Recents in Beach

Azərbaycanda proletariatın təşəkkül prosesi

                                                                                 Ədalət Abdinov,                                                                             “Kommunist” onlayn qəzetinin baş redaktoru

Azərbaycan kommunist təşkilatları bütün bolşevik partiyası ilə birlikdə XX əsrin əvvəllərində meydana gəlib, onunla birlikdə şanlı bir yol – qəhraman mübarizə, ağır imtahanlar və böyük qələbələr yolu keçmişdir. Azərbaycan Kommunist Partiyası hər cür opportunustlərə qarşı, burjua millətçilərinə qarşı, fəhlə sinfinin bütün düşmənlərinə qarşı barışmaz mübarizədə möhkəmlənmiş və mətinləşmişdir. O öz varlığının bütün mərhələlərində həmişə möhkəm surətdə Lenin mövqelərində durmuş, Kommunist Partiyasının baş xəttinin yeridilməsi uğrunda, hər şeyə qalib gələn marksizm-leninizm ideyalarının həyata keçirilməsi uğrunda dönmədən mübarizə aparmışdır.

Burjua ideoloqlarının XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiya ilə birləşdirilməsi ilə bağlı ziddiyyətli fikirləri obyektivliyi əks etdirmir. Bu çox böyük bir hadisə idi, onun Azərbaycan üçün mütərəqqi əhəmiyyəti böyükdür.

Azərbaycanın Rusiya ilə birləşdirilməsi onu geridə qalmış feodal ölkələri  tərəfindən və bunların arxasında duran ingilis və fransız müstəmləkəçilərin tərəfindən əsarət altına alınmaq və qəsb edilmək təhlükəsindən xilas etdi, daxildə xanlar arasındakı vuruşmalara, habelə xarici işğalçıların viranedici basqınlarına son qoydu. Azərbaycanın feodal parakəndliyini aradan qaldırdı.

Azərbaycanın Rusiya ilə birləşdirilməsi çarizmin qəddar müstəmləkəçilik zülmünə baxmayaraq, obyektiv surətdə ölkənin iqtisadiyyat və mədəniyyətinin inkişafına kömək etdi. XIX əsrdə və XX əsrin əvvəllərində çar mütləqiyyətin yerli zülmkarlarla ittifaqının əksinə olaraq, Azərbaycan xalqının böyük rus xalqı ilə və Rusiyadakı digər xalqlarla ittifaqı yarandı və möhkəmləndi.

Rusiyada kapitalizmin inkişafı Azərbaycanı mütərəqqi inkişaf yoluna cəlb edirdi. XIX əsrin ikinci yarısında Azərbaycanda kapitalist münasibətləri meydana gəlib inkişaf etməyə başlamışdı.

Mülkədar - bəylər hazırki dövrdə olduğu kimi o vaxt da islahatın özləri üçün əlverişli şərtlərindən istifadə edirdilər. 1870-ci ilədək kəndlilərin istifadəsində olan torpaqların üçdə birinə qədəri kəndlilərin əlindən aldılar. Ən yaxşı əkin yerləri, cəmənlər, otlaqlar, meşələr, suvarma sistemi islahatdan sonra yenə xanların, bəylərin əlində qalmışdı. Onların çoxunun bu günlərdə olduğu kimi on min desyatinlərlə böyük mülkləri var idi. 1870-ci il islahatından sonra Gəncə quberniyasında mülkədarların əlində qalan torpaq kəndlilərindəkindən bir dəfə yarım, Bakı quberniyasında isə iki dəfə yarım artıq idi.

1870-ci il islahatı Azərbaycanda aztorpaqlı kəndlilərin torpağını daha da azaltdı və torpaqsız kəndlilərin sayını çoxaltdı. İslahatdan 25 il sonra 1895-ci ildə Gəncə quberniyasındakı keçmiş mülkədar kəndliləri içərisində 25 min nəfər, Bakı quberniyasında isə 12 min nəfərədək torpaqsız kəndli var idi. Özünün “Köçürtmə məsələləri” əsərində V.İ.Lenin Dövlət Dumasında  elan edilmiş olan xarakterik rəqəmləri vermişdir. Bu rəqəmlərə görə XIX əsrin axırlarında Gəncə quberniyasının Cəbrayıl, Zəngəzur, Şuşa və Cavançir qəzalarında keçmiş mülkədar torpaqlarında yaşayan kəndlilərin adambaşına 0,6 desyatin (Metr sistemindən qabaq tətbiq edilən 1,09 hektara bərabər rus yer ölçüsü – Ə.A.), Bakı quberniyasının Lənkəran qəzasında isə 0,5 desyatin torpağı var idi. Cüzi miqdar pay torpağı ilə keçinə bilməyən kəndlilər mülkədarlardan və xəzinədən ən əsarətli şərtlərlə torpaq icarəyə götürməyə məcbur idilər.

