Əgər hansısa sahibkardan soruşsaq: “Kapital nədir?”, o, dərhal belə cavab verəcək: “Kapital — sahibinə qazanc gətirən istehsal vasitələridir”.
Sahibkarın kapital haqqında bu səthi anlayışına əsaslanaraq, burjua iqtisadçıları iddia edirlər ki, hər bir əmək aləti, hər bir istehsal vasitəsi, qısası, istənilən əşya - hətta torpaq və ibtidai insanın istifadə etdiyi çubuq belə - kapitaldır. Lakin belə çıxır ki, onda kapital hətta ibtidai cəmiyyətdə də mövcud olub. Halbuki ibtidai cəmiyyət nə şəxsi mülkiyyəti, nə muzdlu əməli, nə pulu, nə də mənfəəti tanımırdı. Bu isə, əlbəttə ki, absurddur. Kapitalın belə izahı burjua iqtisadçılarına onun əsl mahiyyətini gizlətmək üçün lazım olub.
Əslində isə istehsal vasitələrinin özü-özlüyündə kapital olması mümkün deyil; onlar istənilən cəmiyyətin mövcudluğu üçün zəruri şərtdir. İstehsal vasitələri yalnız o zaman kapitala çevrilir ki, onlar şəxsi mülkiyyətdə olsun və muzdlu əməyin istismarı üçün istifadə edilsin. Bunu, məsələn, ümumi istehsal vasitəsi olan torpaq üzərindən izah edə bilərik. Əgər torpaq sahibi torpağı yalnız şəxsi ehtiyacları üçün istifadə edirsə, o, torpağa sadəcə öz yaşayışının şərti kimi yanaşır. İş tamamilə dəyişir, əgər torpaq sahibi özünə muzdlu kəndli götürürsə, sual yaranır: torpaq sahibi nə üçün bunu edir? Əylənmək üçün? Əlbəttə ki, yox. Torpaq sahibi muzdlu işçini yalnız ona görə işə götürür ki, o onun xeyrinə işləsin.
Bəs torpaq sahibi muzdlu işçinin əməyindən necə fayda götürə bilər? Yalnız o halda ki, muzdlu işçi öz əməyilə torpaq sahibinin ona verməyə məcbur olduğu yaşayış vasitələrindən çox məhsul istehsal etsin. Yəni torpaq sahibi muzdlu işçini yalnız onun əməyini istismar etmək üçün işə götürür.
Burjua iqtisadçılarına belə də aydındır ki, istehsal vasitələri sahibləri ilə muzdlu işçilər arasında münasibət olmadan nə mənfəət var, nə də kapital. Bu isə böyük həqiqəti açmış olur:
Bəs necə olur ki, insanların bu ictimai istehsal münasibətləri özlərini əşya şəklində göstərir?
İstehsal həmişə və hər bir şəraitdə ictimai istehsaldır; cəmiyyətdən kənarda tək yaşayan bir adamın istehsal etməsi, insanların birlikdə yaşayıb danışmadan dil inkişaf etdirməsi qədər mənasızdır. Lakin istehsal vasitələri üzərində xüsusi mülkiyyət insanları bir-birindən ayırır, hər bir istehsalçının əməyini onun şəxsi işi kimi göstərir. Beləliklə, ictimai istehsal əslində ayrı-ayrı şəxsi işlərin cəmiyyəti kimi görünür.
Eyni zamanda ictimai əmək bölgüsü əmək məhsullarının mübadiləsini tələb edir. İstehsalçılar bir-biri ilə ictimai əlaqəyə yalnız öz məhsullarını dəyişdirməklə girirlər. Buna görə də onların şəxsi işlərinin ictimai xarakteri yalnız bu mübadilə çərçivəsində üzə çıxır. Başqa sözlə, şəxsi işlər, ancaq mübadilə vasitəsilə məhsullar arasındakı münasibətlərdən keçərək, ümumi ictimai əməyin bir hissəsinə çevrilir. Bu səbəbdən istehsalçılara öz aralarındakı ictimai münasibətlər əsl mahiyyəti ilə görünmür; yəni onlara əməyin birbaşa ictimai əlaqəsi kimi yox, insanlar arasında “şeylər vasitəsilə əlaqə” kimi, hətta “şeylərin öz aralarındakı ictimai münasibətləri” kimi görünür. Beləcə şəxsi istehsalçıların istehsal əlaqələri obyektiv şəkildə “əşya kimi”, maddiləşmiş münasibətlər kimi çıxış edir.
Tarixən kapital hər yerdə ilk dəfə pul kimi, pul sərvəti şəklində meydana çıxır. “Məsələni anlamaq üçün kapitalın necə ortaya çıxmasının tarixinə baxmağa ehtiyac yoxdur. Bu tarix hər gün gözümüzün qarşısında baş verir. Hər yeni kapital ilk dəfə meydana çıxanda - istər mal bazarında, istər əmək bazarında, istərsə də pul bazarında - həmişə pul şəklində görünür; müəyyən proseslər vasitəsilə kapitala çevrilməli olan pul şəklində”. (K. Marks, “Kapital”, cild 1)
Beləliklə, pul öz-özlüyündə kapital deyil. Pulun özü kapitalizm yaranmamışdan əvvəl də mövcud idi. Pul yalnız müəyyən inkişaf etmiş mal istehsalı və mal dövriyyəsi mərhələsində kapitala çevrilə bilir.
Kapitalizmdən əvvəl sadə mal dövriyyəsi vardı və bu düsturla ifadə olunurdu: M – P – M (mal – pul – mal). Yəni bir mal satılır ki, başqa bir mal alınsın. Burada pul yalnız vasitəçidir, kapital deyil. Məqsəd də aydındır: istehsalçı ona lazım olmayan malı satır ki, ona lazım olan başqa malı alsın. Pul dövriyyədə qalmır, xərclənir. Məsələn, ayaqqabıçı öz düzəltdiyi ayaqqabını satır ki, ət ala bilsin. Yəni sadə mal dövriyyəsinin məqsədi istehlakdır - ehtiyacın ödənməsi.
Digər tərəfdən, hər bir istehsalçı öz malını dəyəri qədər başqa bir malla dəyişmək istəyir. Heç kim 8 saata hazırladığı məhsulu 4 saata hazırlana bilən məhsulla dəyişməz. Normal halda dövriyyənin əvvəlindəki və sonundakı malların dəyəri eyni olmalıdır. Ayaqqabının dəyərindən baha satılması və ya ətin ucuz alınması mümkündür, amma bu halllar təsadüfidir və sadə mal dövriyyəsinin mahiyyətini dəyişmir. Normal halda mallar dəyərinə uyğun dəyişdirilir. “Malları öz dəyərinə uyğun dəyişmək onların təbii qanunudur; kənaraçıxmalar bunun əsasında izah olunmalıdır, əksinə yox”.
(K. Marks, “Kapital”, cild 3)
Deməli, pul sadə mal dövriyyəsində kapitala çevrilə bilməz. Bəs, pul kapitala necə çevrilir?
Mal mübadiləsinə diqqətlə baxsaq, sadə M – P – M formasından başqa, tam fərqli bir forma görürük: P – M – P, yəni pulu malla dəyişmək və sonra onu yenidən pula çevirmək - almaq ki, satılsın. İlk baxışda bu mənasız görünür, çünki başlanğıcda da, sonda da pul var, yəni keyfiyyətcə heç nə dəyişmir. 100 dollara ayaqqabı alıb, sonra onu yenə 100 dollara satmaq - eyni pulu dolandırmaq, mənasızdır.
Lakin real həyatda belə olmur: insanlar ucuz alıb baha satırlar. Pulun iki məbləği bir-birindən yalnız böyüklüyü ilə fərqlənə bilər. Pulu mala çevirmək, sonra həmin malı daha çox pula satmaq məqsədi ilə edilir. Məsələn, 100 dollara alınan ayaqqabı 110 dollara satılır. Buna görə prosesin tam forması belədir: P – M – P, burada P = P + X, yəni ilkin pul + artıq dəyər. Bu artığa Marks “əlavə (artıq) dəyər” deyirdi.
Beləliklə, ilkin verilən pul yalnız qorunmur, həm də artır. Məhz bu hərəkət - pulun özünü artırması - onu kapitala çevirir. Pulu hərəkətə gətirən və bundan gəlir götürən adam isə kapitalist olur.
Əgər artan dəyərin öz həyat dövrü ərzində növbə ilə aldığı ayrıca formaları götürsək, bu cür təriflər alınır: kapital - puldur, kapital - maldır. Lakin əslində burada dəyər elə bir prosesin subyektinə çevrilir ki, bu prosesdə o, pul formasını mala, mal formasını pula dəyişdirərək öz miqdarını artırır, özünü çoxaldır. Çünki o hərəkət ki, dəyər özünə əlavə dəyər qatır, onun öz hərəkətidir; deməli, dəyərin artması - öz-özünə artmasıdır.
«Beləliklə, dəyər öz-özünə hərəkət edən dəyərə, öz-özünə hərəkət edən pula çevrilir və bu halda o - kapitaldır. O, ticarət dövriyyəsinə daxil olur, ordan çıxır, özünü qoruyur və artırır, daha böyük şəkildə geri qayıdır və eyni dövrü yenidən başlayır». (K. Marks, Kapital, I cild).
Artıq dəyər harada və necə yaranır?
Burjua iqtisadçıları iddia edirlər ki, artıq dəyər mal dövriyyəsində yaranır. Bu doğru deyil. Əgər mallar və pullar bərabər dəyərlə dəyişdirilirsə, yəni ekvivalentdirsə, heç bir satıcı öz malının dəyərindən artıq dəyər əldə edə bilməz. Əgər bütün satıcılar mallarını 10% baha satsalar, alıcı kimi həmin 10%-i geri verəcəklər. Yəni satıcı kimi qazandıqlarını alıcı kimi itirəcəklər. Halbuki real həyatda bütün kapitalist sinfi ümumi şəkildə kapitalını artırır.
Bəs kapitalistlər bütün malları dəyəri qədər alıb-satdıqları halda artıq dəyəri necə əldə edirlər?
Mal həm dəyərdən, həm də istehlak dəyərindən ibarətdir. Mallar qiymətinə satılırsa, artıq dəyər yalnız malın istehlak dəyərindən, yəni onun istifadəsindən yarana bilər. Kapitalist yalnız o halda artıq dəyər əldə edə bilər ki, bazarda elə bir mal tapsın ki, onun istehlak edilməsi yeni dəyər yaratsın. Kapitalist belə bir xüsusi mal tapır - əmək qüvvəsi.
Lakin əmək qüvvəsinin bazarda mal kimi görünməsi üçün iki şərt olmalıdır:
1. Əmək qüvvəsi yalnız öz sahibinin - yəni işləyənin özü tərəfindən satılarsa, mal ola bilər. Bunun üçün o, şəxsən azad olmalıdır; nə qul, nə də serf öz əmək qüvvəsini sata bilməzdi – onlar özləri mal idi. Ona görə də işçi və kapitalist bazarda hüquqi cəhətdən bərabər mal sahibləri kimi qarşılaşırlar. İşçi əmək qüvvəsini yalnız müəyyən müddətə sata bilər, əks halda özü qul kimi bir dəfəlik satılmış olar.
2. İşçi əmək qüvvəsini satmağa məcbur olsun. Bunun üçün işçi istehsal vasitələrinə - xammal, alətlər və s. - sahib olmamalıdır. Kiminsə öz məhsulunu sata bilməsi üçün istehsal vasitələri gərəkdir. İşçinin isə yaşamaq üçün əvvəlcə istehlak vasitələrinə ehtiyacı var, onları öz əməyinin hazır məhsulundan əldə edə bilmədiyi üçün məcbur qalıb əmək qüvvəsini satır.
Deməli, kapitalist öz pulunu kapitala yalnız o halda çevirə bilər ki, bazarda azad işçi tapsın - həm şəxsi cəhətdən azad, həm də istehsal vasitələrindən tam məhrum.
İşçi əmək qüvvəsini satır, kapitalist onu alır. Kapitalist əmək qüvvəsinin dəyərini ödəməklə həmin maldan istifadə etmək hüququnu da alır. Necə ki, maşını işlədərək istifadə edirlər, əmək qüvvəsindən də insanı işlədərək istifadə edirlər. Kapitalist əmək qüvvəsinin bir günlük dəyərini ödəsə də, onu bütün gün işlətmək hüququnu alır.
Tutaq ki, 1 saat sadə əmək 1 dollar dəyər yaradır, əmək qüvvəsinin bir günlük dəyəri isə 4 dollardır. İşçi günün dəyərini bərpa etmək üçün 4 saat işləməlidir. Amma kapitalist onu 8 saat işlədər. İşçi 8 dollar dəyər yaradar, halbuki onun gün dəyəri 4 dollardır. Kapitalist 4 dollar xərcləyir, 8 dollar dəyər alır və 4 dollar artıq dəyər mənimsəyir. Pul kapitala çevrilir.
Lakin bu, prosesin yalnız bir tərəfidir. Tarixi başlanğıcda işçi azad deyildi – o, şəxsi asılılıq içində idi. Feodalizm dövründə istehsal vasitələrinin sahibi (feodal) ilə işçi arasında şəxsi asılılıq var idi. Kəndli torpaqla «bitişik» idi; torpaq və alətlər ondan ayrılmamışdı.
Kapitalizmdə şəxsi asılılıq yoxdur – işçi formal olaraq azaddır. Lakin o, ikiqat azaddır:
– bir tərəfdən şəxsən azaddır, özünə məxsusdur;
– digər tərəfdən, heç bir istehsal vasitəsinə sahib olmadığı üçün onları satmaq imkanından «azaddır».
Buna görə də yaşamaq üçün tək yolu var – əmək qüvvəsini satmaq.
Beləcə, təbii olaraq insanın varlığını təmin edən əməyin özü kapitalizm şəraitində dolayı, pul vasitəsilə təmin olunan bir şeyə çevrilir. Cəmiyyətdə münasibətlər insanlardan deyil, əşyalardan (puldan) asılı olur.
Feodalizm və quldarlıqda sahibin hakimiyyəti şəxsi münasibətlərə əsaslanırdı. Kapitalizmdə isə sahiblik hakimiyyəti əşyalar – pul və kapital vasitəsilə həyata keçir.
Kapitalizmin əsas xüsusiyyəti ondan ibarətdir ki, istehsalçılar artıq öz istehsal münasibətlərinə nəzarət etmirlər. Hər kəs ayrı-ayrılıqda, bazardakı qeyri-müəyyənlik içində istehsal edir. Heç kim bilmir ki, istehsal etdiyi məhsula nə qədər ehtiyac var. Dünən neft 100 dollar idi, bu gün 40 dollardır, sabah nə olacaq – bilinmir. İctimai istehsal təsadüflərin ixtiyarındadır. İnsanların həyatı öz əmək fəaliyyətindən deyil, pulun diktəsindən asılıdır.
Nəticədə pul insana hakim olur. Budur burjua – yəni kapitalist – cəmiyyətinin bütün gözəlliyi ilə özünü göstərən tam mənasızlığı!
0 Комментарии