2017-ci il fevralın 12-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu işə başlamışdır. Plenumun müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:
1.Sov. İKP MK-nın dekabr (2016-cı il) plenumunun yekunları və Böyük Oktyabr Sosialist İnqilabının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Kommunist Partiyasının qarşısında duran vəzifələr.
2.Azərbaycan Kommunist Partiyasının növbəti qurultayına hazırlıq.
3.Azərbaycan Kommunist Partiyasının 2016-cı il üçün malıyyə xərclərinin təsdiqi.
Birinci və ikinci məsələlər barədə Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi T. Nurullayev, üçüncü məsələ ilə bağlı Azərbaycan Kommunist Partiyası Nəzarət Təftiş Komissiyasının sədr əvəzi Ş.Rzayev məruzə etmişdir. Məruzələr ətrafında müzakirələr başlanmışdır.
Müzakirələrdə Azərbaycan Kommunist Partiyası MK üzvlərindən H. Həsənov, Q.Qəhrəmanov, R. Cəfərov, R. Dadaşov, T. Şükürov, A. Zeynalov, B.Hacıyev, və K. Dadaşov çıxış etmişlər. Çıxışlarda partiya daxili problemlər müzakirə edilmiş və partiyanın gələcək inkişaf planları istiqamətində təkliflər verilmişdir.
Plenum qeyd etmişdir ki, Böyük Oktyabr Sosialist İnqilabının 100-cü ildönümü ilə əlaqədar kommunistlərin hərəkatı daha da genişlənməli, güclənməli və birliyi möhkəmlənməlidir. Bunun üçün təşkilatçılıq fəaliyyəti ilə ideoloji fəaliyyətin vəhdəti təmin edilməsi prosesinə rəhbərliyi daha da qüvvətləndirmək, partiya intizamını möhkəmləndirmək, rayon partiya təşkilatlarına qarşı tələbkarlığı artırmaq bundan sonra da MK bürosunun çox mühüm vəzifəsi olmalıdır.
Plenumda vurğulanmışdır ki, respublika içtimaiyyətinin diqqətini sovet maddi - mədəniyyət abidələrin qorunmasına yönəltmək partiyanın mühüm vəzifələrindən biridir. Sovet tarixi abidələri layiqli keçmişimizin maddi yadigarlarıdır. Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışlar.
Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.
Bununlada Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu öz işini qurtarmışdır.
Azərbaycan KP MK-nın mətbuat xidməti

0 Комментарии