
ZAHİR ƏMƏNOV
Vaxtı ilə belə bir film var idi: “Yağış izləri yuyur”. Buna oxşar bəzi deyimlər də kifayət qədərdir: “Yağiş yağdı, çatdaqlar bitdi”, “Kərə yeyən də yaza çıxır, tərə yeyən də” və sair. Bu misal-məsəlləri nədən xatırladım?
Hər cəmiyyətdə olduğu kimi bizim məkanda da kifayət
qədər Yaramaz, yüz dona girən Yaltaq, min sifətli adamlar olub,
yəqin ki yenə olacaq. Əvvəllər belələri haqqında deyərdilər ki, heç
sabahlarını fikirləşmirlər? El tənəsindən çəkinmirlər? Yalan ayaq tutar,
yeriməz və sair və ilaxır. Yəni, belə ritorik suallarla, deyimlərlə
özümüzə təsəlli verirdik. Zaman keçdikcə, dünyaya bir az baxışlarımız dəyişdigcə,
başa düşdük ki, belə ifadələr heç də həmişə özünü doğrultmurmuş - yaramaz
yaşamaq elə də faciə deyilmiş.
Təsəvvür edin ki, siz bütün həyatı boyu yaramazlıqla
məşğulsunuz - yüzlərlə insanın haqqını yemisiniz, məktəbdən məscidə qədər
hər yerdə xəyanətlər etmisiniz, onlarla namərdliklərə imza atmısınız,
dost-qardaş bilmədən badalaq gəlmsiniz, şəxsi maraqlarınız üçün istənilən
adama arxa çevirmişiniz, yalnız bir prinsiplə yaşamısınız “Hamıya çirkin
olsam da, başçıya göyçək olaydım.” Bəs, cəzanız nə olacaq? Ömür keçir-gün keçir, görürsən ki, bütün bunlar faciə
deyilmiş. Nə cəza, nə filan...
Nə olsun ki, milyonları yeyib-dağıdıbsan, hər il orucluqda,
məhərrəmlikdə 200-300 manatlıq ehsan ver, ol, yaxşı adam, səxavətli adam.
Yaxud, yaşlanana yaxın ya Kərbəlaya, ya Həcə
gedir, ol, mömin adam.
Yarı pul, yarı yaltaqlıqla hökumətdən ördendən,
medaldan, əməkdar addan-zaddan çırpışdır, ol, dövlətçiliyə xidmət edən
adam.
Ya ağsaqqallar, ya veteranlar, ya dindarlar
cəmiyyətinin sədri ol, buxara papaq qoy, ol, el ağsaqqalı.
Özünə 3-4 dəllal tutub orda - burda özünü təriflədir,
haqqında şeirlər qoşdur, kitablar yazdır, 5-ci sort qəzetlərdə
təriflədir, nə bilim rəsmlərini çəkdir, lap istəsən filmlər quraşdır, ol,
unudulmaz adam. Pulnan deyil?
Ürəklərində çoxları söysə də, üzbəüz gələndə
belələrinə ehtiramla salam verirlər, öləndə dəstə ilə qəbri üstünə
gedirlər, həmin adam olur hörmətli adam.
O üzü, bu üzü mərmərdən bir baş daşı da (bəziləri
yarım heykəl-büstü-filan) düzəltdirib, aşağısında da mərdliklə, kişiliklə
bağlı bir bənd şeir yazdırıb, olur qəbristanlıqğın “Fəxri ölüsü”. Adın da
qoyurlar, ölünün dalıyca danışmazlar. (Guya dirilərin üzünə nöqsanın çox
deyiblər).
“Xalıq-balıq” məsələni də
müasirləşib, “xalıqa” bir-iki “balıq” verib işi
bağlayırlar
Belələri yağla şoru fərq qoymayıb, bədənin ən bərbad
hissəsini başa, başı ayağa keçirib, kef içində ömür sürürlər.
Belələrinə - qaloş, maska, baş yaltaq, şərəfsiz... nə
desən, dözür. Çünki bu sözlərin onun aylıq qazancına heç dəxli yoxdur. Hansı
rəhbərə həm yaltaqlığa, həm yaxşı pul verməyə hazır olan şəxs lazım olmur ki?
Belələri namusdan-qeyrətdən də gen-bol danışır. Amma
lazım gələndə qadın kölgəsində gizlənməyi də özlərinə rəva görürlər.
Bu yazdıqlarımı qətiyyən bir, yaxud dörd-beş nəfərə
aid etməyin. Bu, yazını kiçiltmək, onun ruhunu çılızlaşdırmaq olardı.
Çünki və heyf ki belələri çoxdur, günbəgün artır və ətrafdakılar üçün
adiləşirlər.
Artıq hamıya elə gəlir ki, xoşbəxtliyə yol alçaqlıqdan və
yaltaqlıqdan keçir.
Hərə öz miskinliyinə “gülləkeçməz” bir don
geyindirir.
Vaxtı ilə telekanalradan birində çox acı bir zarafat
etdilər. Belə ki, baba nəvəsindən soruşur ki, sən, gələcəkdə nə olacaqsan?
Deyir “Zırrama”. Səbəbəni də belə izah edir ki, atama bir dəbdəbəli
villa göstərib, dedim, kimindir? Dedi, bir zırramanın. Sonra bahalı bir
maşın göstərdim, dedim, bu kimindir? Dedi, o da bir başqa zırramanın. Mən
də zırrama olacam ki, həm villam, həm bahalı maşınım olsun.
Bütün bu “mənzərələri” görəndə bir çoxları düşünür ki,
yaramaz, şərəfsiz yaşamağın nəyi pisdir ki? Bu günü belə, qocalığı belə, o
dünyası da belə. Daha nə qaldı ki?
Yox. Bunları yandıq dedik. Unutmayaq ki, belə bir deyim
var - hər ulduzun yeri var, kəhkaşanlar içində. Hər bir pislik gec-tez öz
“mükafatını” alacaq.
Kimisə cəhənnəm əzabları, Allahın qəzəbi,
məzlumların ahı ilə qorxutmaq istəməsəm də, gözümüz önündəki nümunələr çoxlarına
ibrət olmalıdır. Hitler intihar edəndə də uzaqgörənliklə demişdi ki, meytimi də
yandırarsınız. Çünki bilirdi ki, onun meyitini rahat qoymayacaqlar. (Bizdə
də bəziləri nə səbəbə isə vəsiyyət edir ki, məni həyətimdə basdır) Liviyanın,
İraqın rəhbərlərinin biabırçı ölümlərini, müxtəlif qəzalarda faciəli şəkildə
ölən prokuror, deputat, rəis və digər məmurların balalarını, nə bilim
çovdarovları, naxçıvanlı tağıları... filanları yada salan.
Bunlarla paralel həm
də H. Zərdabini xatırlayın. Ölkənin 5 vətənpərvər kişisindən birini. 3 dəfə
dəfn edilən Zərdabini. 1-ci dəfə 1907-ci ildə böyük izdihamla Bibi
Heybətdə, 1937-ci ildə bu qəbiristanlıq dağıdıldığı üçün əvvəl sümükləri evində
saxlanılıb, sonra həyat yoldaşının qəbrinin bir küncümdə, nəhayət 1967-ci ildə,
vəfatından 50 sonra Fəxri Xiyabanda dəfn edilən Zərdabini.
Bəli, zaman keçir,
yaxşı kişilər zulmətdən də boylanır, lakin bu gün yalandan, pul, yaltaqlığı
gücünə “parıldıyanların” bəzən övladları belə onların adlarını
çəkməyə utanırlar. Belələri hələ də başa düşmür ki, tanınmaq və
sevilmək ayrı-ayrı məfhumlardır. Belələri hələ də başa düşmür ki,
qırxayaq kimi vəzifədən yapışsalar da, ruhən ölüblər, yaxud da canlı
ölülərdir. Mirzə Cəlil dili ilə desək, “Allah sizi rəhmət eləsin, ölülər!”
http://cenubxeberleri.com
http://cenubxeberleri.com
2 Комментарии
O yaramazlar bu yazını heç vaxt oxumayacaqlar. Ona görə də belə yazılar sanki atılanda divara dəyib qayıdan noxud kimi bir şeydir. Yeə də özümüz oxuyub af-uf edəcəyik. Halbuki, yaramazı yaramaz gününə salmadıqca o elə əvvəlki kimi kefində olub bizi ələ çalacaq. Allah bizim kimi ölü dirilərə rəhm(ət) eləsin.
ОтветитьУдалитьO yaramazlar bu yazını heç vaxt oxumayacaqlar. Ona görə də belə yazılar onlar üçün sanki atılanda divara dəyib qayıdan noxud kimi bir şeydir. Yenə də özümüz oxuyub af-uf edəcəyik. Halbuki, yaramazı yaramaz gününə salmadıqca, o elə əvvəlki kimi kefində olub bizi ələ çalacaq. Allah bizim kimi ölü dirilərə rəhm(ət) eləsin.
ОтветитьУдалить