Marqaret Tetçer XX əsrin son rübündə kapitalizmin və neoliberal iqtisadi
siyasətin ən tanınmış siyasi simalarından biri olmuşdur. Böyük Britaniyanın 1979–1990-cı
illərdə baş naziri kimi o, həm ölkə daxilində sosialist və kommunist
ideyalarına qarşı mübarizə aparmış, həm də beynəlxalq miqyasda Sovet
İttifaqının siyasi və ideoloji təsirinin zəiflədilməsini müdafiə etmişdir.
Tetçerin
fəaliyyəti yalnız bir siyasi liderin ideoloji mövqeyi kimi deyil, həm də
kapitalizmin böhran şəraitində öz mövqelərini möhkəmləndirmək və sosialist
alternativinin nüfuzunu azaltmaq cəhdi kimi qiymətləndirilə bilər.
Tetçerin
antikommunist mövqeyi onun siyasi dünyagörüşünün əsasını təşkil edirdi. O,
kommunizmi fərdi azadlıqları məhdudlaşdıran, dövlətin iqtisadiyyata
müdaxiləsini genişləndirən və bazar iqtisadiyyatına alternativ olan ideologiya
kimi təqdim edirdi.
1976-cı ildə
Sovet mətbuatında ona “Dəmir ledi” ləqəbinin verilməsi onun SSRİ-yə qarşı sərt
çıxışları ilə bağlı idi. Tetçer bu ləqəbi öz siyasi qətiyyətinin simvolu kimi
qəbul etmişdi.
Onun üçün kommunizmin ideoloji diskreditasiyası: sosialist sistemini azadlıq və demokratiyaya təhlükə kimi təqdim etmək demək idi.
Bu baxımdan Tetçerin antikommunizmi təkcə
Sovet İttifaqına qarşı xarici siyasət mövqeyi deyil, həm də Britaniya
cəmiyyətində sosialist iqtisadi modelinin nüfuzunu zəiflətməyə yönəlmiş daxili
siyasi strategiya idi.
Tetçerin baş nazirliyi dövründə Böyük
Britaniya ABŞ prezidenti Ronald Reyqanla sıx əməkdaşlıq edərək SSRİ-yə qarşı
sərt mövqe tutdu.
NATO-nun hərbi-siyasi rolunun
gücləndirilməsi; Britaniyanın nüvə silahı potensialının saxlanılması və müdafiə
xərclərinin artırılması; Qərbi Avropada ABŞ-ın nüvə raketlərinin
yerləşdirilməsinin dəstəklənməsi; Sovet İttifaqının beynəlxalq nüfuzunun və siyasi
təsirinin məhdudlaşdırılması; SSRİ-nin Əfqanıstandakı müdaxiləsinə və Polşadakı
siyasi hadisələrə qarşı təzyiq siyasəti. bu siyasətin əsas elementləri idi.
Tetçer və Reyqan üçün Soyuq müharibə yalnız
geosiyasi rəqabət deyil, həm də ideoloji mübarizə idi. Onlar kommunizmin hərbi
və iqtisadi baxımdan məğlub edilməsini Qərb siyasi modelinin qələbəsi kimi
qiymətləndirirdilər.
Tetçerin sosializmə qarşı mübarizəsinin ən
mühüm istiqaməti Britaniyanın iqtisadi və sosial strukturunun dəyişdirilməsi
idi. Onun hökuməti dövlətin iqtisadiyyatda rolunu azaltmaq və kapitalın xüsusi
mülkiyyət əsasında fəaliyyət imkanlarını genişləndirmək məqsədi güdürdü.
Dövlət müəssisələrinin özəlləşdirilməsi ilə dövlət mülkiyyətinin miqyasını
azaltdı və kapitalın özəl sektorda cəmləşməsini gücləndirdi.
Tətil və piket imkanlarını məhdudlaşdırmaqla Həmkarlar ittifaqlarının zəiflətdi və fəhlə
hərəkatına ağır zərbə vurdu.
Sosial mülkiyyətin azaldılması, yəni bələdiyyə mənzillərinin kirayəçilərə
satılması və sosial xidmətlərin bazar prinsiplərinə uyğunlaşdırılması ilə
Tetçer hökuməti kollektiv təminat
modelini dəyişdirdi.
Bu siyasətlər nəticəsində həmkarlar ittifaqlarının gücü azaldı, dövlət müəssisələrinin
böyük hissəsi özəlləşdirildi və Britaniya iqtisadiyyatında maliyyə sektorunun
rolu artdı. Eyni zamanda, sənaye iş yerlərinin itirilməsi, regional
bərabərsizlik və gəlir fərqlərinin genişlənməsi ciddi sosial problemlərə
çevrildi.
Tetçerin antikommunist siyasətinin mühüm ziddiyyətlərindən biri onun
demokratiya və azadlıq haqqında bəyanatları ilə bəzi avtoritar rejimlərə
münasibəti arasındakı fərq idi.
Məsələn: o, Çilidə Auqusto Pinoçetin antikommunist rejiminə rəğbət
göstərirdi. Cənubi Afrikada aparteid rejiminə qarşı sərt beynəlxalq
sanksiyalara ehtiyatla yanaşırdı. Afrika Milli Konqresinin mübarizəsinə
kommunizmin yayılması təhlükəsi prizmasından baxırdı.
Bu mövqelər göstərir ki, Tetçerin xarici siyasətində antikommunizm bəzən
demokratik prinsiplərdən daha üstün tutulurdu.
Tetçerin antisovet siyasəti dəyişməz və bütün dövrlərdə eyni sərtlikdə
qalmadı. 1984-cü ildə Mixail Qorbaçovla görüşündən sonra onun sovet rəhbərliyi
ilə münasibətlərində daha praqmatik mərhələ başladı.
Tetçer Qorbaçovu Qərblə danışıqlar aparmağa hazır olan lider kimi
qiymətləndirirdi. Onun məşhur mövqeyi — Qorbaçovla “iş görmək mümkündür” —
diplomatiyada yeni mərhələnin başlanğıcını ifadə edirdi.
Lakin bu dəyişiklik onun kommunizmə ideoloji münasibətinin dəyişməsi demək
deyildi. Və bununla o, siyasət meydanında Qorboçovu məharətlə “fırlatmağa”
başladı.
Ədalət Abdinov


0 Комментарии