Recents in Beach

Kommunistlər dinə yox, xurafata qarşıdırlar


Azərbaycan Kommunist Partiyası hakimiyyətə gəldiyi ilk gündən məqsədi  əhalini dindən uzaqlaşdırmaq olmayıb və İslam dininə hörmətlə yanaşıb. Məscid və kilsələri dövlətdən ayırmaqla, lüzumsuz dini imtiyazları ləğv etməklə din sektoruna müstəqillik verdi. Vətəndaşların istədikləri dinə etiqad etməkdə, yaxud heç bir dinə etiqad etməməkdə azad olduqları bildirildi. Mövhumatçı ruhanilərin zərərli fəaliyyətini məhdudlaşdırmaq üçün dini ayinlər haqqında yerli qanunvericilik aktı hazırlandı.

Vladimir İliç Leninin “Kilsənin dövlətdən və məktəbin kilsədən ayrılması haqqında” məşhur dekreti (5 fevral 1918-ci il) əsasında tərtib edilən və Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarifi Komissarlığında qəbul olunan “Vicdan azadlığı haqqında” (15 may 1920-ci il) dekret dinlə bağlı sovet dövlət siyasətinin təməli oldu.
Dövlət işlərinə əsassız müdaxilə edən, xurafatı təbliğ edən və faktiki cəmiyyət üçün perspektivsiz olan Dini Etiqad Nazirliyi ləğv edildi.

Məktəb elmə söykənən bilik ocağıdır, din isə əfsanə, nağıl, uydurma və rəvayətlərdən ibarət məchul dünagörüşə malik olduğundan Xalq Maarifi Komissarlığının nəzdindəki bütün məktəblərdə çox düzgün olaraq, dini təlimin tədrisi və hər hansı dini ayinin icrası qadağan edildi. Elm və təhsil ilə bir araya sığmayan daha bir əhəmiyyətli addım atıldı. Xalq Maarifi Komissarlığının xüsusi əmri ilə tədris müəssisələrinin və məktəb şuralarının sədri vəzifəsini tutan elmə, təhsilə faydalılıq potensialı olmayan dini dərəcəli şəxslər vəzifələrindən azad edildilər.

Sovet cəmiyyətində bərabərhüquqlu bir mütərəqqi mühit yaradılırdı. Ona görə də kilsə və dini təşkilatın geniş torpaq sahələırinə, böyük istehsal müəssisələri kimi mülkiyyətə sahib olmaq hüququna son qoyuldu. İstismarçı burjua münasibətlərin yaramaz mahiyyəti baxımından çox ədalətli qərar idi.
Din səmavi yanaşmadır, dini qurumların hüquqi şəxs olmaq hüququna ehtiyac yoxdur. Kilsə və dini cəmiyyətlərin bütün əmlakının xalqa məxsus olması düzgün qərardır. Və yaxud rəsmi sənədlərdə vətəndaşların dini mənsubiyyətinin göstərilməsi ayrı-seçkilik deyilmi? Ən başlıcası dövlətin kilsə və dini təşkilatlara maddi yardım etməsi nəyə hesablanıb, realizmə, yoxsa xurafata? Bunlara son qoymaq haqqı müdafiə etməkdir.

Kommunist Partiyası məktəblərdə dinin tədrisi prosesində dini qurumlar və dindar vətəndaşların ibadət yerlərində sovet dövlətinin maraqlarına, vətəndaşların hüquq və şəxsiyyətinə zərər verə biləcək davranışlara yol verməsini qadağan etdi. Bunu dinin təqibi kimi bayraq etmək nadanlıq əlamətidir. Axı, sovet hökuməti dini ayin və mərasimlərin icrasına ictimai asayişin və vətəndaşların hüquqlarının pozulmadığı hallarda heç bi maneə olmadan icazə verirdi.

Kilsənin dövlətdən ayrı olması çox düzgün qərar idi. Dövlətin mövcud olduğu yerdə heç bir hüquqi qüvvəsi olmayan dini kəbin kağız parçasına ehtiyac yox idi. Ona görə də Kommunist Partiyası vətəndaş vəziyyəti aktlarını yalnız mülki hakimiyyət statusuna malik nikah və doğum qeydiyyatı şöbələri tərəfindən aparılmasına üstünlük verdi.

