Söhbət sadəcə “torpaqların birləşdirilməsi”ndən getmir. 2026-cı il 14 iyul tarixli qanun dəyişiklikləri ilə kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası ayrıca hüquqi mexanizm kimi müəyyən edilib. Konsolidasiya torpaqların birləşdirilməsi ilə yanaşı, sərhədlərin yenidən müəyyənləşdirilməsi, sahələrin dəyişdirilməsi və zərurət olduqda suvarma, meliorasiya, yol, enerji və digər infrastrukturun yenidən təşkilini də əhatə edir.
Kənd zəhmətkeşi üçün əsas üstünlüklər ondan ibarətdir ki, xırda və parçalanmış torpaqlar daha səmərəli istifadə oluna bilər. Kəndlərdə bir sahibin bir neçə yerdə kiçik torpaq sahəsinin olması kənd təsərrüfatının mexanikləşdirilməsini çətinləşdirir. Konsolidasiya nəticəsində bu sahələrin daha əlverişli formada birləşdirilməsi mümkündür.
Məsələn, kəndlinin 1 hektarlıq torpağı kəndin üç müxtəlif yerindədirsə, texnika ilə becərmə, suvarma və məhsulun daşınması əlavə xərc yaradır. Konsolidasiya bu parçalanmanı azaltmağa imkan verir.
Texnikadan istifadə asanlaşır. Böyük və bütöv sahədə traktor, kombayn, səpin və biçin texnikasından istifadə daha səmərəli olur. Bu isə əmək və yanacaq xərclərinin azalmasına, məhsuldarlığın yüksəlməsinə şərait yarada bilər.
Suvarma və meliorasiya sistemi yaxşılaşdırıla bilər. Qanunda konsolidasiya layihəsinin tərkibində suvarma və meliorasiya infrastrukturu üzrə dəyişikliklərin də nəzərdə tutulması xüsusi əhəmiyyət daşıyır.
Bu, kəndli üçün praktik olaraq o deməkdir ki, torpaqların yeni quruluşu ilə birlikdə suvarma kanalları, drenaj sistemi və digər infrastruktur daha məqsədəuyğun şəkildə təşkil edilə bilər.
Əlbəttə, torpaq sahəsinin dəyəri aşağı salınmamalıdır. Burada kənd zəhmətkeşi üçün ən mühüm təminatlardan biri var: konsolidasiya torpaq mülkiyyətçisinin razılığı və ekvivalent bazar dəyəri əsasında aparılmalıdır. Əgər yeni ayrılan torpağın bazar qiyməti əvvəlki torpağın qiymətindən aşağıdırsa, fərq mülkiyyətçiyə kompensasiya edilməlidir. Əksinə, konsolidasiya nəticəsində torpağın bazar qiyməti yüksələrsə, mülkiyyətçidən əlavə ödəniş tələb olunmur. Bu, xüsusilə vacib hüquqi prinsipdir.
Torpaqların daha böyük təsərrüfatlarda istifadəsi mümkünləşir.
Konsolidasiya kənd təsərrüfatında xırda, parçalanmış sahələrdən daha səmərəli təsərrüfat modelinə keçidi asanlaşdıra bilər. Böyük və bütöv sahələrdə müasir aqrotexnologiyaların tətbiqi, məhsulun çeşidlənməsi, anbar və emal müəssisələri ilə əlaqə daha rahat olur.
Amma kəndli üçün çox vacib bir məqam da var. Bu mexanizm “kəndlinin torpağı əlindən alınaraq böyük sahibkara verilməsi” kimi başa düşülməməlidir. Qanunun mətnində konsolidasiyanın torpaq mülkiyyətçilərinin razılığı və ekvivalent bazar dəyəri əsasında aparılması nəzərdə tutulur.
Bundan başqa, yeni qaydalara görə kənd təsərrüfatı torpağının özgəninkiləşdirilməsi nəticəsində yaranan hər bir yeni sahənin ölçüsü, ümumi qayda olaraq, 5 hektardan az ola bilməz. Bu norma torpaqların həddindən artıq xırdalanmasının qarşısını almağa yönəlib.
Konsolidasiyanın kənd zəhmətkeşinə real faydası qanunun qəbul edilməsində yox, onun kənddə necə tətbiq olunmasından asılı olacaq.
Əgər proses: kəndlinin razılığı ilə; şəffaf torpaq qiymətləndirilməsi ilə; ədalətli kompensasiya ilə; torpaq sərhədlərinin dəqiq müəyyənləşdirilməsi ilə; suvarma və yolların yaxşılaşdırılması ilə; kiçik torpaq sahibinin hüquqlarının qorunması ilə aparılarsa, bu, kənd təsərrüfatının məhsuldarlığını ciddi şəkildə artıra bilər.
Əks halda, konsolidasiya yalnız iri torpaq sahiblərinin maraqlarına xidmət edən mexanizmə çevrilə bilər. Ona görə kəndlinin əsas sualı “torpağım birləşdiriləcəkmi?” yox, “mənim torpağımın hüququ və bazar dəyəri necə qorunacaq?” olmalıdır.
Ədalət Abdinov


0 Комментарии