1990-cı il yanvarın 22-də SSRİ tarixində utanverici bir hadisə baş verdi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov.İKP MK) Siyasi Bürosunun iclasında Mixail Qorbaçov ABŞ və Qərbdən aldığı təlimata əsasən Kommunist Partiyasını hakimiyyət üzərindəki monopoliyadan imtina etməyə məcbur etdi.
Ən prinsipial məsələ Kommunist Partiyasının hakimiyyət monopoliyasını təsbit edən SSRİ Konstitusiyasının 6 və 7-ci maddələrinin dəyişdirilməsi idi. Siyasi Büro üzvü V.İ. Vorotnikovun gündəliyindən məlum olur ki, çoxpartiyalı sistemə keçidin lehinə N.İ. Rıjkov, E.A. Şevardnadze və A.N. Yakovlev çıxış etmiş, əleyhinə isə L.N. Zaykov, E.K. Liqaçov və V.A. Kryuçkov mövqe tutmuşdular. Təəssüf ki, həlledici səs baş katib satqın M.S. Qorbaçova məxsus oldu. O, ölkədə kapitalizmin siyasi təminatçısı olan çoxpartiyalı sistemin zəruriliyini açıq şəkildə müdafiə etdi.
Həmin iclasda Sov.İKP MK-nın XXVIII qurultayına təqdim olunacaq platforma layihəsi də təsdiqləndi. Bu sənəddə SSRİ Prezidenti vəzifəsinin yaradılması nəzərdə tutulurdu. Beləliklə, məhz həmin gün ölkənin ali siyasi rəhbərliyi dövlət idarəçiliyində anarxizmə aparan islahatı, faktiki olaraq isə ictimai-siyasi quruluşun dəyişdirilməsini qəbul etdi. Sovet İttifaqı Kommunist Partiyası dövlət statusundan məhrum edildi. Cəmiyyət hərc-mərclik bataqlığına yuvarlandırıldı.
Xüsusilə qeyd etmək lazımdır ki, bütün bunlar Moskvada, Manejnaya meydanında 1990-cı il fevralın 4-də keçirilən guya demokratik, əslində başıpozuq qüvvələrin kütləvi mitinqindən əvvəl baş vermişdi. Ədalət naminə qeyd edək ki, beynəlxalq imperializmin SSRİ-də qurduğu müxalifətin lideri Boris Yeltsin 1989-cu ildə seçkiqabağı çıxışlarının birində demişdi: “Biz hələ çoxpartiyalılığa hazır deyilik". Ancaq M.Qorbaçov düşmən olaraq, dağıtmağa tələsirdi...
Sonrakı proseslər, əsasən, texniki xarakter daşıyırdı. Siyasi Büronun qərarı 1990-cı il fevralın 3–5-də keçirilən Sov.İKP MK Plenumunda təsdiqləndi. Qərarın son hüquqi rəsmiləşdirilməsi isə 1990-cı il martın 14-də SSRİ Xalq Deputatlarının III Qurultayında baş verdi.
Bundan bir qədər əvvəl, 1990-cı il yanvarın 11–13-də Litvada aranı qarışdırmaq üçün oraya gedən Qorbaçov bildirmişdi ki, o, “çoxpartiyalılıqda faciə görmür”. Üstəlik, çoxpartiyalı sistemə keçid 1988-ci ildə başlanan siyasi islahatların əsas məqsədlərindən biri idi.
Fevralın 2-də şaxtaçıların nümayəndələri ilə görüşündə xain Qorbaçov qeyd etmişdi ki, “Sov.İKP hakimiyyət monopoliyasına iddia etmir və cəmiyyətin yenilənməsini istəyən hər kəslə siyasi dialoqa hazırdır” (“Pravda”, 5 fevral 1990). Yəni Kommunist Partiyasının hakim rolunu rədd edirəm.
Partiya fəallarını bu qərara hazırlamaq məqsədilə M.Qorbaçovun göstərişi ilə 1989-cu ilin noyabrında Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında çoxpartiyalılığın zəruriliyinə həsr olunmuş xüsusi konfrans keçirilmişdi. Konfransda M.Qorbaçovun cəfəngiyyatlarına etiraz edən alimlər də olmuşdu.
