XX əsrin sonlarında Sovet İttifaqının dağılması yalnız geosiyasi xəritəni deyil, həm də beynəlxalq kommunist hərəkatını ciddi şəkildə dəyişdirdi. Bu dövrdə Rusiyada kommunist ideologiyasının əsas siyasi daşıyıcısı kimi meydana çıxan Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) və onun lideri Gennadi Züqanov mübahisəli fiqurlardan biri oldu. Onun fəaliyyəti həm tərəfdarları, həm də tənqidçiləri tərəfindən fərqli qiymətləndirilir.
1990-cı illərin əvvəllərində Sovet İttifaqı Kommunist Partiyasının bərpası ideyası müxtəlif sol qüvvələr tərəfindən irəli sürüldü. Lakin Gennadi Züqanov bunun əleyhinə oldu, rəhbərlik etdiyi Rusiya Federasiyası Kommunist Partiyası bu istiqamətdə daha çox milli-kommunist və parlamentar xətt seçdi.
Gennadi Züqanov açıq-aşkar Sovet İttifaqı Kommunist Partiyasının bərpası istiqamətində prinsipial mövqe sərgiləmədi. Marksizm-leninizm təliminin əksinə olaraq inqilabi deyil, sistemdaxili mübarizəyə üstünlük veridi. Partiyanı sovet modelinin tam bərpasından uzaqlaşdırdı. Onun yeni siyasi reallıqda əvvəlki modelin mexaniki bərpasının mümkün olmaması və parlament mübarizəsinin daha real yol olması iddiası tam əsassızdır.
1996-cı il prezident seçkilərində xalqın Gennadi Züqanova verdiyi səslərin onun tərəfindən satılması iddiaları da mövcuddur. Bu məsələ bu gün də Rusiya siyasi tarixinin ən mübahisəli epizodlarından biri olaraq qalır. Həmin ilin Prezident seçkiləri Gennadi Züqanovun siyasi karyerasında dönüş nöqtəsi sayılır. O, seçkilərin ilk turunda güclü nəticə göstərərək, hakimiyyətə real alternativ kimi çıxış etmişdi. Amma o, kommunistlərin bu gün də iddia etdikləri təmənnalı münasibət nəticəsində və ya seçicilərin iradəsinin əksinə olaraq, qələbə şansını sonadək istifadə etmədi. Seçki nəticələrinin müdafiəsində hansı məqsəd naminəsə passivlik göstərdi. Bu da onun haqqında hakimiyyətlə “gizli razılaşma” iddiaları yaradır. Boris Yeltsin ilə kompromisə getməsi barədə ittihamları əsaslandırır.
Gennadi Züqanov 1996-cı il Prezident seçkiləri ilə bağlı prosesin inzibati resurslarla manipulyasiya olunması, ölkədə vətəndaş qarşıdurması riskinin qarşısını almaq üçün kompromis yolu seçilməsi və dövlət aparatının tam şəkildə Yeltsini dəstəkləməsi kimi özünəbəraət fikirləri söyləyir.
1996-cı il prezident seçkilərinin dərin siyasi analizini aparsaq, seçkiyə qədər vəziyyət belə idi ki, 1990-cı illərin ortalarında iqtisadi böhran, kütləvi özəlləşdirmə və sosial narazılıq tüğyan edirdi. Bu şəraitdə Boris Yeltsinin reytinqi kəskin aşağı düşmüşdü, Zyuqanov isə güclü alternativ kimi çıxış edirdi.
Seçkinin gedişi belə oldu ki, I turda Züqanov güclü nəticə göstərdi. Ancaq müəmmalı səbəbdən II turda Yeltsin qalib elan edildi. Beləliklə, seçkilər geniş şəkildə mübahisəli oldu. Burjualaşmış media tam şəkildə Yeltsinin xeyrinə işləyirdi. Oliqarxların maliyyə dəstəyi, ABŞ və Qərbin təsiri ilə dövlət aparatının müdaxiləsi və kütləvi seçki saxtakarlığı iddiaları həqiqət idi.
Belə bir şəraitdə Züqanovun davranışı xalq, xüsusilə kommunistlər arasında böyük narazılığa səbəb oldu, Bu gün ona olan inamsızlığın səbəbinin kökü də elə oradan başlanır. Ən çox mübahisə doğuran məqam o oldu ki, xalqın səs verdiyi Züqanov bu səsləri qorumadı, saxta nəticələrə qarşı kəskin etiraz etmədi, kütləvi etirazlara çağırış etmədi və burjua hakimiyyətlə rüsvayçı kompromisə getdi. Sistem daxilində fəaliyyətini davam etdirdi. Onun bu əməlləri pul qarşılığında olması iddiaları da elə buradan yarandı. Bu iddia siyasi ritorikada geniş istifadə olunur. Düzdür, bununla bağlı konkret hüquqi sübutlar yoxdur, daha çox siyasi ittiham və interpretasiya xarakteri daşıyır.
Amma Züqanovun “xəyanətinin” tarixi nəticəsi o oldu ki, 1996-cı il seçkiləri Rusiyanın burjua siyasi kursunu müəyyənləşdirdi. Vladimir Putin dövrünə gedən yolu açdı. Kommunistlərin hakimiyyətə gəlmə ehtimalını zəiflətdi, kommunist ideologiyanın deformasiyasına şərait yaratdı.
