Karl Marks, "Hüquq fəlsəfəsinin tənqidinə dair".
Bürcua iqtisadçıları deyirlər ki, cəmiyyət üzvləri arasında məhsulların bölüşdürülməsi – istər istehsal üçün, istər şəxsi istehlak üçün olsun – pullarsız, yəni alış-satış olmadan mümkün deyil. Onların fikrincə, istehlak mallarının bölüşdürülməsində elə çətinliklər var ki, bunları yalnız pul aradan qaldıra bilər. Guya pul da məhz bu çətinlikləri həll etmək üçün yaranıb.
Doğrudur, insanlara lazım olan şeyləri birbaşa bölmək çətin ola bilər və pul bunu asanlaşdırır. Amma fakt odur ki, bir çox hallarda insanlar malları birbaşa, pullarsız da bölüşdürə bilirlər. Bu isə bürjua iqtisadçılarının dediklərinin doğru olmadığını göstərir. Sual yaranır: Bürcua iqtisadçıları niyə israrla cəmiyyətə pulla bölüşdürmənin mütləq vacib olduğunu təlqin edirlər?
Bu suala düzgün cavabı yalnız əmtəə istehsalı nöqteyi-nəzərindən vermək mümkündür. Çünki pul həmin istehsalın inkişafı nəticəsində yaranıb. Amma mövzuya keçməzdən əvvəl iki məsələyə aydınlıq gətirmək lazımdır.
Birincisi, əmtəə istehsalı o istehsal növüdür ki, məhsullar şəxsi istifadə üçün yox, satmaq və bazarda dəyişmək üçün hazırlanır. Satmaq üçün hazırlanmış məhsula “əmtəə” deyilir.
İkincisi, insanlar təsərrüfat formasını öz istəklərinə görə seçə bilmirlər – bu, obyektiv şəraitdən asılıdır. Əmtəə istehsalının yaranması üçün iki şərt lazımdır:
1. İctimai əmək bölgüsü – yəni insanların müəyyən peşələr üzrə ixtisaslaşması;
2. İstehsal vasitələrinin şəxsi mülkiyyəti – yəni hər istehsalçının öz alət və vasitələrinin sahibi olması.
Bu iki şərt yoxdursa, əmtəə istehsalı yarana bilməz.
Beləliklə, istehsalçılar məhsulu özləri üçün yox, başqaları üçün – yəni cəmiyyət üçün istehsal edirlər. Buna görə onların əməyinin ictimai xarakteri var. Amma digər tərəfdən, istehsal vasitələrinin şəxsi mülkiyyəti onları bir-birindən ayırır, hər kəsin əməyini şəxsi işə çevirir. Bu ziddiyyət (əməyin həm ictimai, həm də şəxsi olması) istehsalçıları bir-biri ilə yalnız bazar vasitəsilə – öz məhsullarını dəyişərək əlaqə yaratmağa məcbur edir.
Ancaq bazarda bir-birindən tam fərqli, müqayisəolunmaz əmtəələr qarşılaşır. Məsələn, ətin parça ilə müqayisəsi mümkünsüzdür. Bu fərqlər birbaşa mübadiləni çətinləşdirirdi. Bu çətinliklər isə təbii şəkildə pulun yaranmasına gətirdi. Marks yazır: “Pul nə razılaşma ilə yaranır, nə də kimsə onu icad edir. O, mübadilədən doğur və mübadilə prosesinin məhsuludur”.
Mübadilə o deməkdir ki, əmtəələr bir-birinə bərabərləşdirilir. Bəs fərqli əmtəələr necə bərabər ola bilər? Deməli, onların hamısında ortaq bir şey olmalıdır. Bu ortaq şey nədir?
Bütün əmtəələrin ortaq cəhəti odur ki, onların hamısının istehsalı üçün insan əməyinin – fiziki və zehni gücün – sərf olunması tələb olunur.
İlk əmtəə istehsalçıları – kəndlilər və sənətkarlar – məhsulu öz şəxsi əməyinin hesabına istehsal edirdilər. Onların istifadə etdikləri xammal və alətləri də öz əməkləri ilə yenidən təmin edirdilər. Buna görə də onların məhsullarını başqalarının məhsulları ilə yalnız sərf olunan əməyə uyğun olaraq dəyişdirməsi mümkündür. Çünki məhsula sərf olunan iş vaxtı mübadilə üçün həm yeganə uyğun ölçü idi, həm də başqa heç bir ölçü real deyildi.
Qəssab ətini mübadilə üçün bazara çıxaranda görür ki, onun 1 kiloqram ətinin qarşılığında 3 metr parça verirlər. Bu o deməkdir ki, 1 kq ət istehsalına nə qədər əmək sərf olunubsa, 3 metr parça istehsalına da təxminən o qədər əmək sərf olunub. Başqa sözlə, 1 kq ətin dəyəri insan əməyinə görə 3 metr parçanın dəyərinə bərabərdir. Beləcə, “dəyər” anlayışı yaranır. Malın dəyərini yaradan yalnız əməkdir — burjua iqtisadçıları dediyi kimi, nə fayda, nə nadirlik, nə də tələb-təklif onu yaratmır. Dəyər bir əşya deyil, malda cəmlənmiş müəyyən miqdarda insan əməyidir. “Əməklə dolması” ifadəsi, insan əməyinin malın içində “bərkiyib” əşya formasını almasını bildirir. İnsan əməyini özündə daşıyan məhsula “istehlak dəyəri” deyilir. Deməli, mal həm dəyərin, həm də istehlak dəyərinin vəhdətidir.
Mallar öz sahibinin deyil, başqalarının istehlakı üçün nəzərdə tutulduğuna görə mübadiləyə daxil ola bilir. Onlarda eyni cür insan əməyinin – sadə əmək qüvvəsi sərfinin – olmasına görə mallar bir-biri ilə müqayisə edilə bilir və sərf olunan əməyə uyğun olaraq bərabər və ya qeyri-bərabər sayılır.
İndi sual yaranır: malın istehsalına sərf olunan insan əməyinin miqdarını, yəni dəyərin ölçüsünü necə təyin etməli? Dəyəri əmək yaratdığına görə, dəyərin böyüklüyü də məhsulda olan əmək miqdarı ilə ölçülür. Əmək miqdarı isə onun davam etdiyi vaxt – iş vaxtı ilə ölçülür.
Lakin məsələnin çətinliyi ondadır ki, eyni mal bir çox istehsalçı tərəfindən, müxtəlif şəraitlərdə hazırlanır. Buna görə də hər kəs eyni malı hazırlamaq üçün müxtəlif vaxt sərf edir. Belə olunca, dəyər istehsalçının şəxsi (fərdi) iş vaxtı ilə ölçülə bilməz. Əgər dəyər fərdi iş vaxtı ilə ölçülsəydi, eyni mala eyni dəyər vermək mümkün olmazdı. Halbuki real həyatda eyni malların dəyəri eyni sayılır. Deməli, malın dəyəri fərdi iş vaxtı ilə deyil, həmin məhsulun istehsalı üçün ictimai cəhətdən zəruri iş vaxtı ilə ölçülür. İctimai zəruri iş vaxtı – normal, orta şəraitdə, orta texnika, orta peşəkarlıq və orta intensivliklə həmin məhsulu istehsal etmək üçün lazım olan vaxtdır.
Deməli, dəyərin ölçüsü ictimai zəruri iş vaxtıdır. Amma sual budur: əgər dəyər fərdi yox, ictimai zəruri iş vaxtı ilə müəyyən olunursa, onda məhsulun dəyərini iş vaxtı ilə birbaşa necə ifadə etmək olar? Mümkün deyil. Çünki istehsalçılar bir-birindən ayrı olduqları üçün hansısa malın istehsalına ümumilikdə cəmiyyətin nə qədər əmək sərf etdiyini müəyyənləşdirmək olmaz. Bu da malın dəyərinin ölçülməsində çətinlik yaradır.
Digər tərəfdən, ictimai əmək bölgüsü genişləndikcə, mübadilə aktları artır və mübadilədə iştirak edən malların çeşidi çoxalır. Məsələn, ayaqqabı sahibinə balta lazımdır, balta sahibinə isə ayaqqabı yox, ət lazımdır. Belə halda mübadilə baş tuta bilmir. Yəni malların çoxluğu mübadilədə çətinlik yaradır.