Məktəblər təhsil və elm ocağıdır, din isə elm olmadığı üçün onun dövlət tədris müəssisələrində təbliğ edilməsi qadağan edildi.
Bütün bu obyektiv şərtlər nəzərə alınaraq, din xadimlərinin vətəndaşların ailə-məişət münasibətlərinə qarışmasının qarşısını almaq məqsədilə Azərbaycan Xalq Komissarları Soveti və Respublika Ədliyyə Komissarlığı 1920-ci ilin may-avqust aylarında vətəndaş nikahı haqqında, Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı, Notariat orqanları haqqında, uşaqlar və vətəndaşlıq vəziyyətinin qeydə alınması qaydası haqqında bir sıra dekret və qərarlar qəbul etdi.

Kommunistlər din xadimlərinə sosializmin düşməni yox, tərəfdarı kimi baxıblar. Sağlam düşüncəli dindarlar kommunistlərinn hakimiyyəti illərində heç vaxt təqib olunmayıb, onlar “sinfi düşmən” sayılmayıb. Əlbəttə, digər təbəqələrdə olduğu kimi dindarların sırasına soxulmuş fırıldaqçılar, dələduzlar sovet qanunları qarşısında cavab veriblər. İndi bunu bəzi müasir “dinşünaslar” güya bütün inancıların təqibi kimi qiymətləndirir, zəvzək-zəvzək danışırlar.

Dini peşə kimi seçənlər heç bir ictimai faydalı əməyin sahibi deyillər. Əgər fəaliyyətlərinə xalqınn ehtiyacı varsa, elə xalqın nəzir-niyazı, ianələri, könüllü yardımı və ayinlərin icrası üçün verilən vəsait onlara kifayət etməlidir. Belə olan təqdirdə məscid, kilsə və ruhanilərə dövlət niyə yardım etməlidir ki? Bu məsələ də sovet hökuməti haqlı idi.

1917-ci il noyabrın 20-də V.İ.Lenin və görkəmli tatar sosialisti Mullanur Vahitovun imzaladığı “Rusiya və Şərqin bütün müsəlman zəhmətkeşlərinə” ünvanlanan müraciət yaydılar. Müraciətdə yazılırdı: “Bundan sonra sizin etiqad və adətləriniz, milli və mədəni təsisatlarınız azad və toxunulmaz elan edilir. Öz milli həyatınızı sərbəst və maneəsiz şəkildə qurun”. Bununla da həmin dövrdə Kommunist Partiyası İslama münasibətinə dair siyasətinin əsas prinsiplərini açıq-aydın ifadə edirdi.
1918-ci ilin yanvarında müsəlman işləri üzrə Mərkəzi Komissarlıq və ya qısaca “Muskom” yaradıldı. Bu dövlət təşkilatının 1918-ci ilin sentyabr tarixli təlimat məktubunda məscidlərdə, öz evlərində və ya hər hansı başqa bir yerdə müsəlman dini təliminin əsaslarının öyrədilməsinə görə mollalara qarşı repressiyanın tətbiq edilməsi, özəl şəxslərin könüllü ianələri hesabına saxlanılan ilahiyyat məktəblərinin bağlanması qadağan edilirdi.

Kommunistlər hakimiyyətə gələndən sonra XIX əsrin sonunda çar hakimiyyət orqanları tərəfindən Sankt-Peterburqa aparılmış nadir “Osman Quranı”nm nüsxəsi, bəzi tarixi abidələr və ibadət tikililəri 1917-ci ilin dekabrında Türküstan müsəlmanlarına geri qaytarıdılar.

Kommunistlər Azərbaycanda Sovet hakimiyyətinin qurulmasını dəstəkləməyən ruhaniləri Məşixəti - İslamiyyə (Şeyxülislamİ) ldarəsindən çıxarılmağını tövsiyyə edirdilər. Lakin bu idarədə çalışan ruhanilərin antisovet təbliğatını gizli aparığını aşkar edən Sovet hökuməti 1920-ci il may ayının əvvəllərində ruhaniliyin bu orqanını bağlamağa məcbur oldu. Bütün bunlardan sonra dinə qarşı sayğılı münasibət göstərən sovet hökuməti Məşixəti İslamiyyə idarəsini 1917-ci ilin iyulunda yaranan və mərkəzi Ufa şəhərində yerləşən Mərkəzi Ruhani İdarəsinin tabeliyinə verdi.

Qərb imperializmi Azərbaycan sovet hakimiyyətini boğmaq üçün Gəncədə və Qarabağda, Şamaxı və Quba qəzalarında siyasi cəhətdən hazırlıqsız, avam mollalardan istifadə edirdi. Zaqatala rayonunda siyasi savadı olmayan molla Hafiz Əfəndiyevi Qərbin yerli əlaltıları aldadaraq, onun dəstəsini sovet qurluşuna qarşı qaldırmışlar. 1922-ci ilin 10 avqustunda və 1923-cü ilin 18-19 oktyabrında Qubadlı qəzasında siyasi proseslərdə təcrübəsiz din fəalları hacı Qasım bəy Çələbi oğlu, molla Bəhlulun və Qazi Bəxti əfəndinin başçılığı ilə adamları dini qorumaq bəhanəsi ilə fəhlə-kəndli hakimiyyətinə qarşı etiraza sövq etmişlər. Kommunistlər onlara çirkin məqsədlərinə nail olmağa imkan vermədilər.

1920-ci ilin sentyabr ayının əvvəlində Bakıda keçirilən Şərq xalqlarının birinci qurultayı Kommunist Partiyası – din münasibətlərində yeni uğurlu mərhələ oldu. Kommunistlərlə dindarları bir yerə toplayan və dinin azad olduğunu sübut edən Qurultay çağırılan vaxt Qərb dövlətləri, xüsusilə Böyük Britaniya Şərqdə müstəmləkə siyasəti həyata keçirirdi. İran, Türkiyə, Hindistan və Əfqanıstanda xalq ingilislərə qarşı mübarizəyə qalxmışdı.
Qurultayda İslamın birinci düşməninin yüz milyonlarla müsəlmanı əsarət altında saxlayan İngiltərə olduğu bəyan edildi. Bütün müsəlmanların din qardaşlarını azad etməkdə sovet hakimiyyətinə kömək etməsinin zəruriliyi qeyd edildi.

1923-cü ilin avqust ayının 17-də “Şərqin şəfəqi” qəzetində İngiltərənin müsəlman Şərqindəki müstəmləkəçilik siyasətinə qarşı yönəlmiş “Azərbaycan ruhaniliyinin çağırışı” məqaləsi çap olundu.

Kommunistlər dindarların dəstəyi ilə “Sovet hakimiyyəti və şəriət uğrunda” şüarını irəli sürdülər. Hətta 1921-ci ildə milli məsələlər üzrə Xalq komissarı İ.Stalinin dəstəklədiyi “qırmızı şəriətçilər” hərəkatını yaratdı. Kommunistlər Mərkəzi Asiyada, Tatarıstanda və Şimali Qafqazda şəriət məhkəmələrini bərpa etdilər, əvvəllər müsadirə edilmiş əmlak və vəqflər məscidlərə və mədrəsələrə geri qaytarıldı.

Sovet hakimiyyətini İslama iman gətirənlər müdafiə edirdi, onu dəstəkləyən ruhanilər də kifayət qədər idi. Mütərəqqi fikirli dindarlar deyirdilər: “Biz müsəlmanlar belə şəraitdə bütün qüvvə və bacarığımızı Sovet Federasiyasının möhkəmlənməsinə sərf etməli, ölkənin müdafiəsi üçün canımızdan da keçməyə hazır olmalıyıq. Xüsusən də biz azərbaycanlılar Sovet vətəninin - Azərbaycanın qüvvətlənməsi naminə çalışmalıyıq”.
Sovetlərin müdafiəsi məqsədilə çağırılan antiimperializm mitinq və yığıncaqlarında Azərbaycanın tanınmış din xadimlərindən şeyxülislam molla Ağa Əlizadə, Mir Məhəmməd Kərim, Mir Cavad, molla Abdul Rauf, molla Məlikzadə, Ziyaəddin Mehdi Əlizadə və b. fəal iştirak edirdilər.

Cəmiyyətdə dini xurafata yox, elmə, gerçəkliyə inamın artmasına nail olan gənc sovet hakimiyyətinin bu uğurlarını qəbul etməyən bəzi geri zəkalı dindarlar kommunistlərə qarşı açıq-aşkar ədavətli münasibəti bəsləyirdilər. Savadsız mollaların zərərli mövqeyi siyasi cəhətdən hazırlıqsız insanlar arasında tez tərəfdar tapırdı. Ona görə də sovet hökuməti 1922-ci ildə Xalq Komissarlığının milli məsələlər üzrə idarəsi vasitəsilə müsəlman əhali arasında din əleyhinə təbliğatı gücləndirmək məqsədi ilə tədbirlər planı hazırladı. Bunu əsas tutan Azərbaycan Kommunist (bolşeviklər) Partiyası 1922-ci il sentyabrın 29-da öz tədbirlər planını qəbul etdi. İndi bəzi dinçi tədqiqatçılar iddia edirlər ki, bu tədbirlərdə guya loyal müsəlman dini liderləri kommunistlərin tərəfinə çəkmək məqsədi ilə şiələr və sünnilər arasında ziddiyyətlərin gücləndirilməli nəzərdə tutulurdu. Əlbəttə, bu iddianın heç bir əsası yoxdur. “Qırmızı mollalar ordusu” yaradılmışdır ki, bu da bilavasitə mütərəqqi fikirli, fəaliyyətində elmi əsaslara söykənən dindarların təşəbbüsü idi.

Din pərdəsi altında cahilliyin kütləvi hal aldığını görən Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin 1922-ci il oktyabr müşavirəsində Respublika Xalq Komissarlığından din əleyhinə təbliğatı gücləndirmək tələb olundu.

Bir qrup nadan, naşı mollaların dinə dəxli olmayan uydurmalarının, zərərli fikirlərinin qarşısını almaq üçün 1924-ci ilin yanvar ayının 8-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Bürosunda “Din əleyhinə” komissiya yaradılması qərara alındı. May ayının 19-da komissiyanın iclası keçirildi, “məscidlərdə birinci dərəcəli sovet məktəblərini bitirmiş uşaqlara şəriət dərsinin tədrisi”nin uyğunsuzluğu müzakirə olundu. Əlbəttə, elmi biliklərin tədris olunduğu məktəbdə Həzrəti Əlinin qılıncının uzunluğu 1.500 metrə idi - deyən savadsız mollararın fantaziyası bir araya sığmırdı.

Qeyd etdiyim kimi dindarlar arasında çox savadlı, intelektual səviyyəsi yüksək olan şəxslər də az deyildi. Onlar reallığı daha yaxşı dərk edir və ona uyğun hərəkət edirdilər. Məsələn, Bakının məşhur din xadimlərindən biri Mir İslam Miryunis oğlu 1928-ci ildə “Hacı Pirverdi” məscidində Qurban bayramı münasibətilə moizəsində demişdi: “Ay camaat, Allah-Təala öz nökərlərinə buyurmuşdur ki, qismətdən artıq yemək olmaz, qismətinizə qail olun, bizim də qismətimizə Şura hökuməti çıxıb, Allahımıza şükür edib hökumətimizə qulluq etmək bizim borcumuzdur” Mənz belə işıqlı fikirli ruhanilərin təşəbbüsü ilə insanları dini xurafatdan qorumaq üçün 1924-cü ilin əvvəlində Bakıda “Allahsızlar Cəmiyyəti” yaradıldı. Və bu cəmiyyət geridə qalmış insanların elmə, maarifə, mədəniyyətə yönəltmək üçün xeyli işlər gördü.

