Recents in Beach

Unudulmaz Ramiz Əhmədov

Müstəqillik illərində Azərbaycan Kommunist Partiyasının yaranma tarixi Ramiz Əhmədovun adı ilə bağlıdır, bu dövrdə partiya salnaməsinə uğurlu səhifələr məhz onun marksizm-leninizm təliminə əsaslanan  siyasi xətti ilə, rəhbərliyi ilə yazılıb.

İstər Azərbaycan Kommunist Partiyasının müasir tarixində, istərsə də kommunistlərin yaddaşında Ramiz Əhmədov cəsur leninçi və ən böyük vətəndaş kimi qalmış və qalacaq. O, Azərbaycan Kommunist Partiyasının ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil partiyanın şəraitə uyğun təşkilati əsaslarını yaradan, onun ardıcıl inkişafını təmin edən siyasi kursun müəllifidir.

Ramiz Əhmədov 1939-cu il martın 6-da Quba rayonunun Zizik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin yanında İctimai Elmlər Akademiyasını bitirmişdir. Fəlsəfə elmləri namizədidir.

"Kommunist" qazetinin baş redaktoru kimi mühüm xidmətləri olmuşdur.

1980-ci ildə  Heydər Əliyevin tövsiyyəsi ilə yeni yaradılan Kirovabad şəhər Gəncə rayon partiya təşkilatının birinci katibi seçilmişdir.

1988-ci ildə  Qutqaşen rayon partiya təşkilatının birinci katibi seçilmişdir.

10 iyun 1992-ci ildə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.

Azərbaycan Kommunist Partiyası XXXII Qurultayında Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri seçilmişdir.

2000-ci il noyabrın 5-də Azərbaycan Kommunist Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü olmuşdur.

Bu gün biz kommunistlərin partiyamız haqqında danışanda fəxr edəcəyimiz, qürur duyacağımız nəsə varsa, istisna olmadan bunların hamısı Ramiz Əhmədovun adı ilə bağlıdır. Azərbaycan Kommunist Partiyasında elə bir təşkilat yoxdur ki, onun fəaliyyətində Ramiz Əhmədovun zəhməti olmasın.

Ramiz Əhmədov Azərbaycan Kommunist Partiyasının lider şəxsiyyətlərindən biri olmuşdur. Lider olmağın meyarları və izahı müxtəlifdir. Hələ Aristotel yazırdı ki, siyasi liderliyin ilkin şərti gələcəyi öncədən görmək və gördüyünü həyata keçirə bilməkdir.

Adətən, dünyanın klassik siyasi sistemlərində dövlətin Konstitusiyasını yaradanlar millətin, xalqın lideri hesab edilə bilərlər. Bunu ona görə yazıram ki, Ramiz Əhmədov 7 fevral 1991-ci ildə Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr haqqında Qanun layihəsinin işlənib tamamlanması üzrə Redaksiya komissiyasının üzvü seçilmişdir.

Ramiz Əhmədovun Azərbaycan Kommunist Partiyası naminə neçə-neçə xidmətləri, fədakarlıqları var. Bilirsiniz ki, partiyalar kimi partiya sədrləri də çoxdur və hər birinə siyasi lider olmaq nəsib olmur. Siyasi liderliyin mahiyyəti - partiyanın maraqlarına cavab verən bənzərsiz inkişaf yolunu müəyyən etmək, partiya üzvlərini zəfərlərlə dolu qalibiyyətli gələcəyə aparan siyasəti təmin etməkdir. Sağlığında Ramiz Əhmədovun da fəaliyyət istiqaməti belə idi.

Çox təəssüf edirəm ki, Ramiz Əhmədov həyatdan gedəndən sonra partiyadaxili cürbəcür qrupbazlar peyda oldu və onun siyasi - təşkilati xəttinin institutsionallaşmasına imkan vermədilər. Lakin Ramiz Əhmədov aramızdan getsə də onun bərpa etdiyi partiya bizimlə qoşa, bizdən öndə addımlayır, yaşayır.

Ədalət Abdinov




Отправить комментарий

0 Комментарии