1920-ci il aprel inqilabından sonra da Daşnaksütunun Ermənistandakı törtöküntüləri Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ və Şərur-Dərələyəz torpaqlarını ələ keçirmək niyyətində idi. Onların hərbi hissələri 1920-ci ilin yayında Zərgəzuru dağıdıb Naxçıvana hücum etdilər. Əhalinin tələbi ilə Naxçıvanı müdafiə etmək üçün Veysəl bəyin başçılığı ilə köməyə gələn türk qoşun hissələri Naxçıvanı nəzarət altına aldılar. 1920-ci ilin iyulunda XI Qırmızı ordu hissələri də Naxçıvana girdi. 1920-ci ilin avqustunda Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış müvəqqəti sazişə görə, Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana verilir, rus qoşunlarının zəbt etdiyi Qarabağ, Zərgəzur və Naxçıvan mübahisəli ərazilər elan olunur. 1920-ci il oktyabrın əvvəllərində təcili olaraq Naxçıvanda fövqəladə komissarlığın yaradılması faktiki olaraq Naxçıvanı Ermənistan idarəçiliyinə vermək məqsədi güdürdü. Ermənistan sovetləşdikdən (29 noyabr 1920) sonra AK(b)P MK Siyasi və Təşkilat bürolarının 1920-ci il 30 noyabr tarixli qərarına müvafiq olaraq dekabrın 1-də Nərimanovun “…Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir…” bəyanatı erməniləri Azərbaycandan yeni ərazilər qoparmaq iddialarını daha da artırdı .
1921-ci il fevral-mart aylarında keçirilən Moskva danışıqlarının əsas obyektlərindən biri Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvanın statusu məsələsi idi. Türkiyə nümayəndəsi bildirdi ki, Azərbaycanın Naxçıvan üzərində himayəsi o zaman təmin olunar ki, o bu himayəni 3-cü bir dövlətə güzəştə getməyəcəyinə dair öhdəlik götürsün. Rusiya isə Azərbaycanın himayəsi altında Naxçıvana muxtariyyət verilməsini və onun sərhədlərinin müəyyənləşdirilməsini ön plana çəkirdi. 1921-ci il martın 16-da RSFSR ilə Türkiyə arasında Moskvada müqavilə imzalandı. Müqavilənin 3- cü maddəsində göstərilirdi ki, tərəflər müqaviləyə əlavədə nəzərdə tutulan sərhədləri ilə Azərbaycanın himayəçiliyi altında Naxçıvanın muxtar ərazi olmasına razılıq verirlər və Azərbaycan onu 3-cü dövlətə güzəştə getməməlidir. 1921-ci il oktyabrın 13-də Qarsda imzalanmış müqavilədə Naxçıvanın Azərbaycan ərazisi olması bir daha təsdiqləndi, onun sərhədləri və gələcək statusu qəti olaraq müəyyənləşdirildi. 1929-1931-ci illərdə Ordubad və Zəngilan rayonlarının bir sıra kəndləri Ermənistana verildi və bu ərazi Mehri rayonu adlandırıldı. Nəticədə Naxçıvanla Azərbaycanın digər torpaqları arasında olan sərhəd bağlandı. Naxçıvan barədə 1922-ci ilin yazında təsdiq olunmuş Əsasnamədə Naxçıvan Sovet Sosialist Respublikası (NSSR) adı ilə Azərbaycan SSR himaysində muxtar respublika elan olundu. 1923-cü ilin fevralından dekabrına kimi o, Azərbaycan SSR tərkibinə muxtar ölkə kimi, dekabrın 31-də qəbul olunmuş qərara görə Naxçıvan ölkəsi Naxçıvan SSR, 1924-cü il fevralın 9-da Naxçıvan MSSR kimi daxil oldu.
1921-ci ilin yayında Əlahiddə Qafqaz ordusunun hissələri hücum etdi və Yuxarı Zəngəzur Ermənistana birləşdirildi. 1921-ci ilin yayında Ermənistan SSR XKS sədri A.Myasnikov tərəfindən Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsi elan olundu. Dağlıq Qarabağda fövqəladə nümayəndə təyin olunan A.Mravyan N.Nərimanovun təkidi ilə iyunun 27-də geri çağırıldı. 1920-ci ilin dekabrında Türkiyə ilə Ermənistan arasında imzalanmış Gümrü (Aleksandropol) sülh müqaviləsinə görə, İrəvan bölgəsi və Göyçə gölü istisna olmaqla, bütün Ermənistan ərazisi təxminən 10 min kv.km hüdudlarında müəyyənləşdirilmişdi. Lakin Rusiya bir müddətdən sonra Gümrü sülh müqaviləsini tanımaqdan imtina etdi.
RK(b)P-nin Qafqaz bürosu 1921-ci il iyulun 4-də toplanmış plenumunda Qarabağ məsələsini müzakirə etdi. Müzakirələrdə iki fikir irəli sürüldü:
- Qarabağın Azərbaycanın tərkibində saxlanılması və bütün əhalisi arasında rəy sorğusu keçirilməsi;
- Qarabağın dağlıq hissəsinin Ermənistanın tərkibinə qatılması və rəy sorğusunun yalnız ermənilər arasında keçirilməsi.
İclasda əksəriyyət (Orcanikidze, Myasnikov, Kirov) 2-ci təklifə səs verdi. Lakin N.Nərimanovun qəti etirazı, kəskin narazılıq yarandığını nəzərə alaraq Qafqaz Bürosu son qərar üçün məsələni RK(b)P MK-nın müzakirəsinə verməyi tövsiyə etdi. Məsələ iyulun 5-də Qafqaz bürosunun plenumunda yenidən müzakirə olundu. Plenum RK(b)P MK-nın rəyini nəzərə alaraq Dağlıq Qarabağın Azəraycan SSR-in tərkibində saxlanılması qərarını qəbul etdi, paytaxtı Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi bəndi salında. Bu məsələdə Stalinin, Çiçerinin, Orconikidzenin və Kirovun həlledici rolu olmuşdu. Lakin bu qərar Azərbaycan rəhbərliyini qane etmirdi. Buna baxmayaraq, 1923-cü il iyunun 27-də RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin plenumunda bu qərar təsdiq olundu. S.Orconikidzenin təkidi ilə Azərbaycan MİK-i 1923-cü il 7 iyul tarixli qərarı ilə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığını elin etdi.
“RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında” 1920 il sentyabrın 30-da bağlanmış müqavilə, Cənubi Qafqaz respublikalarını Federativ Respublika kimi birləşdirmək siyasəti və 1921-ci ilin noyabrında RP(b)P MK Qafqaz bürosu və RK(b)P MK-nın Siyasi Bürosu tərəfindən Zaqafqaziya Federasiyasının yaradılması barədə qərarlar qəbul etməsi Azərbaycanın formal müstəqilliyinin ləğv olunması demək idi. 1922-ci ilin martında Azərbaycan, Gürcüstan və Ermənistan Mərkəzi İcraiyyə Komitələrinin səlahiyyətli nümayəndələri müqaviləni təsdiq etdilər və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası - ZSFSR yaradıldı. Cənubi Qafqaz Respublikalarının 1922-ci il dekabrın 10-da toplanmış I Sovetlər qurultayında Ali orqan-Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi seçildi. Bununla Azərbaycanın bütün yeraltı və yerüstü sərvətləri, xüsusən nefti digər Cənubi Qafqaz respublikalarının ixtiyarına verildi. 1922-ci il fevralın 22-də Sovet respublikalarının RSFSR ilə bağladıqları sazişə görə bütün respublikalar, o cümlədən Azərbaycan beynəlxalq münasibətlərdə öz mənafeyini təmsil və müdafiə etməyi RSFSR-ə tapşırırdılar. 1922-ci il dekabrın 30-da I Sovetlər qurultayı SSRİ-nin yaradılmasına nail oldu. SSRİ-nin tərkibinə 4 respublika-RSFSR, Ukrayna, Belorusiya və ZSFSR daxil idi. Qurultayda sədrlərindən biri N.Nərimanov olan SSRİ-nin ali orqanı-Mərkəzi İcraiyyə Komitəsi seçildi. 1924-cü ilin yanvarında SSRİ-nin ilk Konstitusiyası qəbul edildi.
Azəraycanda sovet milli siyasətinin nöqsanlarından biri də milli adət-ənənələri məhdudlaşdırmaq, İslam dininə xidmət edən məscidləri qismən baglamaq, rus dilini dövlət dili səviyyəsinə çatdırmaq, milli kadr qıtlığı bəhanəsilə qeyri millətlərin nümayəndələrini Azərbaycana gətirmək, “beynəlmiləl” şəhər elan edilən Bakıda əhalinin milli tərkibinin köklü surətdə dəyişdirmək, rəhbərlikdə olan milli kadrlar arasında süni olaraq qarşıdurma yaratmaq idi. “Sağlar” və “sollar”, “qocalar və cavanlar” arasında aparılan bu qarşıdurmalar N.Nərimanovun Azərbaycan rəhbərliyindən uzaqlaşdırılması ilə nəticələndi. Sovet milli siyasətində Azərbaycanın müsəlman Şərqinə, Türk dünyasına nüfuzedici amil olması kimi baxılması da mühüm yer tuturdu. Təsadüfi deyildi ki, bu dövrdə Şərq xalqlarının və türkoloqların nüfuzlu yığıncaqları məhz Azərbaycanda-Bakıda keçirilmişdi-1920-ci il sentyabrın 1-7-də Şərq xalqlarının nümayəndələrinin birinci qurultayı. Qurultayda 37 millətin nümayəndəsi iştirak etmişdi.
0 Комментарии