Recents in Beach

Niyə liberallar göz önündədir, kommunistlər isə yox?


Hər bir siyasətçi bu və ya digər sinfin nümayəndəsidir və siyasi fəaliyyətində həmin sinfə arxalanır. Məsələn, sizin müntəzəm sifətlərini gördüyünüz  milli internet televiziyaların şərhbazlıq edən "ekspertləri" xırda burjuaziyanın nümayəndələridir və xırda burjuaziyaya söykənirlər. “Solçular”a gəlincə, onlar haqqında danışmayacağıq, çünki “solçular” fəhlə sinfi ilə burjuaziya arasında tərəddüd edir, mahiyyət etibarilə isə elə həmin xırda burjuaziyanı təmsil edirlər.

Mən  kommunistlərdən danışacağam - fəhlə sinfinin mövqeyində qətiyyətlə dayanan yeganə sol qüvvədən.

Kommunistlər fəhlə sinfinin nümayəndələridir. Əgər xırda burjuaziyaya arxalanan liberallar fəhlə sinfinə söykənən kommunistlərdən daha çox göz önündədirsə, bu o deməkdir ki, hələlik xırda burjuaziya siyasi baxımdan fəhlə sinfindən daha fəaldır.

Bu nə üçün belədir?

Xırda burjuaziya siyasətdə həmişə burjuaziyanın aləti kimi çıxış edir, onun sinfi maraqlarına xidmət edir və kapitalizmin möhkəmlənməsinə kömək göstərir. Buna görə də siyasi cəhətdən fəal olmaq üçün onun özünəməxsus sinfi ideologiyaya ehtiyacı yoxdur. Xırda burjuaziyanın ayrıca ideologiyası, əslində, mövcud deyil - mövcud olan burjuaziyanın ideologiyasıdır. Xırda burjuaziya da məhz bu ideologiyanın təsiri altında hərəkət edir və bu ona kifayət edir.

Fəhlə sinfi isə öz sinfi maraqları uğrunda mübarizə aparmaq üçün mütləq şəkildə öz proletar, kommunist ideologiyasına malik olmalıdır. Lakin hazırda Azərbaycanda fəhlə sinfi hələ kütləvi şəkildə kommunizm ideyalarına yiyələnməyib, yəni öz sinfi ideologiyasını hələ tam qazanmayıb. Buna görə də o, hələ bir sinif kimi çıxış edə, siyasi qüvvəyə çevrilə bilmir. Fəhlə sinfi parçalanmış vəziyyətdədir: ayrı-ayrı fəhlələr ya siyasətdən uzaqdırlar, ya da siyasi fəaliyyətlə məşğul olsalar belə, bir şəkildə burjua siyasətinin axarına düşürlər.

Doğrudur, fəhlə sinfinin qabaqcıl bir hissəsi var ki, bu və ya digər yolla sosializm ideyalarına yaxınlaşıb, öz sinfi maraqlarını dərk etməyə başlayıb və siyasi cəhətdən təşkilatlanmağa çalışır. Ancaq bu proses hələ yolun əvvəlindədir və bu fəhlə qrupu çox azsaylıdır. Hələlik nəzərəçarpan siyasi qüvvə kimi çıxış edə bilmir.

Bu gün kommunistlər məhz fəhlələrin bu şüurlu, lakin çox azsaylı və hələ güclü siyasi qüvvəyə çevrilməmiş hissəsinə arxalanırlar.

Elə buna görə də kommunistlər indi liberallardan fərqli olaraq göz önündə deyillər. Çünki liberallar xırda burjua düşüncəli geniş kütlələrə söykənirlər. Belə düşüncəyə malik adi insanlar isə bu gün sosializm ideyaları ilə maariflənmiş şüurlu proletarlardan qat-qat çoxdur.

Lakin bildiyimiz kimi, sinfi mübarizədə üstünlük təkcə sayla deyil, daha çox keyfiyyətlə qazanılır. Yəni sinfi mübarizə aparanların ideyalılığı, öz haqlı olduqlarına inamı, bu uğurda mübarizəyə hazır olmaları, birlik və təşkilatlanmaları həlledicidir. Buna görə də təşkilatlanmış yüz şüurlu, inanclı proletar -kommunist minlərlə xırda burjua düşüncəli adamdan daha güclü ola bilər.

Bu da o deməkdir ki, fəhlə sinfinin siyasi arenaya çıxması üçün şüurlu proletarların sayı mütləq şəkildə xırda burjuaziyanın sayına çatmalı və ya onu ötüb keçməlidir - bu, vacib deyil. Daha az sayda olan, lakin şüurlu və təşkilatlanmış fəhlələr də siyasi baxımdan xırda burjuaziyaya üstün gələ və sinfi mübarizənin əsas qüvvəsinə çevrilə bilərlər.

Bunun üçün şüurlu fəhlələrin sayı ölkə miqyasında siyasi bir təşkilat yaratmağa yetərli olmalıdır - lap əvvəlcə azsaylı olsa belə. Əgər Azərbaycanın şəhər, rayon və kəndlərin əksəriyyətində (və ya heç olmasa, əhəmiyyətli bir hissəsində) iyirmi, otuz, qırx nəfərdən ibarət inanclı proletar-kommunist qrupları yaranarsa və bu qruplar birləşib birgə fəaliyyət göstərərsə, həmin təşkilat formalaşmış sayılar.

Şərt odur ki, birincisi, bu təşkilatda çoxluğu fəhlələr təşkil etsin - yəni fəhlə sinfinin içində yaşayan, onun ayrılmaz hissəsi olan insanlar. (Ziyalılar da ola bilər, lakin onlar çoxluq təşkil etməməlidirlər.) İkincisi isə, bu təşkilat həqiqətən kommunist ideologiyasına malik olmalı və heç bir formada sinfi düşmənlərin ideologiyasına güzəştə getməməlidir.

Bu baş verəndə fəhlə sinfi  mübarizə meydanına tamhüquqlu bir qüvvə kimi çıxacaq.

Və məhz onda fəhlə sinfi əsl mübarizənin nə olduğunu göstərəcək.

Fəhlə sinfi mübarizəyə başlayanda isə aydın olacaq ki, xırda burjuaziyanın bütün “fəallığı” sadəcə bir stəkan suda qopan fırtına, uşaq oyunu və bir növ maskaraddır.

Ədalət Abdinov


Отправить комментарий

0 Комментарии