Son vaxtlar hamı vergi mövzusundan danışır. Deyirlər ki, hazırda tətbiq olunan “düz vergi sistemi” (hamıya eyni vergi faizi tətbiq olunur) ləğv edilməli və əvəzində “proqressiv vergi sistemi” (gəlir artdıqca vergi faizinin də artdığı sistem) tətbiq olunmalıdır. Bu, burjuayönümlü mütəxəssislərin fikridir. Onlar bildirirlər ki, cəmiyyətdə artan var-dövlət bərabərsizliyi siyasi böhran yarada bilər. Buna görə də dövlət pulu ilə dolanan bu rəsmi demoqoqlar “proqressiv vergi sistemi daha ədalətlidir” deyərək təcili dəyişiklik tələb edirlər.
Proqressiv vergi sisteminin düz vergi sistemindən daha ədalətli olduğu aydındır. Lakin “proqressiv vergi sistemi ilə sosial ədalət yaratmaq olar” demək - sadəcə demoqogiyadır. Bu sistem tamamilə burjua tədbiridir. İngiltərə, Fransa, Almaniya, Çin və digər ölkələrdə çoxdan tətbiq olunur. Amma orada on milyonlarla insan hələ də dövlət tərəfindən təmin olunan səhiyyə, təhsil, pensiya xidmətinə sahib deyil, iş tapa bilmir, çox aşağı səviyyədə yaşayır. Eyni zamanda, cəmiyyət üçün faydalı iş görməyən bir çox insan (reklamçılar, modellər, şoumenlər, ekspertlər, “falçılar” və s.) çox rahat və varlı yaşayır. Bəs burada ədalət haradadır?
Vergi — gəlirdən çıxılan müəyyən pul məbləğidir.
Ona görə də əvvəlcə “gəlir nədir, necə yaranır və necə bölünür?” sualına cavab vermək lazımdır.
İnsan yaşamaq üçün qida, geyim, mənzil və digər maddi nemətlərə ehtiyac duyur. Bunları əldə etmək üçün isə işləməli, yəni əməli fəaliyyət göstərməlidir. Maddi istehsal olmadan heç bir cəmiyyət yaşaya bilməz. Deməli, hər bir cəmiyyətin əsası maddi nemətlərin istehsalıdır.
Bir ölkədə əsrlər boyu yaradılan bütün maddi sərvətlər həmin ölkənin milli sərvətidir. Onun bir ildə yaradılan hissəsi isə ümumi ictimai məhsul adlanır.
Ümumi ictimai məhsulun dəyəri üç hissəyə bölünür: sabit kapital + dəyişən kapital + artıq dəyər (c + v + m).
Sabit kapital (c) - bir ildə istehsalda istifadə olunub bitən xammal və avadanlıqların dəyəridir. Bu, hazırkı ilin yox, əvvəlki illərin əməyinin nəticəsidir.
Dəyişən kapital + artıq dəyər (v + m) - bir il ərzində çalışan işçilərin canlı əməyinin yaratdığı yeni dəyərdir. Bu isə ölkənin milli gəlirini təşkil edir.
Milli gəliri kim yaradır?
Burada əhali iki qrupa bölünür:
1. Maddi istehsal sahəsində çalışanlar - sənaye, kənd təsərrüfatı, tikinti işçiləri.
2. Qeyri-istehsal sahəsində çalışanlar - dövlət aparatında, orduda, təhsildə, səhiyyədə və s.
Milli gəlir yalnız maddi istehsal sahəsində yaranır. Nəqliyyat, ticarət, rabitə kimi sahələr də maddi istehsala xidmət etdikləri üçün milli gəlirin yaradılmasına müəyyən qədər daxil olurlar.
Qeyri-istehsal sahəsində çalışanlar isə milli gəlir yaratmır; onlar yalnız onun müəyyən hissəsini istehlak edirlər. Amma buna baxmayaraq, cəmiyyət üçün vacib işlər görürlər: müəllimlər təhsil verir, həkimlər əhalinin sağlamlığını qoruyur, dövlət məmurları idarəetməni təşkil edir və s.
Lakin kapitalist cəmiyyətdə bir çox insanlar ümumiyyətlə işləmir və ya cəmiyyətə ziyan verən “xidmətlər” göstərirlər: birja spekulyantları, reklamçılar, mollalar, “şəfaçılar”, “falçılar” və s. Onlar heç bir faydalı məhsul yaratmadan firavan həyat sürürlər. Amma əslində milli gəliri yaradan — işçilər, kəndlilər, mühəndislər, alimlər — maddi çətinlik içində yaşayır.
Bəs necə olur ki, yaradan yox, yaratmayan yaşayır?
Səbəb: kapitalist istehsal münasibətləri.
Torpaq və istehsal vasitələri kapitalistlərə məxsusdur, işçilərdə isə yalnız öz “əmək qüvvəsi” var. İşçi yaşamaq üçün əmək qüvvəsini kapitalistə satmağa məcburdur. Bununla o, həm öz əmək qüvvəsinə, həm də yaratdığı məhsula sahiblik hüququnu itirir. Kapitalist isə işçinin yaratdığı bütün dəyəri mənimsəyir. İşçiyə yalnız əməkhaqqı - yəni yaşayış minimumu qədər pul verilir.
Milli gəlir belə bölünür:
işçilər - əməkhaqqını alır;
kapitalistlər - artıq dəyəri mənimsəyirlər.
Artıq dəyər isə daha sonra kapitalistlər, tacirlər, bankirlər və torpaq sahibləri arasında bölünür. Deməli, kapitalistin qazancının artması üçün işçinin maaşı azalmalıdır. Bu da istismar deməkdir.
Milli gəlirin ilk bölgüsündən sonra ikinci dəfə - yenidən bölüşdürmə prosesi baş verir. Bu zaman qeyri-istehsal sahəsində çalışanların (məmurlar, polislər, hərbçilər, artistlər, din xadimləri və s.) gəlirləri formalaşır. Onlar üçün pul əsasən işçilərin yaratdığı milli gəlirdən ayrılır.
Dövlət də vergilər vasitəsilə milli gəliri öz nəzarəti altına alır. Kapitalist dövlətin əsas funksiyası kapitalistlərin mənafeyini qorumaqdır. Büdcənin böyük hissəsi orduya, polisə, idarə aparatına, təbliğata, müharibələrə və dövlətin mövqeyini möhkəmləndirən fəaliyyətlərə sərf edilir.
Dövlət həmçinin reklam, şou-biznes, məscid və digər ideoloji təsir vasitələrinə böyük pul xərcləyir. Bütün bunlar yenə də işçilərin yaratdığı milli gəlirdən maliyyələşir.
Əlavə olaraq, kapitalist dövlət torpağa və mənzilə də vergi qoyur. Torpaq əmək məhsulu olmadığı halda, torpaq vergisinə “dəyər” uydurulub vergi alınır. Mənzil vergisi də eyni mahiyyət daşıyır - heç bir real əməliyyat olmadan sadəcə “sahib olduğun üçün” ödənən bir vergidir.
Nəticədə işçilərin payına düşən milli gəlir daha da azalır.
Belə bir vəziyyətdə işçi sinfinin iki yolu var:
1. Kapitalist qaydalarına tabe olmaq və ağır istismarla yaşamaq,
2. Kapitalizmə qarşı mübarizə aparmaq və belə bir şüarla çıxış etmək: “Torpağı, yeraltı sərvətləri, istehsal vasitələrini və bankları özəlləşdirilməkdən çıxarmaqla - kapitalizmi aradan qaldıraq!”
“Burjuaziyanı Avropa boyu inandırmaq yox, devirmək lazımdır.” (V. Lenin)
Ədalət Abdinov
.


0 Комментарии