Recents in Beach

Tramp özünü cilovunu itirmiş quldur kimi aparır


ABŞ və İsrailin İrana qarşı təcavüzü nəticəsində yeni ciddi münaqişə başlanıb və dünyadakı vəziyyət təhlükəli partlayış halına gəlib. Əlbəttə, baş verənlərin hamısı dərin narazılıq doğurur. Əvvəl amerikalılar müstəqil bir dövlətin fəaliyyət göstərən rəhbərini açıq şəkildə oğurladılar, indi isə daha bir lideri öldürdülər, onların bombaları altında uşaqlar həlak olur.

ABŞ-ın davamlı təcavüzləri ayrı-ayrı ölkələrin öz nüvə silahını yaratmaq tələbatını gündəmə gətirir. Bu cür yırtıcıdan bəzi ölkələri, məsələn Rusiyanı böyük Stalin tərəfindən yaradılmış raket-nüvə qalxanı xilas edir. Əks təqdirdə bu günkü Rusiyanın taleyinin necə olacağı sizə məlumdur.
Tarixdən bilirsiniz ki, İkinci Dünya müharibəsi hələ bitməmişdi ki, Çörçill artıq “Ağlasığmaz” əməliyyatını planlaşdırırdı. O, az əvvəl döyüşdüyü alman əsir diviziyalarını Sovet İttifaqına qarşı istifadə etmək istəyirdi.
1945-ci ilin avqustunda ABŞ Xirosima və Naqasakini bombaladı. Sentyabr ayında isə Sovet İttifaqına qarşı ilk atom zərbəsi konsepsiyası meydana çıxdı. Bundan sonra da SSRİ bir qədər geri qalan kimi amerikalılar onu məhv etmək üçün yeni plan hazırlayırdılar. Yalnız raket-nüvə qalxanının daim təkmilləşdirilməsi üzərində aparılan israrlı işlər Sovet İttifaqına, o cümlədən onun tərkibində olan Azərbaycana sağ qalmağa kömək etdi. Təkcə buna görə biz Stalinə sonsuz dərəcədə minnətdar olmalıyıq.
Son illərdə sosialist Çin də başa düşdü ki, dünyada iqtisadi təsiri artırmaqla yanaşı, ordunu da ciddi şəkildə gücləndirmək lazımdır – həm texnoloji baxımdan, həm də ənənəvi silah vasitələri baxımından. Çünki dünya siyasəti artıq hərbi müstəviyə keçib. Çin Xalq Respublikası müdafiə xərclərini artırmağa davam edəcək, çünki anlayır ki, yalnız cavab gücü etibarlı müdafiəni təmin edir.
Tramp öz avantürist müharibəsi ilə yeni təhlükəli reallığa qapı açır. İndi dünyanın onlarla ölkəsi düşünəcək: bəlkə nüvə silahı yaratmaq lazımdır? Çünki hamıya aydındır ki, əgər İranda nüvə silahı olsaydı, amerikalılar indi onu bombalamazdılar. Məsələn, Şimali Koreyada nüvə silahı var və amerikalılar yalnız Pxenyana qarşı hədələyici bəyanatlar verə bilirlər, lakin ona heç nə edə bilmirlər.
Artıq Polşa da bəyan edir ki, öz nüvə silahını yaratmaq istəyir. Fərqi hiss edin: əvvəlki Polşa prezidenti Duda deyirdi ki, Polşa öz ərazisində Amerika nüvə silahını yerləşdirmək istəyir, indi isə yeni prezident Navrotski deyir ki, yox, bizə öz nüvə silahımız lazımdır. Niyə o bunu məhz indi – amerikalılar İrana zərbələr endirdiyi vaxt deyir? Aydındır ki, dünya əslində ABŞ-ın avantürizmi qarşısında dəhşət içindədir. Hətta NATO-da ABŞ-ın yaxın müttəfiqləri sayılan Polşa kimi ölkələr də düşünməyə başlayırlar: bəlkə öz nüvə bombasını əldə etmək lazımdır ki, İranın başına gələnlərin eynisi onların da başına gəlməsin?
Yaxın Şərqdə yeni müharibə enerji daşıyıcıları bazarına fəlakətli təsir göstərəcək və artıq göstərir də. Tramp bu vəziyyətdə faktiki olaraq Avropanı girov götürüb. ABŞ hazırda dünyada ən çox neft hasil edən ölkədir, həmçinin Kanadadan, Meksikadan və indi Venesueladan da neft alır. Buna görə də Hörmüz boğazının bağlanması və Fars körfəzindən dəniz yolu ilə neft tədarükünün dayandırılması ABŞ üçün ölümcül nəticələr doğurmayacaq. Bəli, benzinin qiyməti ABŞ-da da bahalaşır, lakin bu, Avropanın üzləşə biləcəyi böhranla müqayisə olunmaz. Çünki Avropa Fars körfəzindən gələn neft və qazdan ciddi şəkildə asılıdır.
Beləliklə, Tramp bu avantürist müharibəni başlatmaqla Avropanı seçim qarşısında qoyur: ya müharibə uzun sürəcək və siz yanacaq çatışmazlığından böyük çətinlik çəkəcəksiniz, ya da mənə kömək edin ki, müharibə daha tez bitsin və Fars körfəzindən neft tədarükü bərpa olunsun. Nəticədə bu müharibəyə ehtiyacı olmayan Avropa İrana qarşı necə müharibə aparmalı olduğunu düşünməyə məcbur qalır.
Avropa İttifaqında bəzi ən radikal rusofobların nə deməsindən asılı olmayaraq, avropalılar Ukrayna münaqişəsini bir müddətlik unutmalı olacaqlar. Zelenski nə qədər incinsə də, Tramp başqa döyüş meydanını seçib. Hamıya pul da, raket də çatmaz. O isə daha yaxşı düşünməli idi ki, Tramp fəaliyyət göstərən dövlət başçılarını birbaşa oğurlamağa və öldürməyə başlayanda hansı Pandoranın qutusunu açdı.
Tramp özünü cilovunu itirmiş quldur kimi aparır. O deyir: “Ya bu mənimdir, ya da burada mənim payım olmalıdır.” Görək bu nə ilə nəticələnəcək. Demokratlarla respublikaçılar arasında böyük fərq barədə heç bir illüziyamız olmasa da, demokratların yenidən hakimiyyətə qayıtması da arzuolunan deyil. Trampın dünyada yaratdığı xaosu nəzərə alsaq, onların qayıtması mümkündür. Amerikalılar da bundan məmnun deyil, çünki bu xaos sonda onların özünə də zərbə vuracaq.
İran xalqı özündə müqavimət göstərmək və mübarizə aparmaq gücü tapmalıdır ki, onlar üçün Liviya, Suriya və ya İraq ssenarisi təkrarlanmasın. Bu, böyük bir sivilizasiyadır və o, dünya xuliqanına qarşı cavab verməyi bacarmalıdır!

Ədalət Abdinov


Отправить комментарий

0 Комментарии