Recents in Beach

Çoğrafiya da Trampın şəxsi brendinə çevrilir.

ABŞ prezidenti Donald Trampın siyasətində artıq qəribə bir tendensiya açıq şəkildə görünür: siyasi problemləri həll etmək əvəzinə onların üzərinə öz adını yazmaq.
O, bu dəfə daha bir “tarixi təşəbbüs”lə çıxış edib. Tramp sosial media hesabında Hörmüz boğazının ABŞ-ın nəzarətində olduğunu iddia edərək onun adının “Tramp boğazı” ilə dəyişdirilməsini təklif edib. O, bunun “Amerikanın özü kimi, heç vaxt olmadığı qədər populyar” olacağını yazıb. (
Bu bəyanat ilk baxışda siyasi zarafat, yaxud Trampın növbəti populist çıxışı təsiri bağışlaya bilər. Lakin məsələyə bir qədər dərindən baxanda bunun təsadüfi bir epizod olmadığı görünür.
Tramp ikinci prezidentlik müddətinə başladıqdan dərhal sonra coğrafi adların dəyişdirilməsini də siyasi gündəliyinin bir hissəsinə çevirdi.
2025-ci il yanvarın 20-də imzaladığı sərəncamla uzun illərdir beynəlxalq aləmdə Meksika körfəzi kimi tanınan su hövzəsinin ABŞ federal hökuməti tərəfindən “Amerika körfəzi” adlandırılmasını tapşırdı. Ağ Ev bunu ABŞ-ın tarixi, iqtisadi və milli maraqları ilə əsaslandırdı.
Lakin burada əsas məsələ təkcə bir coğrafi adın dəyişdirilməsi deyil. Məsələ ondadır ki, dövlətin rəhbəri öz siyasi ideologiyasını və “Amerika birincidir” şüarını coğrafiyanın üzərinə köçürməyə çalışır.
Ad dəyişdikcə reallıq dəyişmir. Meksika körfəzi coğrafi baxımdan yenə həmin körfəz olaraq qalır.
2026-cı il avqustun 27-də Tramp daha bir sərəncam imzalayaraq Ontario gölünün ABŞ federal istifadəsində “Lake America” adlandırılmasını tapşırdı. Ağ Evin sənədində ABŞ-ın Böyük Göllərin qorunmasında mühüm rol oynadığı və gölün ABŞ üçün iqtisadi-strateji əhəmiyyəti əsaslandırma kimi göstərilir.
Amma burada da bir incə məqam var: Ontario gölü yalnız ABŞ-a məxsus deyil. Gölün əhəmiyyətli hissəsi Kanada ilə həmsərhəddir. Buna görə də Vaşinqtonun verdiyi qərar bütün dünyanın həmin su hövzəsinə “Lake America” deməsi anlamına gəlmir.
Nəticədə qəribə vəziyyət yaranır: ABŞ xəritəsində bir ad, Kanadada başqa ad, beynəlxalq istifadədə isə ənənəvi ad.
Beləliklə, coğrafi obyektin özü yox, xəritənin siyasi versiyası dəyişir.
Trampın son təklifi isə əvvəlkilərdən daha absurd görünür. Çünki Hörmüz boğazı ABŞ ərazisi deyil. Bu, İran və Oman arasında yerləşən, dünya enerji təhlükəsizliyi baxımından son dərəcə mühüm beynəlxalq su yoludur. Trampın ABŞ-ın boğaz üzərində nəzarətə malik olduğunu əsas gətirərək ona öz adını vermək ideyası, əslində, coğrafi adlandırmadan daha böyük siyasi iddianı ehtiva edir.
Burada söhbət sadəcə “ad dəyişdirmək”dən getmir. “Mən nəzarət edirəmsə, mənim adımı daşımalıdır” məntiqi beynəlxalq münasibətlər üçün olduqca təhlükəli düşüncə tərzidir.
Bu məntiq qəbul edilsə, sabah hansısa dövlət müəyyən dəniz yolunda hərbi üstünlük əldə etdikdə həmin ərazinin adını öz prezidentinin və ya hökmdarının adı ilə dəyişmək hüququna malik olduğunu iddia edə bilər.
Bu isə beynəlxalq hüquq və diplomatik münasibətlər baxımından tamamilə başqa müzakirədir.