Mübadilə qaydaları istehsalçıların təbii davranışında özünü göstərir. Bu vəziyyətdə onlar belə düşünürlər: bütün mallar müxtəlif olsa da, müəyyən miqdarlarda bir-birini əvəz edə bilirsə, deməli onların dəyərləri müqayisə oluna bilər. Onda malların dəyərini ölçmək üçün hamısına ortaq üçüncü bir mal lazımdır. İstehsalçılar bunu şüurlu şəkildə etməsələr də, praktik olaraq bütün malların dəyərini ölçmək üçün bir malı seçirlər — cəmiyyətin əməyinin maddi ifadəsi kimi qəbul edilən və bütün mallarla birbaşa mübadilə edilə bilən malı. Bu mal pul olur. Beləcə, malların birbaşa mübadiləsindəki çətinlik pul vasitəsilə aradan qalxır. Pul bir əşya yox, əşya görüntüsünə bürünmüş ictimai münasibətdir.
Başlanğıcda pul rolunu müxtəlif mallar təsadüfən oynayırdı. Sonra istehsal inkişaf etdikcə bu rol qızıla keçdi. Bunun səbəbi qızılın hansısa sirli xüsusiyyətləri deyil; sadəcə qızıl öz təbii keyfiyyətlərinə görə (eyni cinslilik, asan bölünmə, xarab olmama) pul roluna ən münasib maddə idi. “Pulu malları bir-birinə uyğunlaşdıran şey saymaq olmaz. Əksinə, bütün mallar dəyər olaraq insan əməyindən ibarət olduğuna görə, öz aralarında müqayisə oluna bildikləri üçün, onların dəyərlərini eyni bir xüsusi mallə ölçmək mümkün olur və bu mal pul olur.” (K. Marks, Kapital, c.1)
Pul ümumi ekvivalent kimi tarixən ilk növbədə kiçik özəl istehsalçıların mallarının mübadiləsinə xidmət edib. Kiçik istehsalçılar özləri işləyir, istehsal etdiklərini də onların istehsalı üçün lazım olan ictimai zəruri iş vaxtına uyğun olaraq satırlar, yəni ekvivalentlə ekvivalenti dəyişirlər. Bu mənada pul, sadə əmtəə istehsalında istehsalçılar arasında asılılıq yaranmadan ictimai münasibətləri ifadə edir. Burada bazarda azad və hüquqca bərabər mal sahibləri qarşılaşır. Sadə əmtəə istehsalında pul aşağıdakı ictimai funksiyaları yerinə yetirir:
1. dəyər ölçüsü,
2. dövriyyə vasitəsi,
3. yığım vasitəsi,
4. ödəniş vasitəsi,
5. dünya pulu.
Pulun yaranması heç də iqtisadçılar təsvir etdiyi kimi “harmonik münasibətlər” yaratmır. Əksinə, pul özəl mülkiyyət şəraitində insanın insan tərəfindən istismarına – bir qrupun başqalarının əməyinin məhsulunu ələ keçirməsinə xidmət edir.
Pul yaranmamışdan əvvəl sadə mübadilə var idi: bir mal birbaşa başqa malla dəyişdirilirdi. Pul meydana çıxandan sonra mübadilə iki hissəyə bölündü: əvvəlcə mal pula satılır, sonra həmin pulla başqa mal alınır. Bu isə mübadiləyə arada duran tacirin “yapışmasına” şərait yaradır. Tacir özü istehsal etmir, sadəcə ucuz alıb baha satır. Nəticədə həm satanı, həm də alanı aldadaraq qazanır. Beləcə pul ilk dəfə istismar vasitəsinə çevrilir. Tacirin məqsədi istehlak etmək deyil, daha çox pul yığmaqdır. Pulun artması isə sələmçiliyin – pulun pula satılmasının – yaranmasına yol açır.
Amma istismarın yalnız ticarətdə mövcud olduğunu düşünmək səhvdir. Ticarət üçün mütləq istehsal olmalıdır, yəni satılacaq bir şey daimi yaradılmalıdır. Tacir və sələmçilər başqalarının əməyinin məhsulunu yalnız artıq istehsal edilmiş maldan özlərinə götürürlər.
İstehsal hər zaman istehsal vasitələri ilə aparılır. Amma istehsal vasitələri (alətlər, maşınlar, torpaq) işçi qüvvəsi olmadan heç nədir – sadəcə cansız əşyalardır. İstehsalın başlaması üçün işçi qüvvəsi bu vasitələrlə birləşməlidir. Lakin hər cəmiyyətin əsas xüsusiyyəti istehsal vasitələrinin kimə məxsus olmasıdır. Əgər istehsal vasitələri ümumi mülkiyyətdədirsə, cəmiyyət bütöv olur və istismar olmur — hər şey hamının xeyrinə işləyir. Amma istehsal vasitələri özəl mülkiyyətdə olanda cəmiyyət iki qrupa bölünür: bir tərəfdə istehsal vasitələrinin sahibləri, digər tərəfdə isə onlardan məhrum olan insanlar. Bu da sahiblərin digərlərini istismar etməsinə imkan yaradır. Yəni hər tarixi cəmiyyətdə istehsal münasibətləri mülkiyyət formasından asılı olaraq müəyyən bir sinfi xarakter daşıyır.
Tarixdə ilk istismarçı cəmiyyət quldarlıq cəmiyyəti idi. Burada iki əsas sinif vardı: quldarlar və qullar. Qul quldara tam şəkildə tabe idi, münasibətlər hökmranlıq və itaət üzərində qurulurdu.
Quldarlığın əsas xüsusiyyəti o idi ki, burada təkcə torpaq və alətlər yox, işləyən insan – qul da quldarın mülkiyyəti sayılırdı. Buna görə də qulun iş qüvvəsi istehsal vasitələri ilə zorla birləşdirilirdi: qul işə məcbur edilirdi. Quldar qulun əməyinin məhsulunu birbaşa, tam açıq şəkildə əlindən alırdı. Bu münasibətdə pulun heç bir rolu yox idi — istismar zorla aparılırdı.
Qul işləyə bilməsi üçün yaşamalı idi. Ona görə qulun əməyinin bir hissəsi onun öz saxlanılmasına – yeməyinə, geyiminə, yaşamasına gedirdi. Bu hissəyə “zəruri məhsul” deyilirdi. Qalan hissə – zəruri məhsulu aşan əlavə – quldarın tələbatlarına sərf edilirdi və “artıq məhsul” adlanırdı. Deməli, qulun iş vaxtı da iki hissəyə bölünürdü: zəruri iş vaxtı və artıq iş vaxtı; başqa sözlə, zəruri əmək və artıq əmək.
Quldarlıq dövründə əməklə yaradılan məhsulların quldar tərəfindən alınma forması, həm də təsərrüfatın əsasən öz ehtiyacı üçün istehsal olunmasına səbəb olurdu. Yəni istehsal olunan məhsullar əsasən istehsalçının öz təsərrüfatında istifadə edilirdi.
Tarixdə ikinci istismar cəmiyyəti feodalizm idi. Feodal cəmiyyətin əsas sinifləri torpaq sahibləri (bəy, mülkədar) və kəndlilər idi. Burada da kəndli mülkədardan asılı idi; münasibətlər hökm və itaət üzərində qurulmuşdu. Amma kəndli quldan fərqli olaraq mülkədarın şəxsi mülkiyyəti sayılmırdı. Kəndli sadəcə mülkədarın torpağına bağlı idi. Torpaqdan istifadə etmək üçün kəndli mülkədara ya məhsulun bir hissəsini verirdi, ya da onun xeyrinə işləyirdi. Buna görə feodalizm dövründə istismar həm zorla, həm də iqtisadi məcburiyyətlə edilirdi. Məhsulun birbaşa kəndlidən alınması isə açıq şəkildə həyata keçirilirdi. Pul burada kəndli–mülkədar arasındakı iqtisadi münasibətləri ifadə etmir.
Feodalizmin ilk dövrlərində tam şəkildə natural təsərrüfat hakim idi. Kəndli özünə də, mülkədara da lazım olan hər şeyi əsasən özü istehsal edirdi. Əmtəə istehsalı geniş yayılmamışdı. Sonrakı dövrdə isə mal istehsalı genişlənməyə başladı və bu, istehsalçıların iqtisadi cəhətdən bölünməsinə gətirib çıxardı: bir tərəfdə yoxsullaşan insanlar çoxaldı, digər tərəfdə isə kiçik bir qrup varlanmağa başladı.
Bu bölünmə belə yaranırdı: müxtəlif istehsalçılar eyni malı istehsal etmək üçün müxtəlif vaxt və zəhmət sərf edirdilər. Amma malın qiyməti fərdi əmək vaxtına görə yox, cəmiyyət üçün “orta” olan əmək vaxtına görə müəyyən edilirdi. Buna görə bazarda eyni mallar eyni qiymətə satılırdı. Çatışmaz şəraitdə istehsal edənlər xərcini çıxara bilmirdi və müflis olurdu. Daha yaxşı şəraitdə işləyənlər isə varlanırdı. Bu da rəqabəti artırırdı. Nəticədə az bir qrup zənginləşir, çoxu isə müflis olaraq istehsal vasitələrini, dolanışıq imkanını itirirdi.
Beləcə cəmiyyətdə qəribə vəziyyət yaranırdı: bir tərəfdə bütün istehsal vasitələrinə sahib olan, özü işləməyən insanlar meydana gəlirdi; digər tərəfdə isə şəxsi azadlığı olan, amma dolanışığı olmayan, heç bir istehsal vasitəsinə sahib olmayan insanlar yaranırdı. Köhnə dövrlərdən fərqli olaraq, burada yoxsul insanların yaşıyışı təmin olunmurdu. İstehsal inkişaf etdikcə insanlar dolanışığını yalnız pul vasitəsilə təmin etməyə başladı. Pul və istehsal vasitələri olmayanlar yaşamaq üçün məcburən zavod və fabrik sahiblərinə işçi kimi satılırdılar. Yəni işçi öz əmək qüvvəsini satırdı, kapitalist isə onu alırdı. Beləliklə, insanın əmək qüvvəsi mala çevrilirdi. Bu yolla kapitalistlər (pul və istehsal vasitələri sahibləri) və muzdlu işçilər (əmək qüvvəsindən başqa satmağa heç nəyi olmayan insanlar) meydana gəldi.
Bu proses kapitalizmin yaranmasını göstərirdi. Kapitalizm əvvəlki cəmiyyət münasibətlərini tam dəyişdi. Burada açıq zorakılıq yoxdurmuş kimi görünür, çünki insan azaddır və öz “istəyi” ilə işləyirmiş kimi görünür. Amma əslində işçinin pulu, torpağı və istehsal vasitəsi olmadığı üçün o işləməyə məcburdur və bu, gizli məcburiyyət formasıdır.
Kapitalizmdə bazarda iki əsas mal sahibi var:
— kapitalist (pulun, fabriklərin, istehsal vasitələrinin sahibi)
— işçi (öz əmək qüvvəsinin sahibi)
Xaricdən baxanda onlar azad və bərabər görünür: biri alır, biri satır. Amma gerçəkdə birinin hər şeyi var, digərinin isə heç nəyi. İşçi yaşamaq üçün əmək qüvvəsini satmağa məcburdur. Bu məcburiyyət “azad müqavilə” görüntüsü altında gizlədilir. Buna görə kapitalist cəmiyyətində pul kapitalistlə işçi arasında asılılıq yaradır və pul istismarın əsas vasitəsinə çevrilir.
Quldarlıq və feodalizm dövründə istismar açıq zorla aparılırdı — qul və kəndli məhsulu zorla əlindən alınırdı. Kapitalizmdə isə açıq zorun yerini “pul müqaviləsi” alır. Əgər kapitalizm dövründə zor tətbiq olunsa, bu dərhal işçilərlə kapitalistlər arasında açıq toqquşmaya gətirib çıxarar. 1917-ci il Oktyabr İnqilabı buna nümunədir.
Kapitalistlərin işçi sinfini təhlükəsiz şəkildə istismar etməsinin yeganə yolu bütün ictimai münasibətləri pul münasibətlərinə çevirməkdir. Buna görə kapitalistlər və onları müdafiə edən burjua iqtisadçıları cəmiyyətə israrla təlqin edirlər ki, həm təbiət tərəfindən verilən, həm də işçi sinfi tərəfindən istehsal olunan bütün istehlak məhsulları mütləq pul vasitəsilə bölüşdürülməlidir.
Biz artıq gördük ki, burjua iqtisadçılarının “pulsuz məhsullar bölüşdürülə bilməz” fikrini cəmiyyətə zorla sırması, kapitalistlərin işçi sinfi hesabına yaşamaq istəməsi ilə bağlıdır. İndi isə kapitalizmdə bu “təhlükəsiz istismar”ın necə həyata keçirildiyinə ümumi şəkildə baxaq.
Kapitalist cəmiyyətdə təkcə əmək məhsulları yox, elə işçinin özü – yəni əmək qüvvəsi də bir maldır. Hər bir mal kimi, əmək qüvvəsi də müəyyən bir qiymətə satılır. Bu qiymət həmin malın dəyərinə əsaslanır. Bəs əmək qüvvəsinin dəyəri nədir?
Hər bir malın dəyəri onu yaratmaq üçün lazım olan ictimai zəruri əmək vaxtı ilə müəyyən olunur. Amma əmək qüvvəsi adi mal deyil; o, işçinin özündən ayrılmaz bir qabiliyyətdir. Buna görə əmək qüvvəsinin “yenidən istehsalı” sadəcə işçinin həyatının saxlanması deməkdir. İşçinin yaşaması üçün ona yemək, geyim, ayaqqabı, yaşayış yeri və s. lazımdır. Deməli, əmək qüvvəsinin dəyəri — işçinin və onun ailəsinin yaşaması üçün lazım olan minimum vasitələrin dəyəridir.
Bundan başqa, işçilər ölümlüdür, ona görə yeni işçilər yetişməlidir. Bu da işçinin ailə üzvlərini saxlamaq xərclərini əmək qüvvəsinin dəyərinə daxil edir. Kapitalistlər həm savadsız, həm də peşəkar işçilərə ehtiyac duyduqları üçün gələcək nəsillərin təhsil xərclərinin minimumu da bu dəyərə daxildir.
Beləcə, əmək qüvvəsinin dəyəri — işçinin və ailəsinin yaşaması üçün lazım olan yaşayış vasitələrinin dəyərinə bərabərdir.
Kapitalist işçinin əmək qüvvəsini onun dəyərinə uyğun alanda, bu malı istifadə etmək hüququ da qazanır. Hər bir mal kimi, əmək qüvvəsinin də “istifadə dəyəri” var. Bu dəyər kapitalist üçün nədən ibarətdir?
Hər bir malın istifadə dəyəri onu alan şəxsin ehtiyacını ödəməsidir. Kapitalist əmək qüvvəsini istehsalat zamanı “istehlak edir” — yəni işçini işlədərək ondan yararlanır. Amma əmək qüvvəsi başqa mallardan fərqli olaraq istifadə edilərkən yox olmur, əksinə yeni məhsullar və yeni dəyər yaradır.
İşçinin yaşaması üçün günün yarısı qədər iş bəs edir, amma bu, onun bütün günü işləməsinə mane olmur. Bu o deməkdir ki, əmək qüvvəsinin dəyəri ilə onun yaratdığı dəyər eyni deyil. Kapitalist məhz bu fərqdən qazanc götürür.
Məsələn, təsəvvür edək ki, 1 saat sadə əmək 1 dollar dəyər yaradır və işçinin əmək qüvvəsinin gündəlik dəyəri 4 dollardır. Deməli, bu dəyəri bərpa etmək üçün işçi 4 saat işləməlidir. Amma kapitalist ona deyir: “Mən sənin gücünü 4 saatlıq yox, bütün günə almışam.” Və işçi 8 saat işləyir. 8 saatda işçi 8 dollar dəyər yaradır, amma öz əmək qüvvəsinin dəyəri 4 dollardır. Kapitalist 4 dollar xərcləyib 8 dollar dəyər alır və aradakı 4 dollar — kapitalistin heç bir şey ödəmədən götürdüyü artıq dəyərdir.
Beləliklə, kapitalist istehsal vasitələrini və əmək qüvvəsini pul ilə alır, işçinin yaratdığı yeni malları dəyəri üzrə satır və bu prosesdə heç nə ödəmədən əlavə dəyəri özünə götürür. Bu istismar açıq zorakılıqla deyil, sırf “iqtisadi” qaydalarla həyata keçirilir.
Amma məsələ bununla bitmir. Pul hələ kapitalizmdən əvvəl də istismar vasitəsi idi. Qədim dövrlərdə tacirlər və sələmçilər artıq mövcud olan məhsulları alver yolu ilə bölüşdürüb qazanc götürürdülər — yəni hazır məhsulu yenidən paylaşmaqla gəlir əldə edirdilər. Bu “təmiz parazitlik” idi. Lakin o vaxt qul əməyinin məhsuldarlığı çox aşağı olduğundan bu parazitlik yalnız az sayda tacir və sələmçinin əlində idi. Əsas istismar isə qul məhsulunun açıq şəkildə zorla əlindən alınması idi.
Kapitalizmin yaranması ilə vəziyyət kəskin şəkildə dəyişir. Pulun görünüşünə baxıb onun nədən yarandığını bilmək olmur. Buna görə kapitalizmdə hər şey pula çevrilir: həm mallar, həm də mal olmayan şeylər. Hər şey alınıb-satılan bir predmet olur — hətta vicdan, yaxşılıq, ləyaqət, sevgi, bilik və inanclar belə.
Bu isə o deməkdir ki, cəmiyyətdə çoxlu sayda insan yaranır ki, heç bir real iş görmədən, sadəcə “havanı”, yəni mənəviyyatı və əxlaqı pula çevirərək yaşayır və varlanır. Bunun üçün isə yüksək əmək məhsuldarlığı lazımdır və bu, ilk dəfə kapitalizmdə mümkün olmuşdur.
Kapitalizmdə əmək məhsuldarlığı o qədər yüksəlir ki, işçi öz əmək qüvvəsinin dəyərindən bir neçə dəfə çox əlavə dəyər yaradır. Karl Marks bu nəzəriyyəni yazanda belə, mənfəət norması təxminən 100 faiz idi. İşçilərin yaratdığı bu böyük əlavə dəyər, cəmiyyətdə çoxlu insanın heç bir faydalı iş görmədən, sadəcə hər şeyi pula çevirərək yaşamasına imkan yaradır.
Başqa sözlə, kapitalizmdə çoxlu insanlar heç bir real əmək fəaliyyəti olmadan, sadəcə “hava”, mənəviyyat və əxlaq sataraq pul qazanırlar və sonra həmin pulla saraylar, villalar, maşınlar, yaxtalar, təyyarələr alırlar.
Belə parazit qruplara aşağıdakılar daxildir:
1. Birja oyunçuları və fırıldaqçılar – müxtəlif kağızlarla (səhmlər, istiqrazlar və s.) manipulyasiya edib qazanc götürirlər, saxta əməliyyatlarla varlanırlar.
2. Reklamçılar və “ulduzlar” – xüsusən “elit” aktorlar və idmançılar, həmçinin əxlaqsız həyat tərzi ilə məşğul olanlar, deputat və nazirlər arasında olan mənasız fiqurlar. Bunlar istehsalın inkişafına kömək etmir, əksinə, cəmiyyətə yük olur və xalqın fikrini dağıdırlar.
3. Dini xadimlər – din adı ilə xalqa kapitalist qaydalarına kor-koranə tabe olmağı təlqin edirlər.
4. Şoumenlər – zəhmətkeşlərin diqqətini kapitalizmə qarşı mübarizədən yayındırıb boş şeylərə yönəldirlər.
5. “Məşhur iqtisadçılar”, “politoloqlar”, “ekspertlər”, “aktivistlər”, “antikorrupsiya qəhrəmanları”, “insan haqları müdafiəçiləri”, falçılar və s. – dövlət və böyük kapitalistlər tərəfindən maliyyələşən şəxslərdir. Onların işi cəmiyyətdə artan narazılığı azaltmaq, xalqın qəzəbini “boşaltmaq” və sistemi qorumaqdır.
Ədalət Abdinov


0 Комментарии