Naxçıvanın qədim küçələrində tarix yalnız daş kitabələrdə və monumental tikililərdə yaşamır. Bu torpağın hər qarışında Azərbaycanın çoxəsrlik dövlətçilik, elm və sənət ənənələrinin izləri görünür. Möminə xatun türbəsi isə həmin tarixin ən parlaq səhifələrindən biridir. Mehriban Əliyevanın Naxçıvana səfəri çərçivəsində bu möhtəşəm abidədə aparılan bərpa və konservasiya işləri ilə tanış olması da məhz milli-mədəni irsə münasibətin ifadəsi kimi diqqət çəkir.
XII əsrdə böyük Azərbaycan memarı Əcəmi Naxçıvani tərəfindən yaradılan Möminə xatun türbəsi Azərbaycan memarlıq məktəbinin nadir nümunələrindəndir. Onun monumental quruluşu, həndəsi ornamentləri, kərpic üzərində işlənmiş kitabə və naxışları orta əsr Azərbaycan memarlığının yüksək sənətkarlıq səviyyəsini nümayiş etdirir. Abidə yalnız Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın tarix-mədəni irsinin mühüm parçasıdır. Azərbaycan Prezidentinin 2025-ci il 22 may tarixli sərəncamında da türbə dünya əhəmiyyətli tarix-memarlıq abidəsi və Şərq memarlığının incilərindən biri kimi xarakterizə edilir.
Bu baxımdan türbədə aparılan bərpa işlərinə sadəcə tikinti və ya təmir prosesi kimi yanaşmaq düzgün olmazdı. Söhbət əsrlərin sınağından çıxmış bir sənət əsərinin gələcək nəsillərə mümkün qədər autentik şəkildə çatdırılmasından gedir. Burada əsas məsələ abidənin zahiri görkəmini yeniləmək deyil, onun tarixi materialını, memarlıq xüsusiyyətlərini və zamanın təsirindən zədələnmiş elementlərini elmi yanaşma əsasında qorumaqdır.
Möminə xatun türbəsinin bərpası üzrə layihənin miqyası da bu məsuliyyətin nə qədər böyük olduğunu göstərir. 2025-ci ildə işlərin aparılması üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat ayrılmışdı. 2026-cı il martın 16-da isə bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün daha 9 milyon 566 min manat vəsait ayrılması barədə sərəncam imzalanıb.
Hazırda görülən işlərin beynəlxalq təcrübə və ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə həyata keçirilməsi də diqqətəlayiqdir. 2026-cı ilin mayında türbənin ətrafında xüsusi metal konstruksiyaların quraşdırılması barədə məlumat yayılıb. Bərpa və konservasiya prosesində Avstriyanın ixtisaslaşmış şirkətlərinin də iştirak etdiyi bildirilib.
Mehriban Əliyevanın abidədə aparılan işlərlə yerində tanış olması bu mənada simvolik məna daşıyır. Çünki mədəni irsin qorunması yalnız ayrı-ayrı tarixi binaların fiziki şəkildə saxlanılması demək deyil. Bu, cəmiyyətin öz keçmişinə münasibətidir. Tarixi abidəyə göstərilən diqqət, əslində, gələcək nəsillərin milli yaddaşına göstərilən diqqətdir.
Naxçıvan isə bu yaddaşın ən qədim və zəngin məkanlarından biridir. Burada Möminə xatun türbəsindən tutmuş Əcəmi memarlıq məktəbinin digər nümunələrinə qədər Azərbaycan tarixinin müxtəlif mərhələlərini bir arada görmək mümkündür. Bu irsin qorunması Naxçıvanın yalnız turizm potensialının deyil, Azərbaycanın mədəni diplomatiyasının da gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Son illərdə tarixi-mədəni irsin qorunmasına yönələn layihələrin coğrafiyasının genişlənməsi də diqqətdən kənarda qala bilməz. Şuşadan Naxçıvana qədər müxtəlif tarixi məkanlarda aparılan bərpa işləri Azərbaycan memarlıq irsinin qorunmasına dövlət səviyyəsində verilən önəmi nümayiş etdirir. Möminə xatun türbəsinin bərpası isə öz miqyası və abidənin tarixi əhəmiyyəti baxımından bu prosesin xüsusi səhifələrindən biridir.
Möminə xatun türbəsi qarşısında dayanarkən insan yalnız XII əsrin memarlıq nümunəsini görmür. Qarşıda Azərbaycanın orta əsrlərdəki şəhər mədəniyyəti, memarlıq düşüncəsi, sənətkarlıq ənənələri və dövlətçilik tarixinin canlı izləri dayanır. Bu abidənin qorunması həmin tarixi yaddaşın daşlarda donub qalması deyil, gələcək nəsillərin onu görməsi, öyrənməsi və dərk etməsi deməkdir.
Mehriban Əliyevanın Naxçıvan səfəri fonunda Möminə xatun türbəsinin gündəmə gəlməsi də məhz bu baxımdan əhəmiyyətlidir. Tarixə sahib çıxmaq keçmişi sadəcə xatırlamaq deyil. Tarixə sahib çıxmaq onu qorumaq, elmi əsaslarla bərpa etmək və gələcəyə ötürməkdir.
Naxçıvanın qədim daşları bu gün də danışır. Möminə xatun türbəsinin bərpası isə həmin səsin gələcəkdə də eşidilməsi üçün görülən mühüm işlərdən biridir.
Ədalət Abdinov


0 Комментарии