1940-cı illərin sonu Heydər Hüseynovun triumf dövrü idi. 4 cildlik "Rusca-Azərbaycanca" lüğətə görə 1948-ci ildə 2-ci dərəcəli Stalin mükafatına layiq görülmüşdü. Bir il sonra 733 səhifəlik "XIX əsrdə Azərbaycanda ictimai-siyasi fikir" monoqrafiyası çap olunmuşdu.
1947-ci ildə "ədəbiyyat naziri" - SSRİ Yazıçılar İttifaqının birinci katibi, Stalin Mükafatları Komitəsinin sədri A.Fadeyev Nizami Gəncəvinin müharibə səbəbindən təxirə düşmüş 800 illik yubileyində iştirak məqsədi ilə Bakıya gəlmişdi. Burada o, dostu Səməd Vurğun vasitəsi ilə H.Hüseynovla da tanış olmuşdu. Ciddi və işgüzar alim A.Fadeyevə xoş təsir bağışlamışdı. Tanışlıq tədricən dostanə münasibətlərə çevrilmişdi. Başıbəlalı kitabı çapdan çıxanda H.Hüseynov onun ilk nüsxələrindən birini ithaf sözləri ilə Moskvaya, A.Fadeyevə göndərmişdi. Fadeyev əsəri ictimai elmlər sahəsində 1950-ci il Stalin mükafatına (III dərəcə) təqdim etmişdi. Müvəffəqiyyətdən başı gicəllənən müəllif “respublikanın xozeyinini" məsələdən xəbərdar eləməyi unutmuşdu. M.C.Bağırov hadisədən yalnız yeni Stalin mükafatları laureatlarının adları “Pravda” qəzetində çap olunanda xəbər tutmuşdu. Başının üstündən iş görüldüyünə, həm də bunu inanıb irəli çəkdiyi birinin etdiyinə görə onun hirsindən necə zəncir çeynədiyini təsəvvür etmək çətin deyil.
Həmin dövrdə H.Hüseynovun referenti olmuş şair və tərcüməçi İmran Seyidov danışırdı ki, “Pravda”da Stalin Mükafatları Komitəsinin qərarı çap olunduğu gün səhər tezdən M.C.Bağırov laureatı Mərkəzi Komitəyə çağırtdırmış və istənilən adamı vahiməyə salan isterik monoloqdan sonra mükafat alan monoqrafiyasını sözün həqiqi mənasında onun başına çırpmışdı. Qalın və parıltılı kağızda çap olunmuş foliant isə yetərincə ağır idi.
İmran Seyidovun dediyinə görə həmin gün "Xozeyinin" yanından qayıdan Heydər Hüseynov böyük sarsıntı keçirmiş, kabinetinə çəkilib hönkür-hönkür ağlamış, ona su gətirən İ.Seyidova hıçqırıqlar içində "Имран, представляешь, он дважды меня ударил книгой по башке" demiş, sonra isə damarını kəsməklə intihara cəhd göstərmişdi. Amma birinci dəfə onu xilas etmək mümkün olmuşdu.
"Həddini aşmış” alimi cəzalandırmaq baxımından bu qeyri-insani davranış da "xozeyinə" az görünmüşdü. M.C.Bağırov dostluq əlaqələri saxladığı L.Beriya ilə A.Fadeyevin münasibətlərinin pis olduğunu bildiyindən bir güllə ilə iki ov vurmağı - həm Fadeyevi nüfuzdan salmağı, həm də H.Hüseynovu yerində oturtmağı qərara almışdı. Hər yerə əli işləyən Beriyanın müdaxiləsi nəticəsində məsələ böyüyüb Kremlin müzakirəsinə çıxarılmış və Stalin Mükafatları Komitəsinin tarixində sonralar bir də heç zaman təkrarlanmayan (və təəssüf ki, yeganə presedent də bizimlə bağlı olan) hadisə baş vermişdi: SSRİ Nazirlər Sovetinin qərarı ilə mükafat heç bir cinayət törətməmiş qanuni sahibindən geri alınmışdı.