Tramp niyə coğrafiyanın adları ilə oynayır? Burada Trampın siyasi üslubunun mühüm xüsusiyyətlərindən biri görünür: simvolik hərəkətlər vasitəsilə siyasi güc nümayiş etdirmək.
Tramp üçün “Amerika” sözünü mümkün qədər çox yerdə görmək sadəcə terminoloji məsələ deyil. Bu, onun siyasi brendinin bir hissəsidir. Amerika körfəzi, Amerika gölü, İndi isə Tramp boğazı. Sanki dövlət siyasətinin əsas vəzifələrindən biri ABŞ xəritəsini yenidən “markalaşdırmaqdır”.
Lakin dövlət idarəçiliyi biznes şirkətinin idarə olunmasına bənzəmir. Prezident hansısa şirkətin sahibi deyil ki, şirkətin binasına, məhsuluna və layihələrinə öz soyadını yazdırsın.
Dövlət başçısının fəaliyyəti şəxsi brenddən daha böyük məsuliyyət tələb edir.
Trampın siyasi davranışında diqqəti cəlb edən başqa bir məqam da “mən” faktorunun həddindən artıq ön plana çıxmasıdır.
ABŞ prezidentinin vəzifəsi dövlət institutlarını gücləndirmək, iqtisadi problemləri həll etmək, vətəndaşların rifahını yüksəltmək, müttəfiqlərlə münasibətləri qorumaq və beynəlxalq təhlükəsizliyi təmin etməkdir.
Amma prezidentin adı siyasi qərarların, coğrafi obyektlərin və dövlət proqramlarının üzərinə nə qədər çox çıxarılırsa, dövlətlə şəxs arasındakı sərhəd bir o qədər bulanıqlaşır.
Bu isə demokratik idarəçilik üçün sağlam əlamət deyil. Dövlət prezidentdən ibarət deyil. Amerika Trampdan ibarət deyil. Dünya coğrafiyası isə ümumiyyətlə heç bir prezidentin şəxsi mülkiyyəti deyil.
Ən maraqlısı budur ki, coğrafi adların dəyişdirilməsi real problemləri həll etmir. Hörmüz boğazının adını dəyişmək orada təhlükəsizliyi təmin etmir. Ontario gölünün adını dəyişmək ABŞ-Kanada münasibətlərini yaxşılaşdırmır. Meksika körfəzinə yeni ad vermək ABŞ iqtisadiyyatının problemlərini aradan qaldırmır. Bunlar daha çox simvolik siyasi jestlərdir.
Belə jestlər isə siyasətçiyə tərəfdarları qarşısında “böyük dəyişikliklər edən lider” obrazı yaratmağa kömək edə bilər. Lakin böyük dövlətlərin tarixində liderin gücü onun xəritədə neçə adı dəyişməsi ilə deyil, ölkəsinin problemlərini nə dərəcədə həll etməsi ilə ölçülür.
Trampın bu tendensiyası davam edərsə, ironik bir sual ortaya çıxır: Görəsən, növbəti mərhələdə nə olacaq? Atlantik okeanı “Tramp okeanı”? Sakit okean “Amerika okeanı”? Vaşinqton “Tramp şəhəri”?
Ağ Ev “Tramp evi”? Əlbəttə, bunlar satirik suallardır. Amma məhz bu satira problemin mahiyyətini göstərir.
Coğrafi adlar minilliklərin tarixini, xalqların yaddaşını, mədəniyyətini və beynəlxalq razılaşmaları özündə daşıyır. Onları siyasi liderin şəxsi brendinə çevirmək isə tarixə və coğrafiyaya olduqca bəsit yanaşmadır.
Dünyanın güclü dövlətlərindən birinin prezidentinin öz adını coğrafiyaya yazdırmağa bu qədər həvəs göstərməsi əslində gücün yox, siyasi eqonun nümayişi kimi görünür. Çünki həqiqi güclü lider öz adını xəritəyə zorla yazdırmağa ehtiyac duymur. Onun adı tarixə gördüyü işlərlə yazılır.
Trampın qarşısında isə ən ciddi sual budur: tarix onu neçə coğrafi obyektin adını dəyişdirdiyinə görə xatırlayacaq, yoxsa ABŞ və dünya üçün hansı real problemləri həll etdiyinə görə?
Coğrafiyanın adını dəyişmək asandır. Tarixin hökmünü dəyişmək isə mümkün deyil.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии