Masallı rayonunun ictimai-mədəni həyatında uzun illər fəal iştirak etmiş, peşəkar jurnalist və dəyərli publisist Həsənağa Murtuza oğlu Əliyevin vəfatı xəbəri məni dərindən kədərləndirdi.
Həsənağa Əliyev ömrünün böyük bir hissəsini mətbuata, söz sənətinə və cəmiyyətin maariflənməsinə həsr etmişdir. O, uzun illər Masallı rayonunda nəşr olunan “Çağırış” qəzetində (sonralar “Yeni həyat” adı ilə fəaliyyətini davam etdirən) çalışaraq, oxucuların rəğbətini qazanmış, qələmi ilə ictimai fikrin formalaşmasına mühüm töhfələr vermişdir. Onun yazıları daim aktuallığı, səmimiliyi və dərin təhlili ilə seçilmişdir.
Peşəsinə sədaqəti, yüksək mənəvi keyfiyyətləri, sadəliyi və insanlara olan diqqəti ilə Həsənağa müəllim həmkarlarının və onu tanıyanların böyük hörmətini qazanmışdır. O, yalnız jurnalist kimi deyil, həm də ziyalı, vətəndaş mövqeyi olan insan kimi yaddaşlarda qalacaqdır.
Həsənağa Murtuza oğlu Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Ədalət Abdinov,
SSRİ Jurnalistlər İttifaqının üzvü


0 Комментарии