Recents in Beach

Sosializm uğrunda döyüşən millət əsgəri

16 oktyabr Azərbaycanda sol müxalifət qüvvələrinin öncüllərindən biri, tanınmış kommunist Ədalət Abdinovun ad günüdür.

Azərbaycanda sosialist ideyalarının geniş yayılması istiqamətində kommunist Ədalət Abdinovun çoxcəhətli və səmərəli fəaliyyəti həmişə diqqətimi cəlb edib. Müasir tarixin burulğanına düşən marksizm-leninizm təliminə misilsiz sədaqətlə, cəsarətlə, vurğunluqla xidmət etməsi onun əqidəsinin dönməzliyindən irəli gəlir. Sosializmə həsr olunmuş mübariz həyat yolu isə kommunist yoldaşların ona olan dərin sayğı və ehtiramın parlaq mücəssəməsidir.
İstiqlal ruhlu kommunist Ədalət Abdinovun ömrünün ayrı-ayrı dövrləri və məqamları bütöv halda və vəhdətdə qürur mənbəyidir. Onun şəxsiyyətinin nurlu əməlləri, kommunist düşərgəsində həyata keçirdiyi quruculuq işləri, marksizm-leninizm ideologiyası sahəsindəki təbliğatçılıq, təşviqatçılıq missiyası sosializm uğrunda mübarizənin müasir mərhələsində xüsusi əhəmiyyət kəsb edir.
Biz balavasitə özünəməxsus mütərəqqi sovet irsinin varisləriyik – Ədalət Abdinov deyir – Hər bir Azərbaycan vətəndaşı böyük bir zəngin tarixi keçmişi, uğurlu, önəmli  mədəniyyəti, yüksək mənəviyyatı olan sovet Azərbaycanın tarixi ənənələrinə məsuliyyətlə yanaşmalıdır. Azad, müstəqil, suveren sovet sosialist Azərbaycanın taleyüklü məsələlərin həlli üçün milli köklərə bağlı yeni təfəkkürlü kommunist gənc nəsil yetişməlidir. Burjua ideologiyasının hərtərəfli hücumuna baxmayaraq, Azərbaycanın sovet dövrünün dəyərli səhifələrini açıb xalqa göstərməyə nail olmalıyıq. Kapitalizmin törətdiyi çətinliklər, ağır proseslər mərhələsində bu, daha çox vacibdir.
Ədalət Abdinovun kommunist dünyagörüşünün klassik marksisit-leninçi ənənələrdən fərqli cəhətləri vardır. Sosialist islahatlar prosesində müstəqil dövlət idarəçiliyi sistemi, milli müstəqillik şüuru, mövcud hakimiyyət strukturları qorunmalı və daha da möhkəmləndirilməlidir. Müstəqil dövlətçilik ənənələrinin və milli mənlik şüurunun daşıyıcıları olan qabaqcıl adamlar, xüsusilə də xalqın əsi ziyalı potensialı ön sırada olmalıdır.
Yoldaş Abdinov haqlı olaraq bəyan edir ki,  vaxtilə AK(b)P MK, XI Qızıl Ordunun xüsusi şöbəsi, qırmızı milis, Fövqəlada Komissiya (ÇK), Ali Hərbi Tribunal tərəfindən həyata keçirilmiş “qırmızı terror” Azərbaycan bolşevizminin bağışlanmaz səhvidir. O, sələflərindən fərqli olaraq, sosializmə müqavimət göstərə biləcək şəxsi “xalq düşməni”, “əksinqilabçı” və ya “təxribatçı” adlandırmağın qəti əlehinədir. Çünki mütərəqqi ictimai qurluş olan sosializmlə müqayisədə kapitalizmin də müsbət tərəfləri var və onlardan düzgün istifadə edilməlidir. Və bu prosesdə siyasi xadimlərin, məşhur alimlərin, qabaqcıl ziyalıların, din xadimlərinin, partiya rəhbərlərinin həmrəyliyi vacibdir, xalqın qaymağı olan ziyalılar həlledici rol oynaya bilər.
