Ədalət Abdinov, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi
Sovet İttifaqı Kommunist Partiyasınin təşkilatçısı, Sovet dövlətinin banisi, bütün dünya zəhmətkeşlərinin böyük rəhbəri və müəllimi Vladimir İliç Leninin vəfatından 98 il ötür.
Sovet İttifaqı Kommunist Partiyasınin təşkilatçısı, Sovet dövlətinin banisi, bütün dünya zəhmətkeşlərinin böyük rəhbəri və müəllimi Vladimir İliç Leninin vəfatından 98 il ötür.
V.İ.Lenin öz inqilabi fəaliyyətinin lap başlanğıcından etibarən marksizm mövqeyində möhkəm dayandı, özünü fəhlə - kəndli sinfinin mənafeyi uğrunda yenilməz mübariz kimi, Marks və Engels işinin layiqli xələfi kimi göstərdi. Lenin marksist nəzəriyyənin inkişafında yeni bir mərhələ açdı.
V.İ.Lenin kapitalizmin inkişafının imperializm mərhələsinin qanunauyğunluqlarını tədqiq etdi, XIX əsrin axırları və XX əsrin əvvəllərindən beynəlxalq fəhlə hərəkatının, habelə bütün azadlıq hərəkatının təcrübəsini ümumiləşdirdi. Onun nəzəri və əməli inqilabi fəaliyyəti beynəlxalq inqilabi hərəkat mərkəzinin Rusiyaya keçdiyi bir dövrdə davam edirdi.
V.İ.Lenin tarixin gedişinin irəli sürdüyü ən aktual suallara cavab verdi, sosialist inqilabı və kommunizm cəmiyyəti quruculuğu nəzəriyyəsini hərtərəfli inkişaf etdirdi. O, beynəlxalq inqilabi hərəkatı elmi cəhətdən əsaslandırılmış strategiya və taktika ilə silahlandırdı, fəhlə sinfinin sosializm ideallarını həyata keçirmək uğrunda mübarizəsinə rəhbərlik etdi.
Əgər Marks və Engels sosializmi utopiyadan elmə çevirdilərsə, həmin elmin sonrakı inkişafı, onun milyonlarla adamın sosial praktikasında təcəssümü Leninin adı ilə bağlıdır.
Vladimir İliç Lenin 22 aprel 1870-ci ildə Simbirsk quberniyasının (indiki Ulyanovsk) Qorki qəsəbəsində (indiki Leninskiye Qorki) xalq məktəblərinin inspektoru ailəsində anadan olmuşdur. Atası İ.N. Ulyanov Həştərxan şəhərinin yoxsul meşşanları nəslindən, anası M.A.Ulyanova həkim qızı idi. Ulyanovlar ailəsində 6 uşaq var idi: Anna, Aleksandr, Vladimir, Olqa, Dmitri və Mariya. Böyük qardaşı A.İ.Ulyanov çar III Aleksandra sui-qəsd hazırlanmasında iştirakına görə 1887-ci ildə edam edilmişdir. Bacıları A.İ.Yelizarova-Ulyanova, M.İ.Ulyanova, kiçik qardaşı D.İ.Ulyanov Kommunist Partiyasının görkəmli xadimləri olmuşlar. Lenin 1879-87 illərdə Simbirsk gimnaziyasında oxumuş və oranı qızıl medalla qurtararaq Kazan Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Lakin tələbələrin inqilabi çıxışlarında fəal iştirakına görə 1887-ci ilin dekabrında həbs olunaraq universitetdən çıxarıldı və Kokuşkino kəndinə sürgün edildi. Beləliklə, 17 yaşlı Lenin inqilabi mübarizə yoluna qədəm qoydu. 1888-ci ilin oktyabrında Leninin Kazana köçməsinə icazə verildi. Burada o, N.Y.Fedoseyevin marksist dərnəklərindən birində daxil olur, bütün vaxtını səylə marksizm nəzəriyyəsini öyrənməyə sərf edir, gənc Kazan marksistləri ilə görüşürdü. Lenin ilk rus marksistlərindən biri, elmi sosializmin möhkəm əqidəli tərəfdarı və alovlu təbliğatçısı idi. K.Marks və F.Engelsin əsərləri onun dünyagörüşünün formalaşmasında həlledici rol oynamışdır.
Lenin 1891-ci ildə Peterburq universiteti yanında hüquq fakültəsi üçün
ekstern qaydası ilə dövlət imtahanları verdi. 1892-ci ilin axırında Lenin vəkil
köməkçisi təyin edildi və mart ayında, ailəsinin hələ 1899-cu ildə köçdüyü
Samarada mahal məhkəməsində çıxış etməyə başladı. Samarada Lenin xalqçılığa
qarşı ardıcıl mübarizəyə başladı. «Kommunist Partiyasının Manifesti» kitabını
rus dilinə tərcümə etdi. Samara marksistlərinin ilk dərnəyini yaratdı. Leninin
marksist əqidəsi məhz Kazanda və Samarada yaşadığı illərdə təşəkkül tapmış,
həmin illər geniş inqilab meydanına çıxmaq üçün qüvvə toplamaq dövrü olmuşdur.
Lenin 1893-cü ilin avqustunda Peterburqa gedir, bu səfərindən Nijni
Novqorod və Moskvadakı marksistlərlə əlaqə yaratmaq üçün istifadə edir. O,
Peterburqda vəkil köməkçisi işləyirdi, lakin marksist dərnəyinə daxil olaraq
bütün vaxtını və qüvvəsini inqilabi işə sərf edirdi. Leninin bu dərnəyə gəlməsi
«öz nəticələri etibarı ilə xeyirli bir tufana» bənzədilirdi. Fəhlə sinfinin
qələbəsinə sarsılmaz inamı, geniş biliyi, marksizmi dərindən başa düşməsi və
xalq kütlələrini həyəcanlandıran həyati məsələlərin həllinə tətbiq etməyi
bacarması onu Peterburq marksistlərinin tanınmış rəhbəri etdi. Lenin qabaqcıl
fəhlələrdən V.A.Şelqunov, İ.V.Babuşkin və başqaları əlaqə yaratdı, fəhlələrin
siyasi dərnəklərinə rəhbərliyə başladı. 1894-cü ilin fevralında Lenin
N.K.Krupskaya ilə tanış oldu, ümumi inqilabi iş onların dostluğunun əsasını
qoydu.
Lenin Peterburqda inqilabi fəaliyyətinin ilk addımlarından xalqçılığa qarşı
inadı mübarizə aparırdı. «Kəndli həyatında yeni təsərrüfat hərəkatı» (bu,
Leninin bizə gəlib çatmış ilk əsəridir və 1893-cü ilin yazında Samarada
yazılmışdır) «Bazarlar məsələsi deyilən məsələyə dair» (1893), ««Xalq dostları»
nədir və sosial-demokratlara qarşı onlar necə mübarizə edirlər?» (1894),
«Rusiyada kapitalizmin inkişafı» (1899) əsərlərində Lenin xalqçılığın ideyaca
darmadağın edilməsini başa çatdırdı. Lenin bu zaman
«leqal-marksizm»ə qarşı da mübarizə aparmalı oldu.
1895-ci ilin
fevralında Peterburq, Moskva, Kiyev və Vilnüs sosial-demokratlarının
müşavirəsində Leninin xaricə getməsi qərara alındı, lakin o, sətəlcəm
olduğundan yalnız aprelin axırlarında yola düşə bildi. Lenin 1895-ci ilin
mayında Cenevrədə ilk dəfə G.V.Plexanovla, «Əmək azadlığı» qrupunun digər
üzvləri ilə tanış oldu. Sonra Parisdə K.Marksın kürəkəni Pol Lafarqla,
Almaniyada V.Libknextlə görüşdü və 1895-ci il sentyabrın 7-də Rusiyaya qayıtdı.
Lenin 1895-ci ilin payızında Peterburq «Fəhlə sinfinin azadlığı uğrunda
mübarizə ittifaqı»nı yaratdı. Dekabrın 8(20)-dən 9(21)-nə keçən gecə Lenin və
«Mübarizə ittifaqı»nın rəhbər qrupunun üzvlərinin çoxu həbs edildi. Lenin
həbsxanada partiya proqramının layihəsi üzərində işləyir, tədqiqatlarını davam
etdirirdi. 1897-ci ilin fevralında 3 illiyə Yenisey quberniyasının Şuşenskoye
kəndinə sürgün edildi. H.K.Krupskaya da inqilabi fəaliyyətinə görə sürgünə məhkum
olunmuşdu və Leninin nişanlısı kimi Şuşenskoyeyə göndərildi; 1898-ci il iyulun
10-da onlar burada evləndilər. Lenin sürgündə böyük nəzəri işlə məşğul olurdu.
Sürgündə yazdığı «Rus sosial-demokratlarının vəzifələri» kitabçasında (1897)
Lenin rus sosial-demokratiyasının siyasi proqramını və taktikasını
əsaslandırmış, «vahid sosial demokrat fəhlə partiyası» yaratmağa çağırmışdı.
Lenin «iqtisadçılığa» qarşı barışmaz mübarizə aparırdı və «iqtisadçılar»ın
proqrammı («Sredo») əleyhinə «Rusiya sosial-demokratlarının protesti»ni yazdı.
«Protest»in müzakirəsi üçün Lenin 1899-cu ilin yayında sürgündəki
sosial-demokratların müşavirəsini keçirdi; sürgündə olan 17 sosial-demokrat
«Protest»i yekdilliklə qəbul etdi. Lenin sürgündə marksist partiya yaratmağın
təşkilat planını düşünmüşdü və bu planı RSDFP-nin 1-ci qurultayında partiyanın
rəsmi orqanı qəbul edilmiş «Raboçaya qazeta» üçün nəzərdə tutulan «Bizim
proqramımız», «Ən yaxın vəzifəmiz», «Vacib məsələ» məqalələrində şərh etdi,
marksistlər arasında birinci olaraq fəhlə sinfinin partiya məsələsini yeni
tipli partiya məsələsi kimi qarşıya qoydu.
Lenin 1900-cu il
yanvarın 29-da (fevralın 10-da) ailəsi ilə Şuşenskoyeni tərk etdi, yolüstü
Ufada dayandı (N.K.Krupskaya 1 il də Ufa quberniyasında sürgündə qalmalı idi).
Ufada sürgündə olan sosial-demokratlarla görüşür, Moskvaya, gizli surətdə
Peterburqa gedir və həmfikirləri ilə əlaqə yaradır. Fevralda yeni yaşayış
yerinə – Pskova gəlir; qəzetin – gələcək «İskra»nın təşkili sahəsində böyük iş
aparır. 1900-cu ilin iyulunda Lenin xaricə gedib, orada «İskra»nın nəşrini
qaydaya saldı. 1900 - 1905-ci illərdə Lenin Münxendə, Londonda, Cenevrədə
yaşamışdır. 1901-ci ilin dekabrında Vladimir İliç «Zarya» jurnalında çap
edilmiş «Aqrar məsələ və «Marksın» tənqidçiləri» məqaləsinin 1-4-cu fəsillərini
ilk dəfə Lenin təxəllüsü ilə imzaladı (ümumiyyətlə Leninin 160-dan çox
təxəllüsü olmuşdur: V.İlyin, V.Frey, İv. Petrov, K.Tulin, Karpov və s.).
Görünür həmin təxəllüsü təsadüfi götürmüşdü, lakin ola bilər ki, «Lenin»
təxəllüsünün meydana gəlməsi belə bir hadisə ilə də əlaqədardır: İskra«da
Plexanovla birlikdə işlədiyi zaman Plexanovun təxəllüsü Volgin (Volqa çayının
adından götürülmüşdür) idi, Vladimir İliç də öz əsərlərini Lena çayının adından
götürdüyü təxəllüslə imzalamağa başlamışdı.
Leninçi «İskra»
Rusiyada yeni tipli marksist partiya uğrunda mübarizəyə başladı. Leninin
rəhbərliyi ilə «İskra»ya yardım qrupları və qəzetin agentləri şəbəkəsi
yaranırdı. «İskra»nın təkrar çapı üçün Bakıda və Kişinyovda gizli mətbəələr
təşkil edildi. 1902-ci ildə Leninin partiyanın yaradılmasında böyük rol oynamış
«Nə etməli?» kitabı çapdan çıxdı. Leninin rəhbərliyi sayəsində «İskra»
redaksiyası inqilabi partiya proqramı yarada bildi. Lenin RSDFP-nin 2-ci
qurultayının hazırlanmasına çoxlu vaxt sərf edirdi: partiyanın nizamnaməsini,
qurultayın iş planını, qətnamələrin layihəsini hazırlamışdı. RSDFP-nin 2-ci
qurultayı (1903) yeni tipli marksist partiya – bolşeviklər partiyası yaratdı.
Partiyanın təşkilat prinsiplərinin hazırlanmasında və menşevizmin partiya üçün
ciddi təhlükə olduğunu izah etməkdə Leninin «Bir addım irəli, iki addım geri»
(1904) kitabının böyük əhəmiyyəti oldu. Lenin, bolşeviklər RSDFP-nin 3-cü
qurultayını çağırmaq uğrunda mübarizəyə başladılar. Qurultay 1905-ci ilin
aprelində Londonda Leninin rəhbərliyi ilə öz işinə başladı. Özünün dediyi kimi,
«mənfur uzaqlarda» iztirab çəkməyə məcbur olan Lenin birinci rus inqilabının
inkişafını diqqətlə izləyirdi. Lenin «Demokratik inqilabda
sosial-demokratiyanın iki taktikası» (1905) kitabında Rusiyada birinci burjua-demokratik
inqilabında bolşevik taktikasını işləyib hazırladı, sosialist inqilabı
haqqında marksizm təlimini yeni ideyalarla zənginləşdirdi, menşeviklərin
opportunizmini tənqid etdi.
1905-ci ilin
noyabrında Peterburqa gələn Lenin bolşevik MK-sına və Peterburq komitəsinə,
«Vperyod», «Proletari», «Novaya jizn» qəzetlərinə, silahlı üsyan hazırlanmasına
rəhbərlik edir, partiya yığıncaqları, konfrans və müşavirələrdə çıxış edir,
partiya işçiləri ilə görüşür, bolşevik mətbuatı üçün məqalələr yazırdı. Lenin gizli
yaşayırdı və bir neçə dəfə Peterburqdan Finlandiyaya getməli olmuşdu. Orada,
Tammerforsda bolşeviklərin 1-ci konfransına (1905, dekabr) rəhbərlik etmişdi.
1906-cı ilin aprelində Lenin RSDFP-nin 4-cü (Birləşdirici) qurultayında iştirak
etmək üçün Stokholma yola düşdü. Lenin qurultaydan sonra coşqun fəaliyyətə
başladı, geniş fəhlə kütlələrinə qurultaydakı mübarizə haqqında məlumat verdi,
qurultayın bolşevik nümayəndələrinə müraciətnamə yazdı, «RSDFP Birləşdirici
qurultayı haqqında məruzə (Peterburq fəhlələrinə məktub)» kitabçasını nəşr
etdirdi. Lenin partiyanın yeni qurultayını, çağırmaq vəzifəsini irəli sürdü.
Polisin təqibi üzündən 1906-cı ilin yayında Lenin Finlandiyaya getdi, 1907-ci
ilin dekabrına qədər (fasilələrlə) Kuokkalada yaşadı; MK-ya və Peterburq
komitəsinə bilavasitə rəhbərlik üçün gizli surətdə Peterburqa gəlirdi. Lenin
«Proletari» qəzetinin redaktoru oldu; qəzetdə onun 100-dən çox məqaləsi dərc
edilmişdi. 1907-ci il aprelin axırlarında Lenin Kopenhagenə getdi, orada
bolşevik nümayəndələrinin müşavirəsini çağırdı. RSDFP-nin 5-ci qurultayını da
burada çağırmaq nəzərdə tutulmuşdu. Lakin Danimarka polisinin tələbi ilə
nümayəndələr ölkəni tərk etdilər. Qurultay Londona köçürüldü. Lenin yolda
Berlinə gəldi və A.M.Qorki, K.Kautski, R.Lüksemburqla görüşdü. 1907-ci ilin
aprel-mayında Londonda RSDFP-nin 5-ci qurultayı oldu. Lenin qurultaya rəhbərlik
etdi; burjua partiyalarına münasibət haqqında onun məruzəsi qurultayın işində
çox mühüm yer tutdu, bu barədə Lenin qətnaməsi qəbul olundu. Lenin RSDFP MK tərkibinə
seçildi, Lenin başda olmaqla Bolşevik mərkəzi yaradıldı. 1907-ci ilin iyununda
Lenin Rusiyaya qayıtdı. Polis departamenti Peterburq jandarm rəisindən Lenin
haqqında olan bütün məlumatın xəbər verilməsini və onun Finlandiyadan
gətirilməsi məsələsinin qaldırılmasını tələb etdi. Bolşevik mərkəzi Leninin
xaricə getməsi haqqında qərar çıxardı. Lenin böyük bir risklə (portda deyil,
adaların birində gəmiyə minməyə məcbur oldu. Yolun bir hissəsini gecə, Fin
körfəzində hələ bərkiməmiş buzun üstü ilə getməli oldu və buz sındığından o, az
qala boğulmuşdu) 1907-ci ilin dekabrında xaricə gedib çıxa bildi. Onun ikinci
mühacirəti 10 il çəkdi.
1908-ci ilin
yanvarında Lenin Krupskaya ilə Cenevrəyə gəldi və dərhal «Proletari» qəzetinin
nəşrini bərpa etməyə başladı. Lenin irtica şəraitində mətbuat orqanını partiya
uğrunda mühüm bir vasitə sayır, partiyanı və fəhlə sinfini inqilabın yeni
yüksəlişinə hazırlamaq silahı hesab edirdi. 1908-ci il aprelin 2-ci yarısında
Lenin A.M.Qorki ilə görüşmək üçün Kapri adasına (İtaliya) gəldi. 1908-ci ilin
axırlarında «Proletari»nin nəşri, o zaman rus mühacirlərinin mərkəzi olan
Parisə köçürüldü; Lenin və Krupskaya da oraya gəldilər. Parisdə onların həyat
şəraiti ağır idi. Lenin şəhər kənarında ucuz mənzil tutmuşdu və Milli
kitabxanadan istifadə etmək üçün velosipedlə bütün şəhərdən keçib getməli
olurdu. Lenin Parisdə bolşevik qrupunun işində fəal iştirak edir, Fransa fəhlə
hərəkatını öyrənirdi. 1908-ci ilin dekabrında (1909-cu ilin yanvarında) Lenin
RSDFP-nin 5-ci Ümumrusiya konfransında əsas məruzə ilə çıxış etdi. Leninin
təklifi ilə konfrans təsviyəçiliyi qətiyyətlə pislədi, partiya təşkilatlarını
təsviyəçiliyə qarşı barışmaz mübarizəyə çağırdı. İrtica illərində Lenin
bolşevizmin aqrar proqramının işlənib hazırlanması, fəlsəfə əleyhinə,
partiyanın marksist fəlsəfə baxışlarını müdafiə etmək məsələləri ilə ciddi
məşğul olurdu. 1909-cu ilin mayında marksizm fəlsəfəsinin əsaslarını təftiş
etmək cəhdlərinə qarşı ardıcıl və barışmaz mübarizə nümunəsi olan «Materializm
və empiriokritisizm» kitabı çapdan çıxdı. Bu dahiyanə əsər marksizm
fəlsəfəsinin inkişafında yeni, Lenin mərhələsidir. Lenin partiyanın əməli
fəaliyyətini onun nəzərə əsaslarının ideya saflığı uğrunda, marksizm təliminə
sədaqət uğrunda mübarizə ilə sıx əlaqələndirirdi. Lenin partiyanı qoruyub
saxlamaq və möhkəmlətmək uğrunda mübarizə apararaq, ilk növbədə fəhlələrdən
partiya kadrları hazırlamaq işinə böyük diqqət yetirirdi. 1909-cu ilin iyununda
Parisdə «Proletari»nin geniş redaksiyasının müşavirəsi keçirildi. Otzovistlərə
qarşı mübarizədə Lenin otzovizm və ultimatizm məsələsinə dair çıxış
edərək həm sağdan təsviyəçiliyə, həm də «sol»dan təsviyəçiliyə qarşı mübarizə
aparmalı olurdu. Lenin həm də özünün «franksiyaçılıqdan kənarda» olmasına dair
saxta ibarələr arxasında aparırdı. Trotskinin ikiüzlü, böhtançı və mənsəbpərəst
olduğunu ifşa edən Lenin onu «iuduşka» adlandırmışdı.
Lenin mühacirətdə
2-ci İnternasionalın opportunizmi əleyhinə də mübarizə aparırdı. O, Beynəlxalq
sosialist bürosunun iclaslarında iştirak edir, beynəlxalq fəhlə hərəkatına dair
məruzələr edir, məqalələr yazırdı. 1910-cu ilin yayında Lenin ailəsi ilə
birlikdə Biskay körfəzi sahilindəki Pornik qəsəbəsində istirahət etdikdən
sonra, yayın axırlarında 2-ci İnternasionalın 8-ci konqresində iştirak etmək
üçün Kopenhagenə gəldi. Konqresin işi zamanı Lenin gizli marksist partiyasını
təsviyəçilərə, trotskiçilərə qarşı qoruyub saxlamaq uğrunda birgə mübarizə üçün
yenidən Plexanovla yaxınlaşdı. Sentyabrın ortalarında Lenin üç ildən bəri
görmədiyi 75 yaşlı anası ilə görüşmək üçün Stokholma getdi. O, anasına çox incə
mehribanlıq və qayğıkeşlik göstərirdi. Mariya Aleksandrovna burada birinci dəfə
oğlunun kütlə qarşısında açıq çıxışını dinlədi (bu, Leninin anası ilə son
görüşü idi; 1916-cı ildə anası vəfat etdi). Sentyabrın axırlarında Lenin Parisə
qayıtdı. Rusiyada yeni inqilabi yüksəlişin başlanması ilə əlaqədar Lenin leqal
marksist mətbuatını bərpa etmək vəzifəsini qarşıya qoydu. Onun təşəbbüsü ilə
1910-cu ilin dekabrında Peterburqda «Zvezda» qəzeti, Moskvada «Mısl» leqal bolşevik
jurnalı nəşrə başladı. Fəhlələr içərisindən partiya kadrları hazırlamaq məqsədi
ilə Lenin 1911-ci ilin yazında Paris yaxınlığında partiya məktəbi təşkil etdi.
Lenin rəhbər
partiya mərkəzini bərpa etmək üçün (Rusiyada işləyən bütün MK üzvləri – bolşeviklər
həbs olunmuşdular) xaricdə yaşayan MK üzvlərinin müşavirəsini keçirdi (1911,
Paris). Müşavirə Ümumrusiya konfransını çağırmaq üçün Xarici təşkilat
komissiyası yaratdı. Təşkilat komissiyası Rusiya təşkilat komissiyası
düzəltməyi tapşırdı (Leninin Rusiya partiya mərkəzi adlandırdığı bu komissiya
1911-ci ilin sentyabrında Bakıda yerli partiya təşkilatları nümayəndələrinin
müşavirəsində yaradıldı). 1912-ci ilin yanvarında Leninin rəhbərliyi ilə
Praqada RSDFP-nin 6-cı konfransı keçirildi. Konfrans təsviyəçi menşevikləri
partiyadan xaric etdi, inqilabi yüksəklik şəraitində RSDFP-nin siyasi xəttini
və taktikasını müəyyənləşdirdi.
Rusiya ilə daha
yaxından əlaqə saxlamaq, partiya təşkilatlarının işini istiqamətləndirmək.
«Pravda» qəzetinə [1912-ci il aprelin 22-dən (mayın 5-dən) çıxırdı], 4-cü
Dövlət dumasındakı bolşevik fraksiyasına rəhbərlik etmək üçün Lenin 1912-ci
ilin iyununda Polşaya-Krakova köçdü və Birinci dünya müharibəsi başlanana qədər
burada yaşadı. Həmin dövrdə Leninin rəhbərliyi ilə MK-nın partiya işçiləri ilə
keçirdiyi müşavirələrin partiyanı və onun birliyini möhkəmlətməkdə böyük rolu
olmuşdur. Lenin partiyaya rəhbərlik sahəsində fəaliyyəti ilə yanaşı partiyanın
milli məsələyə dair nəzəriyyəsi və siyasətinin hər tərəfli əsaslandırılmasına
da böyük diqqət yetirirdi. Leninin həmin dövrdə milli məsələyə dair yazdığı
«Milli məsələyə dair tənqidi qeydlər», «Millətlərin öz müqəddəratını təyin
etməsi hüququ haqqında» əsərləri yaradıcı marksizmin ideya xəzinəsinə görkəmli
hədiyyədir.
İmperialist
müharibəsi başlananda Lenin Poronində idi və ilk günlərdən müharibənin əleyhinə
qətiyyətlə mübarizə aparmağa başladı. İyulun 25-də (avqustun 7-də) uydurma
çuğulluğa əsasən Leninin mənzilində axtarış keçirildi və o, çar hökumətinin
xeyrinə casusluqda ittiham olundu (mənzildə axtarış aparan polis məmuru aqrar
məsələyə dair əlyazmasındakı rəqəmləri şifrli sənət hesab etmişdir). Ertəsi gün
Lenin tutulub həbsxanaya salındı. Polşa və Avstriya sosial-demokratlarının
köməyi sayəsində avqustun 6(19)-da buraxıldı; avqustun 23-də (sentyabrın 5-də)
ailəsi ilə birlikdə İsveçrəyə gəldi və 1917-ci ilin martına (aprelinə) qədər
burada yaşadı. 1914-cu il avqustun 24-26-da (sentyabrın 6-8-də) Lenin Berndə
yerli bolşevik qrupunun müşavirəsində müharibəyə münasibət haqqında məruzə
etdi: onun «Avropa müharibəsinə inqilabi sosial-demokratiyanın vəzifələri»
tezisləri qətnamə kimi qəbul olundu. Lenin tezislər üzərində işləyib bunları
manifestə çevirdi. Müharibə dövrünün çətinliklərinə baxmayaraq, Lenin
partiyanın Mərkəzi orqanı olan «Sosial-demokrat» qəzetinin yenidən nəşrinə nail
oldu. Lenin opportunizmə və sentrizmə (kautskiçiliyə) qarşı mübarizə aparır,
beynəlxalq fəhlə hərəkatında inqilabi qüvvələri birləşdirərək yeni Kommunist
İnternasionalının yaradılması üçün zəmin hazırlayırdı. Müharibə illərində
yazdığı əsərlərdə («Sosializm və müharibə», «Avropa Birləşmiş Ştatları
şüarı haqqında», «İmperializm kapitalizmin ən yüksək mərhələsidir», «Proletar
inqilabının hərbi proqramı», «Funiusun kitabçası haqqında», «Öz müqəddəratını
təyin etmək haqqında diskussiyanın yekunları» və s.) Lenin inqilabi marksizmin
bütün cəhətlərini – sosialist inqilabi haqqındakı təlimi, iqtisadi nəzəriyyəni,
fəlsəfəni («Fəlsəfə dəftərləri») bir-biri ilə qırılmaz vəhdət halında daha da
işləyib hazırladı və inkişaf etdirdi. Leninin sosialist inqilabı haqqında yeni
nəzəriyyəsinin çox böyük tarixi əhəmiyyəti oldu.
Leninin və
ailəsinin maddi vəziyyəti olduqca ağır idi. 1915-ci ilin martında mühacirətdə
onlarla yaşayan Yelizaveta Vasilyevna (N.K.Krupskayanın anası) vəfat etdi.
Lenin yoldaşlarından birinə məktubunda yazmışdı: «Şəxsən öz barəmdə deməliyəm
ki, işləyib pul əldə etmək lazımdır… Doğrusu, lap korluq çəkirik!!! Son dərəcə
bahalıqdır, dolanacaq üçün isə pul yoxdur!» (Əsərləri, c.35, səh.217).
Lenin Rusiyada
inqilab baş verdiyini 1917-ci il martın 2(15)-də Sürixdə bildi və dərhal bu
hadisələrə qiymət verməyə, bolşevik partiyasının yeni vəzifələrini müəyyən
etməyə başladı. Çox çətinliklə, 1917-ci il aprelin 3-də (16-da) Lenin
Petroqrada gəldi. İnqilabi Rusiya öz böyük rəhbərinin hədsiz sevinc və şadlıqla
qarşıladı. Lenin Finlandiya vağzalında təbrik nitqi söylədi. O, Petroqrad fəhlə
və əsgərləri qarşısında birinci çıxışını «Yaşasın sosialist inqilabı!» çağırışı
ilə qurtardı. Sonra isə zirehli avtomobildə, o zaman bolşevik partiyasının
Mərkəzi və Peterburq komitəsinin yerləşdiyi Kşesinskaya sarayına
yollandı. Həmin gecə buraya toplaşmış dostları və yoldaşları,
bolşeviklərin MK və Peterburq komitəsinin üzvləri, Petroqrad partiya
təşkilatının fəal işçiləri qarşısında nitq söyləyərək hazırkı vəziyyət haqqında
baxışlarını izah etdi. Aprelin 4(17)-də səhər Lenin Tavriçeski sarayında
bolşeviklərin yığıncağında «Hazırkı inqilabda proletariatın vəzifələri
haqqında» məruzə etdi. Bu, partiyanı burjua-demokratik inqilabından sosialist inqilabına
keçmək uğrunda elmi surətdə əsaslandırılmış mübarizə planı ilə silahlandırmış
məşhur «Aprel tezisləri» idi. Lenin partiya MK-sının, «Pravda» qəzetinin,
bolşeviklərin Petroqrad təşkilatının işini istiqamətləndirdi. Bolşeviklərin
aprelin 4(27)-də keçirilən ümumşəhər konfransında Lenin hazırkı dövr,
Müvəqqəti hökumətə münasibət haqqında məruzələrlə və son sözlə çıxış etdi;
partiyanın paytaxt təşkilatı Leninin taktikasını bəyəndi. Aprelin 24-də (mayın
7-də) bolşeviklərin 7-ci Ümumrusiya konfransı açıldı. Lenin hazırkı dövr, aqrar
məsələ, partiya proqramına yenidən baxılması haqqındakı məruzələrində
partiyanın «Aprel tezisləri»ndə müəyyən olunmuş proqramını və taktikasını
inkişaf etdirdi. Lenin rəhbərliyi altında bolşeviklər partiyanın siyasətini kütlələrə
izah edir, siyasi və təşkilatçılıq işi aparırdılar. Lenin özü tez-tez
Petroqrad fəhlələri, əsgər və matroslar qarşısında çıxış edirdi. Kəndlii
deputatları Sovetlərinin 1-ci Ümumrusiya qurultayındakı (1917, may) çıxışında
o, mülkədar torpaqlarını dərhal zəbt etməyə çağırdı. 1-ci Ümumrusiya Sovetlər
qurultayındakı (1917, iyun) nitqlərində Lenin Müvəqqəti hökumətin imperialist,
xalqa zidd siyasətini, menşevik və esserlərin sazişçiliyini ifşa etdi,
imperialist müharibəsindən yalnız qalibiyyətli sosialist inqilabı yolu ilə
çıxmağın mümkün olduğunu göstərdi.
Lenin «Pravda»nın
işinə istiqamət verir, demək olar, hər gün ona məqalələr yazırdı. Rusiyaya
qayıtdığı vaxtdan iyul günlərinədək, yəni 90 gün ərzində Lenin 170-dən çox
məqalə, kitabça, bolşevik konfranslarının və MK-nın qətnamə layihələrini,
müraciətnamələr yazmışdı. İyunun axırlarına yaxın Lenin özünü son dərəcə yorğun
hiss edirdi. O, istirahət üçün bir neçə günlüyə V.D.Bonç-Bruyuviçin Neyvola
kəndindəki bağına (Finlandiya) getdi. Lakin paytaxtda başlanan hadisələr
onun istirahətini yarımçıq qoyub. İyul günlərindən (1917) sonra
ikihakimiyyətlik qurtardı, inqilabın dinc inkişaf dövrü başa çatdı: Lenin
«Bütün hakimiyyət Sovetlərə!» şüarını müvəqqəti olaraq geri götürməyi təklif
etdi. Müvəqqəti hökumət Leninin həbs olunması haqqında əmr verdi. MK-nın qərarı
ilə Lenin gizli vəziyyətə keçdi və avqustun 8(17)-də Razliv gölü sahilində
komada, oktyabrın əvvəlinədək isə Finlandiyada yaşadı. Lenin gizli yaşadığı
zaman hər gün partiyanın fəaliyyətinə, inqilabi mübarizəyə rəhbərlik edirdi.
Onun həmin dövrdə yazdığı əsərlər – «Siyasi vəziyyət» tezisləri, «Şüarlara
dair» kitabçası, «İnqilabın dərsləri» məqaləsi və s. partiyanın 6-cı
qurultayı (1917) qərarlarının əsasını təşkil etdi. Lenin qurultayın işinə gizli
fəaliyyət yerindən istiqamət verirdi. Qurultay Lenin başda olmaqla MK seçdi.
Lenin gizli yaşadığı zaman «Dövlət və inqilab», «Yaxınlaşan fəlakət və onunla
necə mübarizə etməli» və s. əsərlərini yazdı. Kornilovçulluğa qarşı mübarizədə
bolşeviklərin taktikasını işləyib hazırladı. Kornilov qəsdinin ləğvindən sonra
Leninin göstərişi ilə partiya «Bütün hakimiyyət Sovetlərə!» şüarını yenidən
irəli sürdü. Sentyabrın ortalarında Lenin partiyanın MK-sına, Petroqrad və
Moskva komitələrinə «Bolşeviklər hakimiyyəti ələ almalıdırlar» məktubunu və
MK-ya «Marksizm və üsyan” məktubunu, sentyabrın axırında «Böhran yetişmişdir»
məqaləsini göndərdi. Bunlarda Lenin silahlı üsyanı dərhal əməli surətdə
hazırlamaq zərurətini əsaslandırdı.
Oktyabrın
əvvəlində Lenin üsyana bilavasitə rəhbərlik üçün gizli surətdə Vıborqdan
Petroqrada gəldi. Oktyabrın 8(21)-də yazdığı «Kənar adamın məsləhətləri»
məqaləsində silahlı üsyanın taktikasını şərh etdi. Şimal vilayəti Sovetləri
qurultayının bolşevik iştirakçılarına yazdığı məktubunda Lenin təkidlə qeyd
edirdi ki, qəti hərəkət vaxtı çatmışdır, «ləngimək ölümə bərabərdir». Silahlı
üsyan məsələsi oktyabrın 10(23)-da MK-nın iclasında müzakirə olundu. Leninin
təklifi ilə MK silahlı üsyan haqqında qətnamə qəbul etdi. Üsyana siyasi
rəhbərlik üçün Lenin başda olmaqla MK Siyasi bürosu yaradıldı. Oktyabrın
16(29)-da MK-nın geniş iclası oldu. Lenin məruzəsində silahlı üsyan xəttini
əsaslandırdı, üsyan əleyhdarlarının (Kamenev, Zinovyev) mövqeyini kəskin tənqid
etdi. İclasda üsyana rəhbərlik üçün A.S.Bubnov, F.E.Dzerjinski, Y.M.Sverdlov,
İ.V.Stalin və M.S.Uritskidən ibarət Hərbi-inqilabi mərkəz təşkil olundu. Lenin
üsyanın başlanması vaxtına xüsusi əhəmiyyət verirdi. Oktyabrın 24-də (noyabrın
6-da) MK-ya məktubunda dərhal hücuma keçməyi, Müvəqqəti hökuməti həbs edib
hakimiyyəti ələ almağı tələb edirdi. Leninin təklifi ilə üsyan oktyabrın 24-də
– 2-ci Sovetlər qurultayı açılana qədər başlandı. Kazak və yungerlərin əlinə
keçmək təhlükəsinə baxmayaraq, Lenin həmin günün axşamı gizli surətdə Smolnıya
gəlib üsyana bilavasitə rəhbərlik etdi. Oktyabrın 25-də (noyabrın 7-də) səhərə
yaxın üsyan əslində qalib gəlmişdi. Səhər saat 10-da Leninin yazmış olduğu
«Rusiya vətəndaşlarına» müraciətnaməsi elan olundu. Müraciətnamədə xəbər
verilirdi ki, Müvəqqəti hökumət devrilmiş, hakimiyyət Sovetlərin əlinə
keçmişdir. Saat 11-də Petroqrad Sovetinin təcili iclasında Lenin alovlu nitq
söylədi. O dedi: «Zəruri olduğunu bolşeviklərin həmişə söylədikləri fəhlə və
kəndlik inqilabı baş verdi…Bu zamandan etibarən Rusiyanın tarixində yeni bir dövr
başlanır və indiki üçüncü rus inqilabı nəticə etibarı ilə sosializmin
qələbəsinə gətirib çıxarmalıdır» (əsərləri, c.26, səh.234). Oktyabrın 26-da
(noyabrın 8-də) Lenin 2-ci Sovetlər qurultayında sülh və torpaq haqqında
məruzələrlə çıxış etdi. Qurultay Sülh haqqında dekret və Torpaq haqqında dekret
qəbul etdi, Lenin başqa olmaqla ilk fəhlə-kəndli hökuməti – XKS yaratdı.
İnqilabın
qələbəsinin ilk günündən Leninin bütün fikri, işi, iradə və qüvvəsi fəhlə
sinfinin hakimiyyətini əldə saxlamağa və möhkəmlətməyə, sosializm quruculuğunu
həyata keçirməyə yönəlmişdi. Lenin fəhlə sinfinin zəhmətkeş kəndlilərlə
ittifaqını Sovet hakimiyyətinin sarsılmaz əsası hesab edirdi. Çoxmillətli
Rusiyada Sovet hakimiyyətinin müqəddəratı bir çox cəhətcə milli məsələni onun
necə həll edəcəyindən asılı idi. 1917-ci ilin noyabrında Leninin imzası ilə
dərc edilən «Rusiya xalqlarının hüquq bəyannaməsi»ndə XKS Rusiya xalqlarının
bərabərlik və suverenliyini, onların öz müqəddəratlarını azad surətdə müəyyən
etmək və hətta ayrılıb müstəqil dövlət yaratmaq hüququnu, bütün milli və
milli-dini imtiyazların və məhdudiyyətlərin ləğvini, Rusiya ərazisində yaşayan
və azlıqda qalan millətlərin və etnoqrafik qrupların azad inkişafını elan etdi.
Lenin milli siyasəti Sovet hakimiyyətinə bütün millətlərin çoxmilyonlu
zəhmətkeş kütlələrini etimadını qazandırdı. Rusiya xalqlarını sıx birləşdirdi,
çoxmillətli sosialist dövlətinin əsaslarını qoydu.
Sovet hökumətinin
nəhəng işinə Lenin başçılıq edirdi, fəhlələr, əsgərlər, matroslar və kəndlilər
onun yanına gəlirdilər. Lenin onların hamısını qəbul edir, diqqətlə dinləyir,
məsələlərini həll edir, fəhlələri və kəndliləri öyrədir, özü də onlardan
öyrənirdi. Lenin gənc Sovet respublikasının həyatının hər cəhətinə rəhbərlik
edir, partiya və dövlət siyasətinin bütün əsas məsələlərini işləyib
hazırlayırdı. O, sosialist inqilabının yaradıcı, qurucu xarakterini dəfələrlə
qeyd edirdi. Lenin göstərirdi ki, proletar inqilabının əsas vəzifəsi yeni
iqtisadiyyat, sosialist iqtisadiyyatı yaratmaqdır. Leninin təklifi ilə ümumdövlət
iqtisadi mərkəzi – AXTŞ, xalq milli işlər komissarlığı, ümumrusiya Fövqəladə
Komissiyası yaradıldı.
Lenin son dərəcə
gərgin işdən həddindən artıq yorulmuşdu və XKS dekabrın 23-də ona bir neçə
günlük məzuniyyət verilməsi haqqında qərar qəbul etdi; Lenin məzuniyyəti
N.K.Krupskaya və bacısı Mariyə İliniçna ilə birlikdə Finlandiyada,
sanatoriyalardan birində keçirdi. Dekabrın 28-də isə Petroqrada qayıtdı və
birinci sovet yeni ilini Vıborq rayonu fəhlələri ilə birlikdə qarşıladı.
1918-ci il yanvarın 1-də Lenin əsgərlər qarşısında çıxışından qayıdarkən
terrorçular onun avtomobilini gülləyə basdılar. Onunla birlikdə gedən İsveçrə
kommunisti F.Platten tez Leninin başını aşağı əydi; Platen yüngül yaralandı,
Lenin, xoşbəxtlikdən salamat qaldı.
Yanvarın əvvəllərində
Lenin birinci Sovet Konstitusiyasının əsasını təşkil edən «Zəhmətkeş və
istismar olunan xalqın hüquq bəyannaməsi»ni yazdı. «Bəyannamə»də Sovet
hakimiyyətinin vəzifələri müəyyən olunmuşdu. Yanvarın 10-da açılmış 3-cü
Ümumrusiya Sovetlər qurultayında Lenin XKS-nin fəaliyyəti haqqında məruzə etdi.
Bu, Sovet hökumətinin xalq qarşısında ilk hesabatı idi. qurultay Sovet
hökumətinin siyasətini bəyəndi, «Bəyənnamə»ni qəbul etdi.
Lenin Sovet
dövlətinin müharibədən çıxmasını və möhkəm sülhə nail olmağı sosializm
uğrunda mübarizənin başlıca şərti sayırdı. Sülh məsələsi MK-nın iclaslarında
dəfələrlə müzakirə edilmişdir. MK üzvlərinin çoxu əvvəl Leninə tərəfdar
çıxmırdı. Leninin qətiyyəti, onun mövqeyinin möhkəmliyi sayəsində Almaniya ilə
Brest sülhü (1918) imzalandı. Partiyanın 7-ci qurultayı (1918) Lenin xəttini
bəyəndi. Qurultay partiyanın adını dəyişmək haqqında Leninin yazdığı qətnaməni
qəbul etdi; partiya Rusiya Kommunist (bolşeviklər) Partiyası – RK(6)P adlanmağa
başladı.
Leninin təklifi
ilə PK(6)P MK və Sovet hökuməti 1918 il martın 11-də Moskvaya köçdü. Moskva
Sovet dövlətinin paytaxtı oldu. XKS və ÜPMİK Kremldə yerləşdi. Bir müddət
Moskvanın «Nasional» mehmanxanasında yaşadıqdan sonra Lenin də Kremlə köçdü.
Martın 14-də Moskvada Ümumrusiya fövqəladə 4-cü Sovetlər qurultayı toplandı.
Qurultay Brest sülhü barədə Leninin məruzəsini dinləyərək müqavilənin təsdiq
olunması haqqında qətnamə qəbul etdi. Beləliklə, Leninin müdrikliyi,
prinsipiallığı və polad iradəsi müharibə və sülh kimi ən mühüm bir məsələdə
yeganə düzgün siyasətin həyata keçirilməsini təmin etdi. Sovet hakimiyyətini
möhkəmlətmək, sosializm quruculuğunu genişləndirmək üçün zəruri olan dinc
tənəffüs qazanıldı.
Lenin Böyük
Oktyabr sosialist inqilabından sonra yazdığı ilk böyük əsəri olan «Sovet
hakimiyyətinin növbəti vəzifələri»ndə sosializm quruculuğunun planını verdi,
kapitalizmdən sosializmə keçid dövrünün ən mühüm problemlərini işıqlandırdı,
Sovet dövlətinin iqtisadi siyasətinin əsaslarını işləyib hazırladı. 1918-ci il
aprelin 29-da Lenin ÜPMİK-in iclasında Sovet hakimiyyətinin növbəti vəzifələri
haqqında məruzə etdi.; ÜPMİK onun irəli sürdüyü müddəalara tərəfdar çıxdı.
Lenin «Elmi-texniki işlər planının ilkin qeydləri»ndə (1918, aprel) təsərrüfat
orqanları və alimlər qarşısında «Rusiya sənayesinin yenidən təşkili və iqtisadi
yüksəlişi planını» tez tərtib etmək vəzifəsini qoydu. Lenin ərzaq işinin
təşkilinin bütün xırda cəhətlərinə dərin diqqət yetirir, taxıl uğrunda bu
mübarizəni sosializm uğrunda mübarizə adlandırırdı. On minlərlə qabaqcıl
fəhlələr ərzaq dəstələri düzəltdilər və Leninin çağırışı ilə kəndlərə getdilər.
Leninin təklifi ilə yoxsul komitələri yaratmaq haqqında dekret verildi. Sovet
hakimiyyətinin ilk günlərindən mədəni quruculuq məsələləri Leninin
fəaliyyətində böyük yer tuturdu. O qeyd edirdi ki, Qızıl Oktyabr ən böyük
miqyasda mədəni inqilab üçün geniş yol açmışdır. 1918-ci ilin iyununda Lenin
xalq maarifi işinin təşkili haqqında dekret imzaladı. Elmi-texniki qüvvələri
sosializm quruculuğuna cəlb etmək tədbirlərinin Lenin həmişə hərarətlə
qarşılayırdı. O, qiymətli bədii kolleksiyaları milliləşdirmək, incəsənət
abidələrini və qədim abidələri mühafizə etmək tədbirlərinin təşəbbüsçüsü idi.
Lenin Sovet
hakimiyyəti orqanlarının möhkəmləndirilməsinə, onun bütün qanun və
sərəncamlarının tez və dürüst yerinə yetirilməsinə böyük əhəmiyyət verirdi.
Lenin göstərirdi ki, əgər fəhlə və kəndliləri biz səylə intizama öyrədiriksə,
onda biz öz-özümüzdən başlamağa borcluyuq. O, yerlərdə Sovet hakimiyyətinin
möhkəmləndirilməsinin həmin dövrdə dövlət quruculuğunun ən mühüm vəzifələrindən
sayır, eyni zamanda yerliçilik, separatizm, vilayətçilik təzahürlərinə qarşı
qəti mübarizə aparırdı. Lenin qanunları və qoyulmuş qaydalara dürüst əməl
etməkdə şəxsi nümunə göstərir, özü üçün heç bir istisnaya yol vermirdi (1918-ci
ilin mayında XKS-nin işlər müdiri V.D.Bonc-Bruyeviçə və XKS-nin katibi
N.P.Qorbunova Leninin əmək haqqını, özünün yazdığı kimi, özbaşına və qanunsuz
axtardıqlarına görə, şiddətli töhmət elan etmişdi). Lenin dövlətdən oğurlamağa
və rüşvətxorluğa qarşı, dələduzlara və müftəxorlara qarşı amansız mübarizə
aparmağı tələb edirdi. «Dərhal, nümayişkaranə bir sürətlə qanun layihəsi vermək
lazımdır ki, rüşvət (pul qoparmaq, pulla ələ almaq, rüşvət almağa vasitəçi
olmaq və i.a. v. s.) üstündə verilən cəza gərək ən azı on il həbsdən və əlavə
olaraq on il icbari işdən ibarət olsun» (əsərləri, c.35, səh.317).
Lenin
marksistlərdən birinci olaraq proletar dövlətinin silahlı qüvvələri məsələsini
işləyib hazırladı, sovet ordusunun təşkili və quruculuğunun elmi əsaslarını
müəyyən etdi. 1918-ci ilin martında hərbi işçilərin Leninin sədrliyi ilə
keçirilən müşavirəsində ordunun təşkili məsələləri müzakirə olundu.
1918-ci ilin
iyulunda 5-ci Ümumrusiya Sovetlər qurultayı Leninin göstərişləri əsasında və
onun iştirakı ilə hazırlanmış RSFSR-in birinci Konstitusiyasını təsdiq etdi.
Dünyada ilk
fəhlə-kəndli hökumətini devirməyə çalışan beynəlxalq imperializmin yardımı ilə
daxili əksinqilabçılar vətəndaş müharibəsinə başçılıq etdi. O, indi həm də
görkəmli strateq, hərb işinin və hərb sənətinin dərin bilicisi kimi fəaliyyət
göstərirdi. Lenin «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şüarını irəli
sürdü. Leninin bilavasitə rəhbərliyi altında hərbi əməliyyat planları
hazırlanır, Qızıl Ordu böyüyüb mətinləşirdi.
1918-ci il
avqustun 30-da Lenin keçmiş Mixelson zavodunda (indiki Vladimir İliç adına
zavod) fəhlələr qarşısında çıxış etdi. Mitinqdən sonra Lenin avtomobilə
yaxınlaşarkən terrorçu-eser qadın Kaplan atəş açaraq, çərtilmiş və zəhərli
güllələrlə onu iki yerdən ağır yaraladı. Lenini Kremlə, mənzilinə apardılar.
Hakimlər onun həyatını xilas etmək üçün bütün lazımi tədbirləri görürdülər.
Leninə xaincəsinə qəsd bütün ölkəni sarsıtdı, partiya və xalq rəhbərin
səhhətinin vəziyyətini dərin həyəcanla izləyirdi. Leninin sağalmağa başlaması bütün
ölkə üçün şadlıq oldu. Ona fəhlə və kəndlilərdən minlərlə təbrik gəlirdi.
Sentyabrın 12-də Qızıl Ordunun Simbirski ağlardan azad etməsi haqqında
teleqrama Lenin belə cavab vermişdi: «Simbirskin – mənim doğma şəhərimin –
alınması, yaralarıma ən çox şəfa verən ən yaxşı sarğıdır». Sentyabrın 16-da
həkimlər Leninin işə başlamasına icazə verdilər. O, yenə partiyaya, ölkəyə
rəhbərliyi davam etdirdi. 1918-ci il noyabrın 6-da Lenin 6-cı Ümumrusiya
Sovetlər qurultayında Böyük Oktyabr sosialist inqilabının ildönümü haqqında
nitq söylədi. Noyabrın 30-da Leninin başçılığı ilə Fəhlə və Kəndli Müdafiə
Şurası yaradıldı (1918-ci il dekabrın 1-dən 1920-ci il fevralın 27-dək onun
100-dən artıq iclası olmuş, 2 iclasdan başqa, bütün iclaslarda Lenin
sədrlik etmişdi). Leninin rəhbərliyi altında partiya və hökumət ölkənin
iqtisadiyyatını hərbi qaydada yenidən qurdu, fövqəladə təbirlər sistemi
hazırlanıb həyata keçirildi. Lenin nəzəri işini də davam etdirirdi.
