Recents in Beach

Ədalət Abdinovun Pioner Günü münasibəti ilə təbriki


Yoldaşlar!

Bu gün kommunist ideologiyasının yaşadığı və mübarizə apardığı dünyanın əksər ölkələrində qırmızı qalustuklu uşaqların - pioner təşkilatının yaranma tarixi qeyd edilir. 1922-ci il mayın 19-da Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının II Ümumrusiya konfransı uşaq kommunist — pioner dəstələrinin yaradılması haqqında qərar qəbul edib. Dörd il sonra, 1926-cı ildə bu dəstələr Lenin adına Ümumittifaq pioner təşkilatında birləşdirildi.
XX əsrin 30-cu illərin əvvəllərində pioner dəstələri sovet məktəblərində yaradılmağa başladı. Ümumittifaq pioner təşkilatı məktəb prinsipinə əsasən qurulurdu: sinif – dəstə, məktəb – pioner drujinası. Pioner dəstələrində əsasən hərbi-vətənpərvərlik işi aparılır, həmçinin kommunist siyasi dünyagörüşünün formalaşmasına ciddi fikir verilirdi.
Hər bir sovet məktəblisi pionerə keçmək üçün xüsusi imtahan verirdi. Pionerlik oktyabryat və komsomol arasında aralıq mərhələ idi. Pioner sıralarına keçdikdən sonra isə bu təşkilatın fərqləndirici döş nişanını taxır, qırmızı qalstukunu bağlayırdı. Pionerlərin devizi belə səslənirdi:
- Pioner, Sovet İttifaqı Kommunist Partiyasının işi uğrunda mübarizəyə hazır ol!
- Həmişə hazıram!
1991-ci ildə beynəlxalq imperializmin vəhşi planları əsasında Qorbaçov və Yelsin kimi daxili satqınların əli ilə Sovet hakimiyyəti dağıdılandan sonra müqəddəs ideallar uğrunda mübarizəyə qoşulan pioner təşkilatı da fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.
Bu, bəşər tarixinin ən böyük səhvi idi. Halbuki uşaq və gənclərin şəxsiyyət, vətəndaş olaraq yetişdirilməsi, onların intellekt səviyyəsinin yüksəldilməsində, zərərli vərdişlərdən, bekarçılıqdan xilas etmək üçün pioner təşkilatı misilsiz rol oynayırdı. Sovet dövründə görkəmli şəxsiyyətlərin, qəhrəmanların əksəriyyəti ilkin mərhələdə pioner təşkilatında yetişirdi. Pioner təşkilatı bir çərçivədə ağıllı, strateji və gərəkli bir təlim-tərbiyə ocağını gerçəkləşdirmişdi, məktəbli yeniyetmələrin dərsdənkənar vaxtlarını boşa itirməmələri üçün ən ideal  vasitə idi.
Bu gün oktyabryat, pioner və komsomol təşkilatları olmadığından şagirdlərin məktəbdənkənar məşğuliyyəti də düzgün istiqamətdə getmir. Şagirdlər arasında cinayətkarlıq, intihar, oğurluq adi hala çevrilib. Digər tərəfdən də bu bəd əməllər kapitalizmin eybəcər mahiyyətindən irəli gəlir.
Burjuaziya sagirdlərin məktəbdənkənar məşğuliyyətini təmin edən «Pionerlər evi»nin, pioner düşərgələrin, çoxsaylı dərnəkləri olan mədəniyyət evlərinin, müxtəlif yaradıcılıq mərkəzlərinin, hətta kitabxanaların binalarını ələ keçirtdilər, əvəzində gecə barları, restoranlar, kafelər və qumarxanalar açdılar. Bununla da şagirdlərin məktəbdənkənar məşğuliyyətinə çəpər çəkərək, onları mənəvi cəhətdən şikəst etdilər və kapitalizmin əxlaqsız mədəniyyəti ilə korladılar. Son 30 ilin təcrübəsi bunu təsdiq edir.
Yeniyetmələrin gələcəkdə onların əlehinə çevriləcəyini görən burjuaziya «Pionerlər Evi»nin analoqu kimi «Bakı SOS Gənclər Evi» kimi uğursuz lahiyəyə start vermiş, bunun da mahiyyətində pul qazanmaq durur.
Və yaxud burjuaziya Gənclər evləri adlandırılan layihələrə budcədən pul ayırır, sonra da bu pulu həzmi-rabedən keçirirlər, ortada da uğursuz Gənclər evinin quru adı qalır.
Sovet hakimiyyəti nəinki istedadlı, ümumiyyətlə bütün uşaqları dövlət himayəsi altında müxtəlif tipli dərnəklərə cəlb edirdi, yeni nəslin intellektual potensialının istifadəsinə xüsusi önəm verirdi. Çünki bu, kommunist ideologiyası üçün son dərəcə strateji əhəmiyyət daşıyırdı.
Öncüllüyü üçün xammalına üstünlük verən burjua Azərbaycanında məktəbli yeniyetmələrin intellektual imkanlarının inkişafı ilə əlaqədar əməldə yox, sözdə nə qədər istəsəniz nağıl danışılır.
Burjua Azərbaycanında elə bir təşkilat yoxdur ki, pioner və komsomol təşkilatın qadir olduğu təsirə malik olsun. Elə buna görə də yeniyetmə və gənclərin zərərli vərdişləri kütləvi hal alıb. Siz fikir verin, tərbiyə o dərəcədə korlanıb ki, avtobus və metroda yeniyetmələr böyüklərə yer vermirlər.
Bu bir həqiqətdir ki, burjua cəmiyyətində bir xaos, kriminal durum movcuddur. Mövcud metodla boyüməkdə olan nəslin tərbiyəsi müsbət nəticə vermir. Yeniyetmələr arasında mənəvi keyfiyyətlər aşağı düşməkdədir. Bunun da əsas səbəblərindən biri pioner təşkilatının, pioner evləri tipli müəssisələrin olmamasıdır.
Azərbaycanda milli-mənəvi dəyərlərimizə söykənən ideologiya, vətənpərvərlik, vətəndaşlıq ideyaları aşılayan Pioner təşkilatı bərpa edilməlidir. Pioner adını fəxrlə çəkmək lazımdır, çünki pioner sözün mənası, birincilər, öncüllər deməkdir. Yeniyetmələrimiz ölkəmizin gələcəyi naminə birinci, öncül olmalıdır.
Bu əlamətdar gündə pioner sıralarında olmuş insanlarımızı, pioner ənənələrinə məhəbbəti olan uşaqlarımızı, gənclərimizi, qırmızı qalustukluların təşkilatını unutmayan bütün vətəndaşlarımızı  səmimi qəlbdən təbrik edirəm.

Ədalət Abdinov,

"Kommunist" onlayn qəzetinin baş redaktoru

Bakı şəhəri, 19 may 2023-cü il.






Отправить комментарий

0 Комментарии