Prezident Tramp yeni – 2026-cı ilin ilk günlərindən etibarən sülhsevər maskasını kənara ataraq, əsl məqsədinin şantaj və qlobal hökmranlıq olduğunu açıq şəkildə nümayiş etdirdi. O, özündən əvvəlki prezident Baydeni xarici siyasət avantüralarına görə sərt tənqid etsə də, əslində ondan da daha aqressiv ABŞ lideri kimi ortaya çıxdı.
Venesuelaya hücumdan və bu ölkənin prezidenti Nikolas Maduronun misli görünməmiş şəkildə oğurlanmasından sonra Tramp, “qələbənin” asanlığına aldanaraq, bütün Latın Amerikasını öz mülkü elan etdi. O, Avropa və Asiya ölkələrinə bu qitədə müstəqil fəaliyyət göstərməyi qadağan etdiyini bildirdi. Eyni zamanda xəbərdarlıq etdi ki, növbəti hədəflər Meksika, Kuba və Kolumbiya ola bilər.
Lakin Tramp Latın Amerikası ilə kifayətlənmək niyyətində deyil. Asiyada İsrailin İrana qarşı hücumunun əsas himayədarına çevrildi. Afrikada isə ABŞ Hərbi Hava Qüvvələrinin Nigeriyaya zərbələr endirməsinə icazə verdi və müsəlman maldarlarla xristian əkinçilər arasındakı uzunmüddətli münaqişəyə birbaşa müdaxilə etdi. Avropada isə ABŞ-ın ən yaxın müttəfiqləri belə Trampın Danimarkadan Qrenlandiyanı almaq niyyətindən heyrətə gəlib təşvişə düşdülər.
Son 75 ilin bütün müharibələrində ABŞ mümkün qədər çox müttəfiqə arxalanmağa çalışmışdı. Tramp isə özünü o qədər qüdrətli hesab edir ki, Avropanın dəstəyindən imtina etməklə kifayətlənmir, hətta onlara açıq-aşkar hörmətsizlik göstərir. İndi Danimarka Qrenlandiya məsələsində dirəniş göstərsə, Kopenhagenin bombardmanı ilə eyni vaxtda ölkənin baş nazirinin “Delta” dəstəsi tərəfindən ələ keçirilməsi artıq heç kimi təəccübləndirməz.
Artıq söhbət beynəlxalq hüququn pozulmasından da getmir. Əsrlər boyu formalaşmış beynəlxalq münasibətlər sistemi məqsədli şəkildə dağıdılır. BMT çərçivəsində qəbul edilmiş normaları Tramp güclünün və təkəbbürlünün hüququ ilə əvəz etməyə çalışır. Bu, bütün bəşəriyyətə meydan oxumaqdır.
Tarixdə belə presedentlər olub. XIX əsrin əvvəlində Napoleon özünü Avropanın, sonra isə dünyanın sahibi elan etmişdi. XX əsrin ortalarında Hitler Avropanı işğal etdikdən sonra bütün qitələr üzərində hökmranlıq iddiası irəli sürmüşdü. XXI əsrdə isə Şimali Amerikada yeni bir “dünya hökmdarı” peyda olub. İlk iki nümunənin necə faciəvi sonluqla bitdiyi hamıya məlumdur. Trampın da bütün dünyanı ram etmək cəhdində eyni aqibətlə üzləşməməsi üçün heç bir səbəb yoxdur.
Donald Tramp özünü Latın Amerikasını iki yüz il əvvəlki kimi ABŞ-ın “arxa həyətinə” çevirməyə qadir supermen kimi təsəvvür edir. O, bu qitədə onlarla ölkəni azadlıq və müstəqillikdən məhrum etmək niyyətindədir. Lakin Latın Amerikası xalqları ABŞ imperializmi ilə apardıqları çoxsaylı qalibiyyətli mübarizələrdə öz maraqlarını qətiyyətlə müdafiə etməyə qadir olduqlarını artıq sübut ediblər. Çe Gevaranın 1967-ci ildə Boliviyada həlak olması inqilabi prosesləri dayandırmadı. Fidel Kastro və Uqo Çaves kimi görkəmli şəxsiyyətlər bunun parlaq nümunəsidir. Bu gün də Latın Amerikasının aparıcı ölkələrində hakimiyyətə getdikcə daha çox mütərəqqi qüvvələr gəlir. Qitənin ən böyük dövləti olan Braziliyaya isə sosialist prezident Lula da Silva rəhbərlik edir.
Venesuelanın taleyində həlledici sözü onun xalqı və qanuni, cəsur rəhbərliyi deyəcək. Trampın guya bu ölkəni indi ABŞ dövlət katibi Rubio idarə edəcək kimi gülünc bəyanatlarına baxmayaraq, Venesuela diktata boyun əyməyəcəyini açıq şəkildə bəyan edib. Vaşinqtondan gələn hədələr müstəqilliyini hər şeydən uca tutan xalqı qorxuda bilməz.
150 hava-kosmik hücum vasitəsindən istifadə olunan xəyanətkar zərbə və prezident iqamətgahına quldur basqını bir şeydir. Venesuelanın dağlarında və cəngəlliklərində aparılacaq quru əməliyyatı isə tamam başqa məsələdir. ABŞ ordusu adətən zəif rəqibə hücum edib sonra “tarixi qələbələrdən” danışmağı sevir. Amma ciddi müqavimətlə üzləşəndə onların əslində o qədər də güclü olmadıqları üzə çıxır. Bunu biz yaxın keçmişdə Əfqanıstanda və İraqda gördük.
Trampın Nikolas Maduronu narkotiklərin yayılmasında ittiham etməsi isə son dərəcə riyakarlıq və ikiüzlülük nümunəsidir. ABŞ kimi heç bir ölkə narkomaniyanın qlobal bəlaya çevrilməsinə bu qədər töhfə verməyib. Məhz onların səyi ilə 1960–1970-ci illərdə, Vyetnam müharibəsi zamanı “Qızıl üçbucaq”da – Tailand, Birma və Laos sərhədlərində – tiryək istehsalı misli görünməmiş dərəcədə artırıldı. Bu istehsal MKİ-nin gizli əməliyyatlarının maliyyələşdirilməsinə xidmət edirdi. 2001-ci ildə Əfqanıstan işğal edildikdən sonra isə ABŞ orada heroin istehsalını bərpa edərək, onu Albaniyadakı bazaları vasitəsilə Avropaya göndərdi.
Latın Amerikasında isə əsas kokain istehsalçısı vaxtilə antikommunist Kolumbiya idi. Bir çox sənəd və jurnalist araşdırmaları ABŞ-ın Narkotiklərlə Mübarizə Agentliyinin kolumbiyalı narkobaronlarla sıx əlaqədə olduğunu göstərir. Narkotikdən əldə edilən gəlirlər Nikaraquada Daniel Orteqanın solçu hökumətini devirmək üçün istifadə olunurdu. ABŞ özü də dünyada marixuana istehsalında ön sıralardadır. Belə olan halda, Venesuelanın qanuni prezidenti Nikolas Maduronu ittiham etməyə onların heç bir mənəvi haqqı yoxdur. Əksinə, bəşəriyyətin narkotiklə zəhərlənməsinə görə Vaşinqton cavab verməlidir.
Trampın Venesuela xalqını prezidentinin oğurlanması ilə şantaj etmək cəhdi açıq-aşkar quldurluqdur və iflasa məhkumdur. ABŞ-da heç bir məhkəmənin suveren dövlətin başçısını mühakimə etmək hüququ yoxdur. Tramp administrasiyasının etdikləri – qabaqcadan razılaşmış cinayətkar dəstənin həyata keçirdiyi insan oğurluğudur. Məhkəmə Maduronu və onun həyat yoldaşını deyil, bu cinayətin təşkilatçılarını və icraçılarını – o cümlədən cənab Trampın özünü mühakimə etməlidir.
Şübhəsiz ki, Ağ Ev Nikolas Maduronu bir girov kimi saxlamaqda israr edəcək. Lakin Venesuelanın xalq prezidenti artıq imperializmə qarşı müqavimətin simvoluna çevrilib. Vaxtilə Nelson Mandela Cənubi Afrikada aparteid rejiminə qarşı mübarizənin simvolu olduğu kimi.
Hesab edirəm ki, bu gün Nikolas Maduro planetin ən başlıca siyasi məhbusudur. Bu fakt vicdanlı və cəsur insanların ürəyinə biganə qala bilməz. Kommunistlər bütün xalqpərvər, vətənpərvər və antifəşist qüvvələri Venesuela prezidentinin azadlığı uğrunda birgə mübarizəyə çağırırlar.
İmperialist dairələr strateji hücuma keçməyə çalışırlar. Onların qarşısını almaq üçün bütün dünyada geniş ictimai hərəkat formalaşdırılmalıdır. Partiyaları, birlikləri və bütün mütərəqqi qüvvələri ciddi məsləhətləşmələr aparmağa və konkret müqavimət tədbirləri hazırlamağa çağırıram. Bu mürəkkəb şəraitdə zəhmətkeşlər və onların təşkilatları öz sözünü deməlidir. Bu gün bizə xüsusilə sülh, təhlükəsizlik və ədalət naminə birliyin gücü lazımdır.
Prezident Maduronun və onun həyat yoldaşı Siliya Floresin cinayətkarcasına oğurlanması ilə Trampın problemləri bitmir, əksinə, indi başlayır. Son illərdə dünyadakı qüvvələr nisbəti ciddi şəkildə dəyişib. BRİKS və ŞƏT ölkələri, Qlobal Cənub dövlətləri – o cümlədən Latın Amerikası – getdikcə daha inamla söz sahibinə çevrilirlər. Rusiyanın hərbi gücü və Çinin iqtisadi qüdrəti Vaşinqtonun dünya hökmranlığı iddialarını tamamilə puça çıxara bilər. Ona görə də bütün suveren inkişaf tərəfdarı olan dövlətlər Vaşinqtonun hərəkətlərini qətiyyətlə pisləməlidir.
Aydındır ki, qlobal kapital istənilən avantüraya qadirdir. Beynəlxalq vəziyyət getdikcə daha təhlükəli xarakter alır. Ancaq Trampın bəşəriyyətin tərəqqisini bir qitədə saxlamaq cəhdləri və dənizlərdəki quldur hərəkətləri iflasa məhkumdur. ABŞ-ın son onilliklərdə başladığı bütün müharibələr onun biabırçı məğlubiyyəti ilə nəticələnib. Bu dəfə də fərqli olmayacaq!
Ədalət Abdinov


0 Комментарии