Bütöv bir hərəkatın – Azərbaycan Kommunist Partiyasının  çoxsaylı qruplara  bölünməsi buna səbəb olanların öz şəxsi maraqlarını həyata keçirmək niyyətindən irəli gəlib. Bu gün Azərbaycan kommunist hərəkatının ciddi problemlərindən biri də  həmin bəd niyyətlilərin bölücülük əməlidir ki, Ədalət Abdinov bunlara qarşı qətiyyətlə mübarizə aparır. Yaranmış şərait bir daha onu təsdiq edir ki,  Azərbaycanda real perspektivi olan sol müxalifət qüvvələrinin birliyinə çox ciddi ehtiyac var. Ambisiyalar kənara qoyulmalı, ümumi maraqlar təmin edilməlidir. Sol təmayüllü qüvvələri birləşdirən qurum - "Sosialist Azərbaycan" bloku yaradılmalıdır.
Ədalət Abdinovun mövqeyi belədir ki, Azərbaycanda yeniləşmiş sosializm qeyd etdiyim kimi müstəqil dövlətçilik ənənəsi və milli mənlik ruhu ilə bağlı olmalıdır. Klassik sosializm şəraitindən fərqli olaraq, dövlət dili olan Azərbaycan dili müqəddəs bir varlıq kimi qorunmalıdır. Ruslaşdırma və ümumiyyətlə əcnəbiləşdirmə siyasətinə qətiyyən yol verilməyəcəkdir. Silklər, silki, mülki və dini imtiyazlar, rütbələr yeni sosializm şəraitində saxlanılmalıdır. Dini dövlətdən və təhsildən ayırmaq olmaz.  Dini ayinlərin icrası və məktəblərdə şəriət dərslərinin keçirilməsi mütərəqqi haldır. Bu gün olduğu kimi yenə də dini məktəblərə şərait yaradılacaqdır. Qədim memarlıq abidələri olan məscidlər, minarələr qorunacaqdır. Yeniləşmiş sosializm Azərbaycan xalqının mənəviyyatını və milli mədəniyyətini daha da zənginləşdirəcəkdir.
Müasir Azərbaycan kommunistləri başda Ədalət Abdinov olmaqla ötən əsrin 20-ci illərində həyata keçirilmiş zorakı "dövlət quruculuğu" əməlini rədd edirlər. Ölkədə qanun çərçivəsində fəaliyyət göstərən bütün siyasi partiyalar fəaliyyətlərini davam etdirməlidirlər. Kommunistlərin partiya diktaturasına yol vermək olmaz. "Fəhlə-kəndli hakimiyyəti yaratmaq" ideyası müasir şəraitdə özünü doğrultmur. Sovet sosialist demokratiyası xalqın sonsuz istəyindən, möhkəm inamından yaranmalıdır. Belə olan təqdirdə xalqın dövlətçilik zəkasının layiqli bəhrəsi olacaq yeni Azərbaycan Sovet Sosialist Respublikası dünyanın ən qabaqcıl dünyəvi, demokratik ölkələri ilə bir sırada dayanacaqdır.
Öz xalqının yorulmaz təəssübkeşi olan Ədalət Abdinovun fikrincə, torpaq üzərində xüsusi mülkiyyətlə yanaşı ictimai mülkiyyət də olmalıdır. Ölkənin bəzi təbii sərvətləri milliləşdirilməli, daha doğrusu dövlət mülkiyyəti hesab olunmalıdır. Yeni sosialist iqtisadiyyatı yaradılmalıdır. Xalqın etimadı ilə kommunistlər hakimiyyətə gəlsə, ilk qərarlarından biri də lüstrasiya olacaqdır! Yeniləşmiş sosializm şəraitində xalqın öz sərvətlərinə mülkiyyət hüququnun bərpası milli müstəqillik şüurunun növbəti qələbəsinə doğru aparacaqdır. 
Xalqını, dövlətini və vətənini canından əziz sevən Ədalət Abdinov əmindir ki, bu gün heç bir xarici ölkənin təsir dairəsinə düşməyən müstəqil Azərbaycan Şərqin qapısında yenidən çiçəklənən sosialist respublikasına çevriləcəkdir.






                     

Отправить комментарий

0 Комментарии