bilmir. Kəndə qayıtmayan Sevil elə həmin il sənədlərini Bakıdakı 5 nömrəli sənət məktəbinə verir. Burada mütərrib peşəsinin sirlərini öyrənən Sevil Qazıyeva həm də teatr dərnəyində fəaliyyət göstərmişdir. Ehtiyat Əmək Qüvvələrinin Mədəniyyət Evinin üzvü olan Sevil əvvəlcə Süleyman Sani Axundovun “Laçın yuvası” pyesində Pərican, sonra isə Cəfər Cabbarlının “Sevil” pyesində Sevil obrazlarını yüksək səviyyədə canlandıraraq, xüsusi istedad sahibi olduğunu nümayiş etdirə bilmişdir. Sevil Qazıyevanın həmin illərdə mətbuatda dərc olunan şeirləri də bunu sübut edir. 
Sov.İKP Mərkəzi Komitəsinin 1959 - cu il dekabr plenumu Sevilin həyatında ciddi dəyişikliyə səbəb olur. Mətbuat vasitəsilə plenumun materialları ilə tanış olan mütərrib-tələbə özbək qızı Tursunoy Axunovanın maşında təkbaşına yüz adam qədər pambıq yığdığını öyrənəndə, sürücü mexanik olmağa qərar verir. Sevil bu qərarını rəfiqəsi Diləfruz Ocaqquliyevaya bildirəndə, o da həvəslə sürücü-mexanik olmağa razılaşır. Ertəsi gün Bakı 5 saylı sənət məktəbinin 4 tələbəsi – Sevil Qazıyeva, Məmləkət Tağıyeva, Solmaz Qurbanova və Diləfruz Ocaqquliyeva Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi Məsud Əlizadəyə məktub yazıb, ondan Bakı şəhərində qızlar üçün sürücümexanik kurslarının açılmasını xahiş etmişlər. Bir müddət sonra Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbində sürücü-mexanik hazırlayan kurs açılır. Sevil və rəfiqələri bu kursda sürücümexanik peşəsinin sirlərini öyrənməyə başlamışlar. 
1960-cı ilin yayında Sevil və rəfiqələrini indiki Beyləqan rayonundakı 5 nömrəli pambıqçılıq sovxozuna göndərirlər. Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbini bitirəndən sonra Sevil Qazıyeva könüllü şəkildə Beyləqan rayonuna işləməyə getmişdır. 
1961-ci ildə Özbəkistanda sovet pambıqçılarının ümumrespublika toplantısında Azərbaycan nümayəndə heyətinin tərkibində Sevil Qazıyeva da iştirak etmişdir. Sevil Özbəkistanda olarkən məşhur sovet pambıqçısı Tursunoy Axunovanın iş təcrübəsi ilə yaxından tanış olmuşdur. O, Daşkənddən qayıtdıqdan sonra Beyləqanda Tursunoy Axunova kimi kompleks-briqada yaratmış və həmin briqadaya başçılıq etmişdir. 
1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya fakültəsinə daxil olan Sevil Qazıyeva işləyə-işləyə həm də qiyabi təhsil almışdır. 1962-ci ildə onu Azərbaycan LKGİ-nin XXIII qurultayına nümayəndə seçmişlər. 
1962-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif etmişlər. 
Sevil Qazıyeva 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 
Sevil traktorçu, pambıqyığan kombaynın mexanik-sürücüsü, Mil düzündəki sovxozlardan birinin traktorçular briqadiri işləmişdir. Onun çağırışı ilə 600-nəfərdən çox qız, mexanizator peşəsini seçmişdir. 
1963-cü ilin 29 sentyabrında S.Qazıyeva Keçici Qırmızı Bayraqla təltif olundu. Həmin gün axşamçağı Sevil hələ də pambıqyığan maşınla tarlada pambıq yığırdı. Birdən sahənin ortasında maşın dayandı. Pambıqyığan maşının mühərrikini söndürmədən o, dolaşmış şpinləri açmaq istədi. Kiçik ehtiyatsızlıq nəticəsində uzun saçları maşının valına dolaşdı...

Sevil Qazıyevanın faciəli ölüm xəbəri qısa müddətdə ölkəyə yayıldı. Ölkə gənc qızın amansız ölümünə yas saxladı...
Ölümündən sonra “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşdür.
1970-ci ildə "Azərbaycanfilm" tərəfindən ona həsr olunmuş "Sevil Qazıyeva" filmi çəkilmişdir.
1970-ci illərin əvvəllərində Bakıda onun monumenti qoyulmuşdur.

"Kommunist" onlayn qəzeti









Отправить комментарий

0 Комментарии