Əbdürrəhman Vəzirov 1988–1990-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi SSRİ-nin dağılma ərəfəsində ən mürəkkəb dövrdə respublikaya rəhbərlik etmişdir. Onun fəaliyyəti həm ciddi tənqid olunur, həm də müəyyən müsbət cəhətlər qeyd edilir.
Əbdürrəhman Vəzirovun siyasi səhvlərindən danışarkən Qarabağ məsələsində zəif mövqeyi xüsusilə qeyd etmək lazımdır. 1988-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsi zamanı Vəzirovun mövqeyi qeyri-müəyyən və passiv olmuşdur. Ermənistanın ərazi iddialarına qarşı adekvat siyasi və diplomatik müqavimət göstərə bilmədi. Moskvanın qərarlarından asılılıq nümayiş etdirdi və yerli ictimai narazılığı nəzərə almadı.
Əbdürrəhman Vəzirovu hakimiyyətə M.S.Qorbaçov gətirmişdi. Elə həmin Qorbaçov da SSRİ-ni dağıtmaq məqsədilə İttifaq respublikalarında xalq hərəkatının təşkilinə şərait yaratmış və qeyri-rəsmi ona istiqamət verirdi. Əbdürrəhman Vəzirov Qorbaçovun riyakarlığənı başa düşmədi. Başa düşmədiyinə görə 1988–1990-cı illərdə yüksələn milli-azadlıq hərəkatını düzgün qiymətləndirə bilmədi. Qorbaçov hakimiyyətinin gizlin dəstəyindən irəli gələn etirazları “radikal” kimi təqdim edərək, onları sıxışdırmağa çalışdı.
Bu isə xalqla hakimiyyət arasında uçurumu daha da dərinləşdirdi.
Qorbaçov hakimiyyətinin sifarişi ilə Bakıda baş vermiş 20 Yanvar qanlı hadisələri ilə bağlı Əbdürrəhman Vəzirovun siyasəti çox naşı idarəçilik səviyyəsində olmuşdur. Beləki, 1990-cı ilin yanvar hadisələri zamanı ölkədə siyasi böhran pik həddə çatmışdı. Vəzirovun Moskvaya tam bağlılığı və hadisələrin qarşısını ala bilməməsi onun ən ciddi uğursuzluğu sayılır. Hadisələrdən əvvəl respublikanı tərk etməsi liderlik böhranının göstəricisi kimi qiymətləndirilir.
Əbdürrəhman Vəzirovun hakimiyyəti dövründəki iqtisadi passivliyi bu sahədə səhvlərə gətirib çixarmışdır. O, nəzərə almadı ki, SSRİ-də gedən böhran fonunda Azərbaycan iqtisadiyyatı da zəifləyirdi. Vəzirov yeni iqtisadi mexanizmlər tətbiq etməkdə təşəbbüskar olmadı. Nəticədə ölkədə istehsalın azalması və sosial problemlərin artması müşahidə edildi.
Əbdürrəhman Vəzirov yerli maraqların müdafiəsində də zəiflik göstərmişdir. Onun hakimiyyəti dövründə respublika iqtisadiyyatının mərkəzdən asılılığı azaldılmadı. Yerli resursların (xüsusilə neft sənayesi) daha səmərəli istifadəsi istiqamətində ciddi addımlar atılmadı.
Əbdürrəhman Vəzirov təşkilatçılıq səhvlərinə də yol vermişdir. Onun kadr süiyasəti problemlərə gətirib çıxarmışdır. O, yerli milli kadrların irəli çəkilməsində passiv idi. Kadr seçimini çox vaxt Moskvaya loyallıq əsasında aparırdı. Bu isə idarəetmədə effektivliyi aşağı salırdı.
İctimaiyyətlə əlaqənin zəifliyi dövlət başçısı kimi onun qüsurlarından biri idi. Xalqla birbaşa qurulan dialoqu uğursuzluğa səbəb olurdu. Mətbuat və ictimai çıxışları inandırıcı alınmırdı. Nəticədə legitimlik böhranı yarandı.
Əbdürrəhman Vəzirovun müsbət fəaliyyətlərini də xüsusilə qeyd etmək lazımdır. SSRİ-ni çökdürmək üçün Qorbaçov hakimiyyətinin İttifaq respublikalarında planlı, məqsədli şəkildə yaratdığı gərginliyin Azərbaycanda yumşaldılması cəhdləri Vəzirovun xidmətləridir. O,
münaqişənin ilk dövrlərində vəziyyəti diplomatik yollarla həll etməyə çalışdı. Açıq silahlı qarşıdurmanın qarşısını qısa müddət də olsa saxlaya bildi.
Əbdürrəhman Vəzirovun idarəetmə təcrübəsi və beynəlxalq əlaqələrindən danışarkən qeyd etmək lazımdır ki, xarici diplomatik təcrübəsi (SSRİ səfiri kimi fəaliyyəti) ona müəyyən üstünlüklər verirdi. Bu, bəzi məsələlərdə Moskva ilə kommunikasiya qurmağa kömək edirdi.
Əbdürrəhman Vəzirovun sosial sabitliyi qorumaq cəhdlərini də unutmaq olmaz. Böhran şəraitində sosial partlayışın qarşısını almağa çalışdı. Müəyyən müddət dövlət strukturlarının tam çökməsinin qarşısını ala bildi.
Əbdürrəhman Vəzirov daha çox keçid dövrünün zəif lideri kimi tarixdə qalır. O, SSRİ-nin dağılması, milli hərəkatın yüksəlişi və regional münaqişələrin kəskinləşməsi kimi faktorların öhdəsindən gələ bilmədi. Bununla belə, onun fəaliyyəti tamamilə mənfi qiymətləndirmək də olmaz. Vəziyyəti idarə etmək üçün müəyyən addımlar atmışdır.
Ədalət Abdinov


0 Комментарии