2000-ci illərdən etibarən Vladimir Putin dövründə Rusiya Federasiyası Kommunist Partiyasının mövqeyi tez-tez çox doğru olaraq “sistem müxalifəti” kimi xarakterizə olunur. O, hakimiyyətə real təhlükə yaratmır. Radikal qarşıdurmanı ölkə üçün təhlükə sayır. Kreml siyasətinin əsas istiqamətlərinə açıq qarşı çıxmır. Tədrici sosial dəyişiklik strategiyasını seçib. Parlament daxilində nəzarət olunan müxalifət rolunu oynayır və sosial ədalət məsələlərinin parlament vasitəsilə müdafiəsinin tərəfdarıdır.
Bildiyiniz kimi marksizm-leniniz sinfi mübarizə (proletariat və burjuaziya), inqilabi hakimiyyət dəyişikliyi, proletariat diktaturası, beynəlmiləlçilik və xüsusi mülkiyyətin ləğvi prinsiplərinə əsaslanır. Klassik marksizm-leninizm əsas bunları nəzərdə tutur. Bu ideologiyanın praktiki tətbiqi Sovet İttifaqı Kommunist Partiyası tərəfindən həyata keçirilmişdir.
Gennadi Züqanovun ideologiyası isə marksizm-leninizmdən - klassik modeldən ciddi şəkildə fərqlənir. Milli-kommunizm, Rusiyanın xüsusi tarixi-mədəni yolunun vurğulanması, dövlətçilik və milli birliyin ön plana çəkilməsi, rus pravoslav ənənələrinə müsbət yanaşma bu ideologiyasının əsas xüsusiyyətləridir. O, hakimiyyətə seçki yolu ilə gəlmək strategiyasının tərəfdarıdır, silahlı və ya radikal dəyişikliklərdən imtina edir.
Gennadi Züqanov qarışıq iqtisadi modelə üstünlük verir. Tam dövlət mülkiyyəti yox, strateji sahələrdə dövlət nəzarətinin, kiçik və orta biznesin qəbul edilməsinin tərəfdarıdır. Sosial-demokrat elementləri sosial ədalət, pensiya, maaş siyasəti və rifaha yönəlik proqramları kimi qəbul edir.
Gennadi Züqanov öz burjuapərəst mövqeyi ilə kommunist ideologiyasını “yumşaldıb”, inqilabi potensialı zəiflədib, partiyasını sistem daxilində “idarə olunan müxalifətə” çevirib.
Gennadi Züqanovun ideoloji xətti klassik marksizm-leninizmdən fərqlidir. O, kommunist ideologiyasından sosial-demokrat xəttə keçib. Beləliklə, partiyanı beynəlmiləlçiliyin əksinə olaraq, milli-vətənpərvərlik elementlərlə zənginləşdirilmiş, pravoslavlıq və dövlətçilik vurğusu artırmış, sosial-demokrat siyasətə yaxınlaşmışdır.
Sinfi mübarizə ideyasının zəiflədilməsi, inqilabi strategiyanın tərk edilməsi, kommunist hərəkatın ideoloji “yumşaldılması”, müasir Rusiyada uyğunlaşdırılmış perspektivi olmayan sol modelin yaradılması, real siyasi təsir imkanlarının qorunması Gennadi Züqanovun hakim rus burjuaziyasına mühüm xidmətləridir. .
Postsovet məkanında ən böyük kommunist partiyalardan biri olaraq, Rusiya Federasiyası Kommunist Partiyası beynəlxalq sol hərəkatda rolu, təsiri kommunist ideologiyasının tələblərinə tam cavab vermir. İnqilabi kommunist hərəkatın zəiflədilməsi, digər ölkələrdə radikal sol qüvvələrə zəif dəstək, reformist xəttin dominant hala gəlməsi arqumentləri bilavasitə Rusiya Federasiyası Kommunist Partiyası ilə əlaqələndirmək olar.
Rusiya Federasiyası Kommunist Partiyası Gennadi Züqanovun diqtəsi ilə gözdən pərdə asmaq üçün guya kommunist ideyaların tam yox olmasının qarşısının alır, beynəlxalq forumlarda sol ideologiyanın təmsil edir və müxtəlif ölkələrdə partiyalarla əlaqələri saxlayır.
Gennadi Zyuqanov və rəhbərlik etdiyi Rusiya Federasiyası Kommunist Partiyası ziddiyyətlidir. Onun siyasəti bir tərəfdən kommunist ideologiyanın yumşaldılması və sistemə inteqrasiyası kimi, digər tərəfdən isə mövcud siyasi reallıqda sol qüvvələrin yaşaması üçün taktiki uyğunlaşma kimi izah olunur.
Reallıqda isə Züqanov fenomeni post-sovet məkanında ideoloji transformasiyanın tipik nümunəsidir, burada qeyd etdiyim kimi klassik kommunizm, milli dövlətçilik və sosial-demokrat elementlər bir-biri ilə qarışır.
Ədalət Abdinov


0 Комментарии