Oktyabr - noyabr aylarında o, marksizmi təhrif etmək və bayağılaşdırmaq
cəhdlərinə qarşı yönəldilmiş «Proletar inqilabı və xain Kautski» əsərini yazdı.
1919-cu ilin yanvarında Lenin Avropa və Amerika fəhlələrinə müraciətlə onları
3-cü İnternasional təsis etməyə çağırdı. Martın əvvəllərində Moskvada Kommunist
İnternasionalının 1-ci konqresi oldu. 1919-cu ilin martında PK(b)P-nin 8-ci
qurultayı toplandı. Lenin MK-nın hesabatı, partiya proqramı və kənddə iş
haqqında məruzələr etdi. Qurultay Leninin rəhbərliyi altında hazırlanmış yeni
partiya Proqramını qəbul etdi.
Lenin kapitalizmdən
sosializmə keçid dövrünün nəzəri problemlərini işləyib hazırladı. N.K.Krupskaya
yazırdı: «İliçin kabinetinə girəndə görürdün ki, durub Marksın və Engelsin
əsərlərini dönə-dönə oxuyur… İliç, əməli məsələlərin həllini nəzəriyyədə
axtarırdı». 1919-cu ildə yazdığı «Böyük təşəbbüs», «Proletariat diktaturası
dövründə iqtisadiyyat və siyasət» və s. əsərlərində Lenin proletariat
diktaturası təcrübəsini ümumiləşdirərək, keçid dövrü haqqında marksizm təlimini
inkişaf etdirdi, iki sistemin mübarizəsi şəraitində kommunizm quruculuğunun ən
mühüm məsələlərini işıqlandırdı.
Vətəndaş
müharibəsi qələbə ilə başa çatdıqdan sonra Lenin iqtisadiyyatın bərpası və daha
da inkişaf etdirilməsi uğrunda partiyanın və xalqın mübarizəsinə başçılıq etdi.
Leninin rəhbərliyi ilə Sovet dövlətinin ilk perspektiv xalq təsərrüfatı planı –
QOELRO planı işlənib hazırlandı.
Lenin PK(b)P-nin
9-cu qurultayında (1920) MK-nın hesabat məruzəsində, təsərrüfat quruculuğu və
kooperasiya haqqındakı nitqlərində partiyanın bu sahədəki vəzifələrini
işıqlandırdı. Qurultayın axırıncı günü nümayəndələrdən bir qrupu Leninin andan
olmasının 50 illiyinin yaxınlaşması ilə əlaqədar son iclası Leninin şərəfinə
həsr etmək təklifini irəli sürdü. Lakin Lenin bunu bəyənmədi. Özü barəsində
tərif nitqləri söyləməsini sevməyən Lenin iki natiqin çıxışından sonra
qurultaydan getdi. Qurultay V.İ.Leninin Əsərləri külliyyatını nəşr etməyi
qərara aldı. 1920-ci il aprelin 22-də partiya və xalq Leninin anadan olmasının
50 illiyini qeyd etdi. Bu münasibətlə Moskva partiya komitəsi aprelin 23-də
təntənəli iclas çağırdı. İclasda A.M.Qorki, A.V.Lunaçarski, M.S.Olminski,
İ.V.Stalin və b. çıxış etdilər. Lenin iclasın ancaq axırında gəlmiş və
iclasdakıların təkidli xahişi ilə söylədiyi qısa nitqini bütünlüklə partiyaya
həsr etmişdi.
1920-ci ilin
aprel-mayında Lenin «Kommunizmdə» «solluq» uşaq xəstəliyi» adlı dahiyanə
əsərini, iyulda Kominternin 2-ci konqresinin ən mühüm qərarlarının layihələrini
(Kominternin əsas vəzifələri haqqında, milli, müstəmləkə, aqrar məsələləri
barədə tezislər və s.) yazdı.
Dinc quruculuq
dövrünə keçilməsi və yeni iqtisadi siyasətə dönüş müxalifətçi qruplara qarşı
kəskin mübarizə şəraitində baş verirdi. RK(b)P-nin xətti əleyhinə çıxan
trotskiçilər və buxarinçilər partiyanı həmkarlar ittifaqları haqqında diskussiya
açmağa məcbur etdilər. Lenin onların səhv baxışlarını kəskin tənqid etdi və
partiyanın 10-cu qurultayında diskussiyaya yekun vurdu; «hərbi kommunizm»
siyasətindən yeni iqtisadi siyasətə (nep) keçmək vəzifəsini irəli sürdü.
1921-ci ilin
qışından Lenin həkimlərin təkidi ilə tez-tez işinin arasını kəsib, müalicə
olunmağa və dincəlməyə məcbur idi. Dekabrın axırlarında 11-ci Ümumrusiya
partiya konfransı və 9-cu Sovetlər Qurultayı oldu. Lenin konfransa gələ
bilmədi, lakin qurultayın işində fəal iştirak etdi və hökumətin fəaliyyəti
haqqında geniş məruzə etdi. Dekabrın 31-də MK Siyasi Bürosu Leninə 6 həftəlik
məzuniyyət verilməsini qərara aldı - sonra partiyanın 11-ci qurultayında qərar
uzadıldı. 11-ci qurultayda (1922) Lenin MK-nın siyasi hesabatını verdi. Bu,
onun çıxış etdiyi axırıncı partiya qurultayı idi. Aprelin 23-də
bədənindəki güllələrdən birini çıxarmaq üçün (o birisinə toxunmağı həkimlər
qorxulu sayırdılar) Lenini operasiya etdilər. Həkimlərin təkidi ilə mayın 20-də
o, Qorkiyə köçdü. Səhhəti bir qədər yaxşılaşandın sonra, iyulun ortalarında
yenə də iş barəsində yazışmağa başladı və ona kitablar göndərilməsini
tələb etdi (Leninskiye Qorkidəki muzeydə o zaman Leninin istifadə etdiyi
ədəbiyyat: müxtəlif dillərdə 32 adda qəzet və 137 jurnal, bir çox kitab
qalmışdır). 1922-ci il oktyabrın 2-də Lenin Moskvaya qayıdıb işə başladı.
Dekabrda yenidən xəstələnənə qədər – 2 ay yarım ərzində o, yenə gərgin
işləyirdi. Noyabrın 13-də Kominternin 4-cü konqresində «Rusiya inqilabının beş
ili və dünya inqilabının perspektivləri» haqqında məruzə etdi, noyabrın 20-də
Moskva Sovetinin plenumunda nitq söylədi. Oktyabrın 2-dən dekabrın 16-dək
Leninin işi barəsində qısa katib qeydinə deyilir: «…224 əməli məktub və kağız
yazmış, 171 adam (125 dəfədə) qəbul etmiş, XKS, ƏMŞ, Siyasi Büro və
komissiyaların 32 iclas və müşavirəsinə sədrlik etmişdir».
Dekabrın 7-də
Lenin bir neçə gün dincəlmək üçün Qorkiyə getdi, 12-də isə Moskvaya qayıtdı və
kabinetində müavinləri ilə 2 saat söhbət etdi. Bu, leninin Kremldə öz
kabinetindəki axırıncı iş günü idi. Leninin səhhəti getdikcə ağırlaşırdı, onun
sağ qolu və sağ ayağı tutulmuşdu və cari məsələlərin həllində bilavasitə
iştirak edə bilmirdi. Lakin Lenin felən öz işini davam etdirir. SSRİ-nin
yaradılmasına, partiyanın 12-ci qurultayına hazırlıq işlərinə rəhbərlik edirdi.
1922-ci ilin sonu
– 1923-cu ilin əvvəlində özünün son məqalə və məktublarını («Qurultaya məktub»,
«Dövlət Plan Komissiyasına qanunvericilik vəzifələri verilməsi haqqında»,
«Milliyyətlər və ya «muxtariyyətləşdirmə» məsələsinə dair», «Xatirat
dəftərlərindən səhifəciklər», «Kooperasiya haqqında», «İnqilabımız haqqında»,
«Fəhlə kəndli müfəttişliyini biz necə yenidən qurmalıyıq (Partiyanın XII
qurultayına təklif)», «Az olsun, yaxşı olsun») diktə edib yazdırdı.
Lenin sovet respublikalarının
könüllülük və hüquq bərabərliyi əsasında vahid ittifaq dövlətində birləşməsinin
prinsiplərini işləyib hazırladı və onun həyata keçirilməsinə rəhbərlik etdi.
1922-ci il dekabrın 30-da 1-ci Ümumittifaq Sovetlər qurultayında SSRİ
yaradıldı. Lenin xəstə olduğundan qurultayda iştirak edə bilmədi, lakin
qurultayın bütün işi, SSRİ-nin yaradılmasına dair Bəyənnamə və İttifaq
Müqaviləsi Lenin göstərişlərin9in təcəssümü idi. SSRİ MİK-in 2-ci sessiyası
(1923, iyul) SSRİ Konstitusiyasını təsdiq etdi. Həmin sessiyada N.Nərimanovun
təklifi ilə Lenin yekdilliklə SSRİ XKS-nin sədri seçildi.
1923-cü il martın
10-da Leninin xəstəliyi yenidən kəskinləşdi və onun dili tutuldu. Halı bir
qədər yaxşılaşanda, mayın 15-də onu avtomobillə Qorkiyə gətirdilər. İyulun
axırından etibarən Leninin səhhəti yaxşılaşmağa başladı. Oktyabrın 19-da o,
Moskvaya gəldi, ertəsi gün şəhəri gəzdi, öz kitabxanasından bəzi kitablar
götürüb Qorkiyə qayıtdı. Bu, Leninin Moskvaya son gəlişi idi. Oktyabrın
ikinci yarısından etibarən xəstəliyinin yeni kəskinləşmə əlamətləri görünsə də,
onun ümumi əhvalı pis deyildi. Hətta zənn edilirdi ki, Lenin yaya qədər
sağalacaqdır. Lakin onun səhhəti birdən birə olduqca ağırlaşdı və 1924-cü il
yanvarın 21-də axşam saat 6-50 dəqiqədə Lenin beyninə qan sızma nəticəsində
vəfat etdi. Yanvarın 21-dən 22-nə keçən gecə RK(b)P MK-nın təcili plenumu
toplandı. Yanvarın 22-də səhər saat 6-da radio Sovet İttifaqına və bütün
dünyaya kədərli xəbər yaydı. Ertəsi gün RK(b)P MK-nın “Partiyaya, bütün
zəhmətkeşlərə” müraciətnaməsi dərc edildi. Yanvarın 23-də Leninin canəzəsi
qoyulmuş tabut xüsusi qatarla Moskvaya gətirildi və İttifaqlar Evinin Sütunlu
salonunda qoyuldu. Həmin gün Leninlə ümumxalq vidalaşması başlandı. Yanvarın
26-da II Ümumittifaq Sovetlər qurultayının Leninin xatirəsinə həsr edilmiş
matəm iclası oldu. Birinci olaraq SSRİ MİK-in sədri M.İ.Kalinin çıxış etdi.
Qurultayda N.K.Krupskaya, İ.V.Stalin, K.Setkin, N.Nərimanov və başqaları çıxış
etdilər. Qurultay Leninin xatirəsini əbədiləşdirmək məqsədi ilə yekdilliklə qərar
çıxartdı; zəhmətkeş bəşəriyyətə müraciətnamə qəbul olundu. Qurultay qeyd
etdi ki, Leninin kommunizm ideyalarını bütün dünyaya çatdıran əsərlərinin geniş
və kütləvi surətdə yayılması onun üçün ən yaxşı abidə olacaqdır. Petroqrad
fəhlələrinin xahişi ilə qurultay Petroqradı Leninqrad adlandırmağı qərar aldı.
Leninin vəfatı Azərbaycan xalqını da ürəkdən kədərləndirdi. Azərbaycanın hər
yerində matəm mitinqləri və nümayişləri keçirildi. Yanvarın 27-də səhər Leninin
cənazəsi Qızıl meydana gətirildi. Saat 4-də dəfn mərasimi oldu. İliçin cənazəsi
Kreml divarının yaxınlığında xüsusi tikilmiş mavzoleyə qoyuldu. Bu anda ölkənin
hər yerində müəssisələrdə iş beş dəqiqəliyə kəsildi, qatarlar, gəmilər,
avtomobillər dayandı. Həmin gün bir çox kapitalist ölkəsinin əməkçiləri də beş
dəqiqəliyə işi dayandırdılar. Dünyanın sadə adamları öz müəllimi, rəhbəri, ən
yaxşı dostu və müdafiəçisi ilə dərin bir kədər içində vidalaşırdılar.
Lenin tarixə
marksizmin üç tərkib hissəsini – fəlsəfəni, siyasi iqtisadı, elmi kommunizmin
hərtərəfli inkişaf etdirmiş görkəmli mütəfəkkir, ilk yeni tipli proletar
partiyası olan bolşevik partiyasının yaradıcısı, dünyada birinci müzəffər
sosialist inqilabının rəhbəri, tarixdə ilk proletar dövlətinin banisi,
imperializmə qarşı çarpışan yenilməz mübariz kimi daxil olmuşdur. Leninin adı
bütün qitələrdə inqilabi hünərlərin rəmzidir. Leninizm – xalqların böyük
mübarizə bayrağıdır. Zaman Leninin dühasına hakim deyildir. Leninin işi
məğlubedilməzdir. «Marks-Engels-Lenin böyük təlimi, Lenin fikri, ictimai inkişafın
Lenin təhlilinin dərinliyi və uzaqgörənliyi, onun iş üslubu, onun böyük işinin
bütün davamçıları üçün sönməz mayak, etibarlı istiqamətləndirici, müasir həyatı
başa düşməkdə, dövrümüzdə sosializm uğrunda mübarizələrin qarşısında, sosializm
və kommunizm qurucuları qarşısında duran problemləri həll etməkdə müdrik
məsləhətçi olmuş və həmişə olacaqdır»
(L.İ.Brejnev).
Leninin təlimi
sovet ölkəsinin bütün xalqlarının müqəddəratında çox böyük tarixi rol
oynamışdır. Lenin həqiqətən nəhəng fəaliyyət göstərdiyi bütün illər ərzində
Azərbaycan zəhmətkeşlərinin, onların qabaqcıl dəstəsi olan Bakı proletariatının
həyatına və mübarizəsinə böyük diqqət yetirirdi. «Rusiyada kapitalizmin
inkişafı» əsərində 19-cu əsrin 60-cı illərindən etibarən Bakıda neft
hasilatının inkişafından bəhs etmişdir. Lenin Rusiya fəhlə sinfinin inqilabi
mübarizəsində çoxmillətli Bakı proletariatına mühüm yer verir, Qafqazda leninçi
«İskra» məsləkli sosial-demokrat təşkilatlarının yaradılmasına və möhkəmləndirilməsinə
rəhbərlik edir, Bakıda işləyən inqilabçı sosial-demokratlarla sıx əlaqə
saxlayır, onlara göstərişlər və məsləhətlər verirdi. Lenin Bakı iskraçılarının
gizli mətbəə yaradıb orada «İskra»nı çap etmək fikrində olduqları haqqında ona
məlumat vermiş L.M.Knipoviçə 1901-ci il mayın 15(28)-də yazmışdı: «Siz Rusiyada
«İskra»nı necə təşkil etmək fikrindəsiniz?». O zaman Bakıda işləyən mühəndis
P.E.Klassona Münxendən göndərdiyi məktubda ondan «işə pul yardımı» göstərməyi
xahiş etmişdi. «İskra»nın Bakıdakı agenti LJ.Qalperinə məktublarında Lenin
«İskra» qəzetinin Təbriz vasitəsi ilə Rusiyaya göndərilməsindən, «İskra»nın
nəşrinin Qafqazda təşkil olunmasından və heç olmazsa, bir nömrəsinin bütöv nəşr
etməkdən danışırdı. Bakıda Leninin köməyi ilə yaradılmış gizli «Nina» mətbəəsi
1901-ci ilin dekabrında «İskra»nın 11-ci nömrəsinin matrisadan çap etmişdi.
Lenin menşeviklərin təfriqəçilik fəaliyyətinə qarşı Bakı bolşeviklərinin
mübarizəsinə istiqamət verirdi. O, partiya daxilindəki vəziyyətdən bəhs edən
əsərlərində RSDFP Bakı Komitəsinin qətnaməsini də (1904) xatırlatmışdı. Lenin
RSDFP-nin 3-cü qurultayını çağırmaq və digər partiya məsələləri barəsində Bakı
Komitəsi ilə də fəal yazışırdı. Lenin Rusiyada 1905-07-ci illər inqilabı
dövründə Azərbaycan zəhmətkeşlərinin mübarizəsini yüksək qiymətləndirmişdir.
Həmin illərə aid 40-a qədər əsərində Azərbaycanda baş vermiş inqilabi
hadisələrdən və bolşeviklərin fəaliyyətindən bəhs olunur. Lenin «proletar tətil
mübarizəsinin inadcıllığı cəhətdən» 1905-ci ildə Liflandiya quberniyasının
birinci yerdə durduğunu qeyd edərək yazırdı ki, onun ardınca «Bakı quberniyası
gəlir; burada hər bir fabrik-zavod fəhləsi, 456 dəfə… tətil etmişdir»
(əsərləri, tam külliyyatı, c.19, səh.336). İnqilabın geri çəkildiyi,
irticanın hücumu dövründə də Bakı proletariatı mübarizəni dayandırmırdı.
Bununla əlaqədar Lenin 1910-cu ildə yazmışdı: «1908-ci ildə tətilçilərin sayı
çox olan quberniyaların birincisi 47 min tətilçisi olan Bakı quberniyasıdır.
Kütləvi siyasi tətilin sonuncu mogikanları» (əsərləri, tam külliyyatı, c.19,
səh.423). Lenin irtica dövründə və yeni inqilabi yüksəliş illərində Bakı
bolşevik təşkilatının fəaliyyətinə yüksək qiymət vermiş, onu 1910 və 1911-ci
illər Rusiyası üçün nümunəvi və qabaqcıl sosial-demokrat təşkilatlarından biri adlandırmışdı.
Lenin Qafqazda milli məsələ ilə dərindən maraqlanır, müxtəlif millətlərin
qabaqcıl fəhlələrini birləşdirən Qafqaz bolşevik təşkilatlarının inqilabi işini
yüksək qiymətləndirirdi. O, Qafqaz bolşeviklərinin milli məsələni
proletariatcasına həll etmək təcrübəsini, beynəlmiləlçiliyini nümunə
göstərirdi. Lenin Azərbaycan bolşevikləri və zəhmətkeşlərinin sosialist
inqilabının qələbəsi uğrunda fədakar mübarizəsini diqqətlə izləyir, 1918-ci il
mayın 14-də Bakı bolşeviklərinə yazırdı: «Sizin möhkəm və qəti siyasətiniz bizi
sevindirir» (Əsərləri, c.35, səh.314). Lenin Bakı kommunasının işinə və
müdafiəsinə hərtərəfli köməyin təşkilatçısı idi. Bakı kommunasının müvəqqəti
süqutundan sonra da Lenin Azərbaycan zəhmətkeşlərinin sosial və milli zülmdən
azad edilməsi uğrunda bolşeviklərin mübarizəsini daim izləyirdi. O, 1919-cu
ilin fevralında fəhlələr və matroslar arasında inqilabi əhvali-ruhiyyənin
artdığı haqqında Bakıdan məlumat alan kimi dərhal bu məlumata cavab vermiş,
ciddi tədbirlər görüb, bakılıların əhvali-ruhiyyəsindən sürətli və həlledici
hərəkət üçün istifadə etməyə çağırmışdı. (əsərləri, c.44, səh.163).
Lenin Azərbaycanda
Sovet hakimiyyətinin qələbəsinin ilhamçısı, Sovet Rusiyası tərəfindən ona kömək
edilməsinin təşkilatçısı idi. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına
köməyin zəruriliyini göstərərək, 1920-ci il martın 17-də Qafqaz cəbhəsinin
HİŞ-nə teleqramında bildirirdi ki, səyi buna yönəltsinlər (əsərləri, c.35,
səh.430). Lenin Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini yüksək
qiymətləndirirdi və 1920-ci il mayın 5-də RSFSR XKS adından Azərbaycan Sovet
Sosialist Hökumətinə göndərdiyi teleqramda yazmışdı: «Yaşasın Azərbaycan və
Rusiya fəhlələrinin və kəndlilərinin ittifaqı» (əsərləri, c.31, səh.126).
1920-ci il noyabrın 27-də PK(b)P MK Siyasi Bürosunun Lenin tərəfindən yazılmış
qərarında Azərbaycanın qorunulması başlıca vəzifə kimi irəli sürülmüşdü
(əsərləri, c.42, səh.216). Lenin Azərbaycan neft sənayesinin bərpa və
inkişafına çox fikir verir, Bakı neftçilərinin, bütün Azərbaycan zəhmətkeşlərinin
maddi vəziyyətinin yaxşılaşdırılmasına qayğı göstərirdi. O, 1921-ci il mayın
27-də yazırdı: «Bakıya diqqət və qayğını artırmaq lazımdır» (əsərləri, c.35,
səh.486). Lenin Sovet Azərbaycanı iqtisadiyyatının digər sahələrinin inkişafı
məsələləri ilə də yaxından maraqlanır, çoxlu məktub və teleqramlarında
suvarmanı, əkinçiliyi və maldarlığı inkişaf etdirmək zərurətini dəfələrlə
göstərirdi. 1921-ci il oktyabrın 21-də ƏMŞ-ə məktubunda yazırdı: «Qafqazda,
Azərbaycanda (Muğan düzü) … pambıq məsələsini daha səylə irəlilətmək lazımdır»
(əsərləri, c.45, səh.336). Lenin Azərbaycanda sosializm quruculuğunun
başqa məsələlərinə, milli siyasət məsələlərinə, partiya və dövlət orqanlarının
kadrlarla möhkəmləndirilməsinə də xüsusi diqqət yetirirdi.
Lenin xalqlar
arasında dostluq nümunəsi olan Zaqafqaziya federasiyası yaradılmasının
təşəbbüsçüsü və təşkilatçısı idi və bu məsələlər ilə bilavasitə məşğul olurdu.
Leninin «Azərbaycan, Gürcüstan, Ermənistan, Dağıstan və Dağlılar
respublikasındakı kommunist yoldaşlara» məktubu Azərbaycan, eləcə də bütün
Qafqaz partiya təşkilatları üçün proqramın sənədi idi. Lenin Azərbaycanın
nümayəndələrini, nümayəndə heyətlərini hörmət və məhəbbətlə qəbul edirdi.
N.Nərimanov, M.B.Qasımov, S.Ağamalıoğlu, D.Bünyadzadə, Q.Musabəyov,
R.Axundov, M.D.Hüseynov, M.İsrafilbəyov, M.Hacıyev, M.Dadaşov və başqaları
Leninlə görüşmüşlər. Lenin söhbət zamanı adətən hal-əhval tutur, respublikanın
həyatı ilə əlaqədar məsələlərlə yaxından maraqlanır və çox qiymətli məsləhətlər
verirdi.
Azərbaycan xalqı
böyük Leninə sonsuz məhəbbətini və hədsiz minnətdarlığını qəlbində ədəbi
yaşadır, onun adı və xatirəsi Azərbaycan xalqı üçün son dərəcə əzizdir.
Fəaliyyətdə olduğu
müddətdə Sov.İKP Leninin ədəbi irsinin, həmçinin onun həyatı və fəaliyyəti ilə
bağlı sənədləri öyrənilməsinə, qorunub saxlanmasına və nəşrinə mühüm əhəmiyyət
verirdi. PK(b)P MK bu məqsədlə 1923-cü ildə V.İ.Lenin İnstitutu yaratmışdı.
Sov.İKP MK yanında MLİ-nin Mərkəzi Partiya Arxivində Leninin 32 minə yaxın
əsəri və sənədi saxlanılır. Leninin əsər və sənədlərinin 200-ə qədərində
bilavasitə Azərbaycandan, onun tarixi və iqtisadiyyatı ilə əlaqədar
məsələlərdən bəhs olunur. Onların bir qismi Leninin yazdığı məktub və
qeydlərdir.
Lenin dünyada ən
çox oxunan müəllifdir. YUNESKO-nun məlumatına görə Leninin əsərləri tirajına və
tərcüməsinin sayına görə dünyada birinci yer tutur. Müxtəlif ölkələrdə təkcə
1979-cu ildə Leninin 201 əsəri tərcümə olunmuşdur. Sovet İttifaqında Leninin
əsərləri SSRİ və dünya xalqlarının 117 dilində təqribən 14 min dəfə nəşr edilmişdir
(təkcə 1980-ci ildə 15,3 mln. nüsxə). Leninin Əsərlərinin SSRİ-də 5 nəşri,
Azərbaycan SSR-də 2 nəşri (4-cü nəşr tam. Əsərləri, tam külliyyatının 1-38
cildləri, 1982) olmuşdur. «Lenin məcmuələri» (1924-80-ci illərdə 39 cild
buraxılmış), «Vladimir İliç Lenin» bioqrafik xronikası (1970-80-ci illərdə 11
cild buraxılmış) nəşr edilmişdir.
Sovet xalqı
Leninin xatirəsini əziz tutur. Ümumittifaq kommunist Gənclər İttifaqı,
Ümumittifaq Pioner Təşkilatı, çoxlu şəhər (o cümlədən Leninqrad və Ulyanovsk)
onun adını daşıyırdı. Azərbaycan SSR-də Leninin adına rayon (Bakıda), kəndlər,
ali məktəb, sənaye və mədəni-maarif müəssisələri, metropoliten, kalxoz və
savxozlar, küçə və meydanlar və s. var idi. Respublikanın demək olar,
bütün şəhər və kəndlərində Leninə abidə ucaldılmışdı.
Xarici ölkələrdə
(xüsusilə sosialist ölkələrində) Leninin adına şəhər, sənaye müəssisələri, küçə
və meydanlar var, ona abidələr qoyulmuşdu.
1930-cü ildə
SSRİ-də ən yüksək mükafat – Lenin ordeni, elm, texnika, ədəbiyyat və incəsənət
sahəsində görkəmli xidmətlərə görə Lenin mükafatları (ilk dəfə 1925-ci ildə
təsis olunmuşdur; 1935-57-ci illərdə verilmirdi), «Xalqlar arasında sülhlü
möhkəmlətməyə görə» beynəlxalq Lenin mükafatları (1949) təsis edilmişdir. Lenin
Mərkəzi Muzeyi və onun filialları nadir xatirə və tarixi abidələr idi. Digər
xarici ölkələrdə, Finlandiya və Fransada da V.İ.Lenin muzeyləri var.
1970-ci ilin
aprelində Sov.İKP, bütün sovet xalqı, beynəlxalq kommunist hərəkatı,
tərəqqipərvər bəşəriyyət V.İ.Leninin anadan olmasının 100 illiyini təntənə ilə
qeyd etmişdir. Azərbaycan Kommunist Partiyası dahi Leninin ölməz ideyalarına bu
gün də sadiq qalır.
1 Комментарии
Salam, doktor Amiso adlı böyük bir insanın köməyi ilə hsnabdımı necə geri qaytardığım haqqında bir az danışmaq üçün buradayam bütün dostlarımı salamlayıram. Mənim adım Nana Tahir, Sumqayıtdan, Azərbaycan. On il evləndikdən sonra həyat yoldaşımla nəhayət ki, məni tərk edib başqa bir qadınla birlikdə olmaq üçün Texas şəhərinə köçənə qədər bir mübahisə və ya digər vəziyyətdə qaldıq. Həyatımın bitdiyini və uşaqlarımın atalarını bir daha görməyəcəyini düşündüm. Mən yalnız uşaqlar üçün güclü olmağa çalışırdım, ancaq ürəyimə vuran ağrıları idarə edə bilmədim, ürəyim kədər və ağrılarla dolu idi, çünki ərimə həqiqətən aşiq idim. Hər gün və gecə onun haqqında düşünürəm və həmişə onun yanıma gəlməsini arzulayıram, həqiqətən kədərləndim və köməyimə ehtiyacım var idi, ona görə də onlayn kömək axtardım və Dr.Amiso-nun əşyaların geri qaytarılmasına kömək edə biləcəyini təklif edən bir veb saytına rast gəldim. tez. Ona görə də sınayacağımı hiss etdim. Mən onunla əlaqə saxladım və o, nə edəcəyimi söylədi və mən bunu etdim və o zaman mənim üçün bir sevgi yazısı etdi. 48 saatdan sonra ərim həqiqətən mənə zəng etdi və məni və uşaqları çox darıxdığını, bu qədər heyrətləndirdiyini söylədi! Beləliklə, eyni gündə çoxlu sevgi və sevinclə geri döndü və səhvinə görə və mənə və uşaqlara verdiyi acıya görə üzr istədi. O gündən bəri, evliliyimiz əvvəlkindən daha güclü idi, hamısı Dr.Amiso sayəsində. o qədər güclüdür və hekayəmi internetdə bölüşmək qərarına gəldim ki, Dr.Amiso həqiqi və güclü çubuq kəsicisi, problemlər zamanı uşaqlarına kömək etmək üçün uzun yaşamaq üçün dua edəcəyəm, əgər buradasınızsa və sizin Ex ehtiyacınız varsa geri və ya əriniz başqa bir qadına köçdü, dünyada və ya Xərçəng məsələsində tanımaq istədiniz, seçdiyiniz sevgilinizlə evlənmək və ya Boşanma halları, Sağlamlıq və ya Ailə problemləriniz, İş təklifləri və Uğurlar, ümumiyyətlə heç nə etmə imtina et, daha ağlama, indi bu güclü sehrlə əlaqə qur. Budur onun şəxsi e-poçt ünvanı: herbalisthome01@gmail.com
ОтветитьУдалить