Recents in Beach

103 yaşlı Azərbayca Kommunist Partiyası

Ədalət Abdinov

Bu gün Azərbaycan Kommunist Partiyasının yaranmasının 103-cü ildönümüdür. Partiyamız Vladimir İliç Lenin tərəfindən yaradılmış və yetişdirilmiş Sovet İttifaqı Kommunist Partiyasının ən köhnə və sınanmış dəstələrindən biridir. Azərbaycan Kommunist Partiyası Azərbaycan xalqının, bütün respublika zəhmətkeşlərinin mübariz avanqardı, başçısı və istiqamətverici qüvvəsi olmuşdur. Onun tarixi Sovet İttifaqı Kommunist Partiyasının qəhrəmanlıq tarixinin ayrılmaz bir hissəsini təşkil edir.

XX əsrə yaxın meydana gələn Azərbaycan bolşevik təşkilatları bütün Lenin partiyası ilə birlikdə şanlı bir mübarizə yolu, çətin sınaqlar və qələbələr yolu keçmişlər. Azərbaycan Kommunist Partiyasının əsas özəyi çoxmillətli Bakı proletariatının rəhbəri, onun inqilabi mübarizəsinin təşkilatçısı, təməli böyük Lenin tərəfindən qoyulan Bakı bolşevik təşkilatı olmuşdur.


Böyük marksizm-leninizm təliminə sadiq qalan Azərbaycan partiya təşkilatı həmişə partiyanın leninçi Mərkəzi Komitəsinin etibarlı dayağı olmuş, öz tarixinin bütün mərhələlərində partiya sıralarının monolitliyi və sıx birliyinin möhkəm keşiyində durmuşdur. O, burjua və burjua millətçi partiyaları, cərəyanları əleyhinə, menşeviklər, eserlər, trotskiçilər, sağ opportunistlər, millətçi-təmayülçilər və sair fraksiyaçılar və pozucular əleyhinə barışmaz mübarizə aparmışdır.


Azərbaycan bolşevikləri çox böyük çətinliklərə üstün gələrək, zəhmətkeşləri isismarçılara və zalımlara qarşı, özlərinin ictimai və milli azadlığı uğrunda mübarizə aparmışlar. Sıralarında azərbaycanlılar, ruslar, gürcülər, dağıstanlılar, ukraynalılar, tatarlar, latışlar, osetinlər və bir çox başqa millətlərin nümayəndələri olan Bakı proletariatı inqilabi hərəkat tarixinə parlaq səhifələr yazmış, dəfələrlə bütün Rusiyada və xaricdə qızğın rəğbət və həmrəyliklə qarşılanan böyük sinfi döyüşlərin təşəbbüsçüsü olmuşdur. Azərbaycan fəhlələri və zəhmətkeş kəndliləri 1905-1907-ci illərdəki birinci rus inqilabında, 1917-ci il Fevral burjua - demokratik inqilabında və Böyük Oktyabr sosialist inqilabında fəal iştirak etmişlər.


XX əsrin əvvəllərində bəşəriyyət tarixində yeni dövr - kapitalizmin dağılması, sosializm və kommunizmin bərqərar olması dövrünü açmış Böyük Oktyabr sosialist inqilabı Vətənimizin xalqlarının, o cümlədən Azərbaycan xalqının tarixi müqəddaratında əsaslı dönüş oldu. Tarixdə ilk dəfə Oktyabr inqilabı xalq kütlələrinin əsrlər boyu bəslədikləri arzunu yerinə yetirdi, mülkədar və kapitalistlərin hakimiyyətini yıxdı, proletariat diktaturası qurdu, hakimiyyəti fəhlə və kəndlilərə verdi. Oktyabr inqilabı Rusiyada hər cür ictimai və milli zülmü məhv etdi, başda böyük rus xalqı olmaqla, ölkəmizin bütün xalqlarının hüquq bərabərliyini, qardaşcasına sıx əməkdaşlığını və sarsılmaz dostluğunu elan etdi və əməli surətdə həyata keçirtdi.


Böyük Oktyabr sosialist inqilabının ilk günlərindən Azərbaycan zəhmətkeşləri kapitalist və mülkədarlara qarşı, sosialist inqilabının qələbəsi uğrunda qəti mübarizəyə qaxdılar. Rusiya kommunist (bolşeviklər) Partiyasının tərkib hissəsi olaraq 1920-ci ilin fevralında təşkil edilən Azərbaycan Kommunist Partiyası Bakı proletariatını və zəhmətkeş kəndliləri əksinqilabçı musavat hökumətini yıxmaq, Sovet hakimiyyəti qurmaq uğrunda mübarizəyə qaldırdı.


İstismarçılar və zalımlar üzərində qələbəyə doğru gedən Azərbaycan zəhmətkeşləri proletar beynəlmiləlçiliyi bayrağı altında birləşmişlər.Azərbaycan və bütün Qafqazın bolşevik təşkilatları yarandıqları vaxtdan həmişə sıx birləşmiş halda, çiyin-çiyinə və əlbir çalışmışlar. Bir çox illər boyu onların öz ümumi partiya mərkəzləri - RSDFP Qafqaz İttifaq Komitəsi, Qafqaz Ölkə Partiya Komitəsi, RK(b)P MK Qafqaz Bürosu, ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsi olmuş və bunların rəhbərliyi altında ölkə zəhmətkeşləri əl-ələ verib, özlərinin ümumi düşmənlərinə qarşı - çarizmə, mülkədarlara və burjuaziyaya qarşı, daxidəki əksinqilabçılar  və xarici müdaxiləçilər əleyhinə, Sovet hakimiyyətinin qələbəsi uğrunda, sosializm qurmaq uğrunda birlikdə mübarizə etmişlər.


Zaqafqaziya bolşevikləri müxtəlif millətdən olan fəhlələri və kəndliləri daim onların sinfi mənafelərinin birliyi ruhunda, Leninin xalqlar dostluğu ideyaları ruhunda tərbiyə etmişlər. Hər cür millətçilik təzahürlərinə qarşı amansız mübarizə apararaq, onlar Zaqafqaziya zəhmətkeşlərini inqilabi hərəkatın əsas özəyi və rəhbər qüvvəsi olan rus proletariatının ətrafında sıx birləşdirirdilər.V.İ.Lenin dəfələrlə Qafqaz bolşevik təşkilatlarını proletar beynəlmiləlçiliyin nümunəsi kimi göstərmiş, onları başqa partiya təşkilatları üçün örnək hesab etmişdir. Sovet hakimiyyəti uğrunda, zəhmətkeş xalqın səadəti uğrunda canlarını vermiş 26 mərd Bakı komissarı proletar beynəlmiləlçiliyin simvolu və təcəssümü olmuşdur.


XX əsrin 90-cı illərində beynəlxalq yırtıcı imperializmin SSRİ-yə, o cümlədən Azərbaycan SSRİ-yə təcavüzünə qədər Azərbaycan zəhmətkeşləri və onların avanqardı olan respublika partiya təşkilatı proletar beynəlmiləlçiliyi bayrağını, xalqlar dostluğu bayrağını yüksək saxladı. Sovet tarixində Azərbaycan Lenin milli siyasətinin təntənəsinə parlaq misaldır, proletar beynəlmiləlçiliyinin, xalqların qardaşcasına dostluğu və birliyinin nümunəsidir.


Azərbaycan Kommunist Partiyasının bütün qəhraman tarixi ərzində yaranan şanlı inqilabi və beynəlmiləlçilik ənənələri böyük kommunizm quruculuğu işinə xidmət etmiş, ölməz marksizm-leninizm ideyalarının qələbəsi uğrunda mübaizlərin yeni nəslini yetişdirmişdir.


Azərbaycan Kommunist Partiyası, respublika fəhlələri, kəndliləri, ziyalıları sosialist sənayeləşdirilməsi, kənd təsərrüfatının kollektivləşdirilməsi, mədəni inqilab, Lenininin sosializm qurmaq planlarının həyata keçirilməsi uğrunda mübarizə üçün səfərbərliyə almaqda həqiqətən nəhəng işlər görmüşdür.Lenin milli siyasətinin yerinə yetirilməsi nəticəsində, böyük rus xalqının və ölkəmizdəki başqa xalqların yardımı sayəsində Azərbaycan zəhmətkeşləri tarixən qısa bir müddət ərzində öz respublikasını Sovet İttifaqının yüksək inkişaf etmiş sənayedi, mexanikləşdirilmiş kənd təsərrüfatı və yüksək mədəniyyəti olan qabaqcıl sosialist respublikalarından birinə çevirdilər.


Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı Kommunist Partiyasının rəhbərlik etdiyi bütün SSRİ xalqları ilə birlikdə öz sosialist Vətənini faşist işğalçılarında fədakarlıqla qoruyurdu.


Kommunist Partiyasının rəhbərliyi altında Azərbaycan zəhmətkeşləri müharibədən sonrakı beşilliklərin və yeddiillik planın tapşırıqlarını yerinə yetirməkdə böyük müfəffəqiyyətlərə nail olmuşlar.SSRİ xalqlarının qardaşlıq ailəsində Azərbaycan xalqı Sov.İKP XX və XXI qurultaylarının tarixi qərarlarının həyata keçirmək işinə, ölkəmizdə sosializmin tam və qəti qələbəsi işinə layiqincə kömək etmişlər.


Əlbəttə, səhvlər və nöqsanlar da olmuşdur. Partiyanın XXII qurultayında N.S.Xruşovun qərəzçiliyi ilə Stalinin şəxsiyyətinə pərəstiş məsələsi müzakirə edilmiş, nəticədə Stalinlə bağlı kobud səhvlərlə dolu qərar qəbul edilmişdir. Dahi Stalin yolundan sapma sonralar çox ağır nəticələrə səbəb oldu, opportunistlərə, liberallara, antikommunist ünsürlərə meydan açdı. Bütün bunlar   1991-ci ildə Kommunist Partiyasının süqutuna gətirib çıxartdı.


Отправить комментарий

0 Комментарии