Namərd M.Qorbaçov Kommunist Partiyasının islahatında onun dövlət idarəçiliyindəki rolunu köklü şəkildə dəyişən üç əsas addım atdı:
1. 1987-ci ildə Sov.İKP MK-nın sahə şöbələrinin ləğvi. Bu addımı ilə Qorbaçov partiyanın təsərrüfat funksiyalarından ayrılması siyasətini həyata keçirdi.
2. 1989-cu ildə nomenklatura sisteminin dağıdılması. Dövlət və ictimai vəzifələrə təyinatların Sov.İKP MK tərəfindən siyahılar əsasında aparılması təcrübəsinə son qoyuldu.
3. 1990-cı ildə SSRİ Konstitusiyasının 6 və 7-ci maddələrinin ləğvi (dəyişdirilməsi). Bu maddələr Kommunist Partiyasının siyasi hakimiyyət monopoliyasını təsbit edirdi.
1977-ci il Konstitusiyasının əvvəlki redaksiyasında 6-cı maddədə deyilirdi ki, sovet cəmiyyətinin rəhbər və yönəldici qüvvəsi Kommunist Partiyasıdır. 7-ci maddə isə həmkarlar ittifaqları və digər ictimai təşkilatların dövlət idarəçiliyində iştirakını yalnız Sov.İKP çərçivəsində mümkün sayırdı.
Lakin 1990-cı ilə gəldikdə bu normalar beynəlxalq imperializmin proqramı əsasında yaranan ölkənin real siyasi həyatı ilə açıq ziddiyyət təşkil edirdi. Yeni ictimai hərəkatlar və birliklər yaranmışdı, lakin onların hüquqi statusu müəyyən edilməmişdi.
6-cı maddənin ləğvi uğrunda mübarizə 1989–1990-cı illərin siyasi həyatının əsas acçnacaqlı xüsusiyyətlərindən biri oldu. İlk dəfə bu məsələ xalq deputatları seçkiləri zamanı gündəmə gəldi. Xain akademik Andrey Saxarov və bir sıra deputatlar çoxpartiyalılığın vacibliyini vurğulasalar da, bu cəfəng fikir geniş dəstək tapmırdı. Hətta Boris Yeltsin belə qeyd etdiyim kimi o dövrdə cəmiyyətin buna hazır olmadığını bildirirdi.
1990-cı il fevral Plenumunda Qorbaçov çıxış edərək vurğuladı ki, partiyanın yenilənməsi onun dövlət orqanları üzərində nəzarətindən imtinasını tələb edir və partiya yalnız demokratik şəkildə tanınan siyasi qüvvə kimi mövcud ola bilər.
Nəticədə 1990-cı il martın 14-də SSRİ Konstitusiyasının 6 və 7-ci maddələrinin yeni redaksiyası qəbul edildi. Bu maddələrdə artıq Kommunist Partiyası digər siyasi partiyalar və ictimai təşkilatlarla bərabər hüquqlu subyekt kimi göstərilirdi.
Beləliklə, ABŞ və Qərb satqın Qorbaçovun əli ilə məqsədinə nail oldu: birpartiyalı idarəetmə sistemi ləğv edildi və çoxpartiyalılıq rəsmən elan olundu. Bu dəyişikliklər mahiyyət etibarilə SSRİ-də ictimai-siyasi quruluşun dəyişməsi demək idi.
1990-cı il oktyabrın 9-da qəbul edilən “İctimai birliklər haqqında” SSRİ Qanunu guya siyasi plüralizmin, əslində isə qarışıqlıq, nizamsızlıq, qarma-qarışıqlıq, anarxiyanın hüquqi əsaslarını möhkəmləndirdi və xarici düşmənlərin sovet adamların əli ilə sərbəst şəkildə ictimai təşkilatlar yaratmaq hüququnu təmin etdi.
Beləliklə, SSRİ-də siyasi və ictimai plüralizm adı altında başlı-başınalığın hüquqi bazası formalaşdı.
Ədalət Abdinov


0 Комментарии