Recents in Beach

Manipulyasiya olunan kütlə - burjua sisteminin son müdafiə vasitəsi

XIX əsrin sonlarında fransız sosioloqu və psixoloqu Qustav Le Bon kütlə psixologiyasını öyrənməyə və onun davranışını idarə etməyi bacarmağa çağırırdı. O, bu bacarığı burjua sisteminin müdafiəsinin son vasitəsi adlandırırdı.
Kütlə düşünmür, ehtiraslara kor-koranə tabe olur. Buna görə də, Q. Le Bonun fikrincə, təlqin, obrazların yaradılması, hissi assosiasiyaların formalaşdırılması və emosional vəziyyətlərdən istifadə zəruridir. O, özünün "Xalqların və kütlələrin psixologiyası" adlı kitabında vurğulayırdı ki, əsas məsələ «kütləni aldatmağı bacarmaqdır». Bu isə «ən qeyri-müəyyən məna daşıyan» anlayışlardan istifadə etməklə əldə olunur; məsələn, azadlıq, demokratiya, ədalətli seçkilər və s. kimi mücərrəd anlayışlar. Başqa sözlə, hər bir yaxşı şeyin tərəfdarı və hər bir pis şeyin əleyhdarı olmaq. Hərçənd, daha çox hər bir pis şeyin əleyhdarı olmaq.
“Bir sözlə, kütləni çox vaxt birlik halına gətirən yalnız onun «əleyhdə» olmasıdır, yəni «onlara» qarşı çıxmasıdır.”
(Boris Porshnev, «Sosial psixologiya və tarix»).
Vladimir İliç Lenin çar hökumətinin qaragüruhçu dəstələri talanlara və döyülmələrə ruhlandırmaq cəhdlərini “qaranlıq kütlənin alçaq ehtiraslarının qızışdırılması” adlandırırdı. Sosial psixologiya problemlərinin ilk sovet tədqiqatçılarından biri olan Mixail Reysner isə «Sosial psixologiyanın problemləri» əsərində qeyd edirdi ki, “Fransada Bonapartın etdiyi kimi, müasir irtica diktatorları da lümpen-proletar qalıqlarını faşizmin, linç məhkəmələrinin və müxtəlif Ku-kluks-klanların silahlı avanqardı kimi təşkil etməyə çalışırlar”.
Tarixdə irticaçı qüvvələrin kütlə psixologiyasından istifadə etməsinin çoxsaylı nümunələri məlumdur: nasist Almaniyasında baş verən hadisələr, Çexoslovakiya və Macarıstandakı əksinqilabi çıxışlar, SSRİ-nin dağılması dövründə və postsovet məkanında baş vermiş çoxsaylı “rəngli inqilablar”.
Burjua kütləvi informasiya vasitələrinin təsiri altında formalaşmış adi insan ona təlqin edilən emosiyalarla yaşamağa alışmışdır. Onu millətçi, şovinist və digər destruktiv əhvali-ruhiyyələrlə coşdurmaq xüsusi çətinlik yaratmır.
Hakim sinfin ehtiyaclarına xidmət edən burjua sosial psixologiyası irticaçı siyasi təşkilatlara və maraqlı qruplara alətlər təqdim edir ki, onlar az şüurlu əhali kütlələrindən və lümpen-proletariatdan öz məqsədləri üçün geniş istifadə edə bilsinlər.
Ehtiraslar son həddə qədər qızışdırılır, ictimai rəyə aqressiv təsir göstərilir, manipulyativ texnologiyalar fəal şəkildə tətbiq olunur və kütləvi isteriyalar yaradılır.
Marksist sosial psixologiya manipulyasiya olunan kütləni sağlam ictimai hadisə hesab etmir. Hər hansı şəxslərə, hadisələrə və ya informasiyaya münasibətdə emosiyalar üzərində qurulmuş təsadüfi insan toplusu, ideyasız və şüursuz birlik müsbət ictimai dəyişikliklərin hərəkətverici qüvvəsi ola bilməz. Sürü halında bir yerə yığılmış və aldadılmış qoyunlar yalnız təşviş içində uçuruma tullanmağa qadirdirlər.
“Kütlə” anlayışının “xalq” və “kütlələr” anlayışları ilə eyniləşdirilməsi, həmçinin kütlənin hərəkətlərinin xalqın iradəsi və ya inqilabi fəaliyyət kimi təqdim edilməsi dəhşətli bir aldatma və anlayışların saxtalaşdırılmasıdır. Mühafizəkar, məişət düşüncəsi ilə yaşayan və təsadüfi şəkildə toplaşmış insanların yığını ilə kütlələrin yaradıcı, şüurlu və həqiqətən inqilabi fəaliyyəti arasında heç bir ümumi cəhət yoxdur və ola da bilməz.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии