Azərbaycanda sol (sosialist - kommunist) hərəkatın real siyasi gücə çevrilməsi üçün hansı şərtlər formalaşmalıdır?
Əvvəla kəskin və uzunmüddətli iqtisadi şok yaranmalıdır. Sadəcə qiymət artımı yox - uzanan, sistemli iqtisadi böhran lazımdır. Buraya
manatın ciddi dəyər itirməsi; işsizliyin sürətli artması; dövlət sektorunda maaşların gecikməsi və sosial ödənişlərin azalması daxildir.
Tarixdə sol hərəkatlar adətən sabit dövrdə yox, böhran dövründə yüksəlib. Əgər orta sinif sürətlə yox olmağa başlasa, o zaman sosial ədalət şüarları kütləvi rezonans verə bilər.
Real əmək hərəkatı yaranmalıdır. Ən kritik faktor budur. Əgər
iri müəssisələrdə tətil dalğası başlasa; neft, tikinti, logistika və ya dövlət sektorunda koordinasiyalı əmək etirazları yayılsa; müstəqil həmkarlar ittifaqları formalaşsa onda sol ideologiya “Facebook statusu”ndan çıxıb real sosial gücə çevrilə bilər.
Əvvəlki yazılarımda qeyd etdiyim kimi sol hərəkatın tarixi dayağı həmişə fəhlə sinfi olub. Azərbaycanda bu element hazırda zəifdir.
Yeni, xarizmatik və intellektual sol lider meydana çıxmalıdır. Sadəcə ideya kifayət etmir. Güclü natiqlik; iqtisadi savad; korrupsiyaya qarşı aydın proqram və milli maraqlarla ziddiyyət yaratmayan xətt lazımdır.
Əgər lider həm “sosial ədalət”, həm də “milli maraq” xəttini birləşdirə bilsə, bu, yeni sintez yarada bilər. Hazırda belə fiqur görünmür.
Dövlət sosial təminat modelində ciddi geriləmə sol hərəkatın ciddi təsir mexanizmlərindən biridir. Əgər sosial müavinətlər azalsa; dövlət sektoru kiçilsə; subsidiya siyasəti zəifləsə onda insanlar daha radikal alternativlərə yönələ bilər. Amma dövlət sosial nəzarəti qoruduqca, radikal sol dalğa çətin formalaşır.
Qlobal təsir faktoru da mühüm rol oynaya bilər. Dünya siyasətində də tendensiya nəzərə alınmalıdır. Əgər regionda güclü sol hökumət nümunəsi yaranarsa; böyük dövlətlərdə anti-kapitalist dalğa yüksələrsə; qlobal iqtisadi sistem silkələnərsə bu, ideoloji təsir yarada bilər.
Amma hazırda qlobal trend daha çox populizm; millətçilik və geosiyasi bloklaşma xəttindədir.
Bir mühüm məsələ də nəsil dəyişimi ilə bağlıdır. Gənclər arasında ev almağın mümkünsüzlüyü; aşağı maaş və gələcək qeyri-müəyyənlik uzun müddət davam edərsə, bu, daha sistem tənqidçi ideologiyaya meyl yarada bilər. Amma bu da avtomatik olaraq kommunizm demək deyil. Daha çox sosial-demokratiya istiqamətində ola bilər.
Ümumi nəticə belədir ki, hazırda sol ideyalar var; narazılıq var; sosial problemlər var. Amma təşkilati baza yoxdur; əmək hərəkatı zəifdir; liderlik boşluğu var və siyasi sistem qapalıdır.
Ona görə yaxın perspektivdə sol hərəkatın hakimiyyət alternativinə çevrilməsi ehtimalı aşağıdır.
Ədalət Abdinov


0 Комментарии