Recents in Beach

Zülfi Kazım oğlu Sadıxov


Azərbaycan Kommunist Partiyasına ağır itgi üz vermişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvü, Sumqayıt Şəhər Partiya Komitəsinin katibi Zülfi Kazım oğlu Sadıxov 2023-cü il martın 25-də ömrünün 81-ci ilində vəfat etmişdir.

Zülfi  Sadıxov 1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində anadan olub. 1959-cu ildə Miskinli kəndində orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra təhsilini davam etdirmək üçün Sumqayıt şəhərinə gəlir.  1962-ci ildə Sumqayıt Kimya-Texnologiya Texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Sumqayıt Sintetik Kauçuk zavodunda əmək failiyyətinə başlasa da, sonralar Sumqayıt «Kimyasənaye» İstehsalat Birliyində əmək fəailiyyətini davam etdirir. Kimya elminin dərinliklərinə baş vurmaq üçün istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyasının) axşam şöbəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almağa başlayır. Bundan əlavə o,  Moskva İdarəetmə İnstitutunu da fərqlənmə diplomu ilə bitirmişdir.

Sumqayıt «Kimyasənaye» İstehsalat Birliyində çalışdığı sexlərin həm təcrübəli, peşəkar fəhlələri, həm də mühəndis-texnik işçiləri artıq Zülfinin hansısa bir təklif verəcəyini, yeni bir ideya irəli sürəcəyini onun tərəfindən adi bir hal kimi qəbul etməyə öyrəşmişdilər. 1980-ci ildə Zülfi Sadıxovun rəhbərlik etdiyi sulfanol istehsalatında iki aydan artıq davam edən geniş həcmli rekonstruksiya işlərinə başlanılmışdı. İstehsalatın gücünün artırılmasının nəticəsi olaraq müəssisədə həmin il çox böyük iqtisadi gəlir əldə edilməsinə nail olunmuşdu. Məhz bütün bunlara görə 1980-cı ildə Zülfi Sadıxov mühəndis həmkarları ilə birgə Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət mükafatına layiq görüldülər.

Zülfü Sadıxov 300-ə qədər səmərələşdirmə təklifinin və müəlliflik şəhadətnaməsi aldığı 5 ixtiranın müəllifidir. Əldə etdiyi yüksək istehsalat nailiyyətlərinə, səmərələşdirmə və ixtiraçılıq fəaliyyətinə görə  SSRİ-nin "Əlaçı kimyaçısı" və "Əlaçı səmərələşdiricisi", «Azərbaycanın Əməkdar mühəndisi» və «SSRİ ixtiraçısı» fəxri adlarına layiq görülmüş, «İxtiraçılıq və səmərələşdirmə əlaçısı» döş nişanı ilə, həmçinin «Qırmızı Əmək bayrağı» ordeni ilə, çoxlu sayda Fəxri Fərmanlarla təltif edilmişdir. O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. 

Zülfi Sadıxov üzvü olduğu Azərbaycan Kommunist Partiyasının xalqın böyük əzm və etimadına layiq olmaq prosesində fədakar əməyini əsirgəməmişdir. Azərbaycan Kommunist Partiyasının çiçəklənmə və tənəzzül fazalarında sinəsindəki Lenin ordeni ilə onun ön sıralarında olmuşdur. O,  adı Sumqayıt partiya təşkilatının simvoluna və onunla qoşa çəkilən sədaqətli kommunist kimi yaddaşımızda əbədi qalacaqdır. Sumqayıt Şəhər Partiya Komitəsinin ən müasir tarixi Zülfü Sadıxov kimi mübariz kommunistlərin adı ilə bağlıdır və partiya salnaməsinə şanlı səhifələr məhz onların fədakarlığı ilə yazılıb. 

Zülfi Sadıxov kimi veteran kommunistlərin qoruduğu və inkişaf etdirdikləri partiya təşkilatın dəyəri yeni nəsil üçün çox böyük əhəmiyyət kəsb edir. İstər müasir Azərbaycan Kommunist Partiyasının tarixində, istərsə də kommunistlərin yaddaşında Zülfi Sadıxov cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaqdır.

Telman Nurullayev, Ədalət Abdinov, Rəhim Həsənov, Şıxbaba Rzayev, Baxşəli Hacıyev,  Kəmalə İbrahimova, Rza Cəfərov, Malik Qafarov, Nizami Fətullayev, Mübariz Əliyev, Daşdəmir Qubadov, Vüqar Aslanov





Отправить комментарий

0 Комментарии