ABŞ imperialist məqsədlərinə çatmaq üçün həmişə bütün iyrənc vasitələrdən istifadə edib. Onun Venesuela ərazisinə endirdiyi hərbi zərbələr və XXI əsrdə ən böyük rüsvayçılıq etməsi - suveren dövlətin prezidenti Nikolas Maduronu qaçırması dünya miqyasında geniş əks-səda doğurdu. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Vaşinqtonun bu addımlarını kəskin tənqid edərək, baş verənləri beynəlxalq hüquq normalarının və ölkənin suverenliyinin pozulması kimi qiymətləndirdilər.
Lakin dünya liderlərinin fəal bəyanatları fonunda Rusiya prezidenti Vladimir Putinin açıq mövqeyinin olmaması xüsusi diqqət çəkdi. Rusiya tərəfdən yalnız XİN-in açıqlamaları səsləndi və bu açıqlamalarda ABŞ-ın addımları sabitliyi pozan və təhlükəli kimi dəyərləndirildi.
Bu cür hallarda, xüsusən Moskva ilə Karakas arasındakı münasibətlərin xarakterini nəzərə alsaq, adətən dövlət başçısı səviyyəsində reaksiya olmalı idi.
Putinin susması aşkar göstərir ki, Rusiyanın Venesuelaya dəstəyi praktiki yox, daha çox simvolik olub. Rusiya ABŞ-ın qonşu regionda gücdən necə istifadə etdiyini mübahisələndirmək imkanında deyil.
Nəzərə alaq ki, Trampın Ağ Evə qayıdışı ilə Moskva və Vaşinqton arasında yaxınlaşma başlayandan sonra Rusiya Venesuela istiqamətindəki Amerika eyhamlarına kifayət qədər təmkinli reaksiya verib. Rusiya, əslində, Maduronu daha əvvəl təslim etmişdi.
Burjua Rusiyanın beynəlxalq arenadakı imici zəifləyib. Venesuela hadisələri sübut etdi ki, Rusiyaya güvənən kəs onun qorunacağına ümid edə bilməz.
Artıq heç kəsə sirr deyil ki, Rusiya Ermənistanı, Suriyanı və indi də Venesuelanı itirib. Ukraynaya qarşı müharibəni gücləndirdiyi bir vaxtda kapitalist Rusiyanın beynəlxalq mövqeyi nəzərəçarpacaq dərəcədə eroziyaya uğrayır və artıq bu cür münasibətləri dəstəkləmək üçün resurslara malik deyil. Hətta Rusiyanın Latın Amerikasındakı əsas tərəfdaşı və Venesuelanın ən yaxın müttəfiqlərindən biri olan Kuba ilə bağlı Moskvanın etirazları daha güclü ola bilər, lakin Rusiyanın imkanları çox məhduddur.
Nikolas Maduro uzun illərdir Latın Amerikasında Rusiyanın ən sadiq və ardıcıl müttəfiqlərindən biri sayılır. Venesuela sanksiyalara qarşı mövqe, BMT-də səsvermələr və çoxqütblü dünya ideyasının irəli sürülməsi də daxil olmaqla, əsas beynəlxalq məsələlərdə Moskvanı dəstəkləyib.
Qeyd edək ki, Maduro 2022-ci ilin fevralında, Moskvanın Ukraynaya hücumundan əvvəl Donetsk və Luqansk respublikalarını tanıdığı vaxt Rusiyanı dəstəkləyən azsaylı liderlərdən biri idi.
Rusiya ilə Venesuela arasında enerji sahəsində, hərbi-texniki əməkdaşlıqda və diplomatik koordinasiyada möhkəm əlaqələr formalaşıb. Karakas Moskva üçün Qərb yarımkürəsində mühüm dayaq nöqtəsi kimi dəyərləndirilirdi.
Məhz bu amil Maduronun ətrafında yaranmış vəziyyəti prinsipial edir: ABŞ-ın zərbələri təkcə Venesuelanı deyil, onun müttəfiqlərinin, ilk növbədə Rusiyanın maraqlarını da hədəfə alır.
Vaşinqtonun addımları təkcə hərbi deyil, həm də açıq siyasi xarakter daşıyır. ABŞ faktiki olaraq Venesuelaya mesaj verir ki, təzyiqlərin dayandırılmasını və xarici siyasət kursunun dəyişməsini istəyirsə, Rusiya, Çin və İranla müttəfiqlik münasibətlərindən imtina etməlidir.
Venesuelaya zərbələr ABŞ-ın alternativ ittifaqlar quran və Amerika təsir modelinə tabe olmayan ölkələrə qarşı sərt mövqeyinin nümayişidir.
Amerika tərəfinin atdığı daha bir addım - Qərb yarımkürəsinin faktiki olaraq ABŞ-ın müstəsna maraq zonası kimi göstərildiyi plakatın dərc edilməsi - əlavə rezonans doğurdu. Bu jest, Monro doktrinasının sərt şərhinə qayıdış kimi qəbul olundu.
Bir sıra müşahidəçilər bunu regionun digər dövlətlərinə Rusiya, Çin və İranla sıx əməkdaşlığın yolverilməzliyi barədə açıq xəbərdarlıq kimi qiymətləndirdi.
V.Putinlə müqayisədə digər prezidentlər bəyanat verdilər. Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-ın Venesuelaya endirdiyi zərbələri açıq şəkildə pisləyərək, onları təcavüz və suveren dövlətin daxili işlərinə müdaxilə adlandırdı. Karakasın digər müttəfiqləri də oxşar mövqe sərgilədilər.
Braziliya prezidenti Luis İnasio Lula da Silva ABŞ-ın zərbələrini pisləyərək, bunu beynəlxalq hüququn pozulması adlandırdı.
Kuba prezidenti Migel Dias-Kanel baş verənləri təcavüz aktı kimi qiymətləndirdi.
Kolumbiya və Meksika rəhbərliyi gərginliyin azaldılmasına və məsələnin diplomatik yolla həllinə çağırdı.
Fransa və İspaniya nümayəndələri narahatlıq ifadə edərək, beynəlxalq normalara əməl olunmasına çağırdılar.
Çin Venesuelanın suverenliyini müdafiə edən sərt bəyanatla çıxış etdi.
İran ABŞ-ın hərəkətlərini qanunsuz adlandıraraq pislədi.
Diqqətçəkən məqam odur ki, hələ sentyabr ayında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nümayəndələri Venesuelaya mümkün zərbələr barədə açıq şəkildə danışmış və Moskvanın reaksiyasını izləyəcəklərini bildirmişdilər. Lakin o zaman da Putin hakimiyyəti tərəfindən ciddi bir reaksiya müşahidə olunmamışdı.
Ekspertlər arasında belə bir fikir formalaşıb ki, ilkin mərhələlərdə sərt cavabın olmaması Vaşinqtonda sonrakı addımların mümkünlüyünə dair siqnal kimi qəbul edilmiş ola bilər.
Venesuela ətrafındakı vəziyyət inkişaf etməkdə davam edir. Beynəlxalq ictimaiyyət parçalanmış durumdadır və Rusiya prezidentinin açıq bəyanat verməməsi gündəmin əsas suallarından biri olaraq qalır. Moskva və Vaşinqtonun atacağı növbəti addımlar təkcə Latın Amerikasında deyil, ümumilikdə qlobal siyasətdə qüvvələr balansına ciddi təsir göstərə bilər.
Ədalət Abdinov
6 yanvar 2026-cı il


0 Комментарии