Hər il məhərrəmlik ayında baş yarılıb qan tökülür, insan həyatı ilə bağlı faciəli hadisələr baş verirdi. Matəm mərasimin bu cür keçirilməsi, xüsusilə gənclərə mənfi təsir göstərirdi. Ona görə də yeni forma və məzmun təklifi alana qədər SSRİ Mərkəzi İcraiyyə Komitəsi və SSRİ Xalq Komissarları Soveti 1924-cü ilin iyununda məhərrəmlik mərasimlərinin keçirilməsini çox haqlı olaraq qadağan etdi.

1991-ci ildə Azərbaycanda sovet hakimiyyətinin süqutundan sonra din sektorunda yenidən fəallaşma baş vermiş, bu ideyanın daşıyıcıları əvvəlki ampulalarına qayıtmağa cəhd edirlər. Onların guya Azərbaycan Kommunist Partiyasının ibadət ocaqlarının, başqa dinlərə məxsus abidələrin, o cümlədən Bakıdakı Aleksandr kilsəsinin dağıtması, din xadimlərinə, dini adət-ənənələrə qarşı zorakı tədbirlər görməsi ilə bağlı iddiaları əsassızdır, hay-küydən başqa bir şey deyildir.

Azərbaycan Kommunist Partiyası xalqın əsrlərlə etiqad etdiyi pirlərin ziyarət edilməsini qadağan edən qərarı yoxdur. Tövsiyyələri olub, lakin insanlar bu məsələdə azad idilər.

Müasir dinçilərin belə bir iddialarına rast gəlirəm ki, guya SSRİ vaxtı təsəvvür yaranmışdı ki, sovet quruluşuna təhlükə törədən yalnız İslam dinidir, xristianlıq, yaxud da sovetlər ölkəsində olan başqa dinlər bu quruluşa o qədər təhlükə yaratmır. Əlbəttə, bu kökündən yanlış iddiadır, nə məqsədə xidmət edir, o da aydındır.
İslam dini ilə bağlı Azərbaycan Kommunist Partiyasına qərəzli münasibət bəsləyənlər bilməlidirlər ki, 1925-1926-cı illərdə Azərbaycan SSR-də 1700-dək məscid mövcud idi. Təkcə Bakı şəhəri və Bakı qəzasında 120-dən artıq məscid fəaliyyət göstərirdi. Sovet hökuməti isə, məktəblərə, elm ocaqlarına üstünlük verirdi. Çünki bu günə qədər heç bir məscid bəşəriyyətə elmi-texniki tərəqqinin əsası olan kəşf verməyib və bundan sonra da verməyəcək.

Dünyanın böyük şəxsiyyətləri, siyasət adamları bunları yaxşı bilirlər. Məsələn, SSRİ-nin müsəlman Şərqindəki əsas müttəfiqi hesab olunan Türkiyədə o dövrdə hakimiyyətdə olan Mustafa Kamal Atatürk Osmanlı imperiyasının geridə qalmasının əsas səbəbi kimi İslamı görərək, dinə qarşı müharibə elan etdi. Mustafa Kamal Atatürk 1923-cü ildə Diyanət İşləri Başkanlığı yaratdı, şəriət məhkəmələrini ləğv etdi, dini dövlətdən ayırdı. elmi-texniki, sosial-iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoydu.

Sovet Azərbaycanının ilk illərində məscidlərin və ruhanilərin Ufa şəhərindəki Ümumrusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinə tabe olmaqla hakimiyyətin dəstəyi ilə təşkilat quruluşu və ümumi struktur sistemi mövcud idi. Kommunistlər ilahiyyatçıların fəaliyyətinə Bakı məscidlərinin axundları, imam-xətibləri və nüfuzlu mollalar tərəfindən nəzarət edilməsinə şərait yaratmışdılar. Sovet Azərbaycanında çap olunan ədəbiyyatlarda və mətbu orqanlarda insanların istədikləri dinə inanmaq, dini etiqadını dəyişmək, dini birləşmələrdə iştirak etmək, kilsəyə, məscidə, ibadət evlərinə getmək hüququnun olduğu, o cümlədən sovet qanunlarının dindarların dini etiqadına toxunmasına icazə vermədiyi xüsusi qeyd olunurdu. Bu, hakimiyyətdə olan Azərbaycan Kommunist Partiyasının dini etiqad azadlığına münasibəti idi.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии