
Azərbaycan Milli Azadlıq Cəbhəsinin (AMAC) təşkilatçılığı ilə “Vətəndaş cəmiyyəti və hüquqi dövlət” mövzusunda konfrans keçirilmişdir. Konfransda Azərbaycan kommunistlər Birliyinin sədri Ədalət Abdinov, Azərbaycan KP MK-nın sədri Gülnisə Mənsimova, o cümlədən müxtəlif ictimai-siyasi hərəkatın, qeyri-hökumət təşkilatların rəhbərləri, Rusiya Federasiyasından gəlmiş həmyerlilərimiz iştirak etmiş, tədbirin işıqlandırılması üçün nüfuzlu kütləvi informasiya vasitələri dəvət edilmişdir.
Konfransda açılış nitqiilə çıxış edən Azərbaycan Milli Azadlıq Cəbhəsinin Idarə Heyətinin sədri, filologiya elmləri doktoru Tahir Cəfərli “Hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin rolu” mövzusunda danışmışdır.
Bakı Dövlət Universitetinin İslamşünaslıq elmi tədqiqat mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov “Vətəndaş cəmiyyətində dinin rolu” mövzusunda çıxış etmişdir.
Daha sonra Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov çıxış edərək bildirdi ki, vətəndaş cəmiyyəti əsas insan hüquqları və azadlıqları müdafiə olunan və insanın dövlətin idarəetmə proseslərində siyasi qərarların müzakirəsində və həyata keçirilməsində fəal iştirakı ilə onlara təsir etmək imkanına malik olduğu cəmiyyət olmalı olduğu halda bu gün bu sferada məmur özbaşınalığı sayəsində çoxsaylı qanun pozuntuları baş verir.
Tanınmış jurnalist Nadir Şəfiyev respublikamızın siyasi, sosial, iqtisadi, mədəni sferalarında gedən proseslər və bunların vətəndaş cəmiyyətinə təsirindən ətraflı danışdı.
Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Atamoğlan Məmmədli vətəndaş cəmiyyətin vəziyyətinə, xarakterinə, onun sosial-iqtisadi, siyasi və hüquqi təbiətinə, inkşaf və yetkinlik səviyyəsinə konkret faktlarla münasibət bildirdi.
Azərbaycan KP MK-nın sədri Gülnisə Mənsimova qeyd etdi ki, Vətəndaş cəmiyyəti dedikdə azad sahibkarlıq, təşəbbüskarlıq mühiti başa düşülür. Burada hüquqca azad və bərabərhüquqlu fərdlərin rəqabət və əməkdaşlıq münasibətləri üstünlük təşkil etməlidir. Vətəndaş cəmiyyəti sırf bazar münasibətlərinin və rəsmi hakimiyyətlə eyniləşdirilməyən digər fəaliyyət formalarının sinonimi kimi dərk olunmalıdır.
AMAC-ın Tərtər ocağının rəhbəri, hüquqşünas Qiyas Əzimov cəbhə bölgəsi ilə həmsərhəd olan doğma rayonundakı vəziyyətlə bağlı məlumat verdi və konfrans iştirakçıların nəzərinə çatdırdı ki, tərtərlilərin vətəndaş-mülkiyyətçilərə çevrilməsi prosesinin uğurla getməsi bilavasitə Azərbaycan Perspublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın qayğısının nəticəsidir.
AMAC-ın mətbuat xidmətinin rəhbəri Rövşən Qasımov “Açıq cəmiyyət və mətbuat” mövzusunda çıxış etdi. O, vurğuladı ki, Azərbaycanda demokratiya, plüralizm, fikir və söz azadlığının əsas daşıyıcılarından biri olan media insanların cəmiyyətin idarə olunmasında iştirakını labüdləşdirdi, onları ölkənin taleyüklü məsələlərində daha məsuliyyətli və fəal olmağa səfərbər etdi. İnsanlarda ölkə, Vətən, xalq üçün, onun taleyi üçün bir sahiblik, bir məsuliyyət hissi yaranmağa başladı. AMAC-ın mətbuat xidməti də təmsil etdiyi qurumun fəaliyyəti baxımından cəmiyyətdə baş verən reallıqlara münasibət formalaşdırır, ictimai-siyasi təsir göstərir.
AMAC-ın təşkilat məsələləri üzrə katibi, hüquqşünas Sahib Sadıxlı çıxışında bildir ki, təmsil olunduğu qurum hesab edir ki, vətəndaş cəmiyyəti o, insanların demokratik cəmiyyətidir ki, orada insanlar nəyəsə malik olsunlar. Məsələn, istehsal vasitələrinə, pul kapitalına, aksiyalara, insanlara gərəkli olan informasiyaya, intellektə və nəhayət işçi qüvvəsinə.
Sahib Sadıxlı onu da qeyd etdi ki, AMAC-ın bütün ocaqlarında vətəndaş cəmiyyətinin struktur elementlərinin — şəxsiyyət; ailə; məktəb; sahibkarlıq və təşəbbüskarlıq; sosial qruplar, siniflər; vətəndaşların şəxsi həyatları və onların təminatı; demokratik institutlar; ictimai birliklər, siyasi partiyalar və hərəkatlar; müstəqil məhkəmələr; təhsil sistemi; müstəqil KİV-lər; qeyri-dövlət sosial-iqtisadi əlaqələr və s. müzakirəsinə daim önəm verilir.
AMAC-ın sədri Tahir Cəfərli konfransın işini yekunlaşdırdı və qeyd etdi ki, cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb etdiyi üçün bu mövzuda tədbirlərin keçirilməsini davam etdirəcəyik.
Azərbaycan Kommunistlər Birliyinin mətbuat xidməti














0 Комментарии