Ədalət Abdinov, Azərbaycan Kommunistlər Birliyinin sədri
Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbəmizin 76-cı ildönümüdür
Böyük vətən müharibəsinin ilk günlərindən Azərbaycan Kommunist Partiyası öz işlərini hərbi şəraitə uyğun olaraq ən qısa bir müddətdə yenidən qurdu. Bakını sarsılmaz qalaya, qüdrətli cəbbəxanaya çevirdi. Bütün Sovet İttifaqı xalqları kimi Azərbaycan xalqı da böyük sosialist Vətənimizin müdafiəsinə qalxdı.Respublikamızın hər yerində partiya təşkilatlarının
rəhbərliyi altında izdihamlı mitinqlər keçirildi. Başqa qardaş respublikalarda
olduğu kimi Azərbaycanın hər yerində səfərbərlik başlandı.
Xalqımız öz övladlarını cəbhəyə göndərdi və
bütün iqtisadiyyatını cəbhənin mənafeyi üçün yenidən qurdu.
Müharibənin hələ ilk günlərindən bütün
dünyaya məlum idi ki, Almaniyanın qoşunları səfərbərliyə alınmış və bizim sərhədlərə
yaxın yerlərə gətirilmişdi. Tamamilə dinc quruculuq işləri ilə məşğul olan SSRİ
qoşunlarını isə hələ səfərbərliyə alıb sərhədə yeritmək lazım gəlirdi. Sovet
İttifaqı bu işi ancaq hərbi əməliyyat dövründə gördü. Olduqca ağır olan bu iş
üçün vaxt lazım idi və alman-faşist ordusu bundan istifadə edərək müvəqqəti
üstünlüklər əldə etdi.
Almaniya sənayesi artıq çoxdan bəri hərbi ləvazimat
istehsal etməklə məşğul idi. Bundan əlavə işğal edilmiş Qərbi Avropanın bütün sənyesi
alman faşistlərinə xidmət edirdi. Buna görə də müharibənin ilk günlərində Almaniyanın
tankı və təyyarəsi Sovet Ordusundakından miqdar etibarı ilə xeyli artıq idi.
Bundan əlavə, Rumıniya, Finlandiya, İtaliya
və Macarstan da almanlarla ittifaq bağlayaraq, ölkəmizə qarşı müharibə
aparırdı. Belə bir şəraitdə Sovet Ordusu faşist dövlətləri ittifaqının birləşmiş
qüvvələrinə qarşı təkbaşına vuruşmalı oldu.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi
xalqımızı partiyanın ətrafında birləşdirərək, onun tükənməz qüvvə və bacarığını
cəbhəyə yönəltdi.
Müharibənin ağır və təhlükəli bir dövründə
Dövlət Müdafiə Komitəsinin göstərişinə əsasən Azərbaycan partiya təşkilatının rəhbərliyi
altında yeni diviziyalar təşkil edilərək, lazım olan bütün ləvazimatla təmin
olunurdular.
SSRİ-nin Qərb rayonlarından Azərbaycana,
paytaxt Bakıya bəzi sənaye müəssisələri köçürüldü ki, onlar cəbhə üçün hər şeyi
etdilər.
Ukrayna, Belorusiya, Latviya, Litva,
Estoniya və Moldaviya ərazilərinin məhsuldar tarlaları işğal
edildiyinə görə ordunu və ölkəni təchiz etmək işinin ağırlığın bir hissəsi də
Sovet Azərbaycanın üzərinə düşdü. Neft Bakısının fəhlələri ilə birlikdə
respublikamızın kolxozçuları da müstəsna bir fədakarlıqla işləyərək olkəni və
ordunu ərzaqla təchiz etmək işinə öz paylarını verirdilər. Bu dövrdə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin gördüyü mühüm tədbirlərdən biri də o
idi ki, respublikanın bir dəstə partiya
və sovet işçisi, partiya fəalları səfərbərliyə
alınaraq, kənd rayonlarında işin təşkilinə kömək etməyə göndərilmişdi.
Azərbaycan partiya təşkilatı həm ön cəbhədə,
həm də arxa cəbhədə düşmən üzərində qələbəmizi hazırlamaq işində
respublikamızın zəhmətkeşlərinin əsl təşkilatçısı
və rəhbəri oldu.
1941-ci ildə ağır müharibə şəraitində Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin təklifi ilə Azərbaycan
Kommunist Partiyası Bakı Komitəsinin quruluşunda bir sıra dəyişikliklər edildi:
neft çıxarılması; neft quyuların qazılması; neft emalı; neft maşınların düzəldilməsi;
tikinti ləvazimatı şöbələri yaradıldı.
Azərbaycan partiya təşkilatının və
respublika hökumətinin bilavasitə təşkilatçılığı ilə ölkədə xalq qoşunları dəstələri
təşkil edildi. Hələ müharibıənin lap ilk günlərində xalq qoşunları sırasına Azərbaycan
zəhmətkeşlərindən əksəriyyəti kommunistlər olan 156 min 953 nəfər daxil
olmuşdu. Bunlardan 63 min 53 nəfəri Bakı şəhərindən idi.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
çağırışı ilə xalq qoşunları sırasına daxil olan bu adamlar istehsalatdan
ayrılmadan, Vətəni və xalqımızı müdafiə etmək üçün xalq qoşunları sırasında hərbi
təlim keçir və Bakının müdafiəsini möhkəmləndirirdilər.
