Recents in Beach

Kreml üçün “idarə olunan balans” rolunu oynayan partiya



2000-ci ildən sonra Rusiyada siyasi sistem mərkəzləşdi və parlament partiyaları faktiki olaraq üç kateqoriyaya bölündü: hakimiyyət partiyası, sistem müxalifəti və sistemxarici müxalifət.
Rusiya Federasiyası Kommunist Partiyası əsasən “sistem müxalifəti” kimi xarakterizə olunur. Bu nə deməkdir? Hakimiyyətə formal müxalifət, amma sistemin legitimliyini qəbul etmək və radikal qarşıdurmadan qaçmaq.

2000–2004-cü illər Rusiyada hakimiyyətin möhkəmləndirilməsi dövrüdür. Bu mərhələdə Prezident səlahiyyətləri genişləndirildi, federal mərkəz regionlar üzərində nəzarəti artırdı. Rusiya Federasiyası Kommunist Partiyasının mövqeyi belə oldu ki, bəzi hallarda bunun əleyhinə çıxış etdi. Amma kütləvi siyasi müqavimət təşkil etmədi. Daha doğrusu formal etiraz etdi, real müqavimət göstərmədi.

2008 və 2020-ci il Konstitusiya dəyişikliklərində Rusiya Federasiyası Kommunist Partiyasının rolu birbaşa hakimiyyətyönlü olub. 2020-ci il Rusiyada Konstitusiya referendumu xüsusi əhəmiyyət daşıyır. Bu dəyişikliklər Prezidentlik müddətlərinin sıfırlanması və hakimiyyətin daha da mərkəzləşməsi üçün şərait yaratdı.

Rusiya Federasiyası Kommunist Partiyası rəsmi olaraq bunun əleyhinə çıxış etdi və “Xeyr” kampaniyası apardı. Ancaq kampaniya o qədər zəif və təsirsiz idi ki, real siyasi nəticə yaratmadı.

2018-ci il pensiya islahatı Putin dövrünün ən narazılıq doğuran qərarlarından biri idi. İslahat pensiya yaşının artırılmasına xidmət edirdi. Rusiya Federasiyası Kommunist Partiyası açıq şəkildə bunun əleyhinə çıxdı. Etiraz aksiyalarını dəstəklədi. Bu, Rusiya Federasiyası Kommunist Partiyasının nadir hallarda daha aktiv müxalifət göstərdiyi nümunələrdəndir.

2014-cü ildə Rusiya tərəfindən Krımın ilhaqını Rusiya Federasiyası Kommunist Partiyası açıq şəkildə dəstəklədi. Bu, mühüm məqamdır, partiya burada hakimiyyətlə tam eyni mövqe tutdu

2022-ci ildə başlanan Rusiya - Ukrayna müharibəsi ilə əlaqədar Rusiya Federasiyası Kommunist Partiyası əsasən hökumətin xəttini dəstəklədi. “Xüsusi hərbi əməliyyat” terminologiyasını qəbul etdi. Bəziləri bunu anti-imperialist prinsipdən uzaqlaşma kimi tənqid etsələr də əslində partiyanın bu məsələdə mövqeyi doğrudur.

Rusiya Federasiyası Kommunist Partiyasının iqtisadi siyasət üzrə davranışı da tənqidə layiqdir. Onun proqramına dövlət sektorunun gücləndirilməsi və strateji sahələrin milliləşdirilməsi daxildir. Amma praktikada bu təkliflər qanunvericilikdə qəbul olunmayıb. Partiya onları həyata keçirmək üçün sistemli təzyiq yarada bilməyib.

Rusiya Federasiyası Kommunist Partiyasının etiraz hərəkatlarına münasibəti də narazılıq yaradır. 2011–2012 –ci il seçki saxtakarlığına qarşı aksiyalara partiya qismən dəstək verdi, amma liderlik etmədi.

2021-cl il sonrası etirazlarda müxalif fəallara qarşı repressiyalar baş verdi. Partiya daha ehtiyatlı mövqe tutdu. Açıq qarşıdurmadan qaçdı, özünü qorumağa üstünlük verdi.

Fəaliyyəti “ikili xarakter daşıyan” Rusiya Federasiyası Kommunist Partiyası real müxalifət deyil. Kreml üçün “idarə olunan balans” rolunu oynayır. Radikal sol ideologiyanı zəiflədir. Daxili siyasətdə məhdud, ehtiyatlı müxalifət, xarici siyasətdə: tez-tez hakimiyyətlə eyni mövqe tutur. Bu isə partiyanın klassik kommunist modeldən uzaqlaşaraq, daha çox milli-sosial və qismən sosial-demokrat xəttə keçdiyini göstərir.

Ədalət Abdinov


Отправить комментарий

0 Комментарии