Kəndlilər kiçicik bir parça pay torpağından – kəndlilər tərəfindən satın alnana qədər mülkədarların mülkiyyətində qalan bu torpaqlardan istifadə etmək müqabilində bəylər və xanlar üçün müxtəlif mükəlləfiyyətlər daşımalı və onlara böyük miqdarda töyücü verməli idilər. 1870-ci il islahatı şərtlərinə görə kəndlilərin torpaq müqabilində daşıdıqları əsas mükəlləfiyyətlər məhsul vergisi – mal cəhətdən (yaxud bəhrə), habelə keçmiş biyarı əvəz edən pul mükəlləfiyyətindən ibarət idi. Malcəhatın həcmi ümumi məhsulun 1/10 hissəsi miqdarında müəyyən edilirdi. Lakin kəndlilərin torpağa olan kəskin ehtiyacından istifadə edərək mülkədarlar malcəhatın miqdarını istədikləri qədər artırıb, çox vaxt məhsulun üçdə birinə və hətta yarısına çatdırırdılar. Kəndliləri Azərbaycanda hələ orta əsrlərdə mövcud olan bir çox mükəlləfiyyətləri yerinə yetirməyə məcbur edirdilər.

İslahatın şərtlərinə görə rəsmən belə idi ki, kəndlilər pay torpaqlarını mülkədarlardan satın ala bilərdilər. Lakin Rusiyadakı 1861-ci il islahatından fərqli olaraq, Azərbaycanda pay torpaqlarını satın almaq məcburi deyildi, satınalma tədiyələri olduqca yüksək idi. 1870-ci il kəndli islahatı təhkimçiliyin yığın-yığın qalıqlarını saxlamışdısa da, Azərbaycanda kapitalizmin inkişafına xeyli kömək edirdi.

Azərbaycandakı 1870-ci il islahatı bir çox kəndli qruplarına aid edilməmişdir. Belə ki, Bakı quberniyasının Quba qəzasında, habelə Zaqatala mahalında kəndlilərin mülkədarlardan asılılığı hələ uzun müddət qalmaqda idi. İslahat xəzunə torpaqlarında yaşayıb dövlət kəndliləri adlanan kəndlilərə də toxunmadı, halbuki bunlar Azərbaycanda kəndlilərin sayca ən böyük kateqoriyası idi.

Xəzinə torpaqlarında yaşayan Azərbaycan kəndliləri mütləqiyyət dövləti tərəfindən xüsusi bir amansızlıqla istismar edilirdilər. Çar çinovnikləri və bəylər dövlət kəndlilərini yaxşı torpaqlardan qovub bu torpaqları öz əllərinə keçirirdilər. Rusiyanın Avropa hissəsindəki aztorpaqlı quberniyalarından köçürülüb gətirilən kəndlilərə də dövlət kəndliləri hesabına torpaq verilirdi. V.İ.Lenin Zaqafqaziyadakı dövlət kəndlilərin vəziyyətini göstərərək, özünün “Köçürmə məsələləri” məqaləsində Dövlət əmlakı nazirliyi tərəfindən toplanan məlumatı vermişdir. Həmin məlumata görə hələ 80-ci illərdə Zaqafqaziyadakı kəndlilərin 22 mini torpaqsız idi, 66 min nəfərinin bir desyatin, 254 min nəfərinin bir desyatindən iki desyatinədək və 5013 nəfərinin isə iki desyatindən dörd desyatinədək pay torpağı var idi. XIX əsrin axırlarında – XX əsrin əvvəllərində Azərbaycandakı dövlət kəndlilərinin pay torpaqları sürətlə azalırdı.

Azərbaycan kəndlilərinin ağır vəziyyətini bir çox dövlət vergiləri və “ictimai mükəlləfiyyətlər” daha da ağırlaşdırırdı. Çar Rusiyasında bir çox zəruri şeylərin qiymətini xeyli bahalaşdırmaq vasitəsilə zəhmətkeşlərdən alınan dolayı vergilərin də əsas ağırlığı kəndlilərin və fəhlələrin üzərinə düşürdü.

XIX əsrin axırlarında tacir-sələmçi kapitalı Azərbaycan kəndlərinə soxulub kök salmaqda idi. Eyni vəziyyət bu gün də mövcuddur. Bu hal zəhmətkeş kəndlilərin vəziyyətini daha da ağırlaşdırırdı.

Qeyd etdiyimiz dövrdə olduğu kimi bu gün də Azərbaycan kəndlərində kapitalist münasibətlərin inkişafı kəndlilərin təbəqələşməsinə səbəb olur, kəndlilər içərisindən bir tərəfdən kənd burjuaziyası – sahibkar adı altında müasir qolçamaqlar, o biri tərəfdən isə muzdurlar dəstəsi, yəni öz iş qüvvəsini satmaqla yaşamağa məcbur olan kənd proletariatı əmələ gəlməyə başlayıb. Hələ o vaxt “Kənd təsərrüfatı sənayesinin” ehtiyaclarını öyrənmək üçün yaradılan Bakı quberniya komitəsinin hesabatında deyilirdi ki, torpaq cəhətdən az təmin edilən... kəndlərdən çıxan torpaqsız kəndlilər pay torpağı çox olanların yanına köçürülür və illər boyu bu cür asılı vəziyyətdə qalırlar.

Azərbaycan kəndliləri siyasi cəhətdən hüquqsuz idilər, çarizmin amansız müstəmləkə zülmü altında əzilirdilər. Çar çinovnikləri və bəylər onlarla istədikləri kimi rəftar edirdilər.

Ağır istismara dözməyən Azərbaycanın zəhmətkeş kəndliləri zülmkarlara qarşı dəfələrlə mübarizəyə qalxmışdılar. İslahatdan sonrakı dövrdə Azərbaycanda kəndlilər çox vaxt bəylərin malikanələrini dağıdırdılar, bəylərin zəbt etmiş torpaqları onların əlindən alırdılar. Mülkədarlara və xəzinəyə tədiyyə  və vergilər verməkdən, mükəlləfiyyətlərdən imtina edirdilər. 70-90-cı illərdə Qazax qəzasının Quşçu kəndində, Şamxor qəzasının Xılxanlı kəndində, Cəbrayıl qəzasının Qarabulaq kəndində, habelə Gəncə, Quba, Naxçıvan və digər qəzalarda belə çıxışlar olmuşdu. Lakin bu çıxışlar kortəbii, qeyri mütəşəkkil, yerli xarakterdə olub kəndlilərin məğlubiyyəti ilə qurtarırdı.

Azərbaycan kəndlilərin içərisindən xalqın intiqamını almağa çalışan bir çox qaçaqlar çıxırdı. Onlar öz kəndlərini tərk edərək, ayrı-ayrı dəstələr halında birləşib mülkədarlara və çar hökumət orqanlarına qarşı silahlı mübarizə aparırdılar. Bu kimi xalq qəhrəmanlarından biri Qaçaq Nəbi (XIX əsrin axırlarında) xüsusi şöhrət qazanmışdı. Lakin qaçaqların mübarizəsi Azərbaycan kəndlilərinin vəziyyətini  o qədər yaxşılaşdıra bilməzdi.

Mülkədarların – bəylərin və xanların dözülməz istismarı, çarizmin zülmü altında əzilən Azərbaycan kəndliləri arasında hələ patriarxal münasibətlərin qalıqları və dini mövhumat güclü idi. Onlar fəhlə sinfinin rəhbərliyi və yardımı olmadan öz vəziyyətinin yaxşılaşdırılmasına nail ola bilməzdilər.

Azərbaycanda xalq kütlələrinin ağır vəziyyəti ölkənin XIX əsrdə yaşamış qabaqcıl nümayəndələrinin diqqətini cəlb edirdi. Azərbaycan xalqının mədəniyyətinin əsrlər boyunca inkişafı və qabaqcıl rus mədəniyyətinin səmərəli təsiri nəticəsində yetişmiş olan görkəmli alimlər, yazıçılar, şairlər maarifçilər – Mirzə Fətəli Axundov, Abbasqulu Ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani Azərbaycanın həyatı ilə sıx bağlı idilər və onlar öz xalqına ictimai tərəqqi yolunu göstərməyə çalışırdılar.

İslahatdan sonrakı dövrdə Rusiyada kapitalizmin inkişafı ucqarları ketdikcə daha artıq bir dərəcədə öz təsiri altına alır, bütün ölkə boyunca ictimai əmək bölgüsünün daha da genişlənməsi və dərinləşməsinə səbəb olurdu. Belə bir şəraitdə Azərbaycanın təsərrüfatı getdikcə daha artıq bir dərəcədə ümum Rusiya bazarına, onun vasitəsilə dünya bazarına qovuşurdu. Azərbaycanın iqtisadiyyatı Rusiya iqtisadi sisteminin ayrılmaz bir hissəsinə çevrilirdi.

Azərbaycanın ümum Rusiya bazarına qoşulmasının mühüm cəhətləri ondan ibarət idi ki, ticarət əkinçiliyi artırdı, kənd təsərrüfatın tam bir sıra sahələrində satlıq məhsul sürətlə çoxalırdı, bu sahələrin bəzilərində əmtəə istehsalı kapitalist əmtəə istehsalına çevrilirdi. İslahatdan sonrakı dövrdə, xüsusən XIX əsrin axırlarından etibarən kapitalizm Azərbaycanın kənd təsərrüfatının bir çox sahələrini sürətlə əhatə etməyə başlamışdı. Bu özünü texniki bitkilər istehsalında xüsusilə güclü bir surətdə göstərirdi, çünki bu bitkilərin məhsuluna Rusiya bazarında böyük tələb var idi.

Rusiya sənayesinin pambıq təlabatı ilə sıx əlaqədar olaraq XIX əsrin axırlarından etibarən Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etməyə başlamışdı. Moskva, Yaroslavl, Lodz və digər toxuculuq firmalarının nümayəndələri Azərbaycana gəlib pambıq alırdılar. Artıq XIX əsrin axırlarına yaxın Azərbaycanda 20 min desyatinə qədər pambıq əkilirdi. Pambıqçılıq sahəsində çox geniş bir surətdə muzdlu əmək tətbiq olunurdu, kapitalist münasibətləri özünü getdikcə daha artıq göstərirdi.

Nuxa və Şuşa qəzalarında ipəkçilik, Nuxa, Cavad, Şamaxı və Gəncə qəzalarında, Zaqatala mahalında tütünçülük güclü inkişaf edirdi. Kənd təsərrüfatının bu sahələrində də kapitalist münasibətləri inkişaf edirdi. Azərbaycanda əmtəə istehsalının kapitalist əmtəə istehsalına çevrildiyi kənd təsərrüfatı sahələrinə Quba qəzasında marenaçılıq (XIX əsrin 70 ci illərin ortasınadək), Gəncə, Şamaxı qəzalarında və başqa qəzalarda üzümçülük və şərabçılıq, Lənkəran qəzasında və başqalarında isə düyü və qismən taxıl istehsalı daxil idi.

Azərbaycanın kənd təsərrüfatında buğda, arpa, düyü və digər dənli bitkilər istehsalı ən çox yer tuturdu. 1845-ci ildən 1893-cü ilin axırınadək taxıl məhsulu üç dəfədən çox  artmışdı. Lakin kənd təsərrüfatının bu sahəsində muzdlu əmək yalnız bəzi rayonlarda, xüsusilə Muğanda tətbiq olunurdu. Əsrin ikinci yarısında Azərbaycanda mal-qaranın sayı çoxalmışdı, heyvandarlığın satlıq məhsulu artmışdı.

Dəmir yolların çəkilişi Azərbaycan təsərrüfatında kapitalist münasibətlərin inkişafına kömək edirdi. 1883-cü ildə Bakı və Gəncə quberniyalarından keçən dəmir yol xətti Bakını Tiflislə birləşdirirdi. 1900-cü ildə Zaqafqaziya dəmir yolu Avropa Rusiyasının dəmir yol şəbəkəsi ilə birləşdirildi. Dəmir yollar çəkilməsi, habelə Xəzər dənizində  ticarət gəmiçiliyinin genişlənməsi Azərbaycanın kənd təsərrüfatı və sənaye məhsulunu Rusiya bazarına və xarici bazarlara ixrac etmək imkanlarını artırırdı.

Belə bir şəraitdə Azərbaycan qəzalarının bu və ya digər kənd təsərrüfatı xammalları istehsalında ixtisaslaşması prosesi getdikcə daha artıq bir dərəcədə dərinləşirdi.

Kənd təsərrüfatında kapitalist münasibətlərin artması nəticəsi olaraq Azərbaycanda kənd təsərrüfatı məhsulların   ilk emalı üçün müxtəlif sənaye müəssisələri meydana gəlirdi.

Artıq XIX əsrin axırlarında burada bir çox ipəksarıyan müəssisələr var idi ki, bunlar da başlıca olaraq Nuxa və Şuşa rayonlarında idi. Hələ 60-cı illərin əvvəllərində Nuxanın kənarında Alekseyevin və Voronin qardaşlarının böyük bir ipəksarıyan fabrikləri tikilmişdi, burada 432 dəzgah və 500-dən artıq fəhlə çalışırdı. Sonralar ipəkçiliyin müvəqqəti tənəzzülü ilə əlaqədar olaraq, həmin fabriklər daha işləmədi.

Rəsmi ststistika məlumatına əsasən XIX əsrin axırlarına yaxın Bakı və Gəncə quberniyalarında 500-dən artıq  ipəksarıyan müəssisə var idi. Lakin həmin müəssisələr arasında, müasir texnika ilə təchiz olunmuş fabriklərlə yanaşı olaraq,  hərəsinin bircə ipəksarıyan dəzgahı olan və muzdlu əməkdən  cüzi istifadə edən sənətkar kəndli “emalatxanalarıda çox idi. Nisbətən iri ipəksarıyan emalatxana və fabriklərin sayı: Nuxada və Nuxa qəzasında 80, Şuşa qəzasında 25, Qaryagin qəzasında 5 idi.

XIX əsrin axırlarında – XX əsrin əvvəllərində Azərbaycanda pambıqtəmizləmə sənayesi yaranmışdı. Pambıqtəmizləyən zavodlar  başlıca olaraq, geniş dairədə pambıq əkən rayonların mərkəzlərində - Ağdaşda, Göyçayda, Gəncədə, Yevlaxda, Ləkidə, Cavad qəzasının bəzi kəndlərində və başqa yerlərində meydana gəlirdi. 1900-cü illərin əvəllərində Gəncə quberniyasının pambıqtəmizləyən müəssisələrində 35 pambıqtəmizləyən maşın və 15 pres var idi. Bir qədər sonra, pambıq çiyidindən yağ hasil edən zavodlar meydana gəldi. XX əsrin əvəllərinə yaxın Bakıda birinci toxuculuq fabriki tikilmişdi ki, bu da azərbaycanlı kapitalist Tağıyevin idi.

Tütün sənayesi də inkişaf etməkdə idi. Artıq 80-ci illərdə Bakıda 5 tütün fabriki var idi ki, bunların da ikisi xeyli böyük idi. Bundan başqa, Şamaxıda və Nuxada 5 maxorka müəssisəsi işləyirdi.

XIX əsrin axırlarında Azərbaycanın Şamaxı, Göyçay, Şuşa, Gəncə və digər qəzalarında bir çox şərabçılıq müəssisəsi var idi. Bunların içərisində xeyli iri müəssisələr var idi, məsələn Kürdəmirdə və Şamaxı rayonunda şərab zavodları, Şuşa qəzasında araq istehsal edən müəssisələr, Göyçayda konyak zavodları və başqaları. XIX əsrin 80-ci illərin ortalarından 90-cı illərin ortalarınadək 10 il ərzində təkcə Gəncə quberniyasında şərab istehsalı, demək olar, beş dəfə artmışdı.

Azərbaycanda emal sənayesi sürətlə inkişaf edirdi. Ölkədə güclü neft, dəmir, mis, alminum, xrom, kobalt, daş duz və s. qiymətli yataqlar var idi.

Hələ XIX əsrin axırlarında Gədəbəy rayonunda mis filizi istehsal olunur və kiçik bir müəssisədə mis əridilirdi. 60-cı illərin ortalalarında alman Simens firması burada o zamanın qabaqcıl  texnikası ilə təchiz olunmuş böyük bir misəridən zavod tikdirdi. Zaqafqaziya dəmir yolu çəkilib qurtardıqdan sonra həmin müəssisə daha da genişləndirildi. Gədəbəyin yaxınlığında – Qalakənddə ikinci böyük bir misəridən zavod tikildi. XX əsrin əvvəllərində Azərbaycanda mis filizi hasilatı ildə 3-4 milyon puda (Metr sistemindən əvvəl işlədilmiş, 16,4 kiloqrama bərabər rus ağırlıq ölçüsü) çatırdı. Daşkəsən rayonunda, Şamxor dəmir yol stansiyası yaxınlığında və başqa yerlərdə də mis filizi hasil edilirdi. Bundan xeyli az miqdarda (ildə 200-300 min pud) dəmir filizi hasil edilirdi.

XIX əsrin axırlarında Azərbaycandakı kapitalist istehsalı sahələri sırasına Rusiya bazarı ilə sıx əlaqəsi olan balıqçılığı da daxil etmək lazımdır. 1880-cı ildən etibarən Azərbaycanda balıq ovunun inkişafını ləngidən iltizam sistemi ləğv edildikdən sonra Xəzər dənizi və Kür çayı sahillərində balıq vətəkələri artmağa başlamışdı. Bunların bəziləri iri kapitalist müəssisələri idi. Balıq ovunda və tutulan balığın ilkin emalında minlərlə fəhlə işləyirdi. Azərbaycan balıqçılığının məhsulu ildən ilə artırdı, bu məhsul Rusiyanın mərkəzi quberniyalarına və xaricə ixrac edilirdi, ona böyük tələb var idi.

Beləliklə, islahatdan sonrakı dövrdə Azərbaycanda kapitalist münasibətləri sürətlə inkişaf edirdi. V.İ.Lenin göstərirdi: “...Rus kapitalizmi Qafqazı dünya əmtəə tədavülünə cəlb edirdi, onun yerli xüsusiyyətlərini – qədim patriarxal qapalılıq qalıqlarını aradan qaldırır və öz fabrikləri üçün özünə bazar yaradırdı. İslahatdan sonrakı dövrün əvvəllərində əhalisi az olan və ya əhalisi dünya təsərrüfatından və hətta tarixdən də kənarda qalmış dağlılardan ibarət olan bir ölkə - neft sənayeçiləri, şərab alverçiləri, buğda və tütün fabrikantları ölkəsinə çevrilirdi...” (V.İ.Lenin. Əsərləri, 3-cü cild, səh.580).

70-ci illərdən etibarən Abşeron yarımadasında, Bakı şəhəri ətrafında neft sənayesi sürətlə inkişaf etməyə başladı.

Neft sənayesinin inkişaf etməsi üçün ən mühüm şərtlərdən biri, az məhsuldar olan icbari əməkdən azad muzdlu əməyə keçilməsi idi. Buna görədir ki, Abşeronda keçmişdə neft mədənlərinə təhkim olunmuş kəndlilərin 1864-cü ildə icbari əməkdən azad olmasının böyük əhəmiyyəti oldu.

Lakin bundan sonra da iltizam sistemi mövcud olduğuna görə neft sənayesinin artımı ləngiyirdi. Rusiyada kapitalizmin inkişafı, ölkədəki sənaye yüksəlişi, istehsalda və məişətdə getdikcə daha artıq neft məhsulları işlədilməsi 1872-ci ildə iltizam sisteminin ləğv olunmasına səbəb oldu. Bu sistem əvəzinə neft sahələri uzun müddətə icarəyə verilməyə başlandı. Neft sənayesi kapitalist inkişafı yoluna qədəm qoydu.

Azərbaycanın neft sənayesində 70-ci illərin əvvəllərindən etibarən sənaye çevrilişi baş verməkdə idi. Mədənlərdə geniş dairədə buxar mühərrikləri tətbiq olunurdu, neft quyuları əllə qazılmaq əvəzinə maşınla qazılırdı, quyulardan nefti vedrə ilə deyil, dartay üsulu – jelonka ilə çıxarırdılar. Azərbaycanın neft mədənlərində birinci buxar maşını 1873-cü ildə tətbiq edilmişdi, 1901-ci ildə artıq burada, ümumiyyətlə 70 min at qüvvəsindən güclü olan 2.769 mühərrik işləyirdi. Azərbaycanın neft sənayesi energin ilə təchiz olunmaq cəhətdən çar Rusiyasının bir çox başqa sənaye sahələrindən qabaqda idi. Quyuların sayı və dərinliyi xeyli artırdı. 1880-cı ildə Bakı rayonunda 85 quyu istismar edildiyi halda, 1901-ci ilə yaxın bunların sayı artıb 1740-a çatmışdı.

Abşeronda Balaxanı, Sabunçu, Ramana, Suraxanı və Bibiheybət əsas neft hasilatı rayonları idi.

Quyuların maşınla qazılmasına və neftin dartayla çıxarılmasına keçilməsi, buxar mühərriklərinin geniş tətbiqi neft hasilatını sürətlə artırmaq imkanı verdi. 1870-ci ildə Bakı rayonunda 1482 min pud neft hasil edilmiş olduğu halda, 1880-cı ildə neft hasilatı 20900 min pud, 1890-cı ildə 240400 min pud, 1901-ci ildə isə 671200 min pud idi. V.İ.Lenin özünün “Rusiyada kapitalizmin inkişafı” əsərində göstərirdi: “Cənubla bərabər  Qafqazı da xatırlatmaq lazımdır, zira Qafqazda mədən sənayesi islahatdan sonrakı dövrdə böyük bir sürətlə artmışdır...Neftin demək olar hamısı Bakı quberniyasında hasil olunur, buna görə də Bakı şəhəri “əhəmiyyətsiz bir şəhər ikən dönüb Rusiyada, 112 min əhalisi olan birinci dərəcəli sənaye mərkəzi olmuşdur” (V.İ.Leniun. Əsərləri 3-cü cild, səh.479).

Azərbaycan neft sənayesi öz çoşğun inlişafı nəticəsində 1898-ci ildə neft hasilatı cəhətdən ABŞ-a yalnız çatmaq deyil, hətta onu ötmüşdü. 1901-ci ildə bütün dünyada hasil edilən neftin yarısından çoxu Bakıda hasil edilmişdi.

Neft hasilatı sənayesi ilə yanaşı olaraq neft emalı sənayesi də inkişaf edirdi. Kerosin, sürtgü yağları, sonra isə benzin istehlakının sürətlə artması neft məhsullarının istehsalının artırılmasını tələb edirdi. XIX əsrin 70-90—cı illərində Bakının ətrafında neft emal edən zavodlardan ibarət bütöv rayonlar əmələ gəlmişdi. 1893-cü ildə Bakıda neft emal edən zavodların sayı 114-ə çatmışdı. V.İ.Leninin yazdığı kimi “...neft hasilatı və emalının artıq dərəcədə inkişafı Rusiyada kerosin istehlakını qüvvətləndirmiş, Amerika məhsulunu sıxışdırıb tamamilə aradan çıxartmışdı” (V.İ.Lenin. Əsərləri 3-cü cild, səh.479).

Neft sənayesinin inkişafı böyük kapitallar qoyulmasını tələb edirdi. İlk zamanlar iltizam sistemi ləğv edildikdən sonra Bakıda neft sənayesi müəssisələri yerli kapitalistlər – azərbaycanlı və rus kapitalistləri tərəfindən yaradılırdı. Burada azərbaycanlı kapitalistlərdən Nağıyevin, Tağıyevin, Əsədullayevin, Muxtarovun və başqalarının, rus kapitalistlərindən Kokorev, Şibaev, Benkendorf və başqalarının neft sənayesi firmaları meydana gəlmişdi.

Çox keçmədən xarici kapital da Azərbaycan neft sərvətlərinə əl uzatmağa başladı. Artıq 70-ci illərdə Bakıda Nobel qardaşlarının alman kapitalı ilə sıx əlaqədar olan firması işləməyə başlamışdı. Tez bir zamanda bu firma çox böyük bir neft inhisarına çevrildi, onun çoxlu mədənləri, neft emalı zavodları, emalatxanaları, Xəzər dənizində neft daşıyan donanması və s. müəssisələri var idi.

80-ci illərdən etibarən Bakıda Paris bankiri Rotşildin firmasının təmsil etdiyi fransız kapitalı da özünə yer tutdu. Bu firma sürətlə öz fəaliyyət dairəsini genişləndirir və Nobel qardaşları firması ilə rəqabətə başlayır.

Bir qədər sonra, 90-cı illərin ikinci yarısında ingilis kapitalı da Azərbaycanın neft sənayesinə soxulur. İngilis kapitalistləri yerli neft sənayeçilərindən bir sıra mədən və zavodları satın alıb, bir neçə böyük firma təşkil etmişdilər.

XIX əsrin 80-90-cı illərində ABŞ kapitalistləri də Azərbaycanın neft sərvətlərini ələ keçirməyə cəhd edirdilər. Artmaqda olan Azərbaycan neft sənayesini özləri üçün təhlükəli rəqib hesab edən Amerika neft inhisarları hər vasitə ilə Bakı neft rayonuna soxulmağa, onu özlərinin nüfuz dairəsinə çəkməyə çalışırdılar. ABŞ-ın ən böyük neft inhisarçısı olan “Standart Oyl” bu cəhətdən xüsusi bir fəaliyyət göstərirdi.

Neft istehsalına nisbətən az kapital qoyan xarici kapitalistlər Azərbaycanın zəngin neft yataqlarından ziyankarcasına istifadə və Bakı fəhlələrini amansızcasına istismar etməklə hədsiz-hesabsız mənfəət götürürdülər.

XIX əsrin axırlarında, xüsusilə XX əsrin əvvəllərində neft sənayesində istehsalın təmərgüzləşməsi və kapitalın mərkəzləşməsi prosesi baş verməkdə idi. Bakının iri neft sənayeçiləri xırda firmaları ələ keçirmək və öz rəqiblərinə qarşı müvəffəqiyyətlə rəqabət aparmaq üçün öz aralarında ittifaqlar bağlayırdılar, sindikatlar yaradırdılar.

Artıq XIX əsrin axırlarında, Azərbaycan neft sənayesinin sürətlə inkişaf etdiyi dövrdə burada, kapitalist istehsal üsuluna xas olan ziddiyyətlər aşkar təzahür etməyə başlamışdı. Arabir neft sənayesində ifrat istehsal böhranları baş verirdi, bunların ardınca isə durğunluq və yenidən canlanma dövrləri gəlirdi.

Neft işinin inkişafı ilə əlaqədar olaraq, XIX əsrin axırlarında Bakıda avadanlıq istehsalı və təmiri ilə məşğul olan onlarca mexaniki zavodlar və emalatxanalar meydana gəlmişdi, elektrik stansiyaları, gəmi təmiri zavodları tikilmişdi, dəmir yol deposunun emalatxanaları genişlənmişdi və i. a. 1900-cü ildə Bakı sənaye rayonunda 84 neft emalı zavodu, 18 mexaniki və çuquntökmə zavodu, 21 kərpic zavodu, 3 potaş zavodu, 5 sulfat turşusu zavodu, 1 spirttəmizləyən zavod, 26 buxar dəyirmanı və düyütəmizləyən müəssisə, 2 tütün fabriki və 1 toxuculuq fabriki var idi. Sənaye inkişaf etdikcə Azərbaycanın şəhər əhalisi sürətlə inkişaf edirdi. 60-cı illərin əvvəllərindən 90-cı illərin axırlarınadək  Bakınən əhalisi 9 dəfədən çox artmışdı. 1903-cü ildə Bakı əhalisinin sayı 213 min nəfərdən artıq idi. 1886-cı ildən 1897-ci ildək Gəncənin əhalisi 63 faiz, Lənkəranın əhalisi 108 faiz, Zaqatalanın əhalisi 147 faiz artmışdı.

XIX əsrin axırları - XX əsrin əvvəlləri üçün Azərbaycan əhalisinin sinfi tərkibi dəyişilmişdi; keçmişdəki düşmən siniflərlə, yəni mülkədar, bəy-xan sinfi və məzlum kəndlilər sinfi ilə yanaşı olaraq yeni antoqonist siniflər – burjuaziya və sənaye proletariatı meydana gəlmişdi.

İslahatdan sonrakı dövrdə Azərbaycanda proletariatın təşəkkülü prosesi başlanmışdı. V.İ.Lenin qeyd edirdi ki, maşınlı iri sənaye proletariat yaradır, “əhali içərisində xüsusi bir sinif yaradır ki, bu sinif köhnə kəndlilərə büsbütün yabançı olur, onun həyatı kəndlilərindəkindən başqa tərzdə qurulmuş  olur, ailə münasibətləri başqa qurluşda olur, onun həm maddi, həm də mənəvi təlabatı yüksək səviyyədə olur” (V.İ.Lenin. Əsərləri,  3-cü cild, səh. 533-534).

Azərbaycanda proletar kadrlarının  yarandığı ən böyük mərkəz Bakı və onun sürətlə inkişaf edən neft sənayesi idi. Bununla birlikdə qəzalarda – Gədəbəydə, Nuxada, Şuşada, Gəncədə, dəmiryolunda, balıq vətəgələrində və digər kapitalist müəssisələrində də fəhlə sinfi kadrları təşəkkül tapırdı.

Azərbaycan proletariatının təşəkkülünün əsas ictimai mənbəyi Şimali Azərbaycanın, Avropa Rusiyasındakı bir sıra quberniyaların, Cənubi Azərbaycanın (İran Azərbaycanın), Ermənistanın, Gürcüstanın və Dağıstanın var-yoxdan çıxmış kəndlilərindən ibarət idi. Bakı proletariatının təşəkkülü prosesində Abşeron kəndlərindən olan fəhlələr xüsusi ilə mühüm rol oynayırdılar; on illər uzunu neft mədənlərində işləyən bu fəhlələr neft hasilatı və daşınması sahəsindəki istehsal vərdişlərini sonrakı nəsillərə öyrədirdilər. Abşeronun Balaxanı, Suraxanı, Sabunçu, Əmircan, Bibiheybət və başqa kəndlərindən olan neftçilər Azərbaycanın ilk köhnə fəhlə dəstələrindən biri idi.

Abşeron kəndlilərinin ardınca Bakı və Gəncə quberniyalarının digər qəzalarından da minlərlə kəndli Azərbaycanın neft istehsalında və digər sənaye sahələrində işləməyə gəlirdilər. Cənubi Azərbaycanda (İran Azərbaycanı) şiddətli zülm altında yaşayıb amansız istismar edilən çoxlu kəndlilər də Azərbaycanın sənaye müəssisələrinə işləməyə gəlirdilər. Bunlarında böyük əksəriyyəti azərbaycanlılar idi. Volqaboyu quberniyalarından və Avropa Rusiyasının digər quberniyalarından da minlərlə kəndli Azərbaycana işləməyə gəlirdilər.

Azərbaycan proletariatının təşəkkülü prosesində ölkənin digər sənaye mərkəzlərindən gələn köhnə fəhlələr mühüm rol oynayırdılar.

XIX əsrin axırlarında - XX əsrin əvvərində Azərbaycanda fəhlələrin sayı xeyli çoxalmışdı. Bakı proletariatının sıraları xüsusi bir sürətlə artırdı. XX əsrin əvvəlləri üçün (1901-ci il) Bakıda 65-70 min fəhlə var idi. Proletar kadrların artması sürəti cəhətdən Azərbaycan neft sənayesi ölkədə əvvəllinci yerlərdən birini tuturdu. Azərbaycan qəzalarındakı filiz sənayesində - mis və dəmir mədənlərində, misəridən zavodlarda xeyli fəhlə işləyirdi. 1901-ci ildə filiz sənayesində - mis və dəmir mədənlərində xeyli fəhlə işləyirdi. 1901-ci ildə filiz sənayesində 2 mindən  artıq fəhlə var idi. Xəzər dənizi və Kür çayı sahillərindəki balıq vətəkələrində minlərlə fəhlə işləməyə gəlirdi. Zaqafqaziya dəmir yolunda, habelə ipəksarıyan və tütün fabriklərində, pambıqtəmizləyən zavodlarda, şərabçılıq və digər sənaye müəssisələrində çoxlu fəhlə məşğul idi.

Proletariatın təşəkkülü, proletar kadrlarının sayca xüsusilə keyfiyyətcə sürətlə artması Azərbaycanın bütün iqtisadi və siyasi həyatına təsir göstərirdi. Azərbaycan fəhlələrinin əsas özəyi olan Bakı proletariatı XX əsrin əvvəlləri üçün qüdrətli siyasi qüvvəyə çevrilmişdi. Azərbaycandakı inqilabi mübarizənin ön sıralarında gedən Bakı proletariatı geniş zəhmətkeş kütlələrini öz ətrafında birləşdirir, tədricən Azərbaycan zəhmətkeş kəndlilərinin etibarlı rəhbəri olurdu. Bakıda və Azərbaycanın bir sıra qəzalarında Azərbaycan milli proletar kadrlarının əmələ gəlməsinin böyük tarixi əhəmiyyəti var idi.

Bakı proletariatı müxtəlif mənbələrdən təşəkkül tapdığına görə XIX əsrin axırlarında – XX əsrin əvvəllərində onun tərkibi çoxmillətli idi. Həmin dövrdə neft sənayesində və onunla əlaqədar olan istehsal sahələrində işləyənlərin çoxu Azərbaycan fəhlələri idi. 1893-cü ildə neft hasilatında Azərbaycan fəhlələrinin xüsusi çəkisi 31 faiz təşkil etdiyi halda, 1903-cü ildə 43 faizə çatmışdı. Bakı proletariatının xeyli hissəsini ruslar, dağıstanlılar və başqaları təşkil edirdilər. 1902-ci ildə Bakı neft sənayesində hesaba alınmış bütün fəhlələrin 29,4 faizi ruslar, 18,6 faizi dağıstanlılar idi.

Azərbaycan proletariatının mühüm cəhətlərindən biri, onun yüksək dərəcədə təmərgüzləşməsi idi. Artıq XIX əsrin axırlarında Azərbaycan kapitalist neft sənayesində fəhlələr sürətlə iri müəssisələrdə toplaşırdılar. XIX əsrin axırlarında – XX əsrin əvvlələrinin neft sənaye fəhlələrinin  təqribən yarısı, 500 və daha çox iri müəssisələrdə toplaşmışdı. 1897-ci ildə bütün fəhlələrin 49,4 faizi yeddi neft sənayesi firmasında (bütün firmaların 6,7 faizində) toplanmışdı. XIX əsrin axırlarında Azərbaycanın digər sənaye sahələrində də proletariatın intensiv təmərgüzləşməsi prosesi baş verməkdə idi. Bu, proletariatın keyfiyyət cəhətdən artması prosesində, fəhlələrin sinfi mənlik şüurunun inkişafında, fəhlələrin istismarçılara qarşı mübarizə üçün birləşməsi və təşkilində çox böyük rol oynayırdı.

Azərbaycan proletariatının əsas özəyi ağır sənayedə - heft hasilatı, neft emalı, metal emalı, filiz sənayesi sahələrində işləyən fəhlələrdən ibarət idi. V.İ.Lenin göstərirdi: “...Yalnız maşınlı iri istehsal fəhlələri oyadır, onları maarifləndirib birləşdirir, kütləvi hərakat üçün obyektiv şərait yaradır (V.İ.Lenin. Əsərləri, 20-cild, səh. 385).

Artıq XIX əsrin axırları üçün Bakıda, böyük istehsal stajı olan və kapitalist istismar sistemini görmüş minlərlə fəhlə işləyirdi.

Beləliklə, XIX əsrin axırlarında – XX əsrin əvvəllərində Azərbaycanda proletariatın intensiv təşəkkülü prosesi baş verməkdə idi. Həmin proses nəticəsində, böyük marksizm-leninizm ideyalarını qavrayacaq sənaye fəhlə kadrları yaranmışdı.

Azərbaycan proletariatı XX əsrin 20–ci illərindən başlayaraq 90-cı illərədək çox böyük inkişaf yolu keçmişdir. Lakin 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi vəzifəsini hiyləgərliklə ələ keçirməyə nail olan Amerikanın agenti satqın Mixail Qorbaçov imperializmin dəstəyi ilə “yenidənqurma” adlı məkrli planla SSRİ-nin dağılmasına müvəffəq oldu. Proletariatın qüvvə kimi birləşdiyi iri sənaye və istehsal müəssisələri məhv edildi.  Proletariatın üzərində yırtıcı kapitalizmin ağalığı başladı. Hazırda Azərbaycan proletariatı ən ağır, çətin günlərini yaşayır.

İstifadə olunan ədəbiyyat:

1.История Kоммунистической Партии Азербайджана /Ин-т истории партии при ЦК КП Азербайджана - филиал Ин-та марксизма-ленинизма при ЦК КПСС) Баку, Азернешр, 1958.

2.Н. Г. Волкова. «Этнические процессы в Закавказье в XIX—XX веках», Кавказский Этнографический сборник, IV часть, Институт Этнографии им. Н. Н. Миклухо-Маклая АН СССР, Москва, Наука, 1969.

3.История Азербайджана. Учебник. Баку: изд-во БГУ, 2016, 452 с.

 

 

Отправить комментарий

0 Комментарии