Recents in Beach

Təbrik, yoxsa qınaq?!

Postsovet məkanında amerikapərəst “beşinci kolon”un çirkin təxribatları və birbaşa terror üsulları ilə SSRİ-nin cinayətkar süqutundan sonra kommunist partiyaları onlara qarşı cəsarətli, barışmaz mübarizə silahı kimi qalırdı. Xüsusilə, Rusiyada kommunist partiyası ABŞ və kollektiv Qərb üçün daha təhlükəli idi. Onların vəssalı, Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin qeyri-rəsmi göstərişi ilə hakimiyyətin marionetkası Gennadi Andreviç Züqanova Sov.İKP-ni tam çökdürmək və təhlükəni aradan qaldırmaq üçün Kommunist Partiyaları İttifaqı - Sovet İttifaqı Kommunist Partiyası yaratmaq tapşırılır.

Yeri gəlmişkən qeyd edim ki, G.A.Züqanovun kommunist mənəviyyatına və əxlaqına yaxşı bələd olmayan xalq prezident seçkilərində səs çoxluğu ilə onu dəstəkləmiş, lakin G.Züqanov Vladimir Jirinovskinin dediyi kimi pul müqabilində bu səsləri Boris Yeltsinə satmışdı.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin G.Züqanovun təşkilatçılığı, bir qrup öyrədilmiş üzvünün təşəbbüsü ilə mart 1993-cü ildə Sovet İttifaqı Kommunist Partiyalarının XXIX qurultayı keçirildi və SSRİ bərpa olunana qədər Sovet İttifaqı Kommunist Partiyası Kommunist Partiyaları İttifaqı - Sovet İttifaqı Kommunist Partiyasına çevrildi. Daha sonra onun tərkibinə keçmiş sovet respublikalarının və yeni yaradılmış dövlətlərin - Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgənin 16 kommunist partiyası daxil oldu. Hazırda onların sayə on yeddidir.
Beləliklə, Kommunist Partiyaları İttifaqı - Sovet İttifaqı Kommunist Partiyası 30 illik yubileyini qeyd edir. Zəhmətkeşlər arasında bu qurum burjua hakimiyyətialtı təşkilat kimi tanınır.
Üç onillik ərzində Kommunist Partiyaları İttifaqı özünü kommunist adlandıran, əslində sosial-demokrat olan və rus burjua hakimiyyətinin sifarişlərini yerinə yetirən G.Züqanovun nəzarətində olub. Təşkilati cəhətdən sürüşkən, ideoloji cəhətdən qeyri - sağlam olan bu qurum sol qüvvələrin sözünün, qərarının üstündə durmayan, sabit və möhkəm olmayan, mətanət göstərməyən, mütərəddid və dəyanətsiz qrupunu ətrafında birləşdirib. İnformasiya müharibəsi şəraitində loyallıq göstərən, sovet kommunistlərinin beynəlxalq birliyinin - əgər belə adlandırmaq mümkündürsə - siyasi mübarizəyə müasir yanaşması kapitalın zülmünə qarşı zəhmətkeş xalqın sinfi mübarizəsinin təşkilinə seyrçi münasibətdən başqa bir şey deyildir..
Ötən otuz il ərzində bunların, xüsusilə G.Züqanovun ən böyük "uğuru" burjua parlamentində təmsil olunmaq, tarixi şəraitin ağırlığı altından sivişib çıxmaq, xalqın inqilabi əhval-ruhiyyəsinə şübhə toxumu səpmək, partiyanın şanlı keçmişinə etibarsızlıq və yeni yaranmış oliqarxiyanın kuklasına çevrilmək olmuşdur.
Əsil marksist-leninçi - stalinçi kommunistlər züqanovçular dəstəsi olan Kommunist Partiyaları İttifaqı - Sovet İttifaqı Kommunist Partiyasının yaranmasının 30 illiyini təbrik yox, qınayırlar. Bunlar burjua hakimiyyətinin siyasi texnologiyasına uyğun olaraq, sosializm idealları uğrunda mübarizədə zəhmətkeşlərin qarşısına fəndgirliklə çəpər çəkirlər, əngəl törədirlər. Lakin artıq maskalar yırtılmışdır. Kapital zülmü altında inləyən sadə insanlar kimin kommunist, kimin isə kələkbaz, hiyləbaz olduğunu yaxşı görürlər.
Ç.Züqanov və onun qondarma Kommunist Partiyaları İttifaqı keçmiş müttəfiq respublikaların kommunistlərinin beynəlmiləl birliyinə öldürücü zərbə vurdu. Halbuki ümumi səylər olmadan, geniş və güclü sol-vətənpərvər cəbhə olmadan xalqlarımızın layiqli gələcəyinə nail olmaq mümkün deyil.
Cənubi Osetiya, Abxaziya və Dnestryanı ərazilərin azadlığını və suverenlik hüququnu müdafiə edən Kommunist Partiyaları İttifaqı bir dəfə də olsun Azərbaycanın əbədi və əzəli torpaqları olan Dağlıq Qarabağın işğalı ilə bağlı erməni burjua faşistlərinə etiraz etmədi. 44 günlük Vətən müharibəsində sarsılmaz dostluq və qardaşlıq nümunəsi göstərmədilər.

Bundan əlavə 30 mart 2001-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Kommunist Partiyaları İttifaqı - Sovet İttifaqı Kommunist Partiyasının rəhbəri G.Züqanov Ermənistana səfər edir və işğal altında olan Dağlıq Qarabağla bağlı manipulyasiya xarakterli bəyanat verir. 25 may 2015-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Kommunist Partiyaları İttifaqı - Sovet İttifaqı Kommunist Partiyasının nümayəndələri Ermənistana səfər edir və Azərbaycanın haqq səsini müdafiə etməyi lazım bilmirlər. Və Ermənistana belə səfərlər dəfələrlə olub, ancaq işğala məruz qalmış Azərbaycan haqqında danışmağı "unutmuşlar".
Kommunist Partiyaları İttifaqı - Sovet İttifaqı Kommunist Partiyası yarandığı son 30 ildə siyasi səhnədə şoudan başqa fəxr ediləsi heç nəyi yoxdur. Belə gedişlə bunların protektoru daha da zəifləyəcək, inamsız və uğursuz olacaq.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии