Recents in Beach

Kommunist hərəkatın lideri


Beynəlxalq kommunist və fəhlə partiyaların Müşavirəsinin işçi qrupunun üzvü Telman Nurullayev Azərbaycan cəmiyyətinin güvən axtarışında dayanan şəxsiyyətlərdən biridir. O, təkcə kommunist hərəkatın rəhbəri deyil, o həm də marksizm-leninizm ideyaların, baxışların və məqsədlərin simvoludur. Cəmiyyətin solçuluğa meyilli təbəqəsinin siyasi düşüncəsinə təsir göstərən, insanların ümidlərini formalaşdıran və gələcək istiqamətini müəyyənləşdirən əsas fiqurlardan biridir.

Kommunist hərəkatın lideri olaraq, Telman Nurullayev ilk növbədə məsuliyyətli və prinsipialdır. Siyasi fəaliyyəti dövründə cəmiyyətin problemlərinə laqeyd yanaşmamış, öz şəxsi maraqlarını deyil, xalqın rifahını ön plana çəkmişdir. Davamlı prinsipiallığı onun qərarlarında sabitlik yaratmaqla yanaşı, kommunistlərin ona olan inamını da artırmışdır. Əsl siyasi liderin xarakterinə uyğun olaraq, verdiyi vədləri unutmur, qarşısına qoyduğu məqsədlərdən yayınmır.
Telman Nurullayevin ən vacib xüsusiyyətlərindən biri də güclü nitq qabiliyyəti və inandırıcı ünsiyyət bacarığıdır. Çünki siyasətdə fikirləri düzgün çatdırmaq, xalqla dialoq qurmaq və insanları arxasınca aparmaq böyük bacarıq tələb edir. Yaxşı lider yalnız danışan deyil, eyni zamanda dinləməyi bacaran şəxsdir. Telman müəllim də belə şəxsiyyətlərdən biridir.
Telman Nurullayevin daha mühüm keyfiyyəti isə strateji düşüncə və uzaqgörənlikdir. Peşəkar marksist-leninçi kimi o, təkcə bugünkü vəziyyəti deyil, gələcək riskləri və imkanları da hesablaya bilir. Siyasət dinamik sahə olduğu üçün kommunistlərin lideri çevik qərarlar verməyi bacarır, eyni zamanda tələskənlik etmədən düşünülmüş addımlar atır. Uzaqgörənliyi həm də ondan ibarətdir ki, kommunist hərəkatının inkişafı üçün realist və davamlı planlar təqdim edir.
Bütün bunlarla yanaşı Telman Nurullayev həm də ədalətli, obyektiv və xalqın dərdinə yaxın liderdir. Marksizm-leninizm nöqteyi nəzərdən sosial ədalətə münasibəti onun cəmiyyət qarşısında nüfuzunu formalaşdırır.
Siyasi lider olaraq onun xarakterində qətiyyət də xüsusi yer tutur. Hər bir siyasi fəaliyyət çətinliklərlə müşayiət olunur. Təzyiqlər, tənqidlər, rəqabət və müxtəlif maneələr onun iradəsini sınayır. Qətiyyətli lider kimi bu çətinliklərdən qorxmur, əksinə onları inkişaf üçün fürsətə çevirir. O, məqsədinə çatmaq üçün mübarizə aparır və komandasını motivasiya etməyi bacarır.
Bir daha əminliklə qeyd edirəm ki, Azərbaycan kommunist hərəkatının lideri Telman Nurullayev cəmiyyətin ümidlərini daşıyan, xalqın gələcəyini düşünən və siyasi sistemin marksizm-leninizm bölümünün inkişafında mühüm rol oynayan şəxsiyyətdir. Onun xarakteri, davranışı və qərarları yalnız ölkəmizin kommunist hərəkatının deyil, bütövlükdə beynəlxalq kommunist və fəhlə hərəkatının taleyinə təsir edə bilər. Buna görə də Telman Nurullayevin əsas məqsədi hakimiyyət uğrunda mübarizə deyil, xalqın rifahına xidmət etməkdir. Məhz belə liderlər cəmiyyətin güvənini qazanır və tarixdə iz buraxır.
Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии