Kapitalın, demək olar ki, hər şeyə sahib olduğu dünyada KİV-in belə davranması aydın və başadüşüləndir. Kapitalın iradəsi fəhlələrin qələbəsini (kapitalistlərin məğlubiyyəti deməkdir) xatırlatmamaqdan ibarətdir. Əgər İnqilab haqqında danışmağa məcbur olurlarsa, bu zaman yalan danışırlar. Həm də yalnız böyük miqyaslı yalanlar danışırlar: fəhlə dövlətinə hücum edən ağ quldur dəstələrinin təcavüzünü və xarici müdaxiləni müdafiə olunan fəhlələrin üzərinə atırlar. Burjuaziyanın İnqilab haqqında susmaq, həqiqətləri təhrif etmək və bizi onunla qorxutmaq istəyinin arxasında məhz bu gün fəhlələrin və digər zəhmətkeşlərin Oktyabrın ildönümünü qeyd etməsinin mənası dayanır. Burjuaziya çox şeyə sahib çıxsa da, hələ şüurumuzu tamamilə ələ keçirə bilməyib. Deməli, bizi də bütövlükdə idarə etmək iqtidarında deyil.
Nə qədər ki, zəhmətkeş insan – harada və hansı peşədə çalışmasından asılı olmayaraq – şəxsi azadlığını və Vətəninin azadlığını «vahid ölkə» naminə qarətçilərlə birləşməkdən və ya koronavirusa qarşı «vahid cəbhə» yaratmaqdan üstün tutacaq, kapital dünyasının üzərində yeni İnqilabın qara buludları sıxlaşmaqda davam edəcək.
Nə qədər ki, zəhmətkeşlər gələcək haqqında düşünür, övladlarının taleyindən narahat olur və onların kapitalistlərin qulu olmaq «xoşbəxtliyinə» qovuşmasını istəmirlər, burjuaziya rahat yata bilməyəcək. Çünki bir gün ağalar və qullar olmayan yeni bir dünyada oyanmaq təhlükəsi ilə üz-üzədirlər. Elə bir dünyada ki, onların bu günkü bütün xüsusi mülkiyyəti artıq şəxsi mənfəət və naz-nemət mənbəyi olmayacaq, əksinə, həm hazırda yaşayan, həm də hələ dünyaya gələcək bütün zəhmətkeşlərin rifahı naminə fəaliyyət göstərəcək.
İnqilab kapitalistlərdə və xalqın boynuna çökmüş digər parazitlərdə heyvani qorxu yaratmaqla yanaşı, 7 Noyabr bizi də səsləyir. 1917-ci ilin mübarizə apararaq azadlıqlarını fəth etmiş fəhlə və kəndliləri öz nümunələri ilə bizə müraciət edir, bir daha qələbəyə aparacaq yolu göstərirlər.
Tarixi bildikcə, bu gün Böyük Oktyabrın qələbəsindən sonra Sovet hakimiyyətinin əldə etdiyi bütün nailiyyətləri xatırladıqca, getdikcə daha çox zəhmətkeş özünün inqilabçı olduğunu dərk edir. Bu gün azadlıq tonqalını alovlandırır, kapitalizmin qaranlığını dağıdır və İnqilabımızı davam etdirərək 1991-ci ilin əks-inqilabının nəticələrinin aradan qaldırılması üçün zəmin yaradır.
Məhz buna görə də 7 Noyabrı qeyd etmək zəruridir! Bu günü elə qeyd etmək lazımdır ki, nə özümüz unudaq, nə də digər zəhmətkeşlərə və həqiqi vətənpərvərlərə xatırlatmağı unutmayaq: sona qədər qət ediləcəyi təqdirdə kapitalizmin dəhşətlərini keçmişə çevirəcək yol hansıdır.
Oktyabr Günü təkcə keçmişə olan ehtiramımız deyil, həm də gələcək uğrunda əsl mübarizəmizdir. Kapitalistlərin bizdən almaq, 7 Noyabrı isə həmişəlik unutdurmaq istədikləri gələcək uğrunda mübarizə!
Ədalət Abdinov


0 Комментарии