Bu gün SSRİ-nin süqutundan otuz ildən artıq vaxt keçəndən sonra çox ağrılı və acı bir həqiqəti dərk edirik: o dövrdə hakimiyyətdə olan kommunistlər dünya proletariatının rəhbəri V. İ. Leninin çevriliş və kapitalizmin bərpası ehtimalı barədə xəbərdarlıqlarına qulaq asmadılar. İliç vaxtilə dəfələrlə bu təhlükə barədə xəbərdarlıq etmiş, böyük zəhmətlə qazanılmış sosialist Vətənin nailiyyətlərinin ayıq-sayıq qorunmasını israrla tələb etmişdi.
Kapitalizmin bərpası ehtimalı ilə bağlı narahatlığını Lenin iştirak etdiyi RKP(b)-nin sonuncu – XI qurultayında da ifadə etmişdi: “Bizə qarşı birbaşa hücum yoxdur, boğazımızdan yapışmayıblar. Sabah nə olacağını hələ görəcəyik, amma bu gün bizə silahla hücum etmirlər. Buna baxmayaraq, kapitalist cəmiyyətinə qarşı mübarizə yüz qat daha sərt və təhlükəli olub, çünki biz hər zaman açıq-aydın görə bilmirik: kim düşməndir, kim dost.” (V. İ. Lenin, əsərlərin tam külliyyatı, c. 45, s. 94–95)
V. İ. Lenin “Proletar inqilabı və renegat Kautski” adlı məşhur əsərində kapitalizmin bərpası barədə baxışlarını ətraflı izah edir: “Tarixi həqiqət ondan ibarətdir ki, hər bir dərin inqilab zamanı istismarçıların uzunmüddətli, israrlı və ümidsiz müqaviməti qaçılmazdır… İstismarçılar istismar olunanların əksəriyyətinin qərarına son, ümidsiz döyüşdə, bir sıra döyüşlərdə öz üstünlüklərini sınamadan heç vaxt tabe olmayacaqlar. Kapitalizmdən sosializmə keçid bütöv bir tarixi dövrdür. Bu dövr başa çatmayınca istismarçılarda bərpa ümidi qalır və bu ümid bərpa cəhdlərinə çevrilir.” (V. İ. Lenin, əsərlərin tam külliyyatı, c. 45, s. 94–95)
İliç yazırdı: “Dünya tarixini bəzən nəhəng geri sıçrayışlar olmadan, hamar və səliqəli şəkildə irəliləyən bir proses kimi təsəvvür etmək – dialektik deyil, elmi deyil və nəzəri cəhətdən yanlışdır.” (V. İ. Lenin, əsərlərin tam külliyyatı, c. 30, s. 6)
Analitiklərin fikrincə, 1991-ci il faciəsinin kökləri hələ 1950-ci illərin ortalarında qoyulmuşdu. Məhz o dövrdə N. S. Xruşşov SSRİ-nin “kommunizmin genişmiqyaslı quruculuğu mərhələsinə” daxil olduğunu bildirirdi. Halbuki V. M. Molotov sosialist quruculuğunun, yəni kapitalizmdən sosializmə keçid dövrünün başa çatdırılmasının vacibliyini vurğulayırdı. Bundan əlavə, Sovet İttifaqı Kommunist Partiyasının XIX qurultayında qeyd edildiyi kimi, partiya üzvlərinin marksist-leninçi hazırlıq səviyyəsi kəskin şəkildə aşağı düşmüşdü. Marksizm-leninizm klassiklərinin öyrənilməsi əvəzinə, siyasi maarifləndirmə “cari an” haqqında sadəlövh və primitiv broşürlərlə məhdudlaşmışdı.
Kommunistlər Leninin ayıqlıq itirildiyi və marksist təlim zamanın tələblərinə uyğun inkişaf etdirilmədiyi halda, hətta uzun illər sonra da kapitalizmin bərpa oluna biləcəyi barədə xəbərdarlıqlarını unutmuşdular. Axı marksistlərin sosializm və kommunizm təlimi donmuş bir doktrina deyil, cəmiyyət inkişaf etdikcə zənginləşməli və inkişaf etməlidir.
İslahatlara ehtiyac var idimi? Bu ehtiyac yetişmişdi və islahatlar tələskənlik olmadan, düşünülməmiş şəkildə deyil, ağılla və şüurlu surətdə aparılmalı idi. Ölkəni, onun iqtisadiyyatını və kənd təsərrüfatını dağıtmaq yox, islah etmək lazım idi. Xüsusilə də sosialist dəyərlərindən imtina etmək olmazdı. Lakin əksinə, mülkiyyətin tam və məqsədli şəkildə yenidən bölüşdürülməsi və SSRİ-nin dağılması baş verdi. Böyük sosialist dövlət mövcudluğunu dayandırdı. Keçmiş sovet respublikaları kapitalist yola qədəm qoydu və böyük iqtisadi, mənəvi zərər gördü. Cəmiyyətin kiçik bir hissəsi varlandı, əsas hissəsi isə yoxsullaşdı. Aparılan özəlləşdirmə, xalqın yaratdığı dövlət əmlakının dəyər-dəyməzinə satılması, əslində isə xalqdan oğurlanması idi.
Tez-tez sadə kommunistlər və zəhmətkeşlər SSRİ-ni və sosializmi müdafiə etmədiklərinə görə qınanırlar. Unutmamalıyıq ki, xalq məharətlə aldadılmışdı. 17 mart 1991-ci ildə keçirilmiş referendumda rəsmi məlumatlara görə, səsvermə hüququ olan 185,6 milyon (80 %) vətəndaşdan 148,5 milyon (79,5 %) iştirak etmişdi. Onların 113,5 milyonu (76,43 %) “Bəli” cavabı verərək yenilənmiş SSRİ-nin saxlanılmasını dəstəkləmişdi.
Lakin 8 dekabr 1991-ci ildə Belovej sazişi imzalandı. SSRİ-nin yaradıcı dövlətləri olan Belarus Respublikası, Rusiya Federasiyası (RSFSR) və Ukraynanın iştirakı ilə bağlanan bu sazişdə SSRİ-nin beynəlxalq hüququn subyekti və geosiyasi reallıq kimi mövcudluğunun dayandığı elan edildi və Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradıldığı bildirildi.
Məlum olduğu kimi, sazişi üç müttəfiq respublikanın ali vəzifəli şəxsləri və hökumət başçıları imzalamışdılar: Belarusdan Stanislav Şuşkeviç və Vyaçeslav Kebiç, Rusiyadan Boris Yeltsin və Gennadi Burbulis, Ukraynadan Leonid Kravçuk və Vitold Fokin.
1980-ci illərin ikinci yarısında ərzaq qıtlığının məqsədli və məharətlə yaradılması da sadə əhali arasında ciddi narazılıq doğurmuş və öz rolunu oynamışdı.
Bununla yanaşı, kapitalizmin bərpası təkcə daxili səbəblərlə – kommunistlərin ayıqlığı itirməsi, xırda burjua düşüncə qalıqları, keçmişin sönməyən izləri, hakimiyyətə və dəbdəbəyə meyillə izah olunmur. Bu prosesdə Sovet İttifaqının dağılmasına çalışan xarici qüvvələr də böyük rol oynamışdı. Bu, mövqelərindən vaz keçməyən kapitalizmin və dünya oliqarxiyasının kommunizmə və SSRİ-yə qarşı hökmranlıq uğrunda apardığı fasiləsiz mübarizə idi.
Hərçənd ki, inqilabın yaradıcıları və kommunistlər ölkəmizdə ədalətli cəmiyyət quruculuğunu hələlik qələbə ilə başa çatdırmağa kifayət qədər güc tapa bilmədilər, buna baxmayaraq, bu geriləmənin müvəqqəti olduğuna ümid var. Çünki cəmiyyətin dəyişdirilməsi sovet sistemi çərçivəsində, onu dağıtmaq yox, təkmilləşdirmək məqsədi ilə aparıldıqda işlər irəli gedirdi. “Demokratların islahatları” isə qaçılmaz olaraq iflasa uğrayır, çünki onlar ölkəni geriyə – sosializmdən kapitalizmə, tərəqqidən reaksiyaya doğru aparır. Ölkə geri gedir, kənd təsərrüfatı tənəzzülə uğrayır, kəndlər və bütöv yaşayış məntəqələri yoxa çıxır. Nəticədə milyonlarla firavan sahibkar əvəzinə, xalq sərvətini talayan, təbii sərvətləri şəxsi varlanma naminə amansızcasına istismar edən bir ovuc milyonçu və milyarder meydana gəlib. Gənc nəslin mənəvi aşınması, gənc ruhların kütləvi şəkildə pozulması baş verir ki, bu da ayrıca ciddi müzakirə mövzusudur.
Beləliklə, bazar iqtisadiyyatının gəlişi ilə cəmiyyətin çürüməsi və dağılması daha da güclənir. Bu isə sonsuza qədər davam edə bilməz. Kommunist cəmiyyətinin qurulmasına qayıdış qaçılmazdır!
Leninin işi ölməyəcək!
Lenin bizimlədir!
Ədalət Abdinov

.jpg)
0 Комментарии