Recents in Beach

Mixail Qorbaçov və Heydər Əliyev münaqişəsinin səbəbləri


Mixail Qorbaçov ilə Heydər Əliyev arasında münaqişə 1980-ci illərin ortalarında yaranmışdı və həm siyasi fikir ayrılıqları, həm də SSRİ rəhbərliyində nüfuz uğrunda mübarizə ilə bağlı idi. Heydər Əliyev SSRİ rəhbərliyində çox mühüm rol oynayırdı. O, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini  olduğu dövrdə ölkənin ən yüksək rəhbərlik dairəsinə daxil idi. 1980-ci illərin əvvəllərində o, Sovet Sosialist Respublikaları İttifaqının ən nüfuzlu rəhbərlərindən biri hesab olunurdu və bu qədər yüksək səviyyədə təmsil olunan azsaylı müttəfiq respublika nümayəndələrindən idi. Bu o demək idi ki, o, faktiki olaraq bütün ölkəni idarə edən ən dar rəhbərlik çevrəsinə daxil idi.

Heydər Əliyev Siyasi Büronun üzvü olan ilk azərbaycanlı idi. O, SSRİ-nin mərkəzi rəhbərliyində müttəfiq respublikaların, xüsusilə Qafqaz və Orta Asiya regionlarının maraqlarını təmsil edirdi. Bundan əvvəl o, artıq böyük idarəçilik təcrübəsinə malik idi və 1969–1982-ci illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi olmuşdu.

Heydər Əliyev  SSRİ-nin ən güclü idarəçilərindən biri, daha yüksək vəzifələr üçün mümkün namizəd idi. Mixail Qorbaçovla Heydər Əliyev arasındakı münaqişənin əsas səbəbləri  islahatlara baxışlardakı fərqlər idi. Mixail Qorbaçov  1985-ci ildə hakimiyyətə gələndə uğursuz yenidənqurma və aşkarlıq siyasətini başlatdı. Peşəkar kadr kimi Heydər Əliyev bu islahatlara  haqlı olaraq daha ehtiyatla yanaşırdı və sonralar ölkənin düşdüyü ağır durum da bunu təsdiq etdi.

Heydər Əliyev Leonid Brejnev dövründə formalaşmış  idarəetmə elitasının nümayəndəsi sayılırdı. Mixail Qorbaçov tədricən “Brejnev komandasına” daxil olan bir çox rəhbərləri vəzifədən uzaqlaşdırırdı.

Bəzi tədqiqatçılar hesab edirlər ki, əgər Yuri Andropov daha uzun yaşasaydı, Əliyevin siyasi karyerası tamamilə fərqli şəkildə inkişaf edə bilərdi və o, SSRİ rəhbərliyində əsas fiqura çevrilə bilərdi.

Heydər Əliyev ittifaq respublikalarının rəhbərləri, nazirliklər və güc strukturları arasında yaxşı əlaqələrə malik idi.Köhnə partiya elitasının bir çox nümayəndələri onu təcrübəli idarəçi kimi hörmətlə qarşılayırdılar. İslahatçıların yeni komandasını formalaşdırmağa çalışan Qorbaçov üçün belə nüfuzlu fiqurlar siyasi rəqibə çevrilə bilərdi.

Heydər Əliyev  çox güclü xarakterə və müstəqil fikrə malik insan kimi tanınırdı. O, Sov.İKP MK Siyasi Bürosunda iqtisadiyyatın idarə olunması və kadr siyasəti ilə bağlı məsələlərdə açıq şəkildə mübahisə edə bilirdi. Sovet siyasi sistemində bu bəzən rəhbərliyin birliyinə təhlükə kimi qəbul olunurdu.

Heydər Əliyev yalnız Azerbaycanda deyil, həm də SSRİ-nin digər respublikalarının rəhbərləri arasında təsirə malik idi. Mərkəzi rəhbərlik üçün bu o demək idi ki, onun öz siyasi dəstək şəbəkəsi ola bilər və bu da partiya aparatında mövqelərini gücləndirirdi.

Münaqişənin digər səbəbi qeyd etdiyim kimi SSRİ rəhbərliyində nüfuz uğrunda mübarizə idi. Heydər Əliyev ittifaq respublikaları arasında ən nüfuzlu siyasətçilərdən biri idi və Moskvada güclü mövqelərə malik idi. Mixail Qorbaçovun yeni komandası isə köhnə rəhbərləri öz tərəfdarları ilə əvəz etməyə çalışırdı.

Mixail Qorbaçov “köhnə nomenklatura”ya qarşı açıq kampaniya aparırdı. 1986–1987-ci illərdə partiya rəhbərliyində bir çox yüksək vəzifəli təcrübəli kadrların əsassız yenilənməsi buna misaldır. Bəziləri hətta korrupsiya ilə mübarizə bəhanəsi ilə istefaya göndərildi.

1987-ci ilin oktyabrında Heydər Əliyev bütün vəzifələrindən getməyə məcbur oldu. Rəsmi səbəb səhhətinin vəziyyəti göstərildi. Lakin  əsl səbəblər bunlar idi: Qorbaçovla siyasi fikir ayrılıqları, təzə rəhbərliyin elitanı yeniləmək istəyi, Siyasi Büroda və dövlət  aparatında daxili münaqişələr.

Heydər Əliyevin sonrakı mövqeyi belə oldu ki, o,  Qorbaçovu açıq şəkildə tənqid edirdi, xüsusilə də Moskvanın Azərbaycana münasibətdə siyasətinə və 1980-ci illərin sonunda Dağlıq Qarabağ ətrafında baş verən hadisələrə görə.

Bir neçə ildən sonra, artıq SSRİ dağıldıqdan sonra, Heydər Əliyev yenidən böyük siyasətə qayıtdı və Azərbayanın prezidenti oldu. O, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynadı.

Ədalət Abdinov




Отправить комментарий

0 Комментарии