Recents in Beach

28 apreldə doğan səadət günəşi

Azərbaycan Sovet Sosialist Respublikasının yaranmasının 101-ci ildönümüdür!

                  
Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 101-ci ildönümünə zəhəmkeşlərin marağı sosialist idealların təntənəsinə daha bir inandırıcı və əyani sübutdur. Həmin tarixi hadisə - real sosializmin üstünlükləri Azərbaycan Sovet Sosialist Respublikası zəhmətkeşlərinin səadət və rifahının mənbəyi idi.

1920-ci il aprelin 28-də Azərbaycanda yeni ictimai formasiya doğuldu, tariximizdə birinci sosialist dövləti meydana gəldi. Azərbaycan çoxəsrlik müqəddəm tarixindən özünün əsl və gerçək tarixinə keçməyə başladı. Lenin, Stalin, Nərimanov azadlığa çıxan xalqımızın quruculuq vəzifələrini heyratəmiz bir dərinlik və uzaqgörənliklə açıb göstərdilər, sosializm quruculuğunun böyük planını işləyib hazırladılar. Respublikanın bütün təbii ehtiyatları, təbii və tarixi sərvətləri əməkçi xalqın xidmətinə verildi. Öz təməli üzərində bərqərar olan yetkin sosialist ictimai münasibətləri Sovet Azərbaycanı zəhmətkeşlərinin inqilabi-dəyişdirici fəaliyyətinin zirvəsi oldu.

Şərqdə fəhlə və kəndlilərin birinci suveren dövləti olan Azərbaycan Sovet Sosialist Respublikası Böyük Oktyabr sosialist inqilabının yetirməsidir. Böyük Oktyabr bəşəriyyətin inkişafı gedişini kökündən dəyişdirərək digər xalqlarla yanaşı, Azərbaycan xalqının müqəddaratında tarixi dönüş olmuş, zəhmətkeşləri sosial və milli zülmdən azad etmiş, azğın kapitalistlər, burjuylar, sahibkarlar tərəfindən istismar edilən insanların yaradıcılıq qüvvəsi üçün imkanlar açmış, onları yeni həyat quruculuğunun işıqlı yoluna çıxarmışdır. Zülmkarların minillik hökmranlığının törətdiyi fəlakətlərdən, əzablardan və həqarətlərdən Azərbaycan xalqının xilas olması dövrünü açdı.

Gənc Azərbaycan Respublikasına Sovet Rusiyası hökumətinin çox böyük əməli yardımı və dayaq olması, Azərbaycanda təsərrüfat və mədəniyyət quruculuğunun ehtiyac və tələbatına Vladimir İliç Leninin gündəlik qayğısı, onun müdrik məsləhətləri və göstərişləri zəhmətkeşlərə konkret məqsədləri və vəzifələri aydın başa düşməkdə, inqilabın sonrakı ilk illərinin çətinliklərini və ziddiyyətlərini aradan qaldırmaqda, yeni həyat quruculuğunu genişləndirməkdə kömək etdi. Onlar Azərbaycan torpağında sosializmin bərqərar olmasında həlledici rol oynadı.

Sovet hakimiyyəti illərində Azərbaycan zəhmətkeşləri neçə əsrlərə bərabər bir yol keçmişdir. Azərbaycan SSR zəhmətkeşləri SSRİ-nin bütün xalqları ilə əməkdaşlıq şəraitində 70 il ərzində siyasi, iqtisadi və  sosial-mədəni həyatda böyük müvəffəqiyyətlər qazandı. Sosialist ideyaları işçi sinifinin, bütün zəhmətkeşlərin zəkasının, iradə və qüvvəsinin cəmlənmiş ifadəsi olub ictimai həyatın bütün sahələrində Sovet Azərbaycan xalqının tarixi nailiyyətlərində təcəssüm tapmışdı.

Azərbaycanda inqilabi mübarizə və Sovet hakimiyyətinin qələbəsi Nəriman Nərimanovun adı və fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Digər tərəfdən də böyük rəhbər Leninin Azərbaycandakı şagirdləri və silahdaşları olan bolşeviklər tərəfində yorulmaz qüvvə ilə və ardıcıl həyata keçirilən marksizm-leninizm ideyaları Azərbaycanın əməkçi xalqını yeganə düzgün yola, azadlıq və milli istiqlaliyyət uğrunda mübarizə yoluna çıxartdı. Leninin silahdaşı Nərimanov Azərbaycan Kommunist Partiyasının təşkilatlanması, Sövet hakimiyyətinin qələbəsi və möhkəmləndirilməsi uğrunda Azərbaycanın əməkçi kütlələrinin mübarizəsinin ilhamçısı idi. Bilavasitə Nərimanovun rəhbərliyi altında respublikada sosialist dəyişikliklərin bünövrəsi qoyuldu.

Böyük Nəriman Nərimanov zəkasının sarsılmaz gücü, alovlu Nərimanov qəlbinin döyüntüsü Azərbaycan kommunistlərinin bu günkü fəaliyyətində yaşamaqdadır. Nərimanov ideyaları, Nərimanov siyasi mətinliyi, Nərimanovun qalib gəlmək elmi elə bir tükənməz mənbədir ki, Azərbaycan kommunistləri öz qüvvəsinə inamı, mübarizliyi və nikbinliyi, qalib gəlmək əzmini bu mənbədən alırlar.

SSRI xalqlarının böyük dostluğu, onların monolit beynəlmiləl sıx birliyi Böyük Oktyabr sosialist inqilabının çox mühüm ümumdünya – tarixi nailiyyətləri arasında xüsusi yer tuturdu ki, bu da çoxmillətli sovet dövlətinin yenilməz birliyində və sarsılmaz qüdrətində ən parlaq təcəssümünü tapmışdı. Başda ABŞ olmaqla, antikommunist qüvvələri sovet dövlətini çökdürməkdən ötrü  milli münaqişələrin dağıdıcı təsirini hesablayıb, daxili satqınların köməyi ilə sovet xalqları arasında zərərli millətçilik toxumu səpdilər,  qanlı nifaq saldılar və  ədavət yaratdılar.

Bizim günlərin tarixi burulğanında, planetdə sosializmin müzəffər yürüşündə, sosialist quruculuğu yoluna əmin olan işçi sinifin arzularında marksizm-leninizm təliminin çoşğun ahəngi aydın duyulmaqdadır. Azərbaycan Sovet Sosialist Respublikasının bütün tarixi mərhələlərində olduğu kimi indi də M.Əzizbəyov, N.Nərimanov, Çingiz İldırım, Səməd ağa Ağamalıoğlu, Dadaş Bünyadzadə, Qəzənfər Musabəyov,  M.C.Bağırov və s. inqilab cəngavərlərinin əməlləri kommunistcəsinə yaşamaq və mübarizə aparmaq yolumuzda əbədi məşəldir.










Отправить комментарий

0 Комментарии