Recents in Beach

Zəfər Günümüz mübarək!



Əziz həmvətənlər!


Azərbaycan Sosialist Hərəkatı adından xalqımızı 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə misilsiz qəhrəmanlıq göstərmiş xalqımıza möhkəm birlik, əmin-amanlıq və firavan gələcək arzulayırıq!

Azərbaycanın müasir tarixində xüsusi yeri olan bu möhtəşəm Zəfər təkcə hərbi qələbə deyil, həm də xalqımızın milli iradəsinin, birliyinin, mübarizə əzminin və tarixi ədalətə inamının təntənəsidir.

Sovet İttifaqının dağılması ərəfəsində və sonrakı dövrdə Cənubi Qafqazda baş verən milli münaqişələr regionun siyasi, iqtisadi və sosial həyatına ağır zərbələr vurdu. Ermənistan-Azərbaycan münaqişəsi də bu mürəkkəb geosiyasi proseslərin ayrılmaz hissəsinə çevrildi. Beynəlxalq güc mərkəzlərinin geosiyasi maraqları, regionda təsir dairəsini genişləndirmək uğrunda mübarizəsi və münaqişənin həllinə yönəlmiş beynəlxalq səylərin səmərəsizliyi faciənin daha da dərinləşməsinə şərait yaratdı.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal edildi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə ağır zərbə vuruldu, minlərlə insan həyatını itirdi. Bu faciə yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ictimai-siyasi və humanitar həyatının ağır sınağı oldu.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və işğalçı qüvvələrin ərazilərimizdən çıxarılması ilə bağlı müddəaların mövcudluğuna baxmayaraq, onların uzun illər həyata keçirilməməsi beynəlxalq hüququn nüfuzuna ciddi zərbə vurdu. Təxminən otuz il davam edən danışıqlar prosesində nəticəsizliyin aradan qaldırılmaması münaqişənin siyasi həllini mümkünsüzləşdirən amillərdən biri oldu.

Azərbaycan xalqı isə bütün bu illər ərzində öz tarixi torpaqlarını azad etmək əzmindən dönmədi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın milli həmrəyliyinin, dövlətimizin hərbi-siyasi iradəsinin və Azərbaycan Ordusunun döyüş qüdrətinin parlaq təzahürünə çevrildi.

Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən müharibə nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi, 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması isə Zəfərin tarixi və rəmzi zirvəsi oldu. 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin bütün ərazisində bərpası ilə bu tarixi proses yeni mərhələyə qədəm qoydu.

Biz hesab edirik ki, Zəfərin ən mühüm dərslərindən biri xalqın birliyi, milli həmrəylik və müstəqil dövlətçilik iradəsinin nə qədər böyük gücə malik olduğunu nümayiş etdirməsidir.

Azərbaycan Sosialist Hərəkatı olaraq hesab edirik ki, qazanılmış Zəfərin siyasi və mənəvi dəyəri ölkəmizdə sosial ədalətin, xalqın rifahının, əmək adamlarının hüquqlarının və bərabər imkanların təmin edilməsi ilə daha da möhkəmlənməlidir.

Biz inanırıq ki, müharibənin ağrı-acılarını yaşamış Azərbaycan xalqının ən böyük arzusu sülh, təhlükəsizlik, sosial rifah və gələcəyə inam şəraitində yaşamaqdır. Regionda davamlı sülhün bərqərar olması, xalqlar arasında qarşılıqlı hörmətə və suverenliyə əsaslanan münasibətlərin qurulması gələcək nəsillər qarşısında mühüm tarixi vəzifədir.

Bu əlamətdar gündə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə şəfa və uzun ömür arzulayırıq.

Zəfər xalqımızın iradəsinin təntənəsidir!

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Azərbaycan xalqının birliyi və həmrəyliyi!

8 Noyabr – Zəfər Günümüz mübarək!


Ədalət Abdinov,
Azərbaycan Sosialist Həkatının sədri
8 noyabr 2026-cı il.

Отправить комментарий

0 Комментарии