Müharibə dövründə almanlar ordu və
xalqımızın arasında vahimə salmaq, hərbi və dövlət sirlərini öyrənmək məqsədilə
öz kəşfiyyatçılarını ölkəmizin içərilərinə göndərmək üçün hər cür vasitədən
istifadə etməyə çalışırdılar.
Azərbaycan partiya təşkilatı sayıqlığımızı
artırmaq, dövlət, partiya, təsərrüfat sirrini gizli saxlamaq, hər cür şaiyə
yayanlarla mübarizə aparmaq məqsədilə bir sıra ciddi tədbirlər görməli oldu.
Payon partiya komitələrinə verilən göstərişlərin birində deyilirdi: “Bütün
payon partiya komitələrindən tələb olunur ki, bolşevik mütəşəkkilliyini və
sayıqlığını artırsınlar. Dövlət və təsərrüfat sirlərinin gizli saxlanılmasını təşkil
etsinlər”.
Müharibənin ilk günlərindən başlayaraq İran
İslam Respublikası Azərbaycan üçün problemlər yaradırdı. İş burasında idi ki,
Azərbaycan Sovet Sosialist Respublikası ilə həmsərhəd olan İranın irticacı dairələrinin
fitvası ilə İran hökumət başçıları öz ərazilərində alman-faşist işğalçılarının
Sovet İttifaqına qarşı birinci növbədə Azərbaycan və onun paytaxtı neft
Bakısına qarşı pozuculuq fəaliyyətinə tam şərait yaratmışdı.
Zaqafqaziyanı zəbt etmək həsrətində olan
İran irticaçıları alman – faşist kəşfiyyat orqanlarının Sovet İttifaqına qarşı
çevrilmiş fəaliyyətinə kömək edirdilər. Həmin dövrdə cürbəcür bəhanələrlə məsələn,
turist, səyyah, tədqiqatçı və s. adlar altında İrana soxulan alman faşistləri
İran hökumətini Sovet İttifaqına qarşı müharibəyə sövq edirdilər. İranın
ayrı-ayrı rayonlarında ağqvardiyaçılardan, müsavatçılardan, daşnaklardan ibarət
silahlı dağıdıcı suiqəsdçilər və casus dəstələri yaradırdılar. Faşistlər bu dəstələri
Azərbaycana, birinci növbədə Bakının, Qroznının, Türkmənistanın neft
rayonlarına göndərmək üçün hazırlayırdılar. Onlar İranda müxtəlif silah və
dağıdıcı maddələr anbarları düzəltmişdilər. Tehranda fars dilində almanların
xüsusi faşist təbliğat və təşviqatını yayan xüsusi büllüteni buraxılırdı. Bütün
bu faktlar onu göstərirdi ki, almanlar İranın Sovet İttifaqına qarşı müharibəyə
qoşulmasını hazırlayırdılar. İran hökuməti mürtəce dairələrinin almanların bu
fitnələrinə dözməsi və yol verməsi cənubda Sovet İttifaqı üçün bilavasitə təhlükə
yaradırdı. Buna görə də Sovet hökuməti 1941-ci il iyunun 26-da, iyulun 19-da və
avqustun 16-da İran hökuməti adına notalar göndərdi.
Sovet hökumətinin notalarında deyilirdi ki,
İran hökuməti Sovet İttifaqı ilə bağladığı 1921-ci il müqaviləsini pozur və öz ərazisində
Sovet hökumətinə qarşı təhlükə yaradır. İran hökuməti bu notalara çox
etinasızlıqla yanaşaraq heç bir tədbir görmədi. İş belə olduqda Sovet hökuməti
öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün 1921-ci il müqaviləsinin 6-cı
maddəsinə əsasən öz qoşunlarına İranın sərhədini keçmək əmrini verdi.
İran zəhmətkeşləri sovet hərbi birləşmələrini
böyük hörmətlə qarşıladılar. Sovet Ordusu İranı faşistlərin hərbi bazası
olmaqdan, zəhmətkeşləri isə qanlı fəlakətdən xilas etməklə, ölkəmizi İran tərəfindən
hədələyən təhlükədən qurtardı.
Böyük Vətən müharibəsində ən geniş masştablı
döyüş Stalinqrad uğrunda olub. 1942-ci il iyul ayında böyük döyüşlərlə başlamış
və arltı aydan artıq davam etmiş Stalinqrad vuruşması 1943-cü il fevral ayının
2-də sovet qoşunlarının tam qələbəsi ilə başa çatdırıldı. Stalinqrad ətrafındakı
vuruşma almanların 330 minlik ordusunun mühasirəyə alınması, onların darmadağın
edilməsi və mühasirəyə alınmış qoşunların üçdə bir hissəsinin əsir alınması ilə
nəticələndi. Stalinqrad vuruşmasından sonra almanlar bir daha özlərinə gələ
bilmədilər.
Stalinqrad uğrunda tarixi döyüşlərdə ad
qazanmış məşhur 6-cı ordu komandanlığı Azərbaycan partiya təşkilatının ünvanına
göndərdiyi məktubda göstərir ki, başqa qardaş xalqların oğulları kimi Azərbaycan
xalqının oğulları da Stalinqrad cəbhəsində çox mərdliklə vuruşurlar. 6-cı ordu
komandanlığına Azərbaycandan gedən cavab məktubunda deyilir: “Biz fəxr edirik
ki, Sizin qəhraman qvardiyaçılarınızın sırasında bizim də həmyelilərimiz
döyüşürlər... Bütün var-dövlətimiz və zəhmətkeşlərin əmək məhsulu, eləcə də
xalqımızın zehni əməyi cəbhə üçün və alman işğalçıların darmadağın edilməsi
işinə xidmət etmiş və gələcəkdə də xidmət edəcəkdir”.
Stalinqrad uğrundakı şiddətli vuruşmalarda
tank hissəsi komandiri, Sovet İttifaqı Qəhramanı general-mayor Həzi Aslanov və
bir çox başqa qəhramanlar özlərinə əbədi şöhrət qazandılar.
1942-ci ildə, düşmən vəhşi bir kinlə Qroznı
Və Bakı neftinə doğru can atan zaman Dövlət Müdafiə Komitəsinin göstərişi ilə
yaradılmış 416-cı Azərbaycan diviziyasının döyüşçüləri Sovet Silahlı Qüvvələrinin
başqa diviziyaları ilə birlikdə qəhramancasına vuruşaraq alman-faşist
işğalçılarının nəinki irəliyə doğru yolunu kəsdilər, hətta düşməni Qərbə tərəf
qovmağa başladılar.
416-cı Azərbaycan diviziyası Qafqazı
hitlerçi işğalçılardan azad etmək uğrunda qəhramanlıqla döyüşdüyünə görə Ali
Baş Komandan İ.V.Stalinin təşəkkürünə layiq görülmüşdü.
416-cı
diviziyanın azərbaycanlı əsgərləri Taqanorq şəhərini faşistlərdən azad
etdi. Ali Baş Komandan İ.V.Stalin öz əmrində 416-cı atıcı diviziyanın məharətli
döyüş əməliyyatını qeyd edib ona təşəkkür elan etdi və diviziyaya bu şəhərin
adı verildi.
416-cı diviziya 1943-cü ilin oktyabrında
şiddətli və qanlı vuruşmalardan sonra Melitopol şəhərinə girdi. Diviziya qəhramanlıq
və igidlik göstərdiyinə görə Qızıl Bayraq ordeni ilə təltif olundu.
Dnepr çayı uğrunda vuruşmalar və bu böyük
çayı keçmək diviziyanın tarixinə parlaq səhifə kimi daxil oldu. Diviziya
buradakı qəhramanlıq və igidliyinə görə dördüncü dəfə təşəkkür aldı.
Diviziya Cənubi Buq sahilində düşmənin
darmadağın edilməsində iştirak edib, almanları Nikolaev şəhərindən qovub
çıxartdı. Düşməni təqib edərək, 1944-cü ilin aprelində Odessa şəhərinə daxil
oldu. Odessanın azad edilməsi uğrundakı vuruşmalarda şücaət göstərdiyinə görə 416-cı diviziyamız
Suvorov ordeni ilə təltif olundu.
1944-cü ilin iyun-iyul aylarında diviziya
Dnestrin sağ sahilində mühüm bir əməliyyat meydanını qoruyaraq, sonra
almanların Yassı – Kişinyovda qoşun birləşmələrinin darmadağın edilməsində
iştirak etdi. Şiddətli döyüşdən sonra qəhraman 416-cı diviziyanın əsgərləri
Moldaviya Sovet Sosialist Respublikasının paytaxtı Kişinyov şəhərinə birincilər
sırasında girdilər. Diviziya yeddinci dəfə Ali Baş Komandan İ.V.Stalinin təşəkkürünü
aldı.
Düşmənə qarşı döyüşlərdə göstərdikləri qəhramanlıqlara
görə 416-cı Azərbaycan diviziyasının 5.000 əsgəri SSRİ orden və medalları ilə təltif
edilmişdir. Bir çoxlarına Sovet İttifaqı Qəhramanı adı verildi.
Böyük Vətən müharibəsində Azərbaycan
xalqının böyük rəhbəri, təşkilatçı və sərkərdəsi şanlı Azərbaycan Kommunist Partiyası olmuşdur. Azərbaycan
Kommunist Partiyası özünün bütün təşkilatçılıq dühasını, xalqın illərlə
toplanmış olduğub bütün enerjisini, əzmini, dözümlüyünü və qüdrətli iradəsini
vahid məqsədə - faşizmin darmadağın edilməsinə yönəltmişdi.


0 Комментарии