Mayın
19-da İmam Hüseyn Məscidinin axundu, sabiq deputat Hacı Əbdül iftar süfrəsi
açmışdır.
Azərbaycan
Kommunistlər Birliyinin İdarə Heyətinin üzvləri müqəddəs Ramazan ayı münasibətilə
iftar mərasimində iştirak ediblər.
İftar mərasimi
“Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.
İmam
Hüseyn Məscidinin axundu Hacı Əbdül mərasimdə çıxış edərək dedi:
—
Bismillahir-rəhmanir-rəhim! Hörmətli məclis iştirakçıları, əziz qonaqlar! İftar
süfrəmizə verdiyiniz şərəfə, burada iştirakınıza görə sizə “Xoş gəlmisiniz”
deyir və xoş arzular diləyirəm. Allah-Təalanın bizə bəxş etdiyi Quranın nazil
olduğu bu mübarək Ramazan ayında iftar süfrəmizə təşrif gətirdiyinizə, bu müqəddəs
aya hörmətinizə görə sizə xoş arzularımı çatdırır, təşəkkürümü bildirirəm. Həm
də bu iftar süfrəsi başına toplaşmağımız qardaşlıq, dostluq, dinlər, millətlər
arasında dialoq, vicdan azadlığı və tolerantlıq deməkdir. Mən Rəbbin dərgahına
şükür edirəm ki, Allah-Təala bu görüşün səadətini və bu ayın nemətini bizə nəsib
etdi. Bir daha “Xoş gəlmisiniz” deyirəm.Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
Azərbaycan
Kommunistlər Birliyinin sədri Ədalət Abdinov iftar mərasimində çıxış edərək
dedi: — Din xadimləri ilə dünyəvi insanların görüşü çox böyük əhəmiyyətə
malikdir.Bu nadir imkan bizə dini mərasimlər, Ramazan ayı sayəsində qismət olur
ki, bu ay ərzində iftar süfrəsi açmaq kimi gözəl dini adət vardır. Din-dövlət
münasibətləri möhkəm və sağlam təməl üzərində
qurulubdur və bu gün ölkəmizin uğurlu inkişafında din-dövlət münasibətləri
xüsusi yer tutur. Deyə bilərəm ki, Azərbaycanda bu münasibətlər nümunəvi
xarakter daşıyır. Əminəm ki, bundan
sonra da bu istiqamətdə ardıcıllıq davam etdiriləcəkdir. Azərbaycan istər sovet, istərsə də müstəqillik
illərində öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin
tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün
deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz
olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir.
AMAC-ın
İdarə Heyətinin sədri, filologiya elmləri doktoru Tahir Cəfərli dedi: -Mübarək
Ramazanın gəlişi İslam aləmi üçün böyük bir sevincdir. Çünki müqəddəs Qurani-Kərim
bu ayda nazil olub. Xeyir-bərəkət də bu ayın kəramətinə yazılıb. Orucluq İslam
dininin, imanımızın kamillik zirvəsidir. Bütün insanlarda Adəm övladının hər
bir əməli özü üçün olduğu halda, oruc Allah üçündür. Allah da əvəzini verir.
Allah-Təaladan arzu edərdim ki, tutduğunuz oruclar, etdiyiniz dualar Allahın dərgahında
qəbul olunub, əvəzində isə Sizə, bütün xalqımıza, Azərbaycana xoş günlər,
firavan həyat və əmin-amanlıq bəxş etsin.
İftar mərasimində
Bakı Dövlət Universitetinin islamşünaslıq elmi mərkəzinin rəhbəri, fəlsəfə elmləri
doktoru, professor Əsədulla Qurbanov, Azərbaycanın məşhur futbolçusu Maşallah
Əhmədov, güləş üzrə üç qat dünya çempionu Məhyəddin Abdullayev, mədəniyyət
işçisi Firudin Babayev və başqaları çıxış edərək əmin olduqlarını bildirdilər
ki, milli mənəvi, xüsusilə dini dəyərlərimiz,
ənənələrimiz bundan sonra da
inkişafımızın əsas istiqaməti olacaqdır.
Çıxışlardan
sonra İmam Hüseyn Məscidinin axundu Hacı Əbdül məclis iştirakçılarına müraciət
edərək, hamıya cansağlığı arzuladı və
bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Birinci Vitse
Prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan çiçəklənəcək və xoşbəxt olacaq.
Sizə cansağlığı arzu edirəm. Buyurun, “Bismillah” deyib iftar süfrəsinə
başlayaq. İftar süfrəsinə xoş gəlmisiniz.





0 Комментарии