Şüurlu fəhlə təbəqələrinin çıxışlarında “istehsal” anlayışına tez-tez rast gəlinir və insanın mahiyyət etibarilə istehsalçı varlıq olması xüsusi vurğulanır. Bu termin vaxt keçdikcə bizə adi və sadə görünsə də, tarixi mərhələlər ərzində müxtəlif məzmunlar kəsb etmişdir. İbtidai cəmiyyət şəraitində istehsal formaca sadə, lakin mahiyyətcə son dərəcə mütərəqqi idi: insanı heyvanlar aləmindən ayırmış, onu təbiətin kor qüvvələrinə qalib gələn şüurlu varlığa çevirmişdir. Məhz istehsal fəaliyyəti sayəsində bəşəriyyət özünün sosial-ictimai inkişaf yoluna qədəm qoymuş, təbiətin dağıdıcı ünsürləri qarşısında nisbi müstəqillik əldə etmişdir.
Lakin müasir dövrdə istehsalın bu yaradıcı və azadedici funksiyası demək olar ki, öz mahiyyətini itirmişdir. Təbiət qüvvələrinə qarşı mübarizədə bəşərin əsas aləti olmuş istehsal, bu gün nəzarətsiz və dağıdıcı bir gücə çevrilmişdir. Söhbət müasir kapitalist istehsal formasından gedir. Bu gün borulardan qalxan zəhərli tüstülər atmosferi çirkləndirir, sənaye tullantıları çayları, gölləri və yeraltı suları zəhərləyir, planetin təbii ehtiyatları amansızcasına talan edilir. Bu proseslər qlobal miqyasda bütün bəşəriyyətə, o cümlədən bunun ayrılmaz tərkib hissəsi olan zəhmətkeş kütlələrə ağır zərbələr vurur. Lakin bu, müasir istehsalın yalnız zahiri, daha çox gözə çarpan tərəfidir; daha dərin, lakin daha faciəvi mahiyyət isə çox zaman kölgədə qalır.
Kütləvi informasiya vasitələrində vaxtaşırı rast gəlinən faciəli hadisələr bu gizli tərəfin bariz təzahürüdür. Məsələn, Moskvadakı tikintilərin birində ağır xəsarət alan fəhlənin iş yoldaşları tərəfindən tikinti ərazisindən kənara çıxarılaraq taleyin ümidinə buraxılması faktı, istehsal prosesinin insan ləyaqətinə münasibətdə nə dərəcədə qəddarlaşdığını aydın şəkildə göstərir. Bu cür hallarda insan, insana xidmət etməli olan istehsal mexanizminin “istifadə olunmuş materialına” çevrilir.
Belə bir şəraitdə artıq istehsal insana tabe olmur — əksinə, insan istehsalın əsiri vəziyyətinə düşür.
Bu hal təsadüfi xarakter daşımır. Məsələnin kökü kapitalist istehsal münasibətlərinin mahiyyətində yatır. Kapitalizm şəraitində fəhlə sinfinin istismarı pul münasibətləri pərdəsi arxasında gizlədilir. Formal olaraq əmək “ədalətli” şəkildə ödənilir, lakin əslində yaradılan dəyərin əsas hissəsi istehsal vasitələrinə sahib olan azlıq tərəfindən mənimsənilir. Pul öz-özlüyündə sərvət deyildir; o, yalnız maddi nemətlərlə mübadilə vasitəsidir. Deməli, müasir istehsalın real məqsədi pul “istehsal etmək” deyil, mümkün qədər çox əmtəə istehsal edərək, bu yolla hökmran təbəqənin kapitalını artırmaqdır.
Əmtəə istehsalı tikinti, ərzaq, geyim və digər zəruri sahələrlə müşayiət olunmadıqda pul emissiyası mahiyyətsiz olur. Bu baxımdan, müasir istehsal mexanizmi cəmiyyətin real ehtiyaclarına deyil, kapitalist sinfinin mənfəət maraqlarına xidmət edir. Cəmiyyətin çoxluğunu təşkil edən zəhmətkeş kütlələrin mənafeyi ilə azlığın mənafeyi arasında kəskin ziddiyyət meydana çıxır. Lakin istehsal vasitələrinə nəzarət imkanlarından məhrum olan geniş kütlələr bu ziddiyyətin həllinə təsir göstərə bilmir və nəticədə azlığın iradəsi çoxluğun taleyinə hökm edir.
Nəticədə tərəqqi deyil, tənəzzül baş verir. Maddi nemətlərin əsas yaradıcısı olan fəhlə sinfi öz əməyinin nəticəsindən bəhrələnə bilmir. Əksinə, burjua istehsalının məhsulları getdikcə daha çox təhdid vasitəsinə çevrilir. Ekoloji fəlakətlər, istehsalat qəzalari, aşağıkeyfiyyətli məhsullar və insan sağlamlığına zərər vuran texnologiyalar artıq adi hala çevrilmişdir. Elmi-texniki tərəqqi belə, insan həyatını yaxşılaşdırmaq məqsədini itirərək, daha ucuz istehsal və daha yüksək mənfəət əldə etmə mexanizminə tabe edilmişdir.
Beləliklə, müasir burjua istehsalı artıq nə mütərəqqidir, nə də humanist. O, doymayan mənfəət ehtirası ilə zəhərlənmiş, milyonlarla insan üçün yoxsulluq, xəstəlik, təhlükə və ümidsizlik mənbəyinə çevrilmişdir.
Lakin cəmiyyət istehsalsız mövcud ola bilməz. Bu səbəbdən bu gün əsas və təxirəsalınmaz vəzifə istehsalın təşkilinin köklü şəkildə dəyişdirilməsidir. Əgər burjuaziya fəhlə sinfinə məhvedici istismardan başqa yol təklif edə bilmirsə, onda istehsalın və cəmiyyətin idarə olunması xalq kütlələrinin öz əlinə keçməlidir. Zəhmətkeşlərin mənafeyinə əsaslanan istehsal sistemi insan həyatına, təbiətə və məhsulun keyfiyyətinə tamam başqa münasibət sərgiləyəcək, bu sahələrdə radikal yenidənqurma həyata keçiriləcəkdir.
Bu dəyişiklik istehsalı yenidən öz tarixi missiyasına — insanlığa xidmət və ümumi tərəqqi yoluna qaytaracaq. Bu gün milyonlarla insanın yalnız arzu etdiyi bir çox şeylər, istehsal prosesinin xalqın nəzarətinə keçməsi ilə sabah adi reallığa çevrilə bilər.
Lakin aydındır ki, bu dəyişikliklər müqavimətsiz baş verməyəcək. Hakim təbəqə öz iqtisadi üstünlüklərindən könüllü şəkildə imtina etməyəcək. Bu səbəbdən sosial ədalətə əsaslanan yeni istehsal forması uğrunda mübarizə qaçılmazdır. Lakin bu mübarizə zorakılığa deyil, şüurun yüksəlməsinə, təşkilatlanmaya və biliyin gücünə söykənməlidir. Xilas yolu zorakılıq deyil, fəhlə sinfinin intellektual və təşkilati qüdrətinin gücləndirilməsindədir.
Məhz buna görə də bilik və elmi dünyagörüş — xüsusilə marksist ictimai təhlil — zəhmətkeş kütlələrdə öz tarixi rolunu dərk etmək və cəmiyyətin gələcəyini şüurlu şəkildə qurmaq üçün əsas vasitə kimi çıxış edir.
Ədalət Abdinov


0 Комментарии