1985-ci il martın 11-də günorta saat ikidə Sovet İttifaqının ömrü sona çatdı. Ancaq ölkənin intiharı, əzab-əziyyəti 1991-ci ilin sonuna qədər davam etdi və biz bu gün də həmin fəlakətin nəticələrini hiss edirik. 40 il əvvəl həmin mart günündə SSRİ Mixail Qorbaçov adlı satqının, şərəfsizin, ləyaqətsizin qanlı əlləri ilə öz məzarını qazdı.
K.U.Çernenkonun ölümündən sonra Mərkəzi Komitənin növbədənkənar Plenumunda Siyasi Büro adından SSRİ Ali Sovet Rəyasət Heyətinin sədri Andrey Qromıko M.S.Qorbaçovun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın Baş katibi seçilməsini təklif etdi. Bundan əvvəl Çernenkonun aşkar layiqli varisi, Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü, Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi V.V.Şerbitski nədənsə xaricə göndərilib və qəsdən orada saxlanılıb.
Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ DTK-nın sədri V. M. Çebrikov Qorbaçovun seçilməsində mühüm rol oynayıb. O, Sov.İKP MK-nın Plenumundakı çıxışında deyib:
“Əlbəttə, mən həmkarlarımla məsləhətləşdim. Bizim şöbə elədir ki, o, təkcə xarici siyasət problemləri deyil, həm də daxili, sosial xarakterli problemləri yaxşı bilməlidir. Ona görə də bütün bu halları nəzərə alaraq, çekistlər mənə tapşırdılar ki, M.S. Qorbaçovun baş katibi vəzifəsinə namizədliyini irəli sürsünlər".
Əlavə şərhə ehtiyac yoxdur, dövlətin təhlükəsizliyini qoruyan rəhbər şəxs xəyanəti, satqınlığı - onun xarici səfərləri ilə bağlı DTK-da şübhəli faktrlar kifayət qədər idi - əvvəlcədən məlum olan Qorbaçovu müdafiə edir.
Bu, böyük bir ölkənin ölümünün ən mühüm mərhələlərindən birinə çevrildi.
Həmin tarixdə Qorbaçovun əleyhinə olanlar ən vicdanlı, sədaqətli kommunistlər olub. Onlardan biri Stalin dövrünün kadrı, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonov idi.
Sov.İKP MK katiblərindən biri, vətəndaş müharibəsi illərində 14 yaşında Qırmızı Orduya qoşulmuş qocaman bolşevik Boris Ponomarev də Qorbaçovun hərtərəfli hay-küyünə açıq şəkildə etiraz edirdi.
Maraqlıdır ki, ölkənin başçısı vəzifəsini ələ keçirəndən sonra Qorbaçov bir il ərzində həm Tixonovu, həm də Ponomarevi “səhhətinə görə” istefaya göndərdi. Bu şarlatan aparat intiriqalarında çox mahir usta idi.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi vəzifəsinə ehtiyat kadrlar var idi. Lakin Qorbaçov hakimiyyətə gələnə qədər onlar aradan götürülmüşdür. Onlardan biri də keçmiş partizan və Belarus Kommunist Partiyasının nüfuzlu birinci katibi Pyotr Maşerov idi. Hakimiyyətin zirvəsində həqiqətən yaxşı perspektivlərə malik olan Maşerov hələ 1980-ci ildə bəzilərinin qəribə göründüyü şəraitdə avtomobil qəzasında dünyasını dəyişdi.
Sovet dövlət başçısına layiq digər lider isə Sov.İKP Leninqrad Vilayət Komitəsinin rəhbəri Qriqori Romanov idi. Lakin o, bəlkə də siyasətimizdə “qara piar”ın ilk presedentlərindən birinin qurbanı oldu. 1985-ci il ərəfəsində Romanovun qızının Ermitajda keçirilən toyunda Çar ailəsinə məxsus servizini guya sındırıldığı barədə şayiələr fəal şəkildə dolaşmağa başladı. Əlbəttə, bu şaiyələr gülünc idi, ancaq təsirsiz də qalmırdı. Bunu Qərb xüsusi xidmət orqanları və onların SSRİ-dəki əlaltıları yaxşı bilirdilər.
Qorbaçov Lenin irsindən sui-istifadə etdi, ona xəyanət etdi. Hakimiyyətinin ilk illərində “Lenin normalarına qayıdış” və “Lenin ideallarına qayıdış”ı ucadan bağırırdı. Çirkin məqsədinə çatıb SSRİ-ni dağıdandan sonra təqaüdçü Qorbaçov ritorikasını dəyişdi. Hətta 1990-cı illərdə əcnəbilərlə görüşlərdə belə demişdi: “Bütün həyatımın məqsədi kommunizmi məhv etmək idi... Həyat yoldaşım bunun zəruriliyini məndən əvvəl də başa düşürdü”.
Buna deyirlər, əsil xəyanət!
Satqın Qorbaçovun iki babası-Andrey Qorbaçov və Panteley Qopkalo 1930-cu illərdə natəmiz əməllərinə görə həbs olunublar.
Qorbaçovun həyat yoldaşı Raisa Maksimovanın babasını 1937-ci ildə gülləliyiblər. Təbii ki, cəza səbəbsiz olmur.
1985-ci ilin mayında elan edilmiş bədnam "yenidənqurma" sürətlə böyüyən böhrana çevrildi. "Aşkarlıq", "Sürətləndirmə" - Qorbaçov dövrünün bütün bu cəlbedici şüarları cəmi bir neçə il ərzində öz parlaqlığını itirdi.
Daha ağrılı mövzu Qorbaçovun xarici siyasətidir. Avropada sosialist müttəfiqlərinin süqutu, qoşunlarımızın 1945-ci ildə tutduğu mövqelərdən birtərəfli qaydada çıxarılması... “Ümumbəşəri insan təfəkkürü” şüarları altında NATO-ya total təslim olmaq...
Qorbaçovun komandası - baş nazir Nikolay Rıjkov, xarici işlər naziri Eduard Şevardnadze, baş ideoloq Aleksandr Yakovlev və başqaları SSRİ-ni gizli böhrandan tez bir zamanda aşkar böhran vəziyyətinə gətirdilər. Qorbaçov dövrünün sonunda bütün sahələrdə böhran tam bir fəlakətə çevrildi...
Ədalət Abdinov, "Kommunist" onlayn qəzetinin redaktoru
0 Комментарии