Y.Borev “Staliniada” kitabında yazırdı: “Bu artıq rəsmən elan olunmuş Stalin mükafatının geri alınması ilə bağlı ilk təsadüf idi və həmin təsadüf bizim ölkədə torpağın adamın ayağının altından necə asanlıqla qaçdığını aydın göstərirdi. Stalin dövrünün meyarları baxımından sovet cəmiyyəti qarşısında böyük xidmətləri olan professor Elsberqin (tanınmış ədəbiyyaşünas alim, uzun illər boyu SSRİ DTK-nin informatoru-V.Q.) 1950-1951-ci illərdə Hüseynovun mükafatı geri alınandan sonra necə həyəcanlandığı indi də gözlərim önündədir”.
Lakin mükafatın geri alınması da M.C. Bağırovun qəzəbini soyutmadı. Heç şübhəsiz onun şəxsi göstərişi ilə Heydər Hüseynova qarşı təqiblər başlandı. Əsas hədəf kimi isə alimin Şeyx Şamilə və dağlılar hərəkatına münasibəti götürülürdü. Təqiblər həm ideoloji, həm də şəxsi planda aparılırdı. Alimin qardaşı həbs edilmişdi. Özünün ətrafındakı halqa isə günü-gündən daralırdı. Tutduğu bütün vəzifələrdən azad edilmişdi. Faktiki ev dustağına çevrilmişdi. H.Hüseynovun simasında yeni xalq düşməninin tapıldığı artıq heç kimə sirr deyildi.
Müharibənin bir qədər səngidib arxa plana keçirdiyi terror dalğası 40-cı illərin sonunda yenidən cəmiyyəti silkələməyə başlamışdı. Həm də bu dəfə əsas hədəf kimi daha çox yaradıcı adamlar, ziyalılar, alimlər seçilmişdi. M.Zoşşenko və A.Axmatova, “Zvezda” və “Leninqrad” jurnalları, V.Muradelinin “Böyük dostluq” operası haqqında məlum partiya qərarları həmin dövrdə çıxmışdı. “Leninqrad işi” deyilən qondarma ssenari quraşdırılmış, məşhur iqtisadçı A.İ.Voznesenski başda olmaqla böyük bir qrup dövlət adamı həbs edilmiş və güllələnmişdi. Şərti olaraq “Həkimlərin işi” adlanan başqa bir ssenari hazırlanırdı. Bir sözlə, bütün ölkə miqyasında 1937-ci ilin təkrarına hazırlıq görülürdü. Yalnız tiranın ölümü cəza maşınının bütün dəhşəti ilə işə düşməsinin qarşısını aldı. Amma buna baxmayaraq keçmiş SSRİ-nin digər regionlarında olduğu kimi 1950-ci ildə yenidən gündəmə gələn repressiya dalğası Azərbaycandan da qansız-qadasız ötüşmədi.
1950-ci il iyul ayının 14-15-də Bakıda, Filarmoniyanın Yay salonunda Azərbaycan ziyalılarının yığıncağı keçirildi. Rəsmi məlumatlar toplantının işində iki min nəfərə qədər ziyalının iştirak etdiyini, Rəyasət heyətində Azərbaycan KP Mk-nın katibi M.C.Bağırovun, Nazirlər Sovetinin sədri T.Quliyevin, Ali Sovetin sədri N.Heydərovun oturduqlarını, yığıncağı Azərbaycan KP MK-nın katibi T.Yaqubovun açdığını xəbər verir. Yığıncaqda M.C.Bağırovun “Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında” adlı məruzəsi dinlənilmişdi. Müzakirələrdə professor C.Xəndan, Azərbaycan KP MK Təbliğat və Təşviqat şöbəsi müdirinin müavini V.Səmədov, Azərbaycan EA Ədəbiyyat İnstitutunun direktoru, akademik M.A.Dadaşzadə, akademik M.Topçubaşov, Azərbaycan Yazıçılar İttifaqıının sədri M.İbrahimov, professor M.Şirəliyev, yazıçı M.Hüseyn, xalq şairi S.Vurğun, professor Ə.Dəmirçizadə və b. çıxış etmişdilər.
İclasa qədər respublikanın elmi idarə və təşkilatlarında, yaradıcı ziyalılar arasında güclü “hazırlıq” işi aparılmışdı. EA institutlarındakı və ali məktəblərdəki toplantılarda H.Hüseynov və onun xatalı qəhrəmanı haqqında “ifşaedici rəylər” toplanılmış və dəqiqliklə sənədləşdirilmişdi.
Həmin rəylərdən bəzilərini müəlliflərin adını göstərmədən təqdim edirəm
Dilçilik İnstitutunun elmi katibi, ÜİK(b) üzvü ............
“Azərbaycanın ictimai təşkilatlarının Hüseynova Stalin mükafatı laureatı adının verilməsi haqqındakı qərarının ləğvi ilə bağlı tələbləri və bunun ardınca Stalin Mükafatları Komitəsinin, habelə SSRİ Nazirlər Sovetinin müvafiq qərarları tamamilə ədalətli addımdır. Çünki Hüseynov həqiqətən də kitabında müridizmi ideallaşdırmış, Şamil hərəkatının tarixi mənasını təhrif etmiş, özünün burjua-millətçi tərəddüdlərinə meydan açmışdır. Hüseynov tərəfindən Şamilin xalqın seçdiyi mütərəqqi xadim kimi qiymətləndirilməsi antimarksist mövqedir”.
MELİ (Marks, Engels, Lenin İnstitututu-V.Q.) Azərbaycan Filialının baş elmi işçisi, ÜİK(b)P üzvü ............
“Hüseynov axır vaxtlar çox həddini aşmışdı, heç kimlə hesablaşmırdı. Hətta iş o yerə çatmışdı ki, Azərbaycan KP(b) MK-nın başı üzərindən kitabını Moskvaya, Stalin mükafatına təqdim etmişdi. Hələ bu azmış kimi, o, Elmlər Akademiyasının bunasında intihara cəhd kimi alçaq bir hərəkətə yol verərək bizdə guya alimlərin sıxışdırıldıqlarını, guya onların müdafiə məqsədi ilə müraciət edəcəkləri bir yerin olmadığını sübuta yetirməyə çalışmışdı. Hüseynov təsadüfən yüksəlmiş adam idi və buna görə də baş verənlər təsadüfi sayılmamalıdır. Bunu tez və ya gec gözləmək lazım idi”.
Azərbaycan Tibb İnstitutu Histologiya kafedrasının müdiri, ÜİK(b)P üzvü .......
“Hüseynovun vicdansız adam olduğu aşkara çıxır, çünki o, Türkiyənin və İngiltərənin casusu Şamili ideallaşdırmaq fikrinə düşmüşdü. Yalnız vicdansız adam belə bir işi Stalin mükafatına təqdim edə bilərdi”.
“Pioner” qəzeti redaksiyasının əməkdaşı, ÜİK(b)P üzvü, şair .......
“Bu Stalin Mükafatları Komitəsinin qərarının ləğvi ilə bağlı ilk təsadüfdür. Hüseynov tək özünü deyil, bütün respublikanı biabır etmişdir. Heydər Hüseynovu ictimai və fəlsəfi elmlər sahəsində bir nömrəli mütəxəssis sayırdılar, daim diqqət və qayğı göstərirdilər. Lakin bütün bu zəhmətlər hədər getdi. Onun hərəkəti bağışlanmaz səhv deyil, cinayətdir”.
“Azərnəşr”in direktoru, ÜİK(b)P üzvü .......
“Heydər Hüseynovu həmişə Azərbaycanın bütün qalan alimlərindən bir baş yuxarı tuturdular. O, elmi fikrin digər nümayəndələri üzərində özünəməxsus diktator idi. Gərək ona bu şəkildə əndazəsini aşmağa imkan verilməyəydi. Bu səhv idi və indi həmin səhvin nəticəsi göz qabağındadır. O, əsaslı iradları öz alim ləyaqətinə qarşı yönəldilmiş təhqir kimi qəbul edirdi və nəticədə özünəqəsd kimi yaramaz bir provakasiyaya əl atdı. Çox güman Hüseynov bu hərəkəti ilə Azərbaycan KP(b) MK-nın rəhbərliyini zərbə altında qoymaq istəmişdi. Ancaq o, zənnində yanılmışdır”.
Belə baltanı kökündən vuran donos-rəylər çoxdur.
Və təbii ki, bu qaragüruhçu çıxışlar qorxudulmuş, küncə sıxışdırılmış kabinet ziyalısını intihara sövq etmək üçün yetərli idi.
0 Комментарии