Vladimir İliç Lenin

I
İmperialist dövlətlərin əhatəsində
olan Sovet respublikasının beynəlxalq vəziyyətinin heç də möhkəm olmadığı
bolşevik mətbuatında dəfələrlə göstərilmiş və Sovet hakimiyyətinin ali
orqanlarının rəsmi qətnamələrində etiraf edilmişdir.
Son günlərdə, yəni 1918-ci
il mayın birinci sülsündə istər xarici, istərsə də daxili səbəblər üzündən
siyasi vəziyyət son dərəcə kəskinləşmişdir:
Əvvələn, yaponların yardımı
ilə Uzaq Şərqdə əksinqilabçı qoşunların (Semyonov və i.a. qoşunlarının) açıq
hücumu qüvvətlənmiş və bununla əlaqədar olaraq bir sıra əlamətlər göstərmişdir
ki, Almaniyaya düşmən olan bütün imperialist koalisiyasının Rusiyaya: ya
Almaniya ilə vuruş, ya da yaponlar bizim köməyimizlə hücum edəcəklər, deyə belə
bir ultimatum vermək proqramı əsasında sazişə gələcəyi mümkündür.
İkincisi, ümumiyyətlə
Almannyanın siyasətində, Brestdən sonra hərbi partiya üstün gəlmişdir ki, bu
partiya da Rusiya üzərinə dərhal ümumi hücuma keçmək məsələsində indi də hər dəqiqə
üstün gələ bilərdi, yəni Rusiyada yeni ilhaqlara çalışan, lakin onun üzərinə
ümumi hücuma keçmək deyil, bir müddət onunla sülhü davam etdirməyə çalışan
alman burjua-imperialist dairələrinin başqa siyasətini tamamilə kənara ata bilərdi.
Üçüncüsü, Ümumrusiya
burjuaziyasının kadet-oktyabrist ünsürlərinin yardımı və alman qoşunlarının köməyi
ilə Ukraynada burjua-mülkədar monarxizminin bərpa edilməsi bizdə əksinqilaba
qarşı mübarizəni kəskinləşdirməyə bilməzdi, bizdəki əksinqilabın planlarına
qol-qanad verməyə bilməzdi, əksinqilabı ruhlandırmaya bilməzdi.
Dördüncüsü, ərzaq dağıntısı
son dərəcə kəskinləşmiş və bir çox yerlərdə açıq-aydın aclığa gətirib
çıxarmışdır ki, bunun da səbəbi həm Rostov-Donla əlaqəmizin kəsilməsidir, həm də
xırda burjuaziyanın və ümumiyyətlə kapitalistlərin taxıl inhisarını pozmağa cəhd
edərək, hakim sinfin, yəni proletariatın bütün bu səylərə, cəhdlərə və təşəbbüslərə
qarşı kifayət qədər möhkəm, intizamlı və amansız müqavimət göstərməməsidir.
II
Sovet hakimiyyətinin xarici
siyasəti heç bir vəchlə dəyişdirilməməlidir. Bizim hərbi hazırlığımız hələ
qurtarmamışdır, buna görə də: manevr etmək, geri çəkilmək, gözləmək və bu
hazırlığı var qüvvə ilə davam etdirmək yenə əvvəlki kimi bizim ümumi şüarımız
olaraq qalır.
İmperialist
koalisiyalarından biri ilə hərbi saziş Sovet hakimiyyətinin əsaslarını
pozmayaraq onun vəziyyətini möhkəmlədə biləcəyi və imperialist dövlətlərindən hər
hansı biri tərəfindən onun üzərinə hücumu aradan qaldıracağı hallarda həmin
koalisiyalardan biri ilə digərinə qarşı hərbi sazişlərdən ümumiyyətlə əsla
boyun qaçırmamaqla bərabər, biz hazırda ingilis-fransız koalisiyası ilə hərbi
sazişə girə bilmərik. Çünki həmin koalisiya üçün real əhəmiyyəti olan cəhət
Almaniya qoşunlarını Qərbdən uzaqlaşdırmaqdır, yəni Avropa Rusiyasının içərilərinə
bir çox yapon korpuslarının irəliləməsidir ki, bu şərt də Sovet hakimiyyətinin
tam iflası demək olduğu üçün qəbul edilə bilməz. Əgər bu cür ultimatumu bizə
ingilis-fransız koalisiyası vermiş olsaydı, biz ona rədd cavabı verərdik, çünki
almanların Piteri, Moskvanı və Avropa Rusiyasının çox hissəsini tutması təhlükəsinə
nisbətən yaponların irəliləməsi təhlükəsinin qarşısı daha az çətinliklə alına
bilər (və ya daha uzun müddətə ləngidilə bilər).
III
Hazırda Sovet hakimiyyətinin
xarici siyasət vəzifələrini müəyyən edərkən, düşünülməmiş və ya tələsik
addımlar atmaqla Yaponiya və ya Almaniyanın hərbi partiyalarının ifratçı ünsürlərinə
kömək etməmək üçün son dərəcə ehtiyatlı, diqqətli və mətanətli olmaq lazımdır.
İş ondadır ki, bu ölkələrin
hər ikisində hərbi partiyaların ifratçı ünsürləri Rusiyanın bütün ərazisini
tutmaq və Sovet hakimiyyətini yıxmaq məqsədilə Rusiya üzərinə dərhal və ümumi
hücuma keçmək tərəfdarıdırlar. Bu ifratçı ünsürlər hər dəqiqə üstün gələ bilərlər.
Lakin, digər tərəfdən, şübhəsiz
bir faktdır ki, Almaniyada imperialist burjuaziyanın əksəriyyəti belə bir siyasətin
əleyhinədir və hazırkı dövrdə Rusiya ilə ilhaqçı sülhü onunla yeni müharibədən
üstün tutur, bu mülahizəyə görə ki, belə bir müharibə Qərbdən qüvvəni çəkməyə məcbur
edərdi, Almaniyada möhkəm olmayan daxili vəziyyətin onsuz da hiss olunan səbatsızlığını
artırardı, üsyanlar bürümüş olan və ya dəmir yollarının dağılması, torpaqların
az əkilməsi və i.a. və sairə üzündən zərər çəkmiş olan yerlərdən xammal
alınmasını çətinləşdirərdi.
Yaponiyanın Rusiya üzərinə
hücum etmək cəhdinə isə əvvələn, Çində hərəkat və üsyanlar təhlükəsi; ikincisi
də Yaponiyanın qüvvətlənməsindən qorxan və sülh şəraitində Rusiyadan daha asan
yolla xammal almaq ümidində olan Amerikanın müəyyən antaqonizmi mane olur.
Əlbəttə, çox ola bilər ki,
Yaponiyada da, Almaniyada da hərbi partiyanın ifratçı ünsürləri – hər dəqiqə
üstün gəlsinlər. Nə qədər ki, Almaniyada inqilab baş verməmişdir, buna qarşı təminat
ola bilməz. Amerika burjuaziyası yapon burjuaziyası ilə, yapon burjuaziyası da
alman burjuaziyası ilə gizlicə dilləşə bilər. Buna görə də ən qızğın hərbi
hazırlıq bizim şəksiz borcumuzdur.
Lakin nə qədər ki, sülhü
mühafizə etməyə və ya müəyyən yeni ilhaqlar, yaxud yeni itkilər bahasına
Finlandiya, Ukrayna və Türkiyə ilə sülh bağlamaq üçün heç olmasa bir qədər
imkan qalmışdır, biz qətiyyən imperialist dövlətlərin hərbi partiyasının
ifratçı ünsürlərinə kömək edə biləcək heç bir addım atmamalıyıq.
IV
Qızğın hərbi hazırlıq məsələsində,
habelə aclığa qarşı mübarizə məsələsində birinci yeri təşkilat vəzifəsi tutur.
Ərzaq çətinlikləri aradan
qaldırılmadan, əhalinin çörəklə müntəzəm təchiz olunması təmin edilmədən, dəmir
yol nəqliyyatında ən ciddi qayda qoyulmadan, zəhmətkeş əhali kütlələri içərisində
(nəinki təkcə onun yuxarı təbəqələri içərisində) həqiqətən polad kimi möhkəm
intizam yaradılmadan az-çox ciddi hərbi hazırlıqdan heç danışıq da ola bilməz.
Məhz bu sahədə biz ən çox geri qalmışıq.
«Üsyan» komitələri haqqında
çığır-bağır salan, «silah başına» və i.a. deyə fəryad qoparan sol eser və
anarxist ünsürlər məhz bu həqiqəti əsla başa düşmürlər. Belə çığırtı və fəryadlar
– kütbeyinliyin və ən miskin, iyrənc və nifrət doğuran ibarəbazlığın son həddinin
nümunəsidir, çünki mərkəzi Sovet hakimiyyəti hərbi işi öyrənməyin və
silahlanmağın lazım olduğunu əhaliyə var qüvvəsi ilə inandırdığı bir zamanda; –
bizdə sayıb hesablayaraq paylaya bildiyimizdən çox artıq silah olduğu bir
zamanda; – məhz dağıntının və intizam olmamasının mövcud silahdan istifadə etməyimizə
mane olduğu və qiymətli hazırlıq vaxtını itirməyə bizi məcbur etdiyi bir
zamanda «üsyandan» və «üsyan komitələrindən» danışmaq gülüncdür.
Ciddi müharibə üçün qızğın
hərbi hazırlıq – coşğunluq deyil, çağırış deyil, döyüş şüarı deyil, kütləvi
miqyasda uzun, gərgin, ən inadlı və intizamlı iş görməyi tələb edir. Bunu
anlamaq istəməyən sol eser və anarxist ünsürlərin öz şivələrini bizim,
proletar-kommunist partiyamızın bəzi ünsürlərinə sirayət etdirmələrinə yol vermək
deyil, onları amansızlıqla dəf etmək lazımdır.
V
Yuxarıda göstərilən şərait
üzündən son günlərdə baş qaldıran burjuaziyaya qarşı amansız mübarizə aparmaq,
hərbi vəziyyət elan etmək, qəzetləri bağlamaq, başçıları həbsə almaq lazımdır və
i.a. və s. Artıq taxılı saxlayıb verməyən və taxıl inhisarını pozan kənd
burjuaziyası üzərinə hərbi hücum zəruri olduğu kimi, bu tədbirlər də eyni dərəcədə
zəruridir. Proletariatın polad kimi möhkəm intizamı olmadan nə əksinqilabdan, nə
də aclıqdan xilas olmaq mümkün deyildir.
Xüsusən nəzərdə tutmaq
lazımdır ki, burjuaziya son günlərdə, vahimə salmaq kimi vasitədən proletar
hakimiyyətinə qarşı misilsiz bir bacarıqla, mahir bir usta məharəti ilə istifadə
etmişdir. Bizim yoldaşlardan, xüsusən sol eserlərin və anarxistlərin inqilabi
ibarələrinə qarşı möhkəm olmayanlardan bəziləri onlara uyaraq vahiməyə düşmüşlər
və ya yaxınlaşan təhlükələrə qarşı haqlı və zəruri xəbərdarlığı vahimə
yaymaqdan ayıran həddi gözləməmişlər.
Rusiyanın hazırda mövcud
olan və heç bir coşqunluqla işə kömək etməyə imkan verməyən bütün iqtisadi və
siyasi vəziyyətinin əsas xüsusiyyətlərini möhkəm yadda saxlamaq lazımdır. Belə
bir həqiqəti möhkəm başa düşmək və bütün fəhlələrin də başa düşməsinə nail
olmaq lazımdır ki, indi, Qərbdə inqilabın gecikməsi nəticəsində labüd olmuş ən
çətin və ən təhlükəli keçidlərdən birinin mövcud olduğu bir zamanda, yalnız mətanət
və səbirlə çalışaraq polad kimi möhkəm proletar intizamı yaratmaq və bərpa etmək
vasitəsilə xuliqanlara, qolçomaqlara və pozğunluq salanlara amansız divan
tutmaq vasitəsilə Sovet hakimiyyətini qoruyub saxlamaq mümkündür.
1918-ci il mayın 12 və ya
13-də yazılmışdır
İlk dəfə 1919-cu ildə Lenin
məcmuəsinin XI kitabında çap edilmişdir
Əlyazmasından dərc olunur
0 Комментарии