Suveren inkişaf və sosializm yolunu seçmiş Kuba artıq onilliklərdir imperialist qüvvələrin nifrət hədəfinə çevrilib. Öz müstəqilliyini qürurla qoruyan Havana beynəlxalq mütərəqqi qüvvələrlə strateji tərəfdaşlığı inkişaf etdirir, Qərb yarımkürəsində ABŞ hegemonluğuna qarşı müqavimətin dayaq nöqtəsi kimi çıxış edir. Bu prinsipial mövqe Kuba İnqilabının qələbəsi və Batista adlı marionet rejimin süqutu ilə barışa bilməyən Vaşinqtonun sərt təzyiqlərinə səbəb olur.
Onilliklər ərzində ABŞ Kuba xalqına qarşı dağıdıcı siyasət aparır. Bu müddət ərzində qanunsuz iqtisadi blokada, ideoloji təxribatlar, hətta inqilab liderlərinin həyatına sui-qəsdlər də tətbiq olunub. Kuba əleyhinə misli görünməmiş yalan və böhtan kampaniyasının məqsədi ölkədə formalaşmış dövlət quruluşunu dağıtmaq və xalqı neokolonial istismarın qurbanına çevirməkdir.
Kubaya qarşı həyata keçirilən çoxsaylı tədbirlər iflasa uğrayıb. SSRİ-nin dağılması faciəsindən istifadə edərək Azadlıq adasını boğmaq cəhdi də baş tutmadı. Kuba 26 İyul Hərəkatının və Komandante Fidel Kastronun elan etdiyi yol ilə irəliləməkdə davam edir. Kuba xalqı Xose Marti, Ernesto Çe Gevara, Kamilo Sienfuegos və milli azadlıq uğrunda mübarizənin digər qəhrəmanlarını dərin hörmətlə yad edir.
Son günlər dünya yeni və təhlükəli gərginliyin şahidi olur. ABŞ-ın Kubaya qarşı aqressiyası artır. Tamamilə yalan bəhanələrə söykənən Vaşinqton blokadanı sərtləşdirir və ölkəyə yanacaq tədarükünə tam embarqo tətbiq etməyə çalışır. Bu, açıq-aydın iqtisadi və siyasi müharibə aktıdır. İnsan hüquqları və beynəlxalq hüquq normaları kobud şəkildə pozulur.
Donald Trampın və onun komandasının Kuba xalqına və hökumətinə göstərdiyi amansız təzyiq Venesuela prezidenti Nikolas Maduronun bandit üsullarla sıxışdırılması, Panamaya və Qrenlandiyaya qarşı şantaj, fələstinlilərə qarşı İsrailin soyqırımına dəstək və İrana qarşı hərbi güc nümayişi ilə eyni sıradadır. Vaşinqton cəza tədbirləri ilə hədələyərək digər ölkələri bu cinayətkar siyasətlə razılaşmağa məcbur edir.
Bu cür üsullar göstərir ki, dünyada sülh və sabitlik üçün əsas təhlükə ABŞ-ın siyasətidir. Bu ölkənin hakim dairələri getdikcə daha açıq şəkildə özlərini dünya diktatoru kimi aparmağa çalışırlar.
Azərbaycan sosialistləri ABŞ-ın Kubaya qarşı düşməncəsinə aqressiyasını qətiyyətlə pisləyir. Vaşinqtonun siyasəti nəticəsində Kuba artıq 65 ildən çoxdur ki, tarixdə ən uzunmüddətli blokadadan əziyyət çəkir. Azərbaycan Sosialist Hərəkatı Kuba xalqı, Kuba Kommunist Partiyası və Kuba Respublikasının hökuməti ilə tam həmrəyliyini bildirir.
Biz dünyanın bütün dövlətlərinin rəhbərlərini Vaşinqtonun beynəlxalq arenada getdikcə daha macərapərəst xəttinə son dərəcə ciddi yanaşmağa çağırırıq. Bu gün Kubaya misli görünməmiş blokadanı və onun ağır nəticələrini dəf etmək üçün real yardım göstərmək xüsusilə vacibdir.
Kuba öz azadlığını qoruyaraq təkcə öz gələcəyi uğrunda mübarizə aparmır. Havana “yeni dünya nizamı”nın memarlarının planlarına qətiyyətlə qarşı durur. O, bütün xalqların müstəqil inkişaf hüququnu müdafiə edir. BMT Nizamnaməsinin prinsiplərinə sadiq olan ölkələr beynəlxalq hüququn əsas normalarını, xalqların suverenliyini və fundamental hüquqlarını qorumaq üçün vahid cəbhə yaratmalıdırlar.
Azərbaycan Sosialist Hərəkatı dünyanın bütün mütərəqqi və vətənpərvər qüvvələrini Kubaya dəstək naminə səfərbərliyə və birgə fəaliyyətə çağırır. Biz imperialistlərin təhlükəli təxribatlarına qarşı mübarizədə birləşməli və planetin istənilən nöqtəsində aqressiyaya qarşı birlikdə ayağa qalxmalıyıq.
Yaşasın azad Kuba!
Yaşasın xalqların inkişaf yolunu suveren şəkildə seçmək hüququ!
Qlobal böhrandan çıxış yolu – sosializmdir!
Ədalət Abdinov